Məhkəmə qərarları › İş №2-2(117)-9/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-9/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-9/2025 20.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70.800 manat pulun və mənəvi zərərin əvəzi olan 2.000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2, mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi, 20 saylı mağaza binası və onun yerləşdiyi torpaq sahəsini uzun illərdir ki, zəbt edib ondan qanunsuz istifadə edir. 2018-ci ildən cavabdehin qeyd olunan mağaza binasından çıxarılması bağlı olaraq Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə qətnamələrinə əsasən, mülkiyyətində olan daşınmaz əmlakın (qeyri-yaşayış binasının) cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi müəyyən edilmiş və onun həmin əmlakdan çıxarılması qət edilmişdir. Lakin uzun müddətdir ki, cavabdeh qeyd olunan məhkəmə qətnamələrinin icrasına maneçilik törədir və onun həmin qeyri-yaşayış binasından gəlir əldə etməyinin qarşısını alır. Ona 2018-ci ildən bu yana dəfələrlə başqa şəxslər tərəfindən həmin binanı onlara icrayə verməyilə bağlı təkliflər gəlsə də, cavabdehin ailəsi həmin əmlakdan çıxmadığı üçün o binanı icarəyə verə bilməmişdir. Cavabdeh isə hazırda da həmin binada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edir. Təkrar-təkrar cavabdehin diqqətinə çatdırmış ki, Zaqatala şəhəri, İ.Şamil küçəsi, 20 saylı mağaza binası onun xüsusi mülkiyyətidir və onlar həmin binadan qanunsuz olaraq istifadə edərək Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüququnu kobud şəkildə pozur. Məlumat üçün bildirir ki, qanunsuz müdaxilə olmasa idi o qeyd olunan qeyri-yaşayış binasını icarəyə verməklə 2018-ci il üçün 12.000 (on iki min) manat, 2019-cu il üçün 10.800 (on min səkkiz yüz) manat, 2020-ci il üçün 9.600 (doqquz min altı yüz) manat, 2021-ci il üçün 10.800 (on min səkkiz yüz) manat, 2022-ci il üçün 12.000 (on iki min) manat, 2023-cü il üçün 13.200 (on üç min iki yüz) manat, 2024-cü ilin yanvar və fevral ayları üzrə isə 2.400 (iki min dörd yüz) manat, ümumilikdə 70.800 (yetmiş min səkkiz yüz) manat gəlir əldə edə bilərdi. Lakin cavabdehin qanunsuz müdaxiləsinə görə o, ümumilikdə 70.800 (yetmiş min səkkiz yüz) manat gəlir əldə etməkdən məhrum olmuş və cavabdehin həmin əmlakı ona təhvil vermədiyi vaxt üçün də məhrum olmaqda davam edir. Cavabdehin qeyd olunan qanunsuz hərəkətlərinə görə ona mənəvi zərər də dəymişdir. Artıq 7(yeddi) ildir ki, nə öz əmlakından istifadə edə bilir, nə də cavabdehin qanunsuz istifadəsinin qarşısını ala bilir. Hesab edir ki, cavabdehin ona vurduğu mənəvi zərərin qarşılığı 2.000 (iki min) manatdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

3. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı Zaqatala Rayon Məhkəməsində qaldırdığı işdə məhkəmə qərardadı əsasında ekspert tərəfindən keçirilmiş baxış əsnasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasına aid texniki pasporda “Ç” tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr eni 5,4 metr olan anbar binasını sökmüş və söküntüdən əldə olunmuş tikinti materiallarını öz üçün istifadə etmişdir. Cavabdehin bu hərəkəti ilə iddiaçıya ümumilikdə 7500 manat həcmində ziyan vurulmuşdur. Odur ki, iddianın həcmini artıraraq cavabdeh X1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70.800 manat pulun, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasına aid 11 noyabr 2004-cü il tarixli, 399 inventar nömrəli texniki pasporda “Ç” tikilisi kimi qeyd olunmuş, uzunluğu 27 metr eni, 5,4 metr olan anbar binasının dəyərinin əvəzi olaraq 7500 manat pulun və mənəvi zərərin əvəzi olan 2.000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək iddia tələbində əldən çıxmış fayda qismində dəymiş zərər dedikdə iddiaçı cavadehin qanunsuz müdaxiləsi olmasa qeyd olunan daşınmaz əmlakı icarəyə verəcəyi təqdirdə əldə edəcəyi gəliri nəzərdə tutduğunu bildirmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, İddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxmışdır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, məhkəmə qətnamələrinə əsasən, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın (qeyri-yaşayış binasının) cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi müəyyən edilmiş və onun həmin əmlakdan çıxarılması qət edilmişdir. Lakin uzun müddətdir ki, cavabdeh qeyd olunan məhkəmə qətnamələrinin icrasına maneçilik törədir və onun həmin qeyri-yaşayış binasından gəlir əldə etməyinin qarşısını alır. İddiaçıya 2018-ci ildən bu yana dəfələrlə başqa şəxslər tərəfindən həmin binanı onlara icrayə verməyilə bağlı təkliflər gəlsə də, cavabdehin ailəsi həmin əmlakdan çıxmadığı üçün o binanı icarəyə verə bilməmişdir. Hal-hazırda da iddiaçının mülkiyyət hüquqları pozulur. Belə ki, Cavabdeh onun əmlakından vaxtında çıxsaydı iddiaçı həmin obyekti başqasına icarəyə verərdi və qazanc əldə edərdi. Lakin cavabdehin qanunsuz müdaxiləsinə görə o, ümumilikdə 70.800 (yetmiş min səkkiz yüz) manat gəlir əldə etməkdən məhrum olmuş və cavabdehin həmin əmlakı ona təhvil vermədiyi vaxt üçün də məhrum olmaqda davam edir. Bu hadisələr nəticəsində iddiaçıya mənəvi zərər də dəymiş, o illərdir əmlakından məhrum olduğu üçün iztirab çəkir, cavabdehin onun əmlakından qanunsuz istifadəsinin qarşısını ala bilmir. Bununla yanaşı, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasına aid texniki pasporda “Ç” tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr eni 5,4 metr olan anbar binasını sökmüş və söküntüdən əldə olunmuş tikinti materiallarını öz üçün istifadə etmişdir. Cavabdehin bu hərəkəti ilə iddiaçıya ümumilikdə 7500 manat həcmində ziyan vurulmuşdur. Odur ki, iddia tələbinin həcmini artıraraq cavabdeh X1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70.800 manat pulun, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasına aid 11 noyabr 2004-cü il tarixli, 399 inventar nömrəli texniki pasporda “Ç” tikilisi kimi qeyd olunmuş, uzunluğu 27 metr eni, 5,4 metr olan anbar binasının dəyərinin əvəzi olaraq 7500 manat pulun və mənəvi zərərin əvəzi olan 2.000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini müdafiə edərək tam təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, O, Hacıömərlə şərik olmuşdur. Həmin qeyri-yaşayış sahəsinin pulunu o ödəyib, amma rəsmiləşdirməni iddiaçının adına etmişlər. Aralarındakı razılaşmaya görə növbəti alınası əmlak onun adına rəsmiləşdirilməli idi. Sonra münasibətlərində soyuqluq yarandı, onun adına heç bir əmlak alınmadı. Bu günə qədər də aralarında mübahisə davam edir. Aralarında olan əmlak mübahisələr üzrə məhkəmə qətnamələri çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən o, Zaqatala şəhəri, İ.Şamil küçəsi, 20 saylı mağaza binasından çıxmışdır. Lakin onun ailə üzvləri həmin mağazadan yaşayış sahəsi kimi istifadə edərək orada yaşayırlar. Hal-hazırda o özü də xəstə olduğu üçün ailə üzvləri ilə birlikdə həmin yerdə yaşayır, bu barədə müvəqqəti icazə almışdır. Həmin evdən çıxmaq istəmir. Belə ki, cavabdeh məhkəmə qətnaməsi əsasında ona verəcəyi pulu verməmişdir. O cavabadehdən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının olan təmir-bərpa işlərinə xərclədiyi və ona dəymiş maddi ziyanın əvəzi olaraq pul tələb etmiş, məhkəmə qərarı ilə İddiaçı ona 34688.50 manat pul ödənilməsi qərara alınmışdır. Lakin Hacıömər hələ də ona bu pulu ödəməmişdir. Bu səbəbdən o, Zaqatala şəhəri, İ.Şamil küçəsi, 20 saylı qeyri-yaşayış binasından çıxmır. Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasına aid “Ç” tikilisi onun tərəfindən sökülməmişdir. Həmin ünvandan çıxdığı üçün onun xəbəri yoxdur. İcarə haqqı ilə bağlı ekspert rəyini qəbul etmir. Zaqatala şəhəri, İ.Şamil küçəsi, 20 saylı qeyri-yaşayış binasında mağaza işləmir, oradan yaşayış sahəsi kimi istifadə edir. Həmin ünvanda təndir işləyir, lakin həmin təndirin aylıq icarə haqqı ekspert rəyində göstərilən məbləğdə deyil.Bu səbəbdən də iddianı qəbul etməyərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)- 661/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən ( mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmişdir.

9. Zaqatala Rayon Məhkəməsi tərəfindən Şəki Kommersiya Məhkəməsinə göndərilmiş məktubdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)- 661/2021 nömrəli qətnaməsi xx.xx.2022-ci ildə qanuni qüvvəsini almış və xx.xx.2022-ci il tarixdə qətnamə üzrə icra sənədi icra edilməsi üçün Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.

10. Zaqatala rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-661/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, icra sənədi üzrə borclu göstərilən (Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası)) ünvanda yaşamadığını bildirmiş və həmin ünvana girməyəcəyi barədə ondan iltizam alınmışdır. Bu barədə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir.

11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatına əsasən Şəki Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə e-2- 2(117)-246/2024 qərardadla təyin edilmiş məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmiş və iş materialları icrasız geri qaytarılmışdır. Həmin məlumatda tədqiq olunan ünvanda baxış zamanı qərardadda ekspert qarşısına qoyulmuş birinci sualda qeyd olunan “Ç” tikilisinin (altıaçığın) faktiki olaraq mövcud olmadığı (söküldüyü) müşahidə olunduğundan qeyd olunan “Ç” tikilisinin hazırki dəyərinin müəyyən edilməsi mümkün olmaması bildirilmişdir. Qərardadda ekspert qarşısına qoyulmuş ikinci sual üzrə isə məlumatda qeyd olunur ki, mübahisə predmenti olan tikililərin yerləşdiyi ərazi üzrə anoloji qeyri-yaşayış sahələrinin kirayəsinə dair Mərkəzin baza məlumatlarında həmçinin, yerli internet saytlarında məlumat olmadığından müqayisə metodu tətbiq etməklə qiymətləndirmə aparılması mümkün olmamışdır.

12. Şəki Kommersiya Məhkəməsi tərəfindən Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasının 2018-ci ilin yanvar ayından 2024-cü ilin fevral ayına qədər illər üzrə aylıq icarə haqqının müəyyən edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB/01- 7045/25 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası üzrə hesabat daxil olmuşdur. Həmin hesabatda qeyd olunan illər üzrə həmin ərazinin iqtisadi vəziyyəti nəzərə alınmaqla müvafiq qiymət cədvəli müəyyən edilmişdir. Hesabata əsasən Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasının 2018-ci ilin yanvar ayından 2024-cü ilin mart ayına qədər illər üzrə illik icarə haqqı: 2018-ci il üçün 12 000 manat, 2019-cu il üçün 10 800 manat, 2020-ci il üçün 9600 manat, 2021-ci il üçün 10 800 manat, 2022-ci il üçün 12 000 manat, 2023-cü il üçün 13 200 manat, 2024-cü ilin mart ayınadək 3600 manat müəyyən edilmişdir.

13. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh verilən ƏN-İ №154202 nömrəli etibarnamədən müəyyən edilir ki, İddiaçıtərəfindən 21 avqust 2009-cu il tarixindən 21 avqust 2019-cu il tarixədək, yəni 10 il müddətinə olmaqla Cavabdeh “etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlaklarımı idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq...haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarə, təşkilatlardan vəs. Ona çatası əmlakı, pulu.... almağı və digər səlahiyyətləri yerinə yetirmək üçün.” öz hüquqlarını həyata keçirməyi etibar etmişdir. Etibarnamə notarial tərtib eilmiş və 21 avqust 2019-cu il tarixədək qüvvədə olmuşdur.

14. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********00-12301 nömrəli çıxarışından görünür ki, Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksi İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksi kimi müəssisə İddiaçı mülkiyyətindədir.

16. "xxxx" MMC-nin 25 dekabr 2024-cü il tarixli, UNİ/D-31-678/2024 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin “Ç” tikilisi olan altıaçığın dəyəri 7000 manat müəyyən edilmişdir.

17. İddiaçı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən hazırki iddia tələbi üzrə pul məbləğinin ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

18. Cavabdeh tərəfindən təqdim edilmiş videoyazıdan görünür ki, mübahisə predmeti olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin “Ç” tikilisi olan altıaçıq həmin ərazidə mövcud deyil.

İV. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir; 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir

V. Məhkəmənin mövqeyi:

17. Məhkəmə ilk öncə sübutların məcmusuna, işin hallarına hərtərəfli qiymət verərək qeyd edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

18. Məhkəmə tərəfindən tərəflər arasında olan mübahisəyə münasibətdə qeyd edir ki, hazırki mübahisə özgənin əmlakını qanunsuz istifadə etməklə mülkiyyətçiyə həmin əmlakdan gəlir gəlməsinə maneə törədən hüquqa zidd əməldən irəli gəlir. İddiaçı cavabdeh tərəfindən ona məxsus əmlakdan qanunsuz istifadə edildiyinə görə həmin əmlakı icarəyə verə bilməməsi səbəbindən ona ziyan dəydiyini iddia edir və iddia tələbində də cavabdehdən əmlakının qanunsuz istifadəsində olduğu müddətdə icarəyə verə biləcəyini hesab edərək ondan icarə haqqının əvəzi kimi ona dəymiş ziyanı tələb edir. Bu istiqamətdə araşdırılma aparılan zaman iddiaçının əmlakının həqiqətən qanunsuz istifadə olunduğu cavabdehin məhkəmə iclaslarında verdiyi izahatla öz təsdiqini tapır.

19. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında yaranan hazırki mübahisə cavabdeh tərəfindən iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsi- 20 ünvanında yerləşən qeyri-yaşayış binasından cavabdeh tərəfindən qanunsuz istifadə etdiyi müddətdə iddiaçı tərəfindən həmin daşınmaz əmlakdan gəlir götürə bilməməsi səbəbindən ona dəyən ziyanın cavabdehdən tələb edilməsi ilə bağlıdır.

20. Belə ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı mülkiyyətində hazırki iddiada mübahisə predmenti olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsin üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmiş və həmin qətnamə xx.xx.2022-ci ildə qanuni qüvvəsini almışdır. Həmin qətnamədə iddiaçının əmlakının cavadeh tərəfindən qanunsuz istifadə edilməsi müəyyən edilmişdir. Göstərilən hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt olduğundan iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilmir və yenidən sübut edilmir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Cavabdeh Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksində (mağazalı qeyri-yaşayış binası) yaşamadığı üçün icraata xitam verilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh özü iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) çıxmış olsa da, həmin ünvanda sahibkarlıq fəaliyyətilə davamlı olaraq məşğul olur, yəni təndir işlədir və oradan gəlir əldə edir. Həmçinin onun ailə üzvləri də göstərilən ünvanda yaşayır. Hazırki dövrdə də xəstə olması ilə əlaqədar ailə üzvləri ilə birlikdə Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən mağazadan yaşayış evi kimi istifadə edərək orada yaşayır. Bu faktı cavabdeh məhkəmə iclaslarında verdiyi izahatla təsdiq etmişdir.

21. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh 21 avqust 2009-cu il tarixindən 21 avqust 2019-cu il tarixinədək 10 il müddətinə verilən etibarnamədə İddiaçı onun bütün əmlaklarını idarə etmək və onun üzərində sərəncam vermək kimi öz hüquqlarını Cavabdeh etibar etmişdir. Bu yazılı əqd- etibarnamə əsasında Cavabdeh iddiaçıya məxsus əmlaklar, o cümlədən Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyriyaşayış binası) istifadə edərək gəlir götürmüşdür. Belə olduğu halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus əmlakdan 21 avqust 2009-cu il tarixindən 21 avqust 2019cu il tarixədək istifadə edərək gəlir əldə etməsinin qanuni əsası olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ona məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) istifadə nəticəsində cavabdehdən 2019-cu ilin 21 avqust tarixədək olan müddətdə ona dəymiş maddi zərərinin əvəzini tələb etməkdə haqlı deyildir. Həmçinin iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin ləğvi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd edilən etibarnamən müddəti 21 avqust 2019-cu il tarixdə bitmiş, lakin cavabdeh iddiaçıya məxsus daşınmaz əmlakda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda davam edir. Həmçinin tərəflər arasında icarə müqavilə münasibətləri olmadığı da müəyyən edilmişdir.

22. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, 21 avqust 2019-cu il tarixdə iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə qüvvədən düşdüyündən, həmin tarixdən sonrakı müddət ərzində cavabdehin iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) istifadə etməsi qeyri-qanuni şəkildə həyata keçirilmişdir. Cavabdeh 21 avqust 2019-cu il tarixdən etibarən Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) qanuni əsas olmadan isifadəsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

23. Məhkəmə iddiaçıya dəymiş maddi zərərin məbləğini müəyyən edərkən Mərkəzi Ekspertiza Bürosu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MEB/01-7045/25 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası üzrə hesabata əsaslanır. Belə ki, hesabata əsasən Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasının 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün hər ay 900 manat icarə haqqı olmaqla cəmi 3600 manat, 2020-ci il üçün hər ay 800 manat olmaqla cəmi 9600 manat, 2021-ci il üçün hər ay 900 manat olmaqla cəmi 10 800 manat, 2022-ci il üçün hər ay 1000 manat olmaqla cəmi 12 000 manat, 2023-cü il üçün hər ay 1100 manat olmaqla cəmi 13 200 manat, 2024-cü ilin fevral ayınadək 2400 manat məbləğində icarə haqqı müəyyən edilmişdir. Nəticə etibarilə, cavabeh Cavabdeh iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) qanuni əsas olmadan istifadəsi nəticəsində 2019-cu ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan dövr ərzində (3600+9600+10800+12000+13200+2400) cəmi 51600 manat məbləğində dəymiş ziyan Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.”

25. Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və cavabeh Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat pul tutularaq İddiaçı ödənilməlidir.

26. Məhkəmə iddia tələbinin artırılması barədə ərizədə qeyd olunan “Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yeləşən “Ç” tikilisinin dəyəri olan 7000 manat məbləğində pulun cavabehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir.

27. Belə ki, iddiaçı Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyriyaşayış sahəsində olmuş “Ç” tikilisinin cavabdeh tərəfindən söklüməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız həmin tikilinin dəyəri barədə ekspert rəyini təqdim etmişdir. Həmin rəy də mövcud olmayan tikili barədə verildiyindən sübut kimi əhəmiyyətini itirmiş hesab edilir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında da göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

29. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

30. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir.

31. Məhkəmə eyni zamanda cavabdehdən 2000 manat mənəvi zərər tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir.

32. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 4-cü bəndinə əsasən Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).

34. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

35. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının əmlakından cavabdeh tərəfindən 5 ildən artıq müddətdə qanunsuz istifadə olunması və onun əmlakından məhrum olması iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi üçün yetərli əsasdır. Lakin bucür mənəvi sarsıntı nəticəsində dəymiş mənəvi zərərin ağırlıq dərəcəsini müəyyən etmək mümkün olmasa da, işin hallarını nəzərə almaqla mənəvi zərərin əvəzi olaraq cavabdehdən 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi ağlabatandır. Belə ki, iddiaçı ona dəymiş mənəvi zərərin 2000 manat dəyərində olmasını sübuta yetirə bilməmişdir.

36. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq tutularaq İddiaçı ödənilməlidir.

37. Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələb edilmədiyindən ödənilmiş dövlət rüsmumu iddiaçıya aid edilir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. İş ürzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri barədə sübut təqdim edilmədiyindən məhkəmə ekspertiza xərcinin tutulması məsələsinə baxmamışdır.

Vİ. Nəticə:

39. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar