Məhkəmə qərarları › İş №2-2(119)-1648/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1648/2024

23.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1648/2024 23.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, Cavabdeh “X2 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “X2 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X2 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək vurulmuş zərərin əvəzi olaraq 55000 (əlli beş min) manat məbləğində pul vəsaiti və 255 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 55255 (əlli beş min iki yüz əlli beş) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 01 oktyabr 2006-cı il tarixli 154 nömrəli icarə müqaviləsi bağlanmış, həmin icarə müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” Ticarət Mərkəzində ümumi sahəsi 15 kv.m olan əmlakı ticarət fəaliyyəti üçün - kişi ayaqqabılarının pərakəndə satışı üçün icarəyə götürmüşdür. İcarə sahəsinin yerləşdiyi ticarət mərkəzinin yanğından təhlükəsizliyinə icarəyə verənin təyin etdiyi məsul şəxslər cavabdehlik daşımışlar. Belə ki, cavabdeh təşkilatın direktoru Ağamirzə Əhədovun 02 mart 2010-cu il tarixli 05 saylı əmrinə əsasən ticarət mərkəzində yanğın təhlükəsizliyinə riayət edilməsi üçün cavabdehlik daşıyan şəxslərdən biri də X3 olmuşdur. İsməli Bayramov ticarət mərkəzində cavabdehlik daşıdığı 3-cü mərtəbədə yerləşən ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, nəticədə 19 oktyabr 2013-cü il tarixdə baş vermiş yanğın hadisəsinə görə çoxsaylı sahibkarlara (icarəçilərə) ziyan dəymişdir. İsməli Bayramovun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış və o, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2017-ci il tarixli 1(102)- 171/2017 saylı qərarı ilə İsməli Bayramova 4 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə apellyasiya məhkəməsinin yekun aktı qüvvədə saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 saylı hökmündən görünür ki, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X2 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. “Karvan” Ticarət Mərkəzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş İsməli Bayramov baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun əməllərinin nəticəsində ehtiyatsızlıqdan “X2 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzinə ******* manat ziyan dəyməklə yanaşı, digər zərərçəkmiş şəxslərə müxtəlif məbləğlərdə maddi ziyan dəymişdir. İddiaçıya iddia tələbində göstərilən məbləğdə zərərin vurulması məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq edilmişdir. İsməli Bayramov cavabdeh “X2 Şirkəti” MMC-nin işçisi olduğundan və yanğın baş verən zaman həmin MMC-nin işçisi kimi əmək fəaliyyətini davam etdirdiyindən, yanğın təhlükəsizliyinə məsul şəxs kimi vəzifə başında olmasına görə hazırda ona vurulan zərərə görə cavabdeh X2 Şirkəti” MMC məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Bu normanın mənasına görə, iddia tələbi yalnız təqsirləndirilən şəxsə qarşı deyil, onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə də qarşı qaldırıla bilər, yəni təqsirləndirilən şəxsin əməlinə görə dəymiş ziyana görə onun işçisi olduğu hüquqi şəxs məsuliyyət daşıya bilər. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci və 1099.2-ci maddələri). Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi). Bu məsələ üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmü, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2016cı il tarixli 1(105)-117/2016 nömrəli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2017-ci il tarixli 1(102)-171/2017 nömrəli qərarı mövcuddur. Bütün bunlara əsasən qeyd etmək lazımdır ki, cavabdehin işçisi olmuş İsməli Bayramov üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydalara riayət etməmiş, bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19:26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində yanğın hadisəsi baş vermiş və nəticədə 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Bu baxımdan iddiaçıya dəymiş 55000 manat məbləğində maddi zərər cavabdeh “X2 Şirkəti” MMC tərəfindən ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli e-2(060)-1931/2024 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, cavabdehdən 55000 manat pul və ödənilmiş 255 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-1931/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2(105)-1357/2024 nömrəli qərardadı ilə işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığı müəyyən edildiyindən apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(060)-1931/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən 04 oktyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilərək iddianın əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində yalnız İddiaçı deyil, eyni zamanda “X2 Şirkəti” MMC-yə də xüsusilə küllü miqdarda zərər dəymiş və MMC-yə dəyən zərərin məbləği ******* manat miqdarında müəyyən edilmişdir. Yəni cavabdeh özü belə zərərçəkmiş kimi tanınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmündə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı 55000 manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, həmin məbləğin necə müəyyən edildiyi sual altındadır. Belə ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 iyun 2014-cü il tarixli 18338 nömrəli rəyində İddiaçı adı qeyd edilməmişdir. Digər tərəfdən hazırkı iş üzrə cavabdeh “X2 Şirkəti” MMC cinayət işi üzrə zərərçəkmiş şəxs olduğundan İddiaçı dəymiş ziyanı mübahisələndirmək imkanında olmamışdır. İddiaçı hazırda iddianı Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə istinadən əsaslandırmışdır. Həmin maddədə qeyd edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, qanunvericilik yalnız baş vermiş hadisənin olub-olmaması hissəsində və şəxsin hadisəyə aidiyyəti hissəsində hökmün məcburiliyini təsbit etmişdir. Hadisənin baş verməsi işin mübahisəsiz halı olsa da, iddiaçıya dəymiş ziyanın hansı məbləğdə olması mübahisəlidir və həm ekspert rəyində həmin məbləğ göstərilməmiş, həm də cinayət işi üzrə zərərçəkmiş şəxs bu barədə məhkəməyə möhtəbər sənəd təqdim etməmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən ərizədə şişirdilmiş məbləğ tələb edilir və yuxarıda sadalanan dəlillərə görə iddia rədd edilməlidir. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmiş, ərizədə “iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsi” xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, yanğın hadisəsi 19 oktyabr 2013-cü il tarixində baş vermiş, iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində xx.xx.2024-cü il tarixində tanınmış, iddia isə Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixində verilmişdir. Belə olan halda iddia hadisə baş verdiyi gündən təxminən 10 il 4 ay sonra, zərərçəkmiş şəxs qismində tanındığından 10 il 16 gün sonra qaldırılmış olur ki, bu zaman 10 illik ümumi iddia müddəti ötürülmüşdür. İddiaçı zərərçəkmiş şəxs qismində tanındığı gün artıq mülki iddia qaldırmaq imkanına malik olsa da bunu etməmiş və iddia müddətini ötürmüşdür. Bundan əlavə, iddiaçı iddia ərizəsində hazırkı iş üzrə cavabdehlə öz aralarında bağladıqları icarə müqaviləsinə istinad etmiş, həmin müqavilənin 7-ci bəndində tərəflər arasındakı mübahisələrin məhkəmə qaydasında həll edilməsi qeyd edilmişdir. Belə olan halda müqavilə münasibətlərindən irəli gələn 3 illik iddia müddəti və ya 10 illik ümumi iddia müdddəti tətbiq edilməklə iddiadan imtina edilməlidir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun izahat verərək cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını zərərçəkmiş şəxslərə dəymiş ziyanın məbləği təşkil etdiyini, buna görə də cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri olmuş iddiaçıya 55000 manat məbləğində zərərin vurulmasının işin mübahisəsiz halı olduğunu qeyd edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə iclaslarında cavabdeh nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinə qarşı verilmiş yazılı etirazda və iddia müddətinin tətbiqi barədə ərizədə yazılanlara uyğun izahat verərək, həmin etirazda qeyd olunan hallara görə əsassız olduğu üçün və eyni zamanda iddia tələbi üzrə iddia müddəti ötürüldüyünə görə iddianın təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı etirazı, iddia müddətinin tətbiqi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 oktyabr 2006-cı il tarixli 154 nömrəli icarə müqaviləsinin 1-ci, 2-ci, 3-cü və 7-ci bəndlərinə əsasən, icarəyə verən (cavabdeh “X2 Şirkəti” MMC) Sumqayıt şəhəri 32-ci məhəllədə yerləşən ticarət mərkəzində 15 kvadrat metr sahəni icarəyə götürənə (İddiaçı) icarəyə verir. İcarəyə götürən icarəyə götürdüyü sahə üçün ay ərzində 45 manat ödəyir, ümumi məbləğ 12 ay ərzində 18 % ƏDV daxil 540 manat təşkil edir. İcarə müqaviləsi müddətsiz bağlanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmünə əsasən cavabdeh “X2 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində 19 oktyabr 2013-cü il tarixində baş vermiş yanğın hadisəsinə görə həmin MMC-nin yanğın təhlükəsizliyi üzrə məsul işçisi, yəni işəgötürən “X2 Şirkəti” MMC-nin Ticarət Mərkəzində nəzarətçi-rüsumçu vəzifəsində işləyən və işəgötürən “X2 Şirkəti” MMC-nin 26 aprel 2004-cü il tarixli 03 nömrəli əmri ilə üzərinə “yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi” vəzifəsi qoyulmuş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, həmin hökmlə iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmış və iş üzrə çoxsaylı zərərçəkmişlərə, o cümlədən hazırkı İddiaçı 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın hadisəsi zamanı dəymiş zərərlə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsi ilə müəyyən edilir ki, cavabdeh “X2 Şirkəti” MMC-də nəzarətçi-rüsumçu vəzifəsində işləyən İsməli Bayramovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın hadisəsi zamanı 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın (o cümlədən hazırkı İddiaçı) ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlaklarla birlikdə yanaraq məhv olmuş və həmin hadisə nəticəsində ehtiyatsızlıqdan "X2 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət mərkəzinə ******* manat məbləğində ziyan dəyməklə yanaşı, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış digər şəxslərə də müxtəlif məbləğlərdə, o cümlədən də həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı isə 55000 manat məbləğində ziyan dəymişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci və 21.3-cü maddələrinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci, 373.2-ci və 373.3-cü maddələrinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci və 1099.2-ci maddələrinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddə\sinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 19 oktyabr 2013-cü ildə cavabdeh "X2 Şirkəti" MMC-yə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi zamanı 360 sahibkarın ticarətlə məşğul olduğu 19615 kv.metr sahədə yerləşən mağaza və piştaxtalar içərisindəki əmlaklarla birlikdə yanaraq məhv olmuşdur. Hadisə nəticəsində icarəyə verən “X2 Şirkəti” MMC ilə icarəçi İddiaçı arasında bağlanmış 01 oktyabr 2006-cı il tarixli 154 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun icarəsində olmuş İddiaçı məxsus cəmi dəyəri 55000 manat məbləğində olan əşya və əmlaklar da yanaraq məhv olmuş və bu qeyd olunan xüsusatlar həmin yanğın hadisəsi ilə əlaqədar qəbul olunan Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli qanuni qüvvəsini almış hökmü ilə təsdiq edilmişdir. Eyni zamanda, həmin hökmlə təsdiq edilir ki, yanğın hadisəsinin baş verməsinə görə cavabdeh “X2 Şirkəti” MMC-də nəzarətçi-rüsumçu vəzifəsində işləyən və üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulan işçi X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum olunmuşdur. Yəni cavabdeh “X2 Şirkəti” MMC-nin ticarət mərkəzinin “yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi” üzrə məsul işçisi olan İsməli Bayramovun təqsirli hərəkətlərinə görə yanğın hadisəsinin 19 oktyabr 2013-cü ildə baş verməsi və onun bu təqsirli hərəkətinə görə əşya və əmlakları yanaraq məhv olmuş zərərçəkmiş şəxs İddiaçı 55000 manat məbləğində zərər dəyməsi Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmü ilə təsdiq edilmişdir. Bununla da İddiaçı həmin yanğın hadisəsinə görə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş işçi İsməli Bayramovun işəgötürəni olaraq hüquqi şəxs “X2 Şirkəti” MMC-dən “hüquqi şəxsin (MMC-nin) işçisinin məhkəmə hökmü ilə təsdiq olunan təqsirli əməli ilə vurulmuş maddi zərərin ödənilməsini” tələb etmək hüququ yaranmışdır. Yuxarıda istinad edilmiş Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1096.1-ci, 1097.1ci, 1099.1-ci, 1099.2-ci və Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinin tələblərini birgə təhlil edərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olmuş və 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın hadisəsi zamanı yanaraq məhv olmuş 55000 manat dəyərində əmlak yanğın hadisəsinin baş verməsində təqsirli olan “X2 Şirkəti” MMCnin məsul işçisinin məhkəmənin ittiham hökmü ilə təsdiq edilmiş cinayət əməli nəticəsində yanaraq məhv olduğundan həmin əmlakların sahibinin (zərərçəkmiş İddiaçı) müvafiq qaydada sərəncam vermək imkanından məhrum edilmiş əmlakın ümumi dəyəri həcmində vurulmuş zərər qismində 55000 manat məbləğində pul vəsaitini almaq hüququ vardır. Buna görə də iddiaçı məlum yanğına görə təqsirliliyi məhkəmənin ittiham hökmü ilə müəyyən olunmuş məsul işçinin işəgötürəni olan hüquqi şəxs “X2 Şirkəti” MMC-yə qarşı iddia qaldırmaqda haqlıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehdən 55000 manat məbləğində dəymiş maddi ziyanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, məhkəmə cavabdehin dəymiş ziyanın məbləğinin ekspertiza təyin edilməklə araşdırılmalı olması barədə iddiaya etirazının dəlilləri, o cümlədən də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 23 aprel 2024-cü il 01/24-240 nömrəli mütəxəssis rəyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya yanğın hadisəsi nəticəsində dəymiş ziyanın məbləği onun zərərçəkmiş şəxs qismində cəlb edildiyi cinayət işi üzrə qəbul edilərək, qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)- 9/2015 nömrəli ittiham hökmü ilə müəyyən edilərək təsdiqini tapmış faktdır və cavabdehin təqdim etdiyi mütəxəssis rəyi 2013-cü ildə tamamilə yanaraq məhv olmuş əmlaklarla əlaqədar aparılan hesabat üsulu, qaydası və s. hallarına görə həmin rəylə 15 kvadrat metr ümumi sahədən ibarət ayaqqabı dükanına fiziki olaraq maya dəyəri (orta dəyər 16 manat götürülməklə) 7200-8000 manat olmaqla 450 cüt ayaqqabı yerləşə bilməsi faktının mötəbərliyini və işin hallarına uyğunluğunu təsdiq etmir. Başqa sözlə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə zərərçəkmiş şəxs İddiaçı hüquqi şəxs “X2 Şirkəti” MMC-nin işçisinin məhkum olunduğu cinayət əməli üzrə məhz 55000 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir və bu baxımdan məlum hökm həmin hissədə hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Bundan əlavə, cavabdeh tərəfin hazırkı iş üzrə məhkəmə araşdırması zamanı məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu halla bağlı, ilk növbədə qeyd edilməlidir ki, hazırkı iddia tələbinə müqavilə münasibətlərindən irəli gələn tələblər üzrə müəyyən edilmiş 3 illik iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq edilə bilər. Çünki hazırkı tələb hüquqi şəxsin işçisinin vurduğu ziyanın ödənilməsi ilə əlaqədar verilmiş tələbdir. İşin konkret hallarına və aşağıda qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə ümumi iddia müddəti olan 10 illik iddia müddəti ötürülməmişdir. Çünki hazırkı iddia tələbində tələb olunan dəymiş zərər 19 oktyabr 2013-cü ildə “X2 Şirkəti” MMC-yə məxsus Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində yaranmış olsa da, həmin yanğında konkret şəxsin, yəni hüquqi şəxsin işçisinin təqsirli olması yalnız Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli ittiham hökmü ilə müəyyən olunmuşdur. Yəni, yanğın baş verdiyi vaxt təqsirli şəxs iddiaçıya məlum olmadığından, həmin yanğın hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi üçün müvafiq iddianın verilməsi yalnız məhkəmə hökmü ilə həmin hadisədə təqsirli şəxsin təqsiri müəyyən olunduqdan və təsdiq olunduqdan sonra mümkün olmuşdur. Yəni hazırkı iddianın hüquqi şəxs “X2 Şirkəti” MMC-yə qarşı verilməsi üçün, ilk növbədə təqsirsizlik prezumpsiyasının tələblərinə uyğun olaraq onun işçisinin məlum yanğın hadisəsinə görə təqsirli olması qanuni qüvvəsini almış məhkəmənin ittiham hökmü ilə təsdiq edilməli idi. Belə bir məhkəmə hökmü isə 27 aprel 2015-ci ildə qəbul olunmuş və müvafiq prosessual müddətlər keçdikdən sonra qanuni qüvvəsini almışdır. Yəni iddiaçı üçün iddia müddətinin başlanması, hətta həmin hökmün qəbul olunduğu tarixdən hesablansa belə, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunarkən 10 illik ümumi iddia müddəti buraxılmamışdır. Nəzərə almaq lazımdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)- 9/2015 nömrəli ittiham hökmündə iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmış və zərərçəkmiş şəxslərə və mülki iddiaçılara isə həmin iddia ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi, məlum yanğın hadisəsi üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmünə əsasən, cavabdeh “X2 Şirkəti” MMC-nin işçisi X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması təsdiqini tapdığından, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımının başlanğıcı hökmün qəbul edildiyi tarixdən (qanuni qüvvəyə mindiyi tarix nəzərə alınmadan) hesablandıqda belə, iddiaçı tərəfindən 10 illik iddia müddəti ötürülməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 255 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 05 fevral 2024-cü il tarixli **********52 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 255 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 255 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X2 Şirkəti” MMC-dən 55000 manat məbləğində pul vəsaiti və 255 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 55255 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh “X2 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətindən 55000 (əlli beş min) manat məbləğində pul vəsaiti və 255 (iki yüz əlli beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 55255 (əlli beş min iki yüz əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar