Məhkəmə qərarları › İş №2-2(119)-1050/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1050/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1050/2025 16.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək 695000 (altı yüz doxsan beş min) ABŞ dolları məbləğində borcun və ödənilmiş 1384 (min üç yüz səksən dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tanışı Cavabdeh müxtəlif vaxtlarda, sonuncu dəfə 2022-ci ilin fevral ayında olmaqla iş qurması üçün 695000 (altı yüz doxsan beş min) ABŞ dolları məbləğində borc pul vermişdir. O, həmin məbləği 2022-ci ilin sonuna kimi qaytarmağa söz vermişdir. Lakin qeyd olunan vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh hələ də həmin borcu qaytarmamışdır. İddiaçı dəfələrlə həmin pul məbləğinin qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Onun bu hərəkəti iddiaçıya çox böyük maddi və mənəvi zərər vurur.

3. Abşeron Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(012)-2106/2025 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. 18 iyun 2025-ci il tarixdə Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən məhkəməyə ərizə verilərək iddia müddəti ötürüldüyündən hazırkı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. 09 iyul 2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, 13 fevral 2022-ci il tarixli sənəddəki xətt ona məxsus olsa da, imza ona aid deyil. İddiaçı ona təzyiq göstərərək həmin sənədi imzalatmağa çalışsa da, o, bu sənədi imzalamamış, iddiaçı tərəfindən ona borc pul verilməmişdir.

7. Lakin məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

9. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri, audio və video yazılarını tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

10. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış 15 sentyabr 2018-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul vəsaiti almışdır. (Membran işi görmək üçün)

11. Həmin müqaviləyə əsasən aylıq gəlirin 2200-2500 dollar hissəsi (qazanc məbləği) İddiaçı düşən pay kimi ödəniləcəyi, ödənişin hər ayın 15-i həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. (Oktyabr ayının 15-i ilk ödəmə vaxtı kimi təyin olunmuşdur)

12. İş materiallarında olan 11 oktyabr 2018-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 3 ay müddətinə-11 yanvar 2019-cu il tarixdə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində borc almışdır.

13. İş materiallarında olan 15 fevral 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh X2 iştirakı ilə İddiaçı 2 ay (60 gün) müddətinə-15 aprel 2019-cu il tarixdə qaytarmaq şərti ilə 45000 (qırx beş min) ABŞ dolları məbləğində borc almışdır.

14. İş materiallarında olan 15 iyul 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh X3 və X2 iştirakları ilə İddiaçı 31 dekabr 2019-cu il tarixdə qaytarmaq şərti ilə 200000 (iki yüz min) ABŞ dolları məbləğində borc almışdır.

15. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh X3 və X2 iştirakları ilə İddiaçı 31 dekabr 2019-cu il tarixdə qaytarmaq şərti ilə 300000 (üç yüz min) ABŞ dolları məbləğində borc almışdır.

16. Həmin müqaviləyə görə Cavabdeh aldığı borc məbləğinə görə qazandığı vəsaitdən İddiaçı hər ayın 15-i (15 fevral 2020-ci il tarixində başlamaq şərti ilə) 2200 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür.

17. İş materiallarında olan 19 noyabr 2020-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh X3 və X2 iştirakları ilə İddiaçı 15 dekabr 2020-ci il tarixdə qaytarmaq şərti ilə 100000 (yüz min) ABŞ dolları məbləğində borc almışdır. Həmin razılaşmada Cavabdeh 19 noyabr 2020-ci il tarixə İddiaçı 460000 ABŞ dolları borcu olduğunu qəbul etmişdir.

18. İş materiallarında olan 13 fevral 2022-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh ona məxsus olan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin 13 fevral 2022ci il tarixə qədər olan bütün borclarının ona aid olduğunu, gələcəkdə fəaliyyətə başlayandan sonra borc məbləğlərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin razılaşmada Cavabdeh İddiaçı indiyə qədər aldığı 695000 ABŞ dolları məbləğində borcun yuxarıda göstərilən şirkətlərin hər birinin adına rəsmiləşdirilməsinə etiraz etmədiyini, İddiaçı adına rəsmiləşdirildikdən sonra həmin şirkətdə fəaliyyətini davam etdirəcəyini və 13 fevral 2022-ci il tarixədək olan rəsmi və qeyri-qəsmi ödənişləri (şirkətə aid) mənfəətindən ödəyəcəyini öhdəsinə götürmüşdür.

19. İş materiallarında olan 07 avqust 2025-ci il tarixli, 3-16-16/2-4/1163/2025 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 89-cu vərəqində olan 13 fevral 2022-ci il tarixli borc müqaviləsində “Cavabdeh” əlyazmaları qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, kommersiya işinin 89-cu vərəqində olan 13 fevral 2022-ci il tarixli borc müqaviləsində “Cavabdeh” əlyazmaları qarşısındakı imza ilə kommersiya işinin 84-88-ci vərəqlərində olan xx.xx.2019-cu il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019- cu il tarixli, 11 oktyabr 2018-ci il tarixli, xx.xx.2020-ci il tarixli, 19 noyabr 2020-ci il tarixli borc müqavilələrində “Cavabdeh” əlyazmaları qarşısındakı imzalar eyni şəxs tərəfindən icra olunmuşdur.

20. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və İddiaçı ilə Cavabdeh arasında aparılmış danışıqları özündə əks etdirən səs yazıları və cavabdehə xəbərdar edilməklə qeydə alınmış videogörüntülərlə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 46000 ABŞ dolları, daha sonra isə 22000 ABŞ dolları olmaqla, ümumilikdə 680000 ABŞ dolları məbləğində borc pul almasını etiraf etmiş və borcunu ödəyəciyini bildirmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

22. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

28. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

29. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçı cavabdehə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 15 sentyabr 2018-ci il tarixdə 25000 (iyirmi beş min) ABŞ dolları, 11 oktyabr 2018-ci il tarixli 30000 (otuz min) ABŞ dolları, 15 fevral 2019-cu il tarixli 45000 (qırx beş min) ABŞ dolları, 15 iyul 2019-cu il tarixli razılaşmadan 200000 (iki yüz min) ABŞ dolları, 15 yanvar 2020-ci il tarixli 300000 (üç yüz min) ABŞ dolları, 19 noyabr 2020-ci il tarixli 100000 (yüz min) ABŞ dolları olmaqla, ümumilikdə 700000 (yeddi yüz min) ABŞ dolları məbləğində borc vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin borc məbləğini tam ödəməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş videogörüntülərdə cavabdeh İddiaçı 460000 ABŞ dolları məbləğində borcu olduğunu (19 noyabr 2020-ci il tarixli borc müqaviləsində də həmin məbləğ cavabdeh tərəfindən etiraf olunmuşdur), daha sonra əlavə olaraq iddiaçıdan 220000 ABŞ dolları məbləğində borc aldığını bildirmişdir. 13 fevral 2022-ci il tarixli razlaşmada isə cavabdeh iddiaçıya ümumilikdə 695000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmişdir. Cavabdeh məhkəmə iclasında 13 fevral 2022-ci il tarixli razılaşmadakı imzanın ona aid olmadığını bildirsə də, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 07 avqust 2025-ci il tarixli, 3-16-16/2-4/1163/2025 nömrəli ekspert rəyinə əsasən həmin sənəddəki və iş materiallarında olan borc müqavilələrindəki imzaların Cavabdeh tərəfindən imzalandığı müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 695000 (altı yüz doxsan beş min) ABŞ dolları məbləğində borcun tutulması barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir.

31. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

32. Məhkəmə Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən məhkəməyə təqdim olunmuş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə bağlı qeyd edir ki, ərizədə göstərilənlər əsassızdır və işin halları ilə iddia tələbi üzrə iddia müddətinin keçməsi təsdiq edilmir. Belə ki, həmin ərizədə tərəflər arasında borc münasibətlərinin olmadığı əsas göstərilərək, hazırkı iddia tələbinə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəalarının tətbiq edilməli olduğu və bu halda 2 illik iddia müddətinin ötürüldüyü qeyd edilsə də, iş materialları və məhkəməyə təqdim edilmiş videogörüntülərlə tərəflər arasında borc münasibətlərinin mövcudluğu öz təsdiqini tapmışdır. Həmçinin tərəflər arasında cavabdehin iddiaçıya 695000 ABŞ dolları borcunun olduğu göstərilən razılaşma 13 fevral 2022-ci il tarixdə imzalanmış, iddiaçı tərəfindən 12 fevral 2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.

33. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia tələbinin həcminə uyğun olaraq hesablanmış 1380,75 (min üç yüz səksən manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsumu tutulur.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 695000 (altı yüz doxsan beş min) ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 1380,75 (min üç yüz səksən manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

37. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir.

38. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 695000 (altı yüz doxsan beş min) ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 1380,75 (min üç yüz səksən manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar