Məhkəmə qərarları › İş №2-2(119)-1010/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1010/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1010/2023 22.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 14 aprel 2022-ci ildə Cavabdeh qarşı "pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 28000 manat məbləğində borcun və ödənilmiş 174 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(060)-3241/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 28000 (iyirmi səkkiz min) manat məbləğində borcun və ödənilmiş 174 (yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli 2(105)-675/2022 nömrəli qərardadı ilə həmin qətnamə ləğv edilmiş və İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunması və işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 06 iyun 2023-cü il tarixli 2(102)-2332/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli 2(105)-675/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 22 avqust 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı gəlmiş olsa da, iş üzrə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı “pul tələbi” barədə hazırkı iddia ərizəsi ilə Cavabdeh qarşı 14 aprel 2022-ci ildə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməklə, ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. 01 iyul 2021-ci ildən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı madəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə məhkəməyə müraciət edilərkən həmin Məcəllənin 149-150-ci maddələrinin tələbləri, o cümlədəndə 149.2.4-1., 150.1.4., 150.1.6., 150.1.7. və 150.2.-ci maddələrin tələbləri lazımi qaydada yerinə yetirilməli və bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar