Məhkəmə qərarları › İş №2-2(119)-1112/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1112/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1112/2025 24.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 47400 (qırx yeddi min dörd yüz) manat məbləğində əsas borcun, 381,8 (üç yüz səksən bir manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun və huquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh bacanaqdır, onların arvadları bacıdır. İddiaçı uzun illər Rusiya Federasiyasında yaşamış, qayıtdıqdan sonra sahibkar kimi “Sədərək” ticarət mərkəzi kimi tanınan ərazidə tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Cavabdeh maddi imkanı çox aşağı olduğundan və iddiaçının onunla qohumluq münasibəti olduğundan İddiaçı onu həmin ərazidəki tikinti materiallarının satıcısı təyin etmişdir. İddiaçı cavabdehə etibar etdiyindən həftədə 1-2 dəfə materialların pulunu ondan alıb mal aldığı şəxslərə göndərmişdir. 2013-cü ilə kimi Cavabdeh tikinti materiallarının satışından əldə etdiyi pulları İddiaçı təhvil verəndə hər dəfə satılan malların dəyərinin 40-50 faizi miqdarında borclu qalmış, bunu malın bir hissəsini nisyə satması ilə əlaqələndirib borclu olanlardan pulu yığıb borcu ödəyəcəyini bildirmişdir. Sonradan iddiaçıya bəlli olmuşdur ki, cavabdeh iddiaçının ona göndərdiyi tikinti materiallarını sataraq, nəinki öhdəsində olan tikinti materiallarının satışından əldə edilən qazancı, həm də materialların maya dəyərini də mənimsəyərək, özünə ünvan 1 ünvanında villa tipli ev, başqa ərazilərdə də iki ev tikdirmiş, həmin evləri təmir etdirmiş, prestij üçün özünə 4 ədəd bahalı avtomobil almışdır. Bu hərəkətləri ilə o, iddiaçıya yüz minlərlə manat ziyan vurmuşdur. Hətta Cavabdeh iddiaçıdan oğurladığı pulları gizlətmək, qalan əmlakı da mənimsəmək məqsədi ilə İddiaçı həyatına qəsd təşkil etmiş və əməlinə görə 2016-cı ildə Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilmişdir. Cavabdeh tutulduğu vaxt öhdəsində olan pul vasaitlərinin mənbəyi barədə İddiaçı öz əli ilə qeydiyyat yazıb vermiş və onun hesabı yoxlanılarkən nisyə mal satdığı şəxslərin siyahısı çıxarılmış və həmin siyahıda tanıdığı şəxslərə 42700 manat dəyərində materialların guya nisyə satıldığı yazılmışdır. Bundan başqa iddiaçının oğluna məxsus “Şevrolet-Niva” markalı avtomobili “Qalib” adlı şəxsə 6000 manata satsa da, həmin puldan da 1400 manatını dələduzluqla mənimsəyib qaytarmadığına görə, həmçinin iddiaçıya məxsus Quba şəhərindəki tikinti materialları satışından dəyəri 2800 manat təşkil edən 100 kisə “Norm” markalı və 7 kub metr taxtanı apararaq, pulunu ödəməyib borclu qaldığından həmin pulu, həmçinin Xaçmaz şəhərindəki satış sahəsindəki fəaliyyəti zamanı iddiaçının obyektlərinə satılması üçün mal vermiş X14 da borclu qaldığı 500 manatı da iddiaçı verdiyindən, iddiaçıya ümumilikdə 47400 manat borclu qalmışdır. Həmin pulu dəfələrlə ondan qaytarması tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh öhdəsində olan materialların çatışmazlığını həmin materialları nisyə verdiyi şəxslərin siyahısını verməklə əsaslandırmışdır. Lakin həmin şəxslərdən bir hissəsi - X4, X1, X39, X29 və qeyriləri Xaçmaz rayon polis şöbəsində aparılan araşdırma zamanı izahat verərkən Cavabdeh nisyə aldığı tikinti materiallarının pulunu özünə verdiklərini, ona borcları qalmadığını bildirmişlər. Bu faktları təsdiq edəcək şahidlər də vardır. Bu barədə 2021-ci ildə polis orqanlarına da müraciət edilmiş və Xaçmaz rayon polis şöbəsinin İstintaq Bölməsinin HK- 1/3501 saylı məlumat üzrə apardığı rəsmi araşdırmadan sonra xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(067)-340/2025 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 07 sentyabr 2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 Cavabdeh qarşı qaldırdığı borc tələbinə dair iddiasını qəbul etmədiklərini, iddia tələbinin əsassız olduğunu və iddia müddətinin keçdiyini bildirmişdir. O, ərizəsində qeyd etmişdir ki, pul tələbləri üzrə iddia müddəti 3 ildir. İddiaçının iddia tələbindən də görünür ki, guya 2016-cı ildə olan borc münasibətlərindən yaranan pul tələbi mübahisələndirilir. Odur ki, həmin borc tələbinə dair iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 17 sentyabr 2025-ci il tarixində iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etiraz edərək həmin ərizənin əsassız və qanunsuz olduğunu bildirmişdir. Belə ki, Cavabdeh X5 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ona qaytarılması tələbi ilə 2019-cu ilin sonlarında iddia qaldırdığı vaxt (iş nömrəsi 2(067)-330/2020) İddiaçı da Cavabdeh qarşı 47500 manat dəyərində pulun cavabdehdən tutulub ona qaytarılması barədə 07 aprel 2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir (iddia ərizəsinin surəti əlavə edilir). İddiaçı bu ərizəsi məlum olmayan səbəbdən baxılması üçün Cavabdeh iddia ərizəsi əsasında məhkəmənin icraatında olan işə əlavə edilmişdir. İddiaçı iddia ərizəsi Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-9/2023-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, həmin ərizə üzrə hər hansı məhkəmə aktı qəbul edilməmişdir. Həmin müddət ərzində İddiaçı Cavabdeh ona vurduğu ziyanı ödəməsi üçün Xaşmaz rayon polis şöbəsinə ərizə vermiş və araşdırmanın nəticəsi kimi ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı 31 oktyabr 2024-cü il tarixdə yenidən iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 47400 (qırx yeddi min dörd yüz) manat məbləğində əsas borcun, dövlət rüsumu kimi ödənilmiş 381,8 (üç yüz səksən bir manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun və huquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsi ilə birlikdə buraxılmış müddətin bərpa edilməsi haqqında ərizə də təqdim edilmiş, Xaçmaz Rayon Məhkəməsinin həmin ərizəyə qiymət vermədən araşdırmaya başlaması müddətin buraxılmadığını göstərir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. O, iddia ərizəsində göstərilən borcun 2017-ci ilə kimi yarandığını bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh 2016-cı ildə həbs olunmuşdur, İddiaçı onun bütün əmlakını, torpaq sahəsini ələ keçirmişdir. 2021-ci ildə Cavabdeh torpaq mübahisəsi ilə bağlı iddia qaldırdığı üçün İddiaçı da prinsip etibarilə halhazırda ona qarşı iddia irəli sürür. Tərəflər arasında münasibətlər şəriklik münasibəti çərçivəsində olmuşdur. Cavabdeh 2006-cı ildə torpaq sahəsi almış, həmin torpaq sahəsinin üzərində də 83 kvadrat metrlik obyekt tikmişdir və bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Sonradan İddiaçı bacanağı olaraq Cavabdeh qoşularaq şərik olmuşdur. İddiaçı 20 faiz yatırım edərək şərik olmuşdur və gəlirdən qazanc əldə etmişdir. Bundan başqa, Cavabdeh dostları da şərik olmuş, obyektə 20 faiz yatırımı İddiaçı, yerdə qalan 80 faiz yatırımı isə Cavabdeh və dostları etmişdirlər. 2016-cı ilə qədər iddiaçı və cavabdehin münasibətləri yaxşı olmuşdur. Sonra ölüm hadisəsi baş verdiyi üçün İddiaçı Cavabdeh məxsus bütün əmlakı ələ keçirmişdir. Əgər Cavabdeh İddiaçı borcu var idisə, nə üçün 8 il sonra məhkəmədə iddia qaldırılmışdır. Bundan başqa iddiaçı və nümayəndəsi vəkil 2020-ci ildə Xaçmaz Rayon Məhkəməsinə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə müraciət etdiyini bildirsələr də, Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı sorğu nəticəsində həmin iddia ərizəsinin məhkəməyə daxil olmadığı müəyyən edilmişdir. Əlavə olaraq, iddia müddətinin bərpasının 3 halı mövcuddur: əqli savadsızlıq, hüquqi savadsızlıq və ağır xəstəlik. Qeyd edilənlərə əsasən iddia müddəti tətbiq edilməklə, iddia tələbinin rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, şahid ifadələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Nəcəf oğlu xx.xx.2021-ci il tarixdə Xaçmaz RPŞ-yə ərizə ilə müraciət edərək, “Xaçmaz-Quba” avtomobil yolunun kənarında yerləşən özünə məxsus tikinti materialları satışı mağazasının olduğunu, 2009-cu il tarixdən Xaçmaz şəhərində yaşayan Cavabdeh sözügedən mağazada 03 avqust 2016-cı ilə qədər satıcı kimi işlədiyini, həmin vaxtlarda nisyə material vermək adı ilə ümumilikdə İddiaçı məxsus 44000 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyini bildirməklə Cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin ərizə ilə əlaqədar toplanmış materialda cinayət hadisəsi olmadığına görə və müraciət mülki xarakterli olduğundan mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ilə şərikli olaraq 2009-cu ildə Xaçmaz-Quba avtomobil yolunun kənarında tikinti materialları satan mağaza açmışlar və həmin tarixdən birlikdə işləməyə başlamışlar. 2010-cu ildə İddiaçı ilə icarə əsasında işlətdikləri həmin mağazanın yanında o, boş ərazi alaraq özü üçün şəxsi obyekt tikdirmiş və həmin obyektdə İddiaçı ilə birlikdə şərikli işləməyə davam etmişlər. İddiaçı ilə şərik olduqları üçün obyektə alınan və satılan tikinti materiallarına, pul haqq-hesabına o nəzarət etmiş, iddiaçı Quba rayonunda yaşadığı üçün Xaçmaz rayonuna az gəlibgetmişdir. Hətta obyektə işçiləri o götürürmüş, fəhlələrə də o nəzarət edirmiş. Həmin obyekt üçün İddiaçı da, o da tikinti materialları almışlar, aldıqları malların qeydiyyatını aparmışlar, sonra da satıb gəlirini bölmüşlər. O, İddiaçı aid heç bir məbləğdə pulu mənimsəməmiş, əksinə tikinti materialları aldıqları şəxslərə qaldıqları 46000 manat borcu o, şəxsən ödəmişdir. Həmin araşdırma zamanı izahatı alınmış X41 bildirmişdir ki, İddiaçı ilə Cavabdeh Xaçmaz rayonunda yerləşən tikinti materialları mağazasını şərikli olaraq icarə əsasında işlətmişlər. O, 2010-cu ildən həmin mağazada fəhlə kimi işə başlamış və onu işə Cavabdeh götürmüşdür. Həmin araşdırma zamanı izahatı alınmış X25 bildirmişdir ki, Cavabdeh Xaçmaz- Quba yolunun kənarında tikinti materiallarının satışı mağazasını işlətmiş, onu fəhlə kimi işə Cavabdeh götürmüş və mağazaya ümumi nəzarəti sonuncu həyata keçirmişdir. Onunla yanaşı digər işçilərə də əmək haqqını Cavabdeh vermiş və o, mağazanın müdiri kimi Nöhbalanı tanımışdır. Xaçmaz RPŞ-də aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Xaçmaz- Quba avtomobil yolunun kənarında yerləşən tikinti materiallarının satışı mağazasının sahibkarı kimi Cavabdeh qeydiyyata alınmış, sözügedən ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh 420 kv.m torpaq sahəsi ayrılmışdır. Cavabdeh ilə İddiaçı birlikdə Xaçmaz-Quba yolunda tikinti materialları mağazası işlətmişlər, həmin mağazada müxtəlif tikinti materialları alıb satmışlar. 2009- 2016-cı illərdə birlikdə işlədikləri zaman tərəflər arasında borc öhdəlikləri yaranmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2006-cı il tarixli 428 nömrəli sərəncamından görünür ki, Xaçmaz şəhər sakini Cavabdeh Xaçmaz-Quba yolunun sağ tərəfində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 420 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş 11 yanvar 2007-ci il tarixli 02/1 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən icarədar Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 420 kv.m torpaq sahəsi uzun müddətə icarəyə verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, onun Rusiya Federasiyasının Sverdlovsk vilayətində taxta məmulatlarının emalı üzrə fəaliyyət göstərən obyekti var idi və o, taxta məmulatları emal edib Azərbaycan Respublikasına ixrac etməklə məşğul olmuşdur. 2013-cü ildə İddiaçı Cavid adlı şəxsin vasitəçiliyi ilə ona müraciət edərək, ixrac edilən taxta məmulatların ona da satılmasını xahiş etmiş və alqı-satqı münasibətləri təxminən 3-4 il davam etmişdir. O, Cavabdeh İddiaçı işçisi kimi tanımışdır. Bir neçə dəfə ixrac olunan taxta məmulatlarının sayında çatışmazlıq olduğu bildirilmiş, taxtalar sayıldıqda isə belə bir halın olmadığı aydınlaşdırılmışdır. O, Cavabdeh İddiaçı taxtanın sayı barədə səhv məlumat verməsi və İddiaçı aldatması ilə bağlı sonuncuya məlumat vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, 2013-cü ildən etibarən İddiaçı məxsus Xaçmaz rayonunda yerləşən mağazada satıcı işləmişdir. O, mağazada işə başladığı vaxt İddiaçı onu Cavabdeh təqdim edərək, artıq mağazanın bütün hesab-dəftər işlərinin onun tərəfindən aparılacağını bildirmişdir. Onun mağazada gördüyü işləri ondan əvvəl Cavabdeh görmüşdür. Cavabdeh İddiaçı qohumu olduğundan sonuncu bütün işləri ona tapşırmışdır. Cavabdeh satılan bütün tikinti materiallarının pulunu kassaya qoymalı olsa da, bunu etməmiş və yüksək məbləğdə borcu yaranmışdır. Cavabdeh dəftərə müştərilərin adına nisyəyə verdiyi tikinti materiallarını yazmış, həmin müştərilərdən borcu tələb edəndə isə borclular Cavabdeh borcu ödədiklərini bildirmişlər. Cavabdeh borcunun dəqiq məbləğini xatırlamasa da, təxminən 41000-42000 manat borc olmuşdur. O, satıcı olaraq fəaliyyətə başlayandan sonra mağazada heç bir borc yaranmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, 2010-cu ildən etibarən Kamil adlı şəxsə məxsus İddiaçı icarə əsasında işlətdiyi Quba-Xaçmaz yolunun sağ tərəfində yerləşən tikinti materiallarının satışı mağazasında satıcı işləmişdir. Onlar bir il ərzində bir yerdə işlədikdən sonra, o, yaxınlıqda yerləşən başqa bir obyektdə fəaliyyət göstərməyə başlamışdır. O, həmin mağaza üçün lazım olan bütün materialları İddiaçı almışdır. O, Cavabdeh İddiaçı göstərişlərini yerinə yetirən bir şəxs olaraq tanımışdır. Cavabdeh gün ərzində stabil olaraq bir mağazada olmur, tikinti materialları və ödənişləri almaq üçün obyektlərə gedirdi. İddiaçı Bakı şəhərində və yaxud rayonlarda olanda bütün işlərini Cavabdeh həvalə edirdi. Cavabdeh İddiaçı yüksək məbləğdə borcu olmasını bilsə də, həmin borcun məbləği barədə məlumatı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, 1998-2018-ci illər ərzində Rusiya Federasiyasından tikinti materiallarının idxalı işi ilə məşğul olmuş, Bakı şəhəri, Dərnəgül ərazisində taxta bazarında mağazası olmuşdur. İddiaçı ona məxsus mağazadan Quba və Xaçmaz rayonunda yerləşən mağazaları üçün əvvəllər nağd, tanışlıq münasibətləri yarandıqdan sonra isə nisyə tikinti materialları almışdır. İddiaçı onun mağazasına əvvəllər tək gəlib-getmiş, sonradan işçisi Cavabdeh ilə bir yerdə gəlib-getməyə başlamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş X40 ifadəsində bildirmişdir ki, İddiaçı nümayəndəsi kimi Cavabdeh şikayət ərizələrini o yazmışdır. Cavabdeh İddiaçı məxsus Xaçmaz rayonunda yerləşən mağazada satıcı işləmiş, o, 2016-cı ildə həbs olunmuşdur. Cavabdeh həbs olunana qədər İddiaçı məxsus mağazada satıcı olaraq fəaliyyət göstərmişdir. Nəcəfov X8 Nöhbala Ağadadaş oğlu ilə bacanaq olduğu üçün onu işə götürmüş, Cavabdeh da etibardan sui-istifadə edərək öz tanışlarına, təxminən 66 nəfərə nisyə tikinti materialları vermişdir. Bu hadisələr 2012-2016-cı illəri əhatə edir. Dəfələrlə nisyəyə verdiyi tikinti materiallarının pulunun ödənilməsi ilə bağlı Cavabdeh müraciət olunsa da, ödəniş olunmamışdır. Bundan sonra Xaçmaz rayonu polis şöbəsinə bu məsələ ilə bağlı ərizə verilmiş, 9 ay müddətində araşdırma aparılmışdır. 20 nəfər şahid ifadələri ilə təsdiq olunmuşdur ki, İddiaçı məxsus mağazadan tikinti materialları alan şəxslər Cavabdeh ödəniş etmiş, lakin Cavabdeh pulları kassaya qoymamışdır. Cavabdeh pulların kassaya ödənilməsi ilə bağlı dəfələrlə vədlər vermiş, lakin vədlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, tikinti materialları və dam örtüklərinin satışı fəaliyyəti ilə məşğul olmuşdur. O, 2000-ci illərin əvvəllərindən İddiaçı ilə tanış olmuş və İddiaçı məxsus Xaçmaz rayonunda yerləşən mağazaya tikinti materiallarının və dam örtüklərinin verilməsi ilə bağlı razılığa gəlmişlər. Bir müddət sonra İddiaçı onu işçisi Cavabdeh ilə tanış etmişdir. Bir gün o, Xaçmaz rayonunda yerləşən mağazaya gedəndə Cavabdeh haqq-hesab apardığı dəftərə baxdıqda sonuncunun ona verdiyi 2000 manat pul məbləğini dəftərdə 3000 manat olaraq qeyd etdiyini görmüşdür. O, bu barədə İddiaçı məlumat vermiş və bundan sonra Cavabdeh ilə haqq-hesab aparmaq istəmədiyini bildirmişdir. İddiaçı ilə alqı-satqı münasibətləri 2015-ci ilə qədər davam etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 2005-ci ildən etibarən İddiaçı tanıyır. O, 2005-ci ildən Rusiya Federasiyasından taxta və tikinti materialları idxal edir. İddiaçı dəfələrlə ondan tikinti materialları almışdır. İddiaçı ona zəng edərək taxta və tikinti materialları sifariş vermiş, o da onun ünvanına taxta və tikinti materiallarını göndərmişdir. O, mağazanın sahibi kimi İddiaçı tanımışdır. Cavabdeh isə onun satıcısı olmuşdur. İddiaçı sifarişi özü vermiş, qiyməti özü onunla danışmış, sonra satıcısı Cavabdeh göndərmişdir. Cavabdeh gəlib həm taxta və tikinti materiallarını sayıb qəbul etmiş, həm də İddiaçı göndərdiyi pul vəsaitlərini ona çatdırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, o, İddiaçı və Cavabdeh qaynıdır. 2007-ci ildə İddiaçı məxsus Quba rayonunda yerləşən mağazada satıcı işləməyə başlamışdır. Bir müddət işlədikdən sonra təqribi 2008-2009-cu illərdə İddiaçı Xaçmaz rayonunda tikinti materiallarının satışı ilə məşğul olmaq üçün obyekt icarəyə götürmüşdür. Xaçmaz rayonunda yerləşən mağaza İddiaçı məxsusdur və müdir də İddiaçı olmuşdur. Xaçmaz rayonunda yerləşən mağazaya Cavabdeh satıcı kimi işə götürülmüşdür. Cavabdeh əvvəllər avtomobil elektriki işləyirdi, maddi vəziyyəti çox pis idi. Bir müddət işlədikdən sonra İddiaçı Xaçmaz rayonunda icarəyə götürdüyü obyekti qaytarmış və tikinti materiallarını satmaq üçün özünəməxsus torpaq sahəsi almışdır. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğu üçün torpaq sahəsini Cavabdeh adına almışdır. Quba rayonunda yerləşən mağaza da onun (X16) adına idi. Belə razılığa gəlinmişdir ki, İddiaçı uşaqları 18 yaşına çatanda Quba rayonunda yerləşən obyekti bir oğlunun adına o, Xaçmaz rayonunda yerləşən obyekti də digər oğlunun adına Cavabdeh keçirəcək. Bir müddət sonra İddiaçı Cavabdeh qardaşı X22 və oğlu X7 işə götürmüşdür. Cavabdeh yaşadığı ev çox pis vəziyyətdə olmuş, İddiaçı Cavabdeh villa tipli ev tikdirməyinə kömək etmişdir. Sonralar İddiaçı mağazadan malın azaldığını, lakin borcun çoxaldığını müşahidə etmişdir. Hətta İddiaçı Cavabdeh və qızının toyunda həm maddi, həm də mənəvi köməklik etmişdir. Cavabdeh oğlunun toyunda Cavabdeh İddiaçı 20000 manat məbləğində borc pul vəsaiti götürmüş, toydan sonra qaytaracağını vəd etmiş, lakin qaytarmamışdır. İddiaçı Rusiya Federasiyasına tez-tez gedib-gəldiyi üçün mağazalara çox nəzarət edə bilməmişdir. Cavabdeh da İddiaçı etibarından sui-istifadə edərək malları qohumlarının və dostlarının adına yazaraq nisyə kimi göstərmişdir. İddiaçı adları nisyə dəftərində olan şəxslərlə əlaqə saxlamış, pulunu tələb etmiş, lakin həmin şəxslər pulu Cavabdeh ödədiklərini bildirmişlər. Həmin vaxtlar İddiaçı Cavabdeh qardaşı X17 və oğlu X6 mağazadan oğurluq etdiklərini bilmiş və işdən çıxarmışdır. İddiaçı toyda verdiyi 20000 manat borc pul məbləğini və nisyə verilmiş kimi göstərilən tikinti materiallarının pullarını, Quba rayonunda yerləşən mağazaya olan 7000 manat məbləğində borcu, həmçinin 18 yaşı tamam olan X3 adına keçirmək üçün obyekti tələb etdikdə Cavabdeh pulları və obyekti qaytarmaqdan boyun qaçırmış və bəhanələr gətirmiş, borcunu qaytaracağına dair vədlər versə də heç birinə əməl etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, İddiaçı və Cavabdeh qayınanasıdır. İddiaçı əvvəlcə Quba rayonunda, sonra Xaçmaz rayonunda mağaza icarəyə götürmüş və Cavabdeh satıcı kimi işə götürmüşdür. İki bacanaq bir yerdə işləmişlər. Cavabdeh İddiaçı Xaçmaz rayonunda yerləşən mağazasında maaşla işləmişdir. Sonradan onlar yola getməmişlər. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğu və uşaqları balaca olduğu üçün obyekti Cavabdeh adına keçirmişdir. Cavabdeh İddiaçı uşaqları böyüyəndən sonra obyekti uşaqlarının adına keçirməliydi. Lakin Cavabdeh əvvəl istəməsə də, sonradan məcbur qalaraq obyekti İddiaçı uşağının adına keçirmişdir. İddiaçı tikinti materialları gətirmiş, Cavabdeh isə həmin tikinti materiallarını satmış, daha doğrusu müştərilərin adına nisyəyə yazmış və ödənişlər İddiaçı çatmamışdır. Ona görə də, aralarında narazılıq yaranmağa başlamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, o, İddiaçı və Cavabdeh baldızıdır. İddiaçı Quba və Xaçmaz rayonunda iki ədəd tikinti materiallarının satışını həyata keçirdiyi mağaza açmışdır. Onun qardaşı İddiaçı Quba rayonunda yerləşən mağazasında işləmiş, qardaşı ilə İddiaçı bir problem yaşamamışdır. Xaçmaz rayonunda mağaza açanda İddiaçı Cavabdeh yazığı gəlmiş və onu 600 manat maaşa yanında işə götürmüşdür. Cavabdeh İddiaçı mağazasında işlədiyi müddətdə tikinti materiallarını satmış, dəftərə müştərilərin adına nisyə yazmışdır. Cavabdeh Xaçmaz rayonunda yerləşən mağazanın onun adına və ona məxsus olduğunu iddia etsə də, bu belə deyil. Xaçmaz rayonunda yerləşən mağaza İddiaçı məxsusdur. İddiaçı uşaqları balaca olduğu və özü də Rusiya Federasiyasının vətəndaşı olduğu üçün gələcəkdə mağazanı onun uşağının adına keçirmək şərti ilə Cavabdeh adına almışdır. Cavabdeh İddiaçı yüksək məbləğdə borcu olmasını bilsə də, həmin borcun məbləği barədə məlumatı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). - 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. - 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. - 14.1. və 14.2.1-ci maddələrinə əsaəsn mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İş materiallarında olan sübutlar, tərəflərin və şahidlərin izahatları birgə təhlil edildikdə müəyyən olunur ki, tərəflər arasında faktiki olaraq ortaq – şərikli iş görmə münasibətləri mövcud olmuşdur. Belə ki, məhkəmədə ifadə verən şahidlər cavabdehin iddiaçının satıcısı kimi fəaliyyət göstərdiyini bildirsə də, cavabdehin nümayəndəsi tərəflər arasında şərikli iş görmədən irəli gələn münasibətlər olduğunu bildirmiş, Xaçmaz rayon polis şöbəsində araşdırma aparılması zamanı izahatı alınmış şəxslərin bir qismi tərəflərin birgə ticarət fəaliyyəti ilə məşğul olduqlarını qeyd etmişlər. Şahid ifadələrindəki bu ziddiyyətlərə baxmayaraq, iş üzrə toplanmış digər sübutlar, xüsusilə də cavabdehin təqdim etdiyi torpaq sahəsinin ona sahibkarlıq fəaliyyəti üçün ayrılması haqqında sərəncam və həmin sahə üzrə icarə müqaviləsi tərəflərin cavabdehə məxsus torpaq sahəsində birlikdə ortaq iş razılaşması çərçivəsində fəaliyyət göstərdiyini təsdiq edir. Bu baxımdan iddiaçının cavabdehi yalnız satıcı kimi təqdim etməsi, mövcud sübutların və tərəflərin iqtisadi davranışlarının ümumi məzmununa uyğun gəlmir. Əksinə, cavabdeh tərəfindən təqdim edilən sənədlər və iş üzrə tədqiq edilmiş digər sübutlar göstərir ki, tərəflər arasında malların satışı və gəlirin bölüşdürülməsi ilə bağlı qarşılıqlı razılıq mövcud olmuş, hər iki tərəf bu fəaliyyətə öz töhfəsini vermişdir. Bu isə faktiki olaraq ortaq fəaliyyət münasibətlərinin, yəni şərikli iş görmə haqqında şifahi razılaşmanın mövcudluğunu təsdiq edir. Beləliklə, məhkəmə sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında şərikli iş görmə haqqında şifahi razılaşma (müqavilə) mövcud olmuş, onların qarşılıqlı münasibətləri bu razılaşma çərçivəsində formalaşmışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə tərəflərinin həqiqi mülki hüquq münasibətinin ortaq iş görmə (şəriklik) müqaviləsindən yaranan münasibət kimi qiymətləndirməsi yuxarıda sadalanan qanunvericilik aktı normalarının məzmunu ilə də ziddiyyət təşkil etmir. Belə ki, Mülki Məcəllənin 7-ci bölməsində (xüsusi hissə) ortaq iş görmə (şəriklik) ilə bağlı hər hansı müqavilə növü mövcud olmasa da, bu cür müqavilə növünün tərəflər arasında bağlanması və onun tərəfləri üçün hüquq və vəzifələrinin yaranması əsası yuxarıda göstərilən normalar baxımından qadağan edilməmişdir. Bir çox xarici yurisdiksiyalarda birgə fəaliyyət (şəriklik) haqqında müqavilələrin bağlanması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı geniş istifadə olunan müqavilə növüdür. Ümumilikdə şərikliklə əlaqədar birgə fəaliyyət müqaviləsinin mahiyyəti tərəflərin razılaşdığı məqsədə nail olmaq üçün ümumi iqtisadi marağın təmin edilməsinə yönəlmişdir. Bu baxımdan həmin növdən olan müqavilə tərəfləri onların təşkilati müstəqilliyini (fərdi sahibkar, kommersiya hüquqi şəxsi) ehtiva etsə də, mənfəət əldə edilməsi ilə bağlı öz məqsədlərinə nail olmaq üçün sırf yatırım (pul, digər əmlak, o cümlədən peşə bilikləri və bacarıqları və s.) qoymalarını mütləq şərt kimi müəyyənləşdirir. Belə olan təqdirdə şərikliklə bağlı birgə fəaliyyətdə şərikli kapital kimi əmlak elementi belə fəaliyyətin əsasını yaradır. Digər tərəfdən belə müqavilə mahiyyət etibarı ilə konsensual müqavilə olmaqla bu cür münasibətin iştirakçıları arasında əvəzli münasibətin mövcudluğuna dəlalət etmir, yəni yatırımın (pul və s.) bir iştirakçıdan bilavasitə digərinə ötürülməsini nəzərdə tutmur. Bundan başqa yatırımın həyata keçirilməsi şərikliklə bağlı birgə fəaliyyət müqaviləsinin bağlanması məqsədilə deyil, artıq bağlanmış müqavilənin icrasının təmin edilməsinə yönəlir. O da nəzərə alınmalıdır ki, şərikliklə bağlı birgə fəaliyyət haqqında müqavilənin iştirakçıları məhz belə müqavilənin bağlandığı andan məsuliyyət (onun icra edilməməsi və ya lazımınca icra edilməməsi halında) daşıyırlar. İddiaçı tərəfindən təqdim edilən və məhkəmədə tədqiq edilmiş sübutlardan görünür ki, tərəflər arasında şəriklik münasibətlərinə son qoyularkən aralarında maliyyə hesablaşmaları aparılmışdır. Lakin iş materiallarında iddia tələbi ilə tələb edilən 47400 manat məbləğin konkret şəkildə hesablanmasını və ya bu məbləğin yaranma əsasını sübuta yetirən dəqiq, rəsmi sənəd təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında iddia tələbində göstərilən 47400 manat məbləğin formalaşma qaydasını tam dəqiqliklə təsdiqləyən yazılı sübutlar təqdim edilməsə də, cavabdehin öz əlyazması ilə 2016-cı ildə müəyyən qeydlər yazaraq iddiaçıya verməsi borcun ümumilikdə mövcudluğunu təsdiq etməklə, iddia tələbinin mahiyyət etibarilə əsaslılığını təsdiq edir. Məhkəmə Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İş materiallarının, tərəflərin izahatlarının, şahidlərin ifadələrinin və təqdim edilən sənədlərin məcmusundan müəyyən olunur ki, Cavabdeh və İddiaçı Zeynal oğlu 2010- 2016-cı illər ərzində Xaçmaz-Quba avtomobil yolunun kənarında yerləşən mağazada tikinti materiallarının satışı ilə bağlı birgə sahibkarlıq fəaliyyəti həyata keçirmişlər. İddiaçının təqdim etdiyi sübutlardan görünür ki, tərəflər arasında birgə fəaliyyət və maliyyə hesablaşmaları sonuncu dəfə 2016-cı ildə olmuş, bu tarixdən sonra tərəflər arasında hər hansı birgə fəaliyyət və ya yeni ödəniş əməliyyatı aparılmamışdır. İddiaçı cavabdeh tərəfindən sonradan az-az ödənişlər olunduğunu bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 ərizə verərək iddiaçının guya 2016-cı ildə olan borc münasibətlərindən yaranan pul tələbini mübahisələndirdiyini göstərərək iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasında borcun tanınmasını, ödənişin bir hissəsinin həyata keçirilməsini, danışıqların aparılmasını və ya digər iddia müddətini kəsən və ya dayandıran halların baş verdiyini göstərən hər hansı sübut müəyyən edilməmişdir. İddiaçının Xaçmaz Rayon Məhkəməsində Cavabdeh X5 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə baxılarkən 07 aprel 2020-ci il tarixdə İddiaçı Zeynal oğlunun Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi verməsi ilə bağlı dəlili Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli 5-126/2-898/2025 nömrəli məktubu ilə təkzib olunmuşdur. Məktubda qeyd olunmuşdur ki, 2016-2024-cü illərə dair arxiv sənədləri və elektron məhkəmə informasiya sistemində olan məlumatlar yoxlanılmış, lakin İddiaçı Zeynal oğlu tərəfindən Cavabdeh qarşı məhkəməyə pul tələbinə dair iddia ərizəsinin daxil olmadığı müəyyən edilmişdir. Belə şəraitdə məhkəmə hesab edir ki, tərəflər arasındakı şərikli fəaliyyət haqqında şifahi müqavilədən irəli gələn borc tələbinə müqavilə münasibətləri üzrə 3 (üç) illik iddia müddəti tətbiq edildikdə, iddia müddəti 2019-cu ildə bitmişdir. İddia ərizəsi isə iddia müddəti başa çatdıqdan sonra – 2024-cü ilin oktyabr ayında məhkəməyə təqdim edildiyindən məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsaslı hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia müddəti bitdiyindən iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “buraxılmış müddətin bərpa edilməsi haqqında” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən məhkəmə araşdırması zamanı iddia müddətinin iddiaçı tərəfindən üzürlü səbəblərə görə ötürülməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası rədd edilməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar