Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1575/2023 21.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər – X1, X7, X3, X11, X8, X12, X21, X22, X9, X19, X6, X20, X16, X24, X13, X14 və X17 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və X38 Səhmdar Cəmiyyətinə, Quba suvarma sistemləri idarəsinə, Samur-Abşeron kanalının istismarı idarəsinə, “Sarıqaya” X29 Birliyinə (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üçüncü şəxs qismində göstərilmişdir) qarşı “verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyası vasitəsilə mülkiyyətlərində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması və bağ sahələrinin bir hissəsinə qədər uzanan su borusu vasitəsilə həmin bağların suvarılmasına cavabdehlər tərəfindən maneə yaradılmasının qadağan edilməsi" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qızı 05 iyul 2021-ci il tarixində iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılara ”Samur-Abşeron” kanalının “X” adlanan ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə Azərbaycan Meliorasiya və X38 Səhmdar Cəmiyyəti və Samur-Abşeron kanalının istismarı idarəsi tərəfindən maneələr yaradılmasının qadağan edilməsi, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyası vasitəsilə mülkiyyətlərində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar daha sonra məhkəməyə iddia tələbinin həcminin artırılması haqqında ərizə verərək, həmçinin Qaraçay çayının “Maday” adlanan bəndindən çəkilmiş 8 km uzunluğunda 500 mm-lik su borusu vasitəsilə bağ sahələrinin suvarılmasına maneələr yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılardan biri İddiaçı3 22 fevral 2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin ona münasibətdə baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin 23 fevral 2022-ci il tarixli qərardadı ilə ərizə həmin iddiaçıya münasibətdə baxılmamış saxlanılmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(009)-63/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 və İddiaçı2 ”Samur-Abşeron” kanalının “X” adlanan ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və Samur-Abşeron kanalının istismar idarəsi tərəfindən maneələr yaradılmasının qadağan edilməsi, sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyasının işinə və həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması, iddiaçıların istifadələrində olan Qaraçay çayının “Maday” adlanan bəndindən çəkilmiş 8 km uzunluğunda 500 mm-lik su borusu vasitəsilə bağ sahələrinin suvarılmasına cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və Quba suvarma sistemləri idarəsi tərəfindən maneələrin yaradılmasının (Pirvahid kəndi və İİ Nügədi kəndinin bir hissəsinin torpaq sahələrinin həmin boruya qoşulmasının) qadağan edilməsi və həmin boru vasitəsilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin bir hissəsinin suvarılmasına maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər X4 və qeyriləri Vəkil vasitəsilə apellyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsinin “Qaraçay çayının “Maday” adlanan bəndindən çəkilmiş 8 km uzunluğunda 500 mm-lik su borusu vasitəsilə bağ sahələrinin suvarılmasına cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və Quba suvarma sistemləri idarəsi tərəfindən maneələrin yaradılmasının (Pirvahid kəndi və İİ Nügədi kəndinin bir hissəsinin torpaq sahələrinin həmin boruya qoşulmasının) qadağan edilməsi və həmin boru vasitəsilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin bir hissəsinin suvarılmasına maneələrin aradan qaldırılması” hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(103)-4110/2022 nömrəli qərardadı ilə həmin apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin mübahisə edilən qətnaməsi ləğv edilmiş və mübahisəyə müstəsna aidiyyət qaydasında Quba Rayon Məhkəməsində baxılmalı olması qərara alınaraq iş aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Quba Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(027)-122/2023 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti qaydasında baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə öz qərardadını iş üzrə hər iki iddiaçının vergi ödəyicisi olan fiziki şəxs olması, cavabdehlərin hüquqi şəxs olması, iddia tələbinin isə iddiaçıların sahibkarlıq fəaliyyətlərinə yaradılan maneələrin aradan qaldırılması barədə olması ilə əsaslandırmışdır. İş üzrə iddiaçılar və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən proses iştirakçılarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçıların verdiyi iddia tələbi - ”Samur-Abşeron” kanalının “PK442+58” adlanan ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə maneələr yaradılmasının qadağan edilməsi və verilmiş icazəyə əsasında quraşdırılmış su nasos stansiyası vasitəsilə mülkiyyətlərində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması, o cümlədən Qaraçay çayının “Maday” adlanan bəndindən çəkilmiş 500 mm-lik su borusu vasitəsilə bağ sahələrinin suvarılmasına maneələr yaradılmasının cavabdehlərə qadağan edilməsi barədədir. Həmin iddia tələbi üzrə cavabdehlər isə iddia ərizəsinə əsasən, Azərbaycan Respublikası Meliorasiya və X38 Səhmdar Cəmiyyəti, Quba suvarma sistemləri idarəsi, Samur-Abşeron kanalının istismarı idarəsi və “Sarıqaya” X29 Birliyidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Meliorasiya və X38 Səhmdar Cəmiyyətinin nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Meliorasiya və X38 Səhmdar Cəmiyyəti “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və X18 əsasında yaradılmışdır. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamənin 3.1-ci bəndinə əsasən, cəmiyyətin əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Nizamnamənin 3-cü hissəsində Cəmiyyətin vəzifələri və funksiyaları qeyd olunmuşdur. Nizamnaməyə əsasən, Cəmiyyətin vəzifələrinə öz səlahiyyətləri daxilində su istehlakçılarını su ilə təmin etmək, yerüstü su obyektlərinin istifadəsini, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin (X2 istifadəsində olan sistemlər istisna olmaqla) istismarını, mühafizəsini və suvarılan torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirmək, su obyektlərindən götürülən suları müəyyən olunmuş qaydada bölüşdürmək və onlardan istifadəyə nəzarət edilməsini təmin etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət meliorasiya xidmətini inkişaf etdirmək, meliorasiya və su təsərrüfatı sahəsində regional proqramların həyata keçirilməsini təmin etmək, X2 fəaliyyətinə nəzarəti qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində həyata keçirmək və s.dir. Həmin nizamnaməyə əsasən, Samur-Abşeron kanalı istismarı idarəsi və Quba suvarma sistemləri idarəsi isə Cəmiyyətin strukturuna daxildir. “Meliorasiya və irriqasiya haqqında” 05 iyun 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, X10 istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları tərəfindən bu Qanuna uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi formasıdır. Həmin Qanunun 30-1-ci maddəsinə əsasən, Birlik bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun olaraq qeyri-kommersiya qurumunun xüsusi formasında yaradılır və fəaliyyət göstərir. Birlik öz fəaliyyəti nəticəsində əldə etdiyi mənfəəti üzvləri arasında bölüşdürmədən istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin saxlanmasına və inkişafına yönəldir və bu məqsədlə fond yaradır. Birlik xidmət göstərdiyi ərazidə üzvü olmayan torpaq sahiblərini illik müqavilələrə əsasən suvarma suyu ilə təchiz edə bilər. Həmin Qanunun 30-14-cü maddəsinə əsasən, birliyin fəaliyyətinə dövlət nəzarəti bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 14 sentyabr 1996-cı il tarixli Azərbaycan Respublikası Preidentinin Fərmanının 6-cı hissəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının funksiyalarını Azərbaycan Meliorasiya və X38 Səhmdar Cəmiyyəti həyata keçirir) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2005-ci il tarixli 138 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması Qaydası”nın 3-cü bəndinə əsasən, X5 xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan sistemlər Azərbaycan Meliorasiya və X38 Səhmdar Cəmiyyətinin yerli istismar idarələri tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılan X5 uzunmüddətli (20 ildən az olmayan müddətə) istifadəsinə müəyyən şərtlərlə verilir. Yuxarıda istinad olunan qanunvericilik normalarından göründüyü kimi, hazırkı iş üzrə cavabdeh qismində çıxış edən Azərbaycan Meliorasiya və X38 Səhmdar Cəmiyyəti, o cümlədən həmin cəmiyyətin strukturuna daxil olan Samur-Abşeron kanalı istismarı idarəsi və Quba suvarma sistemləri idarəsi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən, torpaqların su təminatını həyata keçirən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edən, o cümlədən su istehlakçılarını su ilə təmin etmək, su obyektlərindən götürülən suları müəyyən olunmuş qaydada bölüşdürmək və onlardan istifadəyə nəzarət edilməsini təmin etmək də daxil olmaqla bir sıra vəzifələr daşıyan, bütün səhmləri dövlətə məxsus olan hüquqi şəxsdir. Digər cavabdeh “Sarıqaya” X10 isə qeyri-kommersiya qurumunun xüsusi forması olmaqla istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları tərəfindən yaradılan və fəaliyyət göstərən təşkilatdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 11-ci bəndində göstərilir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci və 13-cü bəndlərində qeyd olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Qeyd normaların tələblərindən görünür ki, işə kommersiya məhkəməsində baxılması üçün mübahisə üzrə tələb ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən əmələ gəlməli, yəni tərəflər arasında müqavilə münasibəti olmalı, yaxud ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, yəni əşya-hüquqi münasibətlərindən yaranmalı və yaxud tələb sahibkarlıq fəaliyyəti birgə və yaxud ayrı-ayrılıqda həyata keçirilən baş verən mülki-hüquq pozuntularından (deliktlərdən) əmələ gəlməlidir. Lakin iş materiallarından və istinad olunan normalardan görünür ki, hazırkı iş üzrə iddiaçılar vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olsalar da və onların iddia tələblərinin məzmunu sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsa da, əks tərəf, yəni cavabdehlər sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər sayılmır və onların arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır. Yəni hazırkı mübahisə üzrə tələb nə iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən əmələ gəlmiş (yəni müqavilə münasibəti yaranmamış), nə də ki, cavabdehlər sahibkarlıq fəaliyyətinin subyekti olmadığından, iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsindən, o cümlədən onlar arasındakı mülki-hüquq pozuntularından yaranmışdır. İşə kommersiya məhkəməsində baxılması üçün 3 həlledici meyarın (tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri) “qarşılıqlı bağlılığı” tələb olunduğundan, göstərilənlərə əsasən, hazırkı işə mülki mühakimə icraatı qaydasında kommersiya məhkəməsində baxıla bilməz. İş materiallarına (cild İ, vərəq 9) əlavə edilmiş İddiaçı2 ilə “Sarıqaya” X29 Birliyi arasında bağlanmış 21 aprel 2021-ci il tarixli 70 nömrəli müqaviləyə gəldikdə isə, həmin müqavilə yuxarıda istinad edilən “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsində nəzərdə tutulan müqavilələrə aiddir və hüquqi təbiəti etibari ilə tərəflər arasında sahibkarlıq münasibətlərinin mövcud olmasını və ya həmin fəaliyyətin həyata keçirilməsini ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Q.A.Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında bildirmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 101-ci maddəsinə əsasən, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində fiziki və hüquqi şəxslər arasındakı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, su obyektlərindən götürülən suların müəyyən edilmiş qaydada bölüşdürülməsi və sudan istifadəyə nəzarət edilməsi meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə daxildir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, meliorasiya və irriqasiya sahəsində fiziki şəxslər və (və ya) hüquqi şəxslər arasındakı mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Həmin qərarda, həmçinin qeyd edilmişdir ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. Konstitusiya Məhkəməsi həmin qərarda, həmçinin göstərmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların sırasına inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) və inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) da aid edilmişdir. “Təbii inhisarlar haqqında” 15 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci hissəsinin 11-ci bəndinə əsasən, meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 47-ci, 76-cı və 115-ci bəndlərinə əsasən, meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı sahəsində Azərbaycan Meliorasiya və X38 Səhmdar Cəmiyyəti, Quba Suvarma sistemləri İdarəsi və Samur-Abşeron kanalı İstismar İdarəsi təbii inhisar subyektləridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2, 3.1-ci və 4-cü bəndlərində qeyd olunur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə cavabdehlər Azərbaycan Meliorasiya və X38 Səhmdar Cəmiyyəti, Quba suvarma sistemləri İdarəsi və Samur-Abşeron kanalı istismar idarəsi təbii inhisar subyektləri olduqlarından, onlara qarşı yönələn tələblər - verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyası vasitəsilə mülkiyyətlərində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması və bağ sahələrinin bir hissəsinə qədər uzanan su borusu vasitəsilə həmin bağların suvarılmasına cavabdehlər tərəfindən maneə yaradılmasının qadağan edilməsi həmin subyektlərinin ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyindən irəli gəldiyindən və onlar arasında mülki (öhdəlik) münasibətləri mövcud olmadığından, digər cavabdeh “Sarıqaya” X10 isə qeyri-kommersiya qurumunun xüsusi forması olduğundan və iddiaçı ilə arasındakı münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığından, hazırkı işə mülki mühakimə icraatı qaydasında baxılmalı deyil və bununla əlaqədar, iş üzrə icraata xitam verilməli, iddiaçılara Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və X38 Səhmdar Cəmiyyətinə, Quba suvarma sistemləri idarəsinə, Samur-Abşeron kanalının istismarı idarəsinə, “Sarıqaya” X29 Birliyinə (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üçüncü şəxs qismində göstərilmişdir) qarşı “verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyası vasitəsilə mülkiyyətlərində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması və bağ sahələrinin bir hissəsinə qədər uzanan su borusu vasitəsilə həmin bağların suvarılmasına cavabdehlər tərəfindən maneə yaradılmasının qadağan edilməsi" tələbi barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçılara izah olunsun ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-1575/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1575/2023
21.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver