Məhkəmə qərarları › İş №2-2(117)-99/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-99/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-99/2025 05.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən 6 çeşid, 19 ədəd malların ümumi dəyəri olan 10946,30 manat pulun, gecikdirilmiş məbləğin 0,1% hissəsini təşkil edən və hər gecikdirilmiş gününə görə (200 gün) ümumilikdə hesablanmış 2190 manat cərimə məbləğinin və 129,41 manat ödənilmiş dövlət rüsumuna görə, ümumilikdə isə 13265,71 manat pulun məcburi qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC(bundan sonra İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra Cavabdeh) arasında Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən “Əlavə Protokolda” nəzərdə tutulan müxtəlif adda malların satın alınması ilə əlaqədar xx.xx.2021-ci il tarixli, CD-114/2021 nömrəli “Alqı-satqısı” müqaviləsi (bundan sonra müqavilə) bağlanmışdır. Cavabdeh MMC Malları qəbul etdikdən sonra mövcud müqavilənin 4.2-ci bəndinə əsasən “Əlavə Protokol”da göstərilən öhdəliklərini yerinə yetirməmişdir. Alınmış malların dəyəri vaxtında və tam ödənilməmişdir. Müqavilənin 4.1-ci yarımbəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə Alıcı ona tələb olunan miqdarda Malı sifariş verir. Sifarişdə tələb olunan mal dəqiqliyi ilə təsvir edilir. Sifariş yazılı tərtib edilərək Satıcının bu müqavilənin rekvizitlər bölməsində qeyd olunan hüquqi və ya elektron ünvanına göndərilir. Həmin müqavilənin 4.2-ci yarımbəndinə əsasən (4.Malların sifarişi və dəyərinin ödənilməsi) malın qiymətinin ödənilməsi şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən “Əlavə Protokolda” göstərilir. xx.xx.2021-ci il tarixli, CD-114/2021 nömrəli “Alqı-satqısı” müqaviləsinə 1 saylı əlavə protokolun 2-ci bəndinə əsasən mal alıcı tərəfindən qəbul edildikdən 30 (otuz) gün ərzində alıcı malın dəyərini satıcının bank hesabına nağdsız qaydada ödəyir. Cavabdehin sifarişi əsasında İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, 009113 nomrəli (HF 0741/24), 009114 nömrəli (HF 0742/24), xx.xx.2024-cü il tarixli, 009115 nömrəli (HF 0770/24) və xx.xx.2024-cü il tarixli, 009116 nömrəli (HF 0967/24) “Malların Təhvil-qəbul aktı”na əsasən ümumi məbləği 10946,30 manat (ƏDV daxil) olan 6 müxtəlif adda 19 ədəd (təhvil-qəbul aktları əlavə olunur) elektronika malları təhvil verilmişdir. Mallar təhvil verildikdən sonra cavabdehə xx.xx.2024-cü il tarixli 00231802 nömrəli, xx.xx.2024-cü il tarixli, 00231993 nömrəli, xx.xx.2024-cü il tarixli, 00271284 nömrəli və xx.xx.2024-cü il tarixli 00251177 nömrəli elektron qaimələr göndərilmişdir. Mallar təhvil verildikdən və qəbul edildikdən sonra elektron qaimələr göndərilsədə bugünədək cavabdeh tərəfindən malların dəyəri ödənilməmişdir. Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam icra edilməsinin vacibliyi dəfələrlə həm şifahi, həm də yazılı qaydada cavabdehə bildirilmişdir. Lakin, malların dəyərinin ödənişi cavabdeh tərəfindən təmin edilməmişdir. Tərəflər arasında bağlanmış “Alqı-satqı” müqaviləsinə əsasən müvafiq malların qəbul edilməsindən növbəti 30 gün müddətində tam olaraq dəyəri ödənilməlidir. xx.xx.2024-cü il tarixdə sonuncu mallar təhvil verilmiş və hazırki ərizə tərtib edilən günə artıq 200 gün ödəniş gecikdirilir. Müqavilənin 5ci bəndinə əsasən Satıcı malın təhvil verilməsini, yaxud Alıcı dəyərinin ödənilməsini bu müqavilədə nəzərdə tutulduğu müddətdən gec həyata keçirdikdə hər gecikdirilmiş gün üçün malın dəyərinin və ya ödənişinin 0,1% miqdarda cərimə ödəyir. Həmin cərimə 10%dən artıq ola bilməz. Qeyd etmək istəyirik ki, İddiaçı MMC-ninfəaliyyəti ölkə daxilində müxtəlif növ elektronika mallarının satışından ibarətdir. Satılmış malların dəyərinin ödənilməsi vaxtında həyata keçirilmədikdə digər müştərilərin şifarişlərinin vaxtında çatdırılmasında maneələr yaranır və iddiaçı bu səbəbdən maddi zərərə uğrayır. Bu səbəbdən cavabdeh 10946,30 manat məbləğində ödənişin gecikdirildiyi hər gün üçün məbləğin 0,1% hissəsini təşkil edən 10,95 (200 gün x10,95=2190) manat iddiaçıya cərimə ödəməlidir. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə və müqavilənin 10-cu bəndinə (mübahisələrin həlli) əsasən müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirilmişdir ki, məhkəmə gedişi zamanı 6 çeşid, 19 ədəd malların ümumi dəyəri olan 10946,30 pulun 2123,74 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş 8822,56 manat hissəsi isə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq məhkəmədən Cavabdeh MMC-dən 6 çeşid, 19 ədəd malların ümumi dəyərindən ödənilməmiş qalan 8822,56 manat (ƏDV daxil) pulun, gecikdirilmiş məbləğin 0,1% hissəsini təşkil edən və hər gecikdirilmiş gününə görə (284 gün) ümumilikdə hesablanmış 2683 manat cərimə məbləğinin, dövlət rüsumuna görə ödənilmiş 129,41 manat, ümumilikdə isə 11634,97 manat pulun məcburi qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsinin xahiş etmiş, cavabdeh tərəf isə məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “Satıcı” İddiaçı MMC ilə cavabdeh “alıcı” Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli CD-114/2021 nömrəli “Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə Protokol” əsasında alıcını malla təmin etməyi, alıcı isə malı qəbul edərək, dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən malın qiymətinin ödənilməsi şərtləri bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən “Əlavə Protokolda” göstərilir. 5-ci bəndinə əsasən satıcı malın təhvil verilməsini, yaxud alıcı dəyərinin ödənilməsini bu müqavilədə nəzərdə tutulduğunu müddətdən gec həyata keçirdikdə hər gecikdirilmiş gün üçün malın dəyərinin və ya ödənişin 0,1 faiz miqdarda cərimə ödəyir. Həmin cərimə 10 faizdən artıq ola bilməz.

8. “Satıcı” İddiaçı MMC ilə cavabdeh “alıcı” Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli CD-114/2021 nömrəli “Alqı-Satqı Müqaviləsi”-nə xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əlavə protokollar imzalanmışdır. Həmin protokolda malların dəyərinin ödənilməsi qaydası müəyyən olunmuş və protokol iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

9. İş materillarında olan 0741/24 nömrəli xx.xx.2024-cü il tarixli, 0742/24 nömrəli, 0770/24 nömrəli, 0967/24 nömrəli fakturalardan (invoice) görünür ki, xx.xx.2021-ci il tarixli CD-114/2021 nömrəli “Alqı-Satqı Müqaviləsi” üzrə Cavabdeh MMC-yə satılan malların adları və qiymətləri müəyyənləşdirilmişdir.

10. İş materiallarında olan cavabdehin elektron vergi kabinetinə göndərilmiş 009113 nömrəli xx.xx.2024-cü il tarixli, 009114 nömrəli xx.xx.2024-cü il tarixli, 009115 nömrəli xx.xx.2024-cü il tarixli, 09116 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktlarından görünür ki, müqavilə üzrə satılan mallar cavabdehə təhvil verilmiş və onların qiymətləri həmin aktlarda qeyd olunmuşdur.

11. İş materiallarına əlavə edilmiş cavabdehə ünvanlanmış xx.xx.2024-cu il tarixli, xx.xx.2024-cü il tarixli elektron qaimələrdə də iddiaçının cavabdehə verdiyi mallara görə yaranmış borc məbləği öz əksini tapmışdır.

12. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

VI. Məhkəmənin mövqeyi:

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 8822,56 manat hissəsi isə ödənilməmiş qalmışdır.

16. Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2021-ci il tarixli CD-114/2021 nömrəli “Alqı-Satqı Müqaviləsi”-nə əsasən 8822,56 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən satıcı malın təhvil verilməsini, yaxud alıcı dəyərinin ödənilməsini bu müqavilədə nəzərdə tutulduğunu müddətdən gec həyata keçirdikdə hər gecikdirilmiş gün üçün malın dəyərinin və ya ödənişin 0,1 faiz miqdarda cərimə ödəyir.

18. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehdən xx.xx.2021-ci il tarixli CD-114/2021 nömrəli “Alqı-Satqı Müqaviləsi”-si üzrə 441.12 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

20. Bundan başqa Məhkəmə qeyd edir ki, dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 112.63 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

21. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 8822.56 manat əsas borc, 441.12 manat cərimə borcu olmaqla cəmi 9263.68 manat borc pul və 112.63 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

Vİ. Nəticə:

22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh MMC-dən 8822.56 manat əsas borc, 441.12 manat cərimə borcu olmaqla cəmi 9263.68 manat borc pul və 112.63 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar