Məhkəmə qərarları › İş №2-2(117)-898/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-898/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-898/2024 29.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı Elmir Akhmedovun, cavabdeh Zaqatala rayonu Muğanlı Bələdiyyəsinin nümayəndəsi Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı X1 cavabdeh Zaqatala rayonu Muğanlı Bələdiyyəsinə qarşı “cavabdehin üzərinə 20 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi kimi ona icarəyə verilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa Zaqatala rayonu Muğanlı kəndində yerləşən 20 ha digər təyinatlı (örüş otlaq) torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Zaqatala rayonu Muğanlı Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Zaqatala Rayon Muğanlı Bələdiyyəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın tabeliyində “X2” publik hüquqi şəxsin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasına ünvanlanmış 14 dekabr 2022-ci il tarixli 119 nömrəli məktubundan görünür ki, Muğanlı Bələdiyyəsinin mülkiyyətində olan 20 ha örüş torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədi ilə 15 illiyə icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasına köməklik göstərilməsi xahiş edilmişdir. “X2” publik hüquqi şəxs tərəfindən verilmiş HTM seriyalı 002905 nömrəli şəhadətnamədən görünür ki, X10 Bələdiyyəsinin mülkiyyətində olan 20 ha torpaq sahəsininin icarəyə verilməsi ilə bağlı “X2” X11 Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 23 fevral 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir və torpaq sahəsi müsabiqədə 2101 manata 15 il müddətinə icarəyə verilmişdir. “X2” X11 Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin keçirilməsi məqsədi ilə ona hazırlıq barədə 23 fevral 2023-cü il tarixli iclasının 57 nömrəli protokolundan görünür ki, Komissiya tərəfindən Zaqatala rayonu ərazisində yerləşən Muğanlı bələdiyyəsinin mülkiyyətində olan 200000,0 kv.metr və ya 20,0 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 23 fevral 2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirak edəcək 4 şəxsin (X6, Elmir Akhmedov, X4, X5) siyahısı təsdiq olunmuş, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmış, müsabiqədə 2701,0 (ikimin yeddi yüz bir) manat ən yüksək təklif vermiş Elmir Akhmedov eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. Elmir Akmedov tərəfindən Muğanlı Bələdiyyəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində "X2" X11 Şəki TMHK-da Zaqatala rayonu Muğanlı bələdiyyəsi tərəfindən təqdim edilmiş 20 ha torpaq sahəsi üzrə keçirilən müsabiqənin qalibi olduğunu bildirmiş və müqavilə sənədlərinin hazırlanmasını və ödəniş üçün hesab nömrəsinin təqdim edilməsini xahiş etmişdir. İddiaçı Zaqatala rayon ərazisində yerləşən Muğanlı Bələdiyyəsinin mülkiyyətində olan 20 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı “X2” X11 Şəki ərazi Torpaq müsabiqə və Hərrac Komissiyası tərəfindən 23 fevral 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuşdur. Müsabiqənin nəticəsinə dair 23 fevral 2023-cü il tarixli, 57 nömrəli iclas protokolu tərtib edilmişdir ki, bunun da nəticəsində daha sonra iddiaçıya X2” publik hüquqi şəxsi tərəfindən şəhadətnamə verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müsabiqənin nəticəsinə uyğun ona verilmiş şəhadətnamənin “qeyd” hissəsində göstərildiyi kimi müvafiq şəhadətnamə müsabiqə və ya hərracda qalib olmuş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq Bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsasdır. O, 27 fevral 2023-cü ildə şəhadətnamədə göstərilən müddəti ötürmədən, müvafiq qaydada Zaqatala rayonu Muğanlı Bələdiyyəsinə ərizə ilə müraciət edərək onunla icarə müqaviləsinin bağlanması üçün sənədlərin hazırlanmasını xahiş etmişdir. Ərizə Bələdiyyənin nümayəndəsi tərəfindən 27 fevral 2023-cü il tarixdə əlbəəl qəbul edilmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Muğanlı Bələdiyyəsi hələ də onun müraciətini cavablandırmamışdır və şifahi formada ona onunla müqavilə bağlamayacağını bildirmişdir. Lakin ona rəsmi formada imtina məktubu verilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, torpaq hərrac müsabiqəsinə girib yüksək məbləğdə pul təklif edib hərracın qalibi olmuş və ona şəhadətnamə verilmişdir. Bələdiyyə müxtəlif bəhanələrlə onunla müqavilə bağlamaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Zaqatala rayonu Muğanlı Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisə predmeti olan həmin torpaq 2012-ci ildə başqa şəxsin adına sənədləşdirilmişdir. Sonradan həmin torpağın Elmir Əliyevə subicarəyə verilməsi məsələsi ortaya çıxmışdır. X12 Ədliyyə İdarəsinə müraciət etdikdə onlar bildirmişdilər ki, bu müqavilə ləğv olunmalı, torpaq yenidən hərraca çıxarılmalı və hərrac vasitəsilə yenidən icarəyə verilməlidir. Bu səbəblə də onlar torpağı hərraca çıxartmışdır. Lakin qalib Elmir Əliyev yox, Əhmədov Elmir olmuşdur. X14 Ədliyyə İdarəsinə dəvət etmişdilər. Orda 5 səhifəyə yaxın izahat vermişdir. Ədliyyə Nazirliyindən Qılınc müəllim danışmışdır. Telefonda ona olanları təkrar yenidən danışdırmışdır. X13 özü Qurban bayramından sonra cənab Nazirin qəbulunda olmuşdur. Ona olanları əvvəldən danışmış, bu iş üzrə araşdırma aparılacağı, torpağın heç birinə verilməməsi, bələdiyyə mülkiyyətinə qaytarılması bildirilmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 məhkəmə iclasında verdiyi izahtında bilirmişdir ki, o, fermerdir. Banklardan kredit götürmüş, İpoteka qoymağa əmlakı olmadığı üçün mübahisə predmeti olan torpağı əvvəllər istifadə etmişdir. Həmin torpağı rahat kredit götürə bilməsi üçün adına sənədləşdirmək istəmişdir. Torpağın sahibi ilə görüşmüş, torpağı onun adına sənədləşdirməyə razı olması üçün ona 40000 manata yaxın pul vermişdir. Sonra Bələdiyyə ilə görüşmüş, X7 Ədliyyə İdarəsi ilə məsləhətləşdikdən sonra bildirmişdir ki, torpağı subicarəyə vermək mümkün deyildir. Belə ki, torpağın ilk icarədarı torpağın hərraca çıxa bilməsi üçün notarial qaydada torpaqdan imtina etməlidir. İddiaçı Zaqatala rayonu ərazisində keçirilən çoxsaylı torpaq hərraclarında iştirak etmişdir. Mübahisə predmeti olan torpağı udduqdan sonra ona 55000 manata təklif etmişdilər. İddiaçı tərəf bu tipli hərraclarda iştirak etmişdir. Torpaqları udub və sonra fermerlərə satmışlar. O, Elmirə torpağın yarı-yarıya bölünməsini təklif etmişdir. O, torpağa çox əziyyət çəkmiş, xeyli miqdarda pul xərcləmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş ilkin olaraq Zaqatala Rayon Məhkəməsinin icraatında olmuş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-44/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən qətnamədən xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-610/2024 nömrəli qətnaməsi ilə iş məhkəmə aidiyyəti üzrə hazırki məhkəməyə göndərilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış, “X2” publik hüquqi şəxs tərəfindən verilmiş HTM seriyalı 002905 nömrəli şəhadətnamə, “X2” X11 23 fevral 2023-cü il tarixli iclasının 57 nömrəli protokolu, “X2” publik hüquqi şəxsin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasına ünvanlanmış 14 dekabr 2022-ci il tarixli 119 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7-ci maddəsinə əsasən onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 51-ci maddəsinin 1-4-cü hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq icarəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən göründüyü kimi Zaqatala rayonu Muğanlı kəndində yerləşən 20 ha digər təyinatlı (örüş otlaq) torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Zaqatala rayonu Muğanlı Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının iddiasına görə Zaqatala rayon ərazisində yerləşən Muğanlı Bələdiyyəsinin mülkiyyətində olan 20 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı “X2” X11 Şəki ərazi Torpaq müsabiqə və Hərrac Komissiyası tərəfindən 23 fevral 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuşdur. Müsabiqənin nəticəsinə dair 23 fevral 2023-cü il tarixli, 57 nömrəli iclas protokolu tərtib edilmişdir ki, bunun da nəticəsində daha sonra ona X2” publik hüquqi şəxsi tərəfindən şəhadətnamə verilmişdir. O, 27 fevral 2023-cü ildə şəhadətnamədə göstərilən müddəti ötürmədən, müvafiq qaydada Zaqatala rayonu Muğanlı Bələdiyyəsinə ərizə ilə müraciət edərək onunla icarə müqaviləsinin bağlanması üçün sənədlərin hazırlanmasını xahiş etmişdir. Ərizə Bələdiyyənin nümayəndəsi tərəfindən 27 fevral 2023-cü il tarixdə əlbəəl qəbul edilmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Muğanlı Bələdiyyəsi hələ də onun müraciətini cavablandırmamışdır və şifahi formada ona onunla müqavilə bağlamayacağını bildirmişdir. Lakin ona rəsmi formada imtina məktubu verilmişdir. Cavabdeh Zaqatala rayonu Muğanlı Bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilə hərracı udan şəxslə bağlanır. Bu zaman Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanmalıdır. Hazırki vəziyyətdə iddiaçı X1 daha yüksək məbləğ təklif edərək hərracın qalibi olmuş və buna dair müraciətini cavabdehə bildirmiş, sonuncu isə bununla razılaşmasına baxmayaraq iddiaçı ilə müqavilə bağlamamış, bu hal Şəki Regional Ədliyyə İdarəsi tərəfindən təqdim edilmiş məktubdan da müəyyən olunur ki, göründüyü kimi cavabdeh Zaqatala rayonu Muğanlı Bələdiyyəsinin hərəkətləri qanunsuz və əsassız olmuşdur. Bundan başqa iş materiallarından göründüyü kimi 23 fevral 2023-cü il tarixdə Zaqatala rayonu Muğanlı kəndində yerləşən 20 ha digər təyinatlı (örüş otlaq) torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi üçün müsabiqə təşkil edilərək keçirilmiş, müsabiqədə 4 fiziki şəxs iştirak etmiş və müsabiqənin qalibi ən yüksək təklif vermiş iddiaçı Elmir Akhmedov olmuşdur. Müsabiqənin yekununa dair protokol tərtib edilmiş və komissiya üzvləri və müsabiqənin qalibi olan iddiaçı tərəfindən imzalanmışdır. Müsabiqənin yekununa dair X2” publik hüquqi şəxs tərəfindən verilmiş HTM seriyalı 002905 nömrəli şəhadətnamə iddiaçı Elmir Akhmedova təqdim edilmişdir. Həmin şəhadətnamədən göründüyü kimi iddiaçı X8 rayon Muğanlı Bələdiyyəsinin mülkiyyətində olan 20 ha torpaq sahəsininin icarəyə verilməsi ilə bağlı “X2” X11 Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 23 fevral 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. İddiaçıya torpaq müsabiqəsində hərracın qalibi kimi torpaq sahəsi 2701 manata satılmış və 15 il müddətinə icarəyə verilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin qanunda birbaşa göstərilmiş hallar istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən müsabiqənin və hərracların təşkilatçısı-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Qaydalara əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi sifariş əsasında alqısatqı və icarə obyekti olan əmlakın hərrac və ya müsabiqə prosesini təşkil edir, müsabiqə və ya hərracı keçirir, müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verir. Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Mülki qanunvericiliyə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malik olduğu halda “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın (müsabiqənin) qalibi arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir, yəni müsabiqə və hərrac nəticəsində qalib müqavilə bağlamaq hüququ əldə edir. Mülki qanunvericiliklə də belə müqaviləni tərəflər hərrac qurtardıqdan və ya protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalanmalı olması ilə bağlı müddəa yer alır və müqavilə tərəflərinin müqavilə bağlamaqdan boyun qaçırması halında digər tərəfin müqaviləni bağlamağa məcbur etmək və onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranır. Göründüyü kimi iddianın əsası yuxarıda qeyd edilən qanunvericilik aktlarında mövcuddur. Qanunvericiliyin həmin şərtlərini hazırki iddiaya tətbiq edərək məhkəmə qeyd edir ki, müqaviləni bağlamalı olan tərəflərdən biri cavabdeh Zaqatala Rayon Muğanlı Bələdiyyəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzi Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 23 fevral 2023-cü il tarixdə keçirilmiş Zaqatala rayonu Muğanlı Bələdiyyəsinin mülkiyyətində olan 20 ha digər təyinatlı (örüş otlaq) torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı müsabiqənin qalibi olan və icarə müqaviləsi bağlamaq hüququ əldə edən müqavilənin digər tərəfi olan iddiaçı Emir Akhmedovla müqavilə bağlamaqdan yayınması müəyyən olunduğundan və qanunvericilikdə belə hallarda müqaviləni bağlamağa məcbur etmə nəzərdə tutulduğundan iddiaçı Elmir Akhmedovun müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbi qanuni və əsaslıdır. Belə ki, icraat materiallarından göründüyü kimi cavabdeh olan Zaqatala rayonu Muğanlı Bələdiyyəsi mülkiyyətində olan 20 ha örüş otlaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasına köməklik edilməsi ilə bağlı HTM X11 Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət etmiş, nəticədə xx.xx.2023-cü il tarixdə hərrac keçirilmiş və torpaq sahəsi iddiaçıya 15 il müddətinə icarəyə verilmiş, buna baxmayaraq cavabdeh Zaqatala rayonu Muğanlı Bələdiyyəsi iddiaçı ilə torpaq sahəsinin icarə müqaviləsi bağlamalı olduğu halda bunu etməmiş və iddiaçı hazırki tələbi iddia etmişdir ki, göründyü kimi bunda da haqlı olmuşdur. Sonda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, keçirilmiş hərracın nəticələrinin etibarsızlığı ilə bağlı məhkəmə aktı mövcud olmadığından və hərracın nəticələrinə dair şəhadətnamə qüvvədə olduğundan cavabdeh və üçüncü şəxsin etirazları hazırki mübahisənin həllinə təsir etmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən hərrac (müsabiqə) təşkil olunmuş, iddiaçı bunun qalibi olmuş və hazırda hərracın keçiriməsinə dair sənədər mübahisəsiz qüvvədədir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilərək 20 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi kimi iddiaçı X1 icarəyə verilməsi öhdəliyi cavabdeh Zaqatala rayonu Muğanlı Bələdiyyəsinin üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üçün ödənilməli dövlət rüsumu 100 manat təşkil edir ki, iddiaçı həmin dövlət rüsumunu ödəsə də, cavabdehdən tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Zaqatala rayonu Muğanlı Bələdiyyəsinin üzərinə 20 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi kimi iddiaçı X1 icarəyə verilməsi öhdəliyi qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı X1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar