Məhkəmə qərarları › İş №2-2(117)-910/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-910/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-910/2024 09.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh İB-yə qarşı “abonent koduna işlənmiş olan 1566 manat borcun silinməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən kafeyə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və sayğac çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda sayğacın çıxış borusunda dəlik aşkarlandığı qeyd olunmuşdur. Bundan sonra dövlət yoxlamasına göndərilmiş qaz sayğacı xx.xx.2024-cü il tarixdə “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Laboratoriyalar” tərəfindən baxış keçirilmiş və nəticəsinə dair 14-2-2/3-5-13678 nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, sayğacın plastmas borusu kənar təsirlər nəticəsində deşilib. Sayğac xəta cədvəlində gəstərilən xəta faizləri ilə nisbətdə az işləyir. Sayğac nominal və minimal sərfiyyatlarda -100 % nisbi xəta ilə işləyir, hesablama mexanizmi norminal və minimaı sərfiyyatlarda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə təbii X2 pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş və həmin aktda pozuntu kimi 14-2-2/3-5-13678 nömrəli akta əsasən sayğacın çıxış plastmas borusunun kənar təsirlər nəticəsində deşilməsi, hesablama mexanizminin nominal və minimal sərfiyyatlarda keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Qeyd edilən təbii X2 pozulması haqqında ******* nömrəli akt əsasında xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 6480 m3 (6 x 12 x 90 = 6480 m3) – 1620 manat müəyyən edilmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o kafe işlədərək sahibkarlıq fəaliyyət ilə məşğul olur. İstifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş, sayğac göstəricilərinə uyğun ödənişlər aparmış və istehlak etdiyi qazın dəyərini hər zaman tam şəkildə ödəmişdir. Təxminən 16-17 dekabr 2023-cü il tarixlərdə işlətdiyi kafedə qaz xəttinin yerinin dəyişilməsi ilə bağlı qaynaq işi aparmış, qaynaq aparan şəxslə yoldaşlıq münasibətləri olmuşdur. Dekabr ayının əvvəllərində isə Oğuz QİS-nin əməkdaşları tərəfindən onun kafesinə quraşdırılmış sayğacın dövri yoxlamadan keçməli olmasını ona bildirmişlər. Qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə onun tərəfindən haqqı ödənilmək şərtilə başqa sayğac quraşdırılmışdır. Sayğacların dövri yoxlanması texniki cəhətdən yararsız sayğacların istismardan kənarlaşdırılmasını təmin edir, eyni zamanda istehlakın həcmini dəqiq müəyyən etməyə və itkilərin qarşısını almağa imkan yaradır. Yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Cavabdeh Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən f/ş İddiaçı istifadəsində olan G4 markalı 28023155 nömrəli qaz sayğacının göstəricisi qeydiyyata alınarkən vizual müşahidə oluna müdaxilə halı aşkar edilmişdir. Belə ki, sayğaca baxış keçirərkən onun çıxış plastmas borusunun deşik olduğu müəyyən olunmuşdur. Bununla əlaqədar istehlakçının iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə ******* saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən “Azərbaycan Metrologiya İnstitut” PHŞ “Kommunal Laboratoriyalar” tərəfindən verilmiş 14-2-2/3-5-13678 saylı aktında göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib, sayğac xəta cədvəlində göstərilən xəta faizləri ilə nisbətdə az işləyir. Sayğac nominal və minimal sərfiyyatlarda – 100 % nisbi xəta ilə işləyir, hesablama mexanizmi nominal və minimal sərfiyyatlarda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii X2 pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 6m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6480 m3 (və ya 1620 manat) həcmində müəyyən edilmişdir. Nəzərinizə çatdırıram ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş və cavabdeh iddia tələbinə etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abonentin saldosu, 14-2-2/3-5-13678 nömrəli akt, Dəymiş ziyanın bərpasına dair tələbnamə, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, Təbii X3 haqqında ******* nömrəli akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddianın hüquqi əsasına qiymət verən məhkəmə əvvəlcə qeyd edir ki, abonentin saldosundan göründüyü kimi iddiaçıya hesablanmış 1620 manat borc qazdan istifadəyə görə deyil, akt əsasında cavabdehə itirilmiş qazın dəyəri olaraq hesablanmışdır. Bu hal iddianın mübahisələndirilməyən halıdır ki, iddiaçı hazırki vəziyyətdə 1566 manat borcun silinməsini iddia edir ki, bu səbəbdən 1566 manat məbləğə münasibətdə məhkəmə işin hallarına hüquqi qiymət verir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçının iddiasına görə ona məxsus ünvan 1 ünvanında yerləşən kafeyə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və sayğac çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmiş və yoxlama nəticəsində sayğacın plastmas borusu kənar təsirlər nəticəsində deşilməsi, sayğacın xəta cədvəlində göstərilən xəta faizləri ilə nisbətdə az işləməsi, sayğacın nominal və minimal sərfiyyatlarda -100 % nisbi xəta ilə işləməsi, hesablama mexanizmi nominal və minimal sərfiyyatlarda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. Bununla bağlı iddiaçıya təbii X2 pozulması aktı tərtib edilmiş və həmin akt əsasında xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 6480 m3 (6 x 12 x 90 = 6480 m3) – 1620 manat müəyyən edilmişdir. İddiaçının qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən götürülərək növbəti dövlət yoxlamasına göndərilmişdir. Yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi kimi akt tərtib edilərkən “X3”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (sayğacın plastmas borusu kənar təsirlər nəticəsində deşilməsi, sayğacın xəta cədvəlində gəstərilən xəta faizləri ilə nisbətdə az işləməsi, sayğacın nominal və minimal sərfiyyatlarda -100 % nisbi xəta ilə işləməsi, hesablama mexanizmi nominal və minimal sərfiyyatlarda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olduğu) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qaz paylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X2” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və sayğac çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasına göndərilmiş qaz sayğacına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Laboratoriyalar” tərəfindən baxış keçirilmiş və nəticəsinə dair 14-2-2/3-5-13678 nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, sayğacın plastmas borusu kənar təsirlər nəticəsində deşilib. Sayğac xəta cədvəlində gəstərilən xəta faizləri ilə nisbətdə az işləyir. Sayğac nominal və minimal sərfiyyatlarda -100 % nisbi xəta ilə işləyir, hesablama mexanizmi nominal və minimal sərfiyyatlarda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. “X2” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qaz sayğacına müdaxilə olunmasına dair hər hansı sübut mövcud deyildir və aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi 1566 manat məbləğində hesablanmış borc məbləği abonentin hesabından silinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacda qüsur, pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, hətta qüsurların aşkarlanması həqiqəti əks etdirsə belə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından 1566 manat borcun hesablanmasına dair Azəriqaz İB-nin hərəkətləri qanunsuz olmuşdur. Bu səbəbdən iddia təmin edilməklə 1566 manat borc iddiaçının abonent hesabından silinməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia Şəki kommersiya Məhkəməsinə Oğuz Rayon Məhkəməsindən daxil olmuşdur. İddiaçının tələbi hazırki məhkəmə tərəfindən təmin edildiyindən ödənilməmiş 35.66 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı abonent hesabına işlənmiş 1566 manat borc silinsin. Ödənilməmiş 35.66 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar