Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-962/2024 31.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 5375 manat əsas borcun, orta bank uçot dərəcəsi ilə hesablanmış 1612 manat pulun, hüquqi yardım göstərilməsinə dair ödənilmiş 120 manatın, məhkəmə hesabına ödənilmiş dövlət rüsumu olan 74 manatın və digər məhkəmə xərclərinə aid yol və poçt xərci olan 250 manat pulun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : İddiaçının bildirdiyinə görə cavabdehlə 2019-cu ilin axırlarında Bərdəli Vidadi adlı şəxs vasitəsilə tanış olmuş, münasibətləri yaranmışdır. Ona məlum olmuşdur ki, o, Bakı şəhərində dəftərxana, məktəb ləvazimatlarının çap işi ilə məşğul olur. Söhbət əsasında Cavabdeh bildirmişdir ki, rayonda dəftərxana, məktəb ləvazimatlarının alqı-satqısı ilə məşğul olmaq istəyir, özünün bu sahədə təcrübəsi vardır. O bildirmişdir ki, vəziyyəti bir o qədər də yaxşı deyil, nisyə mal verilsə, satıb pulunu ödəyəcəkdir. Nəhayət razılaşdılar və hissə-hissə məktəb ləvazimatlarından ona nisyə göndərmiş, pulun ödənilməsində ilk aylar gecikmələr olmuş, o da ödəniş etmək üçün vaxt verməklə cavabdehə şərait yaratmışdır. Sonra da bildirmişdir ki, evini satacaq və borclarını bağlayacaqdır. 2020-ci ilin sonunadək Cavabdeh ona 5375 manat borcu yaranmış və imkanı olmadığından borcu ödəməkdən imtian etmişdir. Məlum olmuşdur ki, cavabdeh Mingəçevir şəhərində olan evini satmış, başqa yerə köçmüş, borcunu ödəmək barədə söhbət etmək istəmir. Münasibətləri daha da pisləşmiş və odur ki, məhkəmə qaydasında borc pulun ödənilməsi məsələsi həll olunmalıdır. Borcu Cavabdeh özü də etiraf etmiş və bu, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda da bir daha sübut olunmuşdur. Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh polis şöbəsinə verdiyi izahatında iddiaçı ilə iki il müddət üçün tanışlıqları olduğunu, xatırlamadığı tanışı vasitəsilə Hüseynlə tanışlıqları yaranmış, mobil telefonla danışıq zamanı ondan nisyə qaydada dəftərxana ləvazimatları aldığını və pulunu kart vasitəsilə göndərdiyini bildirmişdir. Bundan sonra müxtəlif vaxtlarda aralarında yaranmış alqı-satqı nəticəsində Hüseynə pul borcu yaranmışdır. Pandemiya dövrünə düşdüyü üçün işləri zəifləmiş və Hüseynin borcunu qaytara bilməmişdir. Bundan başqa iddiaçı tərəfindən tərəflər arasında aparılmış alqı-satqı iə bağlı haqqhesab dəftərinin 5345 manat borca dair səhifəsinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat təqdim edilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının izahatına əlavəsi yoxdur. Məhkəməyə təqdim etdikləri telefon danışıqlarının dinlənilməsini xahiş etmiş, həmin danışıqlarda cavabdeh borcunu etiraf etmişdir. Bundan əlavə məhkəməyə şahid gətirilmişdir. Həmin şahidin dindirilməsini xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında dindirilmiş X2 izahatından müəyyən olunur ki, iddiaçı Hüseyn ilə münasibəti var. Onun sexindən dəftərxana ləvazimatı alıb, satır. Cavabdeh bir gün ona zəng edərək, özünün də dəftərxana ləvazimatı satmaq istədiyini bildirmişdir. O da Cavabdehı iddiaçı ilə tanış etmişdir. Cavabdeh bir müddət aldığı malların pulunu ödəsə də, qalan hissəsini ödəməmişdir. O, özü də Cavabdeh zəng edərək iddiaçının borcunu ödəməli olduğunu bildirsə də, lakin o müxtəlif bəhanələr ilə borcu ödəməkdən yayınmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə əvvəlcə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi, şərtləri və öhdəliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. Belə ki, iddiaçının bildirdiyinə görə cavabdeh tərəflə nisyə alqı-satqı barədə razılığa gəlmiş, hissə-hissə məktəb ləvazimatlarından ona nisyə göndərmiş, pulun ödənilməsində ilk aylar gecikmələr olsa da, o, cavabdehə ödəniş etmək üçün vaxt verməklə şərait yaratmışdır. Sonra da bildirmişdir ki, evini satacaq və borclarını bağlayacaqdır. 2020-ci ilin sonunadək Cavabdeh ona 5375 manat borcu yaranmış və imkanı olmadığından borcu ödəməkdən imtian etmişdir. Tərəflər arasında alqı-satqıdan irəli gələn münasibətlərin mövcud olması işin mübahisələndirilməyən halı olduğundan iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş dəftərin 5345 manat borca dair səhifəsindən kserosurət məhkəmə tərəfindən sübut qismində qəbul edilir ki, iddiaçı orda qeyd edilən məbləğin doğruluğunu təsdiqləmişdir. Həmin sənəddən müəyyən olunur ki, cavabdeh tərəfdən sonuncu dəfə 2000 manat ödəniş edildikdən sonra yekun borc 5345 manat təşkil etmişdir. Tərəflər arasında alqı-satqıdan irəli gələn münasibətlər 2019-cu ilin sonundan başlamış və 2020-ci ilin sonunadək davam etmiş, 2020-ci ilin sonlarında pandemiya dövrünə düşdüyündən cavabdeh borcunu ödəyə bilməmiş və bu səbəbdən ödənilməmiş borcu qalmışdır ki, iddiaçı həmin borc məbləğinin 5375 manat olduğunu bildirsə də, təqdim edilmiş borc dəftərindən göründüyü kimi qalıq borc 5345 manat təşkil etmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən göründüyü kimi cavabdeh iddiaçıdan nisyə qaydada dəftərxana ləvazimatları aldığını və pulunu kart vasitəsilə göndərdiyini, bundan sonra müxtəlif vaxtlarda aralarında yaranmış alqı-satqı nəticəsində Hüseynə pul borcu yarandığını bildirmişdir. Göründüyü kimi cavabdeh öhdəliyini yerinə yetirməmiş, bunu pandemiya dövründə işlərinin zəif olması ilə əlaqədar olduğunu bildirmiş və borcunu etiraf etmişdir. Bundan başqa məhkəmə şahid X2 ifadəsinə münasibətdə qeyd edir ki, sonuncu ifadəsində iddiaçı ilə münasibətləri olduğunu, cavabdehi iddiaçı ilə o, tanış etdiyini, cavabdehin iddiaçıya borcunun olmasını bildirmişdir. Göründüyü kimi şahid iddiaçı ilə cavabdeh arasında olan münasibətləri bilmiş və cavabdehin borcunun qaldığını təsdiqləmişdir. Eyni zamanda şahidin ifadəsi iddiaçı və cavabdehlərin etirafı ilə də təsdiq olunur. Bu səbəbdən məhkəmə bu ifadəni sübut qismində qəbul edir. Beləliklə təqdim edilmiş borcu əks etdirən sənəd, cavabdehin polis şöbəsindəki izahatında borcun etirafı ilə, eləcə də şahid ifadəsi ilə müəyyən edilmişdir ki, həqiqətən tərəflər arasında alqı-satqıdan irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı tərəf öhdəliyini icra edərək malları cavabdehə vermiş, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməyərək iddiaçıya borcu qalmışdır. Belə ki, qeyd olunduğu kimi tərəflər arasında yazılı müqavilə mövcud olmadığından münasibətlərin həqiqi şərtlərini müəyyən etmək mümkün deyildir ki, iddiaçı qalıq borc məbləğinin 5375 manat olmasını iddia etsə də, işin sənədindən göründüyü kimi 5345 manat borc mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qalıq borca münasibətdə qismən əsaslıdır və cavabdehdən 5345 manat borc tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Borcun olmasının təsdiqi kimi məhkəməyə təqdim edilmiş tərəflər arasında baş tutmuş telefon danışığının yazıldığı diskə münasibətdə məhkəmə qeyd edir ki, həmin sübut qanunvericiliyin tələblərinə uyğun əldə edilmədiyindən məhkəmə həmin audio yazını sübut kimi qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin İİİ-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Azərbaycan Respubikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Göründüyü kimi şəxsin öz razılığı olmadan onunla aparılmış telefon danışığının qeydə alınmasına icazə verilmədiyindən və bu yazıdan sonradan sübut kimi istifadə edilməsi qanuna müvafiq olmadığından tərəflər arasında aparılmış danışığını məhkəmə sübut qismində qəbul etmir. Bundan başqa tələbin “orta bank uçot dərəcəsi ilə hesablanmış 1612 manat pulun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi hazırki iş üzrə cavabdeh iddiaçıdan aldığı malların dəyərini lazımınca ödəmədiyindən ödənilməmiş borcu qalmış və həmin borcu iddiaçıya qaytarmamışdır. Bu səbəbdən 449-cu maddənin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı faiz tələb etməkdə haqlı olsa da, tələb edilən faiz borcunun məbləği nisbətən yuxarı olmuşdur. Belə ki, qanunvericilikdən də göründüyü kimi borc məhkəmə qaydasında tutulduğu zaman məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə tərəfindən Mərkəzi Bankı rəsmi veb səhifəsindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, bank uçot faiz dərəcəsi 2020ci ildə ortalama 6,8 faiz, 2021-ci ildə 6.9 %, 2022-ci ildə 7,8 %, 2023-cü ildə 8 %, 2024-cü il tarixdə isə 7,5% olmuşdur. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili qeyd edilən bank uçot faiz dərəcəsinin 2 il üçün illik 7,5 %-lə 806 manatın tutulmasına razı olmuşlar. Məhkəmə də iddiaçı tərəfin razılığı ilə hazırki iş üzrə məhkəmə tərəfindən hazırki vaxta bank uçot dərəcəsi üzrə faiz – 7.5 % əsas götürülməklə 5345 manat borca 7.5 %-ə münasibətdə ödənilməli faiz məbləği 2 il üçün hesablanmaqa 806 manat olmasını cavabdeh tərəfin marağına uyğun olmaqla, iddiaçı tərəfin razılığını da nəzərə almışdır. Bu səbəbdən cavabdehdən ortalama bank uçot dərəcəsi ilə hesablanmış 806 manat pul tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 120 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclasında iştrak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eləcə də digər məhkəmə xərclərinə aid yol və poçt xərci olan 250 manat münasibətdə məhkəmə qeyd edir ki, poçt xərci ümumiyyətlə məhkəmə xərcinə aid edilmədiyindən cavabdehdən tutulması qanuni və ədalətli olmaz. Bununla yanaşı yol xərci qanunverciliklə işə baxılması ilə əlaqədar məsrəflər olaraq məhkəmə xərclərinə aid edildiyindən iddiaçının və nümayəndəsinin məhkəmə iclasında iştirakını, bunun üçün çəkilmiş yol xərcinin məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, tələb olunduğu kimi 250 manat deyil, 100 manat yol xərci kimi pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə daxildir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 89,87 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 89,87 manat dövlət rüsumunun 10,75 manatı iddiaçıdan, 79.12 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 74 +20 = 94 manat dövlət rüsumu ödənilmişdir ki, iddiaçıdan büdcəyə ödənilməli 10,75 manat çıxıldıqdan sonra 83,25 manat qalır. İddiaçı 74 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etdiyindən 74 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Artıq ödənilmiş 9,25 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5345 manat əsas borc, orta bank uçot dərəcəsi ilə hesablanmış 806 manat pul, hüquqi yardım göstərilməsinə dair ödənilmiş 100 manat, məhkəmə hesabına ödənilmiş dövlət rüsumu olan 74 manat və digər məhkəmə xərclərinə aid 100 manat yol xərci kimi pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-962/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-962/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver