Məhkəmə qərarları › İş №2-2(119)-1045/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1045/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1045/2021 20.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin direktoru X1, İddiaçı "xxxx" MMC-nin təsiçisi X2, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MTK-ya qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTK-ya qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (satıcı) və Cavabdeh MTK (alıcı) arasında əmtəə betonun (məhlulun) göndərilməsi barədə 02 iyun 2014-cü il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilə çərçivəsində "xxxx" MMC Cavabdeh MTK-ya 108.000 (yüz səkkiz min) manat dəyərində əmtəə betonu göndərmişdir. Cavabdeh MTK ona göndərilmiş əmtəə betonunu qəbul edərək dəyərinin ödənilməsini öz öhdəsinə götürmüş, lakin, hal-hazırkı vaxta qədər göndərilən malın dəyərinin 63.143 (altmış üç min yeddi yüz qırx üç) manatını ödəməkdən yayınmışdır. Nəticədə, "xxxx" MMC-nin 12 nəfər işçisinin əmək haqları kəsilmiş və onların ailələri ciddi məhrumiyyətlərə düçar olmuşdur. Sözü gedən müqavilənin 4.1-ci bəndinə görə "Satıcı" sifarişlə nəzərdə tutulmuş şərtlərlə və müddətdə lazımi keyfiyyətdə beton məhlulunu "Alıcı”ya göndərməyi, "Alıcı" isə həmin müqavilənin 4.3.5-ci bəndinə görə göndərilən məhsulun dəyərini "Satıcı"ya ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən "xxxx" MMC tərəfindən "xxxx" MTK-ya göndərilən mala görə 63.143 (altmış üç min yüz qırx üç) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MTK-dan tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin direktoru X3 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmişdir. Ərizədə qeyd edilmişdir ki, "xxxx" MTK-nın rəhbərliyi ilə görüşüb bir daha görülən işlərin dəyərinin cavabdeh tərəfindən hansı hissədə ödənildiyi dəqiqləşdirilmiş və məlum olmuşdur ki, cavabdehin "xxxx" MMC-yə 63.143 manat deyil, cəmi 4.800 manat ödənilməmiş borcu qalıb. Cavabdeh tərəf borclu olduğu 63.143 manatdan "xxxx" MMC-nin layihə rəhbərinə ayrı-ayrı vaxtlarda cəmi 58.343 manat vəsait ödəyib. Göstərilənlərə əsasən, ərizədə 4.800 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MTK-dan tutularaq, "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin direktoru X3 iddia tələbinin həcminin azaldılması barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin təsiçisi X4 iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın təmin olunmasını xahiş etmiş, səhhəti ilə bağlı sonuncu iclasa isə gəlməmişdir. Məhkəmədə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, 2 gün ərzində hər iki tərəfin nümayəndəsinin iştirakı ilə diqqətlə araşdırılma aparılıb və məlum olub ki, cavabdehin iddiaçıya cəmi 4.800 manat borcu qalıb. "xxxx" MTK-nın rəhbərliyi də bu borcu qəbul edib. Qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilib ki, vəsait ödənilib, sadəcə olaraq həmin dövrdə "xxxx" MMC-nin bir çox təşkilatlarla əməkdaşlığı olduğuna görə daxil olan vəsait qruplaşdırılmayıb. Qruplaşma aparıldıqdan sonra məlum olub ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilib. O, 4.800 manat həcmində iddia tələbini qəbul etdiklərini bildirərək, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 02 iyun 2014-cü il tarixli müqavilədən görünür ki, satıcı ("xxxx" MMC) əmtəə betonunun (məhlulun) alıcının sifarişləri əsasında bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və şərtlərlə alıcıya ("xxxx" MTK) göndərilməsini, alıcı isə əmtəə betonunun (məhlulun) razılaşdırılmış müddətlərdə qəbul edilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə görə satıcı sifarişlə nəzərdə tutulmuş şərtlərlə və müddətdə lazımi keyfiyyətdə beton məhlulunu alıcıya göndərməyi, alıcı isə həmin müqavilənin 4.3.5-cü bəndinə görə göndərilən məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" MTK-ya verilən əmtəəlik beton haqqında aktın və əlyazma formasında tərtib olunmuş 30.06.2014-cü il tarixli sənədin surətindən görünür ki, "xxxx" MMC "xxxx" MTK-ya müvafiq olaraq 14.480 manat və 93.663 manat olmaqla, ümumilikdə 108.143 manat məbləğində əmtəəlik beton satılmışdır. Həmin aktı və sənədi alıcı tərəfindən V.Kərimli adlı şəxs imzalamış, lakin "xxxx" MTK tərəfindən möhür vurulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki "xxxx" MMC (satıcı) və Cavabdeh MTK (alıcı) arasında əmtəə betonun (məhlulun) göndərilməsi barədə 02 iyun 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MTK iddiaçıdan əmtəəlik beton (məhlul) almış, borcunun bir qismini ödəsə də, 4.800 manat məbləğini ödəməmişdir. Bu hal iş materialları və Cavabdeh MTK-nın nümayəndəsi və vəkilinin etirafı ilə öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh MTK-dan 4.800 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MTK-ya qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan 4.800 manat məbləğində pul tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar