Məhkəmə qərarları › İş №2-2(119)-177/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-177/2025

10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-177/2025 10.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi" tələbi barədə iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək 3338 (üç min üç yüz otuz səkkiz) manat məbləğində dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ildə Şahid1 məxsus mağazanı icarəyə götürərək meyvə-tərəvəz satışı ilə məşğul olmuş, həmin vaxtdan etibarən hər ay Bəgağa Səfərova 125 manat məbləğində icarə haqqı ödəmişdir. 01 sentyabr 2024-cü il tarixdə Cavabdeh ona məxsus yeri zəbt etdiyini bildirərək onu mağazadan çıxartmışdır. Bəgağa Səfərov isə icarəyə verilən mağazanı 2013-cü ildə cavabdehdən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında aldığını bildirmişdir. Cavabdeh onu mağazadan çıxartdıqdan sonra ərizədə göstərdiyi cəmi 3338 manat dəyərində olan məhsullar mağazada qalmış, həmin malları satmağa polis əməkdaşı və cavabdeh ona icazə vermirlər. 04 sentyabr 2024-cü il tarixdə həmin mallar polis əməkdaşının iştirakı ilə naməlum yerə aparıb tökülmüşdür. Bununla əlaqədar ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(026)-491/2024 nömrəli qərardadı ilə həmin iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh 27 dekabr 2024-cü il tarixdə iddiaya etirazla məhkəməyə müraciət edərək etirazında göstərmişdir ki, iddia əsassız və qanunsuzdur. Belə ki, iddiaçıya məxsus olan kənd təsərrüfatı məhsullarının ona məxsus olan mağazadan çıxarılması dəfələrlə iddiaçıya təklif olunmuş, lakin o, qərəzli şəkildə həmin məhsulları oradan götürməmişdir. Bundan sonra, o, məcbur olub yerli hakimiyyət nümayəndələrinə müraciət etmiş və 09 sentyabr 2024-cü il tarixində Qobustan şəhər icra nümayəndəliyinin və Qobustan Rayon Polis Şöbəsinin nümayəndələrinin iştirakları həmin meyvə-tərəvəz məhsulları digər mühafizə olunan əraziyə aparılmış və orada yerləşdirilmişdir. Həmin vaxt yenə də iddiaçıya dəfələrlə bu barədə məlumat verilsə də, o, yenə də qərəzli şəkildə həmin məhsulları götürməkdən imtina etmişdir. Bununla əlaqədar tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktı və malların daşınması prosesinin qeydə alındığı videogörüntülərin əks edildiyi diski sübut kimi məhkəməyə təqdim edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, Şahid1la icarə müqaviləsi bağlayaraq Qobustan şəhərinin “Son” adlanan ərazisində yerləşən mağazada meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. Hazırkı iş üzrə cavabdeh 2024-cü ilin sentyabr ayında onun yanına gələrək işlədiyi dükanın öz obyekti olduğunu bildirmiş və həmin mağazadan çıxmasını tələb etmişdir. O, cavabdehə müqavilə əsasında işlədiyini deyərək obyektdən çıxmayacağını bildirmişdir. Cavabdeh daha sonra polis əməkdaşları ilə gələrək çıxmasını tələb etmiş, o da mağazanın açarını onlara təqdim edərək özünə aid hansısa bir əşya götürmədən oradan çıxmışdır. Mağazada olan bütün mallar, əşyalar zibilliyə atılmışdır. Şahid1la icarə müqaviləsi bağladığı tarixi dəqiq xatırlamır, təxminən 2022-ci ildə 5 il müddətinə icarə müqaviləsi bağlamış, aylıq 125 manat məbləğində pul vəsaitini vaxtlı-vaxtında Bəgağanın kart hesabına köçürmüşdür, bunu təsdiq edən qəbzləri məhkəməyə təqdim edə bilər. O, cavabdehə icarə haqqı ödəməmiş və ya icarə haqqı müqabilində cavabdehin satdığı ətlə özünün satdığı meyvə-tərəvəzi mübadilə etməmişlər. Cavabdeh ona 1 dəfə xəbərdarlıq edərək 3 gün vaxt verdiyini, mağazadan çıxmadığı təqdirdə, polislərlə onu mağazadan çıxaracağını bildirmişdir Cavabdeh mağazadan çıxanda malları götürməsini təklif etməmiş, polis əməkdaşına onu mağazadan çıxarmaq kimi səlahiyyətinin olmadığını söyləyərək bu məsələnin məhkəmə qaydasında həll edilməli olduğunu bildirsə də, buna məhəl qoyulmamışdır. Cavabdeh özü də 18 ildir ki, mağazanın bir hissəsində Bəgağa ilə bağlanmış icarə müqaviləsi əsasında qəssabxana işlədir və aylıq icarə haqlarını onun kart hesabına köçürür. İş materiallarında olan Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən mağazanın çıxarış sənədinin cavabdehin adına olması ilə bağlı bildirir ki, qohumluq münasibətlərinə görə, sənədləşmə işləri tam şəkildə həyata keçirilməmişdir. Bəgağa vaxtilə 35000 manat məbləğində ödəniş edərək mağazanı etibarnamə əsasında almışdır. Ərizədə qeyd edilən 3338 manat məbləğində dəymiş zərərlə bağlı bildirir ki, o, bu məbləği özü hesablayaraq bu cür nəticəyə gəlmişdir. Mağazada malların qoyulması üçün nəzərdə tutulmuş “polka”lar sındırılmışdır. Mağazada, həmçinin “Samsung” markalı kondisioner də olmuşdur. Həmin kondisioneri təxminən il yarım olar ki, 500 manat ödəyərək almışdır. “Niva” maşının ehtiyat hissələri də mağazada qalmışdır. İddiaçı göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçıya obyektdən çıxması üçün 10 gün müddətində vaxt vermiş, bu barədə ona xəbərdarlıq etmişdir. Lakin iddiaçı xəbərdarlığın 10-cu günü tamam olanda “Vita” markalı maşını ilə mağazaya yeni mal gətirmişdir. Qobustan şəhər icra nümayəndəliyinin əməkdaşları iddiaçıya malları aparmasını təklif etsə də, o, “Biz məhkəməyə müraciət edəcəyik, malları aparmırıq” demişdir. İddiaçıya məxsus malları Qobustan rayonu ərazisindəki “Kolxoz” bazarına aparmış, iddiaçının əmisi Elşad da orada olmuşdur. O, mağazadan çıxarılan malları bazarda satış üçün nəzərdə tutulmuş yerə aparmış, həmin yerin sahibinə malları təhvil vermiş, bundan sonra iddiaçının atasına zəng vuraraq malların orada olmasını və gəlib götürmələrini demişdir. Təqdim etdiyi yaddaş kartındakı videogörüntülərdən də onun iddiaçıya məxsus bütün malları obyektdən çıxararaq bazara aparması aydın görünməkdədir. Ərizədə malların dəyəri barədə göstərilənlər həqiqəti əks etdirmir, məsələn ərizədə mağazada 350 kiloqram qarpız olduğunu qeyd edilsə də, mağazada 1 ədəd qarpız olmuşdur və bu, məhkəməyə təqdim etdiyi diskdəki görüntülərdə öz təsdiqini tapır. Mağazada çürük soğan, kartof qalmış, iddiaçı mağazadan çıxarıldığı günün günorta vaxtına qədər malları satmış, qalan hissəsi isə qalmışdır. Təzə gələn mallar iddiaçı tərəfindən maşından mağazaya boşaldılmamışdır. Həmin ərazidə mağazalar bitişik olduğundan orada işləyən başqa şəxslər də bunlara şahiddir. İddia ərizəsində göstərilən kondisioner, “polkalar”, tərəzi iddiaçıya məxsusdur, o, həmin həmin əşyalara əl vurmamışdır və iddiaçı istədiyi vaxt gəlib onları götürə bilər. İddiaçının izahatında Şahid1la icarə müqaviləsi bağlayaraq aylıq icarə haqqını ona ödəməsi barədə göstərdikləri düzgün deyil, onun Şahid1la məhkəmə mübahisəsi vardır, iddiaçının və Şahid1 məqsədi onu mağazadan çıxarmaqdır. Əslində o, mağazanı 2021-ci ildə İddiaçı Ramil adlı qohumuna icarəyə vermiş, razılaşmalarına əsasən icarə haqqı 150 manat məbləğində nəzərdə tutulmuş, lakin Ramil mağazanı işlədə bilməmiş, ondan sonra mağazanı iddiaçının atası Məzahir və iddiaçı özü işlətmiş, iddiaçı ona hər ay pul formasında icarə haqqı verməmiş, bəzən ondan mal almış, o da iddiaçıdan mal almış və beləcə hesablaşmışlar, lakin son 4 ay ərzində icarə haqqı vermədiyinə görə, o, iddiaçını mağazadan çıxarmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi “polka” da Ramil adlı şəxsindir. İddiaçı və onun atası 2022-ci ilin sonlarından ona məxsus mağazada işləməyə başlamışlar. İddiaçı xəbərdarlıq etdiyi müddətdə, yəni 10 gün ərzində mağazadan çıxmadığı halda, məhkəməyə müraciət etməməsinin səbəbi barədə bildirir ki, onun bu barədə məhkəməyə müraciət etmək fikri olmuş, lakin bildirilmişdir ki, məhkəmə 3-4 ay ərzində davam edəcək və mallar da həmin vaxta qədər xarab olacaqdır. İş materiallarında olan onun tərəfindən mağazanın yerləşdiyi torpaq sahəsinin Şahid1 satılması barədə xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi barədə bildirir ki, o, həmin torpaq sahəsini satmamışdır. Qızının xeyir işi ilə əlaqədar onun mebel almağa maddi imkanı çatmamış, bu səbəbdən müqavilədə adı çəkilən şəxsdən faizlə qaytarmaq şərtilə borca pul almışdır. Lakin aralarında hər hansı razılaşma olmadığı üçün həmin şəxs ona borclu olmasının bilinməsi üçün müqavilə bağlanılmasını təklif etmişdir. Bu səbəbdən həmin şəxs mağazanın sənədlərini ondan götürmüşdür. Yəni o, torpaq sahəsini həmin şəxsə satmamış, sadəcə ondan borca pul götürdüyü üçün razılaşma olmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********33 reyestr nömrəli ********* qeydiyyat nömrəli və 22 noyabr 2006-cı il qeydiyyat tarixli çıxarışa əsasən, Qobustan rayonunun Mərəzə qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi Cavabdeh məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********33 reyestr nömrəli ********** qeydiyyat nömrəli və 27 avqust 2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qobustan şəhərində yerləşən 0,008 ha torpaq sahəsi Cavabdeh məxsusdur. İş materiallarına iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əlavə edilmişdir. Həmin icarə müqaviləsi X2, Şahid1 və Nümayəndə tərəfindən imzalanmışdır və məzmununda qeyd edilmişdir ki, Sadəgül Abbasova və etibarnamə üzrə nümayəndəsi Şahid1 2013-cü ildən sahib olduğu Qobustan şəhəri “Son” adlanan yerdə 0,80 m2 sahədə yerləşən tikintinin 0,40 m2 10 (on) il müddətinə aylıq icarə haqqı 125 (yüz iyirmi beş) manat olmaqla Nümayəndə icarəyə verir. İş materiallarına iddiaçı tərəfindən 01 avqust 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş torpağın alqı-satqı müqaviləsinin surəti təqdim edilmişdir. Həmin müqavilədə Cavabdeh X1 Qobustan şəhərində yerləşən 0,008 ha torpaq sahəsini 2000 manata satması qeyd edilmişdir. İş materiallarında olan cavabdeh, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşı, icra nümayəndəsi və şahidlər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixdə saat 1200 radələrində Qobustan şəhəri “Son” adlanan yerdə Cavabdeh məxsus mağazada Qobustan şəhər sakini Nümayəndə heç bir hüquqi razılaşma olmadan özbaşına meyvə-tərəvəz satışı apardığı üçün Cavabdeh tərəfindən etiraz edilmiş və mağazada olan müxtəlif növ meyvə-tərəvəzin Məzahir tərəfindən çıxarılması dəfələrlə bildirilmişdir. Lakin bütün bunlara Məzahir əhəmiyyət verməyərək meyvə-tərəvəzi Cavabdeh məxsus mağazadan çıxartmamışdır. Bundan sonra qeyd edilən şəxslərin iştirakı ilə xüsusi ayrılmış maşına meyvə və tərəvəzlər elektron tərəzidə videomüşahidə vasitələri ilə çəkilişləri aparılaraq mağazadan çıxarılmış və ayrılmış müvafiq yerə daşınması təmin edilmişdir”. İş materiallarına iddiaçı tərəfindən 2 ədəd fotoşəkil əlavə edilmişdir. Fotoşəkillərdən birində meyvə yeşikləri, digərində isə meyvə yeşikləri ilə yüklü avtomobil əks olunur. Bu barədə izahatında iddiaçı bildirmişdir ki, həmin fotoşəkillər ona məxsus meyvə-tərəvəz daşındıqdan sonra onun tərəfindən çəkilmişdir. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri və iş materiallarına əlavə edilmiş yaddaş kartlarının içərisindəki səs yazısı və videogörüntüdən ibarət olan fayllara onların iştirakları ilə baxış keçirilmişdir. İddiaçının təqdim etdiyi yaddaş kartındakı səs yazıları onun mağazadan 09 sentyabr 2024-cü il tarixində polis əməkdaşlarının iştirakı ilə çıxarılması prosesində qeydə alınmış danışıqları əks etdirir. Cavabdehin təqdim etdiyi yaddaş kartındakı videogörüntülərdə cavabdehin iddiaçıya aid malları icarə obyektindən çıxararaq avtomobilə yükləməsi və başqa əraziyə apararaq orada boşaltması öz əksini tapır. Məhkəmə araşdırması zamanı iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, mallar mağazadan boşaldılan gün cavabdehə əlaqə saxlayıb xahiş etmişdir ki, iddiaçıya mallarını satmaq və nisyə borclarını yığmaq üçün vaxt versin. Lakin bundan sonra o, cavabdehə bir neçə dəfə də zəng vurmasına baxmayaraq, zənglərə cavab verməmişdir. Daha sonra polis əməkdaşları gələrək iddiaçıya məxsus malları dükandan çıxartmışlar. Mağazanın kimə məxsus olması barədə məlumatı yoxdur, iddiaçı həmin mağazanı icarəyə götürmüşdür, lakin icarə haqqını kimə ödəməsi barədə məlumatı yoxdur. Mağaza boşaldıldıqdan bir gün əvvəl iddiaçı mal almaqdan gəlmişdi və bütün mallar da dükana boşaldılmışdı. Mağazada təxminən hansı məbləğdə mal olması barədə məlumatı yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, mağaza boşaldılan gün onun yanından keçmiş və həmin vaxt mağazanın qarşısında adamların yığışdığını görmüşdür. Ətrafdakılardan mağazanın niyə boş olduğunu soruşduqda, polis əməkdaşlarının İddiaçı mağazanı boşaltmasını və açarları təhvil verməsini tələb etdikləri bildirilmişdir. O, avtomobilə malların yığıldığını və aparıldığını görmüş və həmin an düşünmüşdür ki, mallar iddiaçının həyətinə aparılır, lakin sonradan ki, malların iddiaçıya təhvil verilmədiyini öyrənmişdir. O, mağazada olan malları görmüşdür, mallar yeni və çox olmuşdur, malların dəyərinin 3338 manat məbləğində ola biləcəyini düşünür. İddiaçı mağazanın icarə haqqını Şahid1 adlı şəxsə ödəyirdi. Eyni zamanda aralarında arpa alınması ilə də bağlı razılığa gəlinmişdir ki, iddiaçı həmin şəxsə arpa verəcək, o isə qarşılığında icarə borcundan silinmələr edəcəkdir. Onda olan məlumata görə, iddiaçının icarəyə götürdüyü mağazanın və cavabdehin istifadə etdiyi mağazalar Şahid1 məxsusdur. Məhkəmə araşdırması zamanı iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, illər əvvəl qardaşı, onun həyat yoldaşı və Cavabdeh yaşadığı ünvana gəlib ona bildirdilər ki, Cavabdeh qardaşının Qobustan rayonunun Mərəzə qəsəbəsində obyekti vardır və həmin obyekti satır. Ondan həmin obyekti almasını xahiş etdilər. O isə həmin ərazidə obyekt almaq istəmədiyini bildirdi. Lakin qardaşının xahişi ilə o, həmin obyekti satın almışdır. Cavabdeh isə ona həmin obyekti işlətməsi üçün ona verməsini xahiş etmiş və o, bununla razılaşmışdır. Cavabdehlə alqı-satqı müqaviləsi bağladıqdan sonra çıxarış almaq üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müvafiq quruma müraciət etmiş və oradan bildirilmişdir ki, həmin ərazi meşə zolağına düşdüyü üçün çıxarış verilməsi mümkün deyildir. Bütün bunlardan sonra cavabdeh həmin ərazini icarəyə verərək işçilər götürmüşdür. İddiaçı də həmin mağazalardan birində icarəçi kim işləmişdir. O, iddiaçının atası ilə razılaşmışdır ki, icarə haqqı əvəzinə ona illik taxıl verilsin və icarə haqqının məbləği bu şəkildə ödənilsin. Keçən ilin avqust ayında öyrənmişdir ki, cavabdeh daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müvafiq quruma müraciət edərək həmin əmlaka dair çıxarışının itdiyini qeyd etmişdir. Bu səbəbdən həmin qurum cavabdehə çıxarış təqdim etmişdir. Cavabdehin işlətdiyi icarə obyekti də ona məxsusdur və cavabdeh də icarə obyektini icarə müqaviləsinə əsasən işlədir. Cavabdeh sonuncu dəfə 2024-cü ilin iyul ayında ödəniş etmiş, ödənişi nağd qaydada etmiş, bəzən isə ondan icarə haqqı əvəzinə ət almışdır. Ödənişi nağdsız qaydada - kart vasitəsilə bir dəfə etmiş, bununla bağlı şahidlər vardır. O, iddiaçıya mağazanı təxminən 4 il bundan öncə icarəyə vermiş, iş materiallarına əlavə edilmiş aralarıda bağladıqları xx.xx.2020-ci il tarixli icarə müqaviləsi təxminən 7-8 ay bundan öncə imzalanmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, cavabdeh iddiaçıya 10 gün öncə mağazaanın boşaldılması ilə bağlı xəbərdarlıq etmişdir, bununla bağlı iddiaçının qardaşına məlumat verilmişdir. 10 gün müddət keçdikdən sonra mağaza məcburi şəkildə boşaldılmış və mallar bazara aparılmışdır. Həmin vaxt mağazada 3338 manat dəyərində malın olduğunu güman etmir. İddiaçının işlətdiyi mağaza cavabdehə məxsus olmuş, cavabdeh isə onu Ramin adlı şəxsə, Ramin isə sonradan mağazanı iddiaçıya icarəyə vermişdir. İddiaçı cavabdehə icarə haqqı ödəmişdir, belə ki, o özü təxminən, 5-6 ay bundan öncə iddiaçıya icarə haqqı məbləğini ödəməsinin vaxtının çatdığını və ödəniş etməli olduğunu bildirmişdir. İddiaçı ona ödəniş edəcəyini bildirmişdi, lakin sonradan cavabdehlə aralarında icarə haqqı məbləğinin məhsulla ödənildiyini öyrənmişdir. Bildiyi qədərilə, icarə haqqı 125 manat məbləğində olmuş və iddiaçı icarə haqqını Ramin adlı şəxsə ödəmiş, Ramin isə həmin pulu cavabdehə vermişdir. Məhkəmə araşdırması zamanı cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, iddiaçıya məxsus malların cavabdeh tərəfindən mağazadan boşaldılaraq onun avtomobilində aparıldığını görmüşdür, mallar bazarda “sklad” adlanan əraziyə aparılmışdır. Mağazadakı malların miqdarı barədə ətraflı məlumatı yoxdur, ancaq xeyli mal olmuşdur, lakin hamısı bir avtomobilə yerləşəcək qədər olmuşdur. Məhkəmə araşdırması zamanı cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, iddiaçıya məxsus malların cavabdeh tərəfindən mağazadan boşaldılaraq onun avtomobilində aparıldığını görmüşdür. İki avtomobil yük daşındığını görmüşdür. Mağazadakı malların miqdarı və mağazanın kimə məxsus olması barədə məlumatı yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 700.1-ci madəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı Qobustan şəhərinin “Son” adlandırılan ərazisində mülkiyyət hüququ əsasında Cavabdeh məxsus torpaq sahəsində yerləşən mağazada meyvə-tərəvəz ticarəti ilə məşğul olmuş, cavabdeh ona həmin mağazadan çıxması barədə xəbərdarlıq etməsinə baxmayaraq buna məhəl qoymamış, bundan sonra, 09 sentyabr 2024-cü il tarixində Qobustan Şəhər Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə həmin mağazada fəaliyyətinə son qoyularaq oradan çıxarılmış, mağazada olan mallar cavabdeh tərəfindən daşınılaraq Qobustan şəhərində yerləşən bazar ərazisində yerləşdirilmiş və iddiaçı bu barədə məlumatlı olmuşdur (iddiaçının özünün məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş meyvətərəvəzlərin əks olunduğu iki ədəd fotoşəkil məhz onun tərəfindən malların yerləşdirildiyi bazar ərazisində çəkilmişdir). Hazırkı iddia tələbinin əsaslılığı iddiaçının cavabdehə məxsus olan mağazada fəaliyyət göstərməyə hüquqi əsasının olub-olmaması və ərizədə göstərilmiş zərərin (o cümlədən ərizədə göstərilmiş məbləğdə zərərin) həqiqətən ona vurulmasının sübuta yetirilib-yetirilməməsi ilə birbaşa bağlıdır. Birinci halla bağlı, yəni iddiaçının cavabdehə məxsus olan mağazada fəaliyyət göstərməyə hüquqi əsasının olub-olmaması ilə bağlı müəyyən edildi ki, tərəflər arasında yazılı qaydada icarə və ya digər hər hansı müqavilə bağlanılmamış, o cümlədən onların arasında şifahi formada da icarə münasibətləri formalaşmamışdır. Belə ki, iddiaçı və cavabdehin özlərinin izahatları, həmçinin onların dəvət etdikləri şahidlərin bu məsələ ilə bağlı ifadələri ziddiyyətli olduğundan və bir-birini təkzib etdiyindən, məhkəməyə icarə münasibətlərinin mövcudluğuna dair hər hansı sənəd (müqavilə, icarə haqqının ödənilməsinə dair qəbz və ya özlərinin qeyd etdikləri icarə haqqının mal mübadiləsi ilə ödənilməsini təsdiq edən hər hansı sənəd) təqdim edilmədiyindən, iddiaçı və cavabdeh arasında icarə münasibətlərinin mövcudluğu təsdiq edilmir, üstəlik iddiaçı özü də izahatında cavabdehlə icarə münasibətlərində olmadığını qeyd etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin mağazanın yerləşdiyi torpaq sahəsi iş materiallarında olan 27 avqust 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən cavabdehə məxsusdur. Belə olduğu halda, iddiaçı və cavabdehi hər hansı yazılı və ya şifahi qaydada mövcud olmuş öhdəlik münasibətləri “birləşdirmədiyindən”, onun həmin mağazada qalıb işləməsi üçün hər hansı hüquqi əsas olmadığından iddiaçının həmin mağazada fəaliyyət göstərməyə səlahiyyəti (ixtiyarı) yoxdur. İkinci halla bağlı, yəni ərizədə göstərilmiş zərərin (o cümlədən ərizədə göstərilmiş məbləğdə zərərin) həqiqətən ona vurulmasının sübuta yetirilib-yetirilməməsi ilə bağlı məhkəmə müəyyən etdi ki, iddiaçı ona həqiqətən zərər vurulduğunu, o cümlədən məhz 3338 manat məbləğində zərər vurulduğunu sübuta yetirə bilməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 09 sentyabr 2024-cü il tarixində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları iddiaçını qanuni əsas olmadan fəaliyyət göstərdiyi mağazadan çıxararkən onun özünə məxsus olan malları götürmək imkanı olmuşdur, eyni zamanda cavabdeh həmin malları Qobustan şəhəri ərazisində yerləşən bazara daşıyıb ora yığdıqdan sonra iddiaçı bilavaitə həmin ərazidə malların fotoşəklini çəksə də, malları təhvil almamışdır. Yəni o, qanuni əsas olmadan işlədiyi mağazadan əvvəlcədən xəbərdarlıq edilməsinə (iddiaçının özü də izahatında cavabdehin ona mağazadan çıxması barədə 3 gün öncədən xəbərdarlıq etdiyini qeyd etmişdir) baxmayaraq çıxmamış, polis əməkdaşlarının iştirakı ilə çıxarıldıqdan sonra özünə məxsus olan malları təhvil almamış, cavabdeh tərəfindən mallar bazara daşınmasına və həmin malların yeri ona bəlli olmasına baxmayaraq bir daha həmin malları qəbul etməmiş, o cümlədən mağazada qaldığını iddia etdiyi əşyaları hazırkı vaxtadək götürməmişdir (cavabdeh izahatında bu malların hazırkı vaxtda da mağazada olduğunu və iddiaçının istənilən vaxt onları götürə biləcəyini qeyd etmişdir). Belə olduğu halda, cavabdehin hərəkətləri nəticəsində ona ziyan dəyməsi barədə iddiası tamamilə əsassızdır. İddiaçıya zərər dəymiş olsa belə, bu cavabdehin deyil, bilavasitə özünün hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar