Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1818/2025 21.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 Murtuza oğlunun, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək 35000 (otuz beş min) manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının və 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə cavabdeh meyvə alveri ilə məşğul olduğunu və ondan meyvəni almaq istəyib-istəmədiyini soruşmuşdur. Lakin həmin vaxt onunla razılaşmasa da, sonradan cavabdeh onu razı sala bilmişdir. Bundan sonra o, özünə və kənd sakinlərinə məxsus meyvələri yığaraq cavabdehə vermişdir. Cavabdeh həmin meyvələri satmaq üçün Rusiya Federasiyasında yaşayan xalası oğluna göndərmişdir. Cavabdeh qısa müddət ərzində iddiaçıya olan borcunu qaytarmağa söz versə də, müxtəlif bəhanələrlə pulu verməkdən yayınmış, zənglərinə cavab verməmişdir. Cavabdeh ona, ümumilikdə 35000 manat məbləğində ziyan vurmuşdur. Buna görə də, iddiaçı tərəfindən Xaçmaz rayon Polis şöbəsinə müraciət edilmişdir. Aparılan təhqiqat araşdırması zamanı cavabdeh ondan yalnız 34000 manat məbləğində dəyəri olan meyvə aldığını etiraf etmişdir. Xaçmaz rayon Polis şöbəsində müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hər dəfə cavabdehə pulunu geri qaytarmaq barədə tələb irəli sürsə də o, pulu yaxın vaxtlarda qaytaracağını bildirmiş, lakin hazırkı vaxtadək pulu geri qaytarmamışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh 29 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək qeyd etmişdir ki, İddiaçı iddiasında ona 35000 manat borcu olduğunu qeyd etmişdir ki, bu “ağ yalan”dır. 2019-2020-ci il tarixlərdə İddiaçıla şərikli olaraq iritonnajlı iki fura, yəni hər furaya 18 ton olmaqla, ümumilikdə 36 ton gilası Rusiya Federasiyasının Novosibirsk vilayətində yerləşən yerli bazara göndərmişdirlər. Lakin birinci yükləri, yəni 18 ton gilas yolda olarkən ikinci maşını, yəni 18 ton gilası yollayanda, ikinci maşınları artıq sərhədi keçmiş, birinci maşınları 18 ton gilas ilə Rusiya Federasiyasının Çelyabinsk Vilayətində yüklə bərabər qəza törətmiş və nəticə etibarı ilə furanın içindəki 18 ton plasmas yeşiklər biri-birinin içinə girməklə əzilərək yararsız hala gəlmişdir. Furanın arxa qapısını açanda gilasın əzilmiş halda olaraq suyu çıxmışdır. Sürücü sözü gedən malın əzilmiş və yararsız halda olan şəkillərini ona və İddiaçı yollamışdır. İddiaçı özü də bilir ki, şərik olaraq cavabdeh özü elə onunla göndərdikləri mallara görə 47000 manat məbləğində ziyan etmişdir. Necə olur ki, İddiaçı onun xeyrinə şərik olur, lakin ziyanına yox?! Ümumilikdə iki ağır tonajlı maşında olan yükün, yəni 36 ton (18 ton+18 ton) gilasın dəyəri təxminən 150-160 min manat idi. O, məbləğdən 47000 manat hissəni borc alaraq özü qoymuş, qalan pulu isə İddiaçı qoymuşdur. İddiaçı öz iddiasında göstərib ki, guya o, ona 35000 manatlıq nisyə gilas vermişdir. Lakin bu belə deyildir. İddiaçı qardaşı gilası yığıb soyuduculara yerləşdirərək 18 ton olan kimi ona “şirkət maşınlarından taksi kimi işləyən yük maşını tap, gilası yola salaq, pulumuzu qazanaq” demişdir. Yük maşını yol nəqliyyat hadisəsi törətdikdən sonra İddiaçı yük maşınını o tapdığına görə ziyana şərik olmadığını bildirmişdir. O, dəfələrlə İddiaçı onun özünün də 47000 manat məbləğində borca düşdüyünü bildirmişdir. Lakin ona 35000 manat ziyan olduğunu və o məbləği ondan alacağını bildirmişdir. 2019-2020-ci il tarixdə baş tutan alverdən sonra İddiaçı dəfələrlə ona deyirmiş ki, “gəl işləyək, sənin Rusiya Federasiyasında qohumların var və əlaqələrin genişdir”. O isə iddiaçıya izah etmişdir ki, 47000 manat borcu olduğu halda hamısı ondan pulun istəyir və hazırkı vəziyyəti olduqca acınacaqlıdır. Lakin İddiaçı onu dinlədikdən sonra Xaçmaz rayon Polis şöbəsinə şikayət etmişdir. Lakin Xaçmaz rayon Polis şöbəsində izahat verərkən öz izahatında göstərmişdir ki, 47000 manat ona dəyilən ziyandır ona görə ki, əlavə olaraq 13000 manat nisyə verilən maldan İddiaçı öz üzərinə yalnız 34000 manat ziyanı götürmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, onunla İddiaçı şərikliyi həm xeyirə, həm də ziyana olmuşdur. Lakin İddiaçı yalnız xeyirə şərik olur. Bu da alver aləmində yol verilməz bir haldır. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ilə 2019-2020-ci il tarixlərdə şərik işləmişdir. Bu hal iddia ərizəsində qeyd edilənlərlə də təsdiq edilmişdir. Cavabdeh iddia müddətinin ötürüldüyünü qeyd edərək məhkəmədən iddianın təmin edilməməsini və icraata xitam verilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(067)-266/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 17500 manat məbləğində borc pul, hüquqi yardıma görə ödənilmiş 160 manat və dövlət rüsumuna görə ödənilmiş 141 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2025-ci il tarixli 2(105)-980/2025 nömrəli qərardadı ilə İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddia ərizəsində 35000 manat məbləğində borc tələb edilsə də, həmin məbləğin yalnız 34000 manat hissəsi sübut edilir. Bu hal cavabdeh tərəfindən Xaçmaz rayon Polis şöbəsində verilmiş izahat və məhkəmə iclaslarındakı etirafları ilə təsdiq edilir. Hər bir halda məhsulun miqdarı və dəyəri cavabdeh tərəfindən etiraf edilmişdir və işin mübahisəsiz halıdır. Cavabdeh sadəcə bildirir ki, tərəflər arasında şəriklik münasibətləri olmuşdur, cavabdeh ziyana məruz qaldığından məbləği geri ödəməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsində də 34000 manat məbləğində məhsulun cavabdeh tərəfindən alınmasının sübut olunduğu göstərilmişdir. Həmin qətnamənin “Əsaslandırma” hissəsində şəriklik münasibətlərinin sübuta yetirilmədiyi qeyd edilsə də, qətnamənin “Nəticə” hissəsində 34000 manat məbləğin 2 hissəyə bölünməsi qərara alınmışdır. Məhsulun cavabdeh tərəfindən alınması tam olaraq sübuta yetirilmiş, şəriklik münasibətlərinin olması isə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh qeyd edir ki, 110000 manat məbləğində vəsaiti iddiaçı, 47000 manat məbləğində pul vəsaitini isə özü qoyaraq işə başlamışdırlar. Əgər tərəflər şərikdirlərsə, hansı səbəbdən tərəflər eyni və ya oxşar məbləğlər qoymamışdır?! Digər tərəfdən məhsulu Rusiya Federasiyasına daşıyan yük avtomobilini cavabdeh özü tapmışdır və Rusiya Federasiyasında məhsulun satışı ilə cavabdehin qohumu məşğul olmuşdur, iddiaçının satılan məhsulun qiyməti barədə də məlumatı olmamışdır. Məhsulun cavabdehə verilməsi ilə bağlı hər hansı sənəd mövcud olmamışdır. Çünki tərəflər arasında münasibətlər etibardan irəli gəlmişdir. Cavabdeh 180000 manat məbləğində məhsulu hissə-hissə almış, dəyərini də ödəmiş, lakin hazırkı vaxta həmin məbləğdən iddia ərizəsində tələb edilən məbləğdə, yəni 35000 manat məbləğində borc qalmışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, cavabdeh 47000 manat məbləğində pul vəsaiti qoymuş, iddaçı da həm pul vəsaiti qoymuş, həm də məhsul vermişdir. Ümumilikdə, iddiaçı təxminən 110000 manat məbləğində pul vəsaiti qoymuşdur və tərəflər birlikdə cəmi 150000 manat məbləğində dəyəri olan məhsul əldə etmişdirlər. Tərəflərin hər ikisinə 68000 manat məbləğində ziyan dəymiş və həmin ziyan hər tərəfə 34000 manat məbləğində olmaqla bölünmüşdür. Nisyə satılan məhsuldan sonradan 13000 manat məbləğində vəsait geri qayıtsa da, iddiaçı həmin vəsaitdən cavabehə hansısa ödəniş həyata keçirməmişdir. Tərəflər arasındakı mübahisə də cavabdehin həmin pul vəsaitindən ona çatası 6500 manat məbləği istəməyi ilə əlaqədar yaranmışdır. Xaçmaz rayon Polis şöbəsində verilən izahatda hadisələrin 2021-ci ilin yayında baş verdiyini qeyd etmişdir. Belə ki, hadisələr 2020-ci ildə baş vermişdir. Sadəcə olaraq, izahat yazarkən onlardan hadisənin nə vaxt baş verdiyi soruşulduğu zaman iddiaçı hadisənin 4-5 il əvvəl baş verdiyini bildirmiş, cavabdeh bu halı təsdiqləmişdir. İzahatında Fazil adlı şəxsdən 8 ton 34000 manat məbləğində dəyəri olan məhsul aldığı, ziyana düşdüyünə görə ödəyə bilmədiyi yazılsa da, bu belə deyildir. Aldığı bütün məhsulların dəyərini ödəmişdir. İddiaçı özü cavabdehdən şəriklik münasibətlərini gizli saxlanılmasını xahiş etmişdir. Eyni zamanda izahat verdiyi zaman təhqiqatçı ondan ziyanın məbləğini soruşduqda o tərəflərin hər birinə 34000 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Daha sonra isə 34000 manat məbləğin təxminən 8 ton məhsulun dəyərində olduğunu bildirmişdir. Cavadeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, 2024-cü ildə iddiaçı cavabdeh barəsində şikayətlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polis şöbəsinə müraciət etmiş və polis əməkdaşları cavabdehi xəbərsiz şöbəyə aparmışdırlar. Həmin şöbədə cavabdeh təzyiq altında izahat vermiş və həmin izahatında da iddiaçıya borcunun olduğunu bildirməmiş, şərik olduqlarını qeyd etmişdir. Cavabdehlə iddiaçı arasında alqısatqı, borc münasibətləri və ya bu münasibətləri təsdiq edən müqavilə olmamışdır. Cavadehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Xaçmaz rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Xaçmaz rayonu, Şıxlar kəndində yaşayan, İddiaçı 29 iyul 2024-cü il tarixdə Xaçmaz rayon Polis şöbəsinə müraciət edərək, 2021-ci il tarixdə Cavabdeh ondan 35000 manat dəyərində meyvə alaraq, onu aldadaraq və onun etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq etdiyini bildirmiş, həmin ərizə Xaçmaz rayon Polis şöbəsinin törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 29 iyul 2024-ci il tarixdə 2405 nömrə altında qeydiyyata alınaraq təhqiqat aparılmışdır. Həmin qərarda qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı etdiyi müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə Cavabdeh ilə aralarında olan mübahisə ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Həmin material üzrə araşdırma zamanı İddiaçı izahatında “2021-ci il tarixdə Cavabdeh ona bildirib ki, mən meyvə alveri ilə məşğul oluram və sənin də meyvən varsa, mən götürə bilərəm. Lakin həmin vaxt o, onunla razılaşmayıb. Sonradan isə Rakif onu razı sala bilib və o, onunla razılaşıb. Bu zaman o, kənd sakinlərindən 150 tondan çox meyvəni yığaraq Rakifə verib və o, meyvələri Rusiya Federasiyasına xalası oğlu Ragif adlı şəxsin yanına göndərib ki, meyvələri satsın. Sonradan Rakif meyvələri satdıqdan sonra kənd sakinlərindən yığdığı meyvələrin pulunu qaytarıb. Lakin 12 nəfər şəxsdən aldığı meyvənin pulu müxtəlif bəhanələr gətirərək qaytarmayıb ki, ziyana düşmüşəm. Sonra ona bildirib ki, mənə bir müddət vaxt ver. Həmin vaxtdan bu günə kimi isə ona olan 35000 manat borcu qalmışdır və həmin pulu müxtəlif bəhanələr gətirərək qaytarmaqdan boyun qaçırmışdır, zənglərinə cavab verməmişdir. Bunun üçün o, polisə müraciət edib ki, Ragif adlı şəxsin barəsində qanuni tədbir görülsün. Hadisə zamanı isə ona 35000 manat maddi ziyan dəydiyini bildirmişdir” bildirdiyi qeyd edilmişdir. Həmin material üzrə araşdırma zamanı Cavabdeh izahatında “2020-ci il tarixdə Xaçmaz rayonu, Şıxlar kənd sakini Fazil adlı şəxsdən 34000 manat dəyərində 8 ton meyvə aldığını, həmin vaxt meyvələri ondan aldıqdan sonra özü də nağd olaraq 10 tonluq, 47000 manat dəyərində meyvə almışdır. Həmin meyvələri aldıqdan sonra isə Rusiya Federasiyasına Həkimov Ragifə göndərib. Rusiya Federasiyasına gedən zaman yük aparan maşın yolda qəzaya uğradığı üçün göndərdiyi 18 ton meyvədən, 9 tonu tələf olub. Qalan 9 ton meyvəni isə satdıqdan sonra sürücünün xərclərini və qalan xırda xərcləri qarşıladıqları üçün ziyana düşüblər. Bundan bir müddət sonra isə Fazil ona bildirib ki, gəl birlikdə işləyək ziyanı çıxaraq. Sonra isə elə olub ki, işlər planladıqları kimi getməyib və onlar işləyərək ziyanı çıxara bilməyiblər. Bu zaman Fazil ilə bir müddət görüşməyiblər. Sonra isə ona məlum olub ki, Fazil onun barəsində polisə müraciət edib ki, mən onun 34000 manat pulunu dələduzluq yolu ilə almışam. Lakin onlar birlikdə şərik olaraq işləmişdirlər və işlər yolunda getmədiyi üçün ziyana birlikdə düşmüşdürlər” bildirdiyi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh özünün əl yazısı ilə yazdığı 29 iyul 2024-cü il tarixli izahatının məzmununda qeyd etmişdir: Mən yuxarıda göstərilən ünvanda ailə üzvlərimlə birlikdə yaşayıram. Xaçmaz rayonu, Şıxlar kənd sakini İddiaçı mənim barəmdə Xaçmaz rayon Polis şöbəsinin verdiyi ərizə ilə tanış oldum. Bildirirəm ki, 2021-ci ilin yay ayında İddiaçıla şərik olmuşam. Şərik olaraq 34000 manatlıq gilas meyvəsi almışıq, Rusiya Federasiyasına Novosibirsk şəhərində yaşayan Həkimov Raqifə göndərdik. Mal xarab çıxdığı üçün ziyan etdik. Maşın gedəndə qəza olduğu üçün şeylər maşında əzilmişdi, o səbəbdən də biz vətəndaşların meyvəsinin pulunu verə bilməmişik. Həmçinin məndə 47000 manat öz pulumu şərikliyə qoymuşam, mənim də pulum ziyana düşüb. İndi də Fazil şərikimə deyirəm ki, ziyana şərikik, lakin o mənimlə razılaşmır. Bildirir ki, mən səninlə şərik olmamışam, ziyanı tam olaraq sən ödəməlisən. Bildirir ki, mən ona qarşı dələduzluq etmişəm. İzahata başqa əlavəm yoxdur, izahatı özüm yazdım, düzgünlüyünü imzamla təsdiq edirəm. İş materiallarında olan Xaçmaz rayon Polis şöbəsindən Xaçmaz Rayon Məhkəməsinə ünvanlanmış 22 fevral 2025-ci il tarixli 3-13-79/2-6747/2025 nömrəli məktuba İddiaçı 29 iyul 2024-cü il tarixli ərizələrinin, 04 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın və material üzrə araşdırma zamanı izahatı alınmış tərəflərin izahatlarının surətləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 35000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilsə də, təqdim edilmiş sübutlarla iddianın əsaslılığı - iddiaçının iddia etdiyi kimi tərəflər arasında malların nisyə alqı-satqısı üzrə öhdəlik münasibətlərinin yaranması, cavabdehin iddiaçıdan hər hansı məbləğdə mal təhvil alması, əgər almış olduğu halda həmin mallar üzrə iddiaçıya ödəniş edəcəyi bağlı üzərinə hər hansı öhdəlik götürməsi və nəticədə iddiaçıya 35000 manat məbləğində borcunun olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Tərəflərin izahatlarının, o cümlədən Xaçmaz Rayon Məhkəməsində ifadə vermiş şahidlərin ifadələrinin qarşılıqlı təhlilindən belə aydın olur ki, iddiaçının və cavabdehin gəldikləri razılığa əsasən, onlar müxtəlif şəxslərdən nağd və nisyə qaydada gilas meyvəsi alaraq Rusiya Federasiyasına göndərilib satılması və əldə ediləcək qazancın qoyduqları maya həddində bölüşdürülməsi barədə razılığa gəlmişdirlər. Yəni tərəflər arasında iddiaçının satıcı, cavabdehin alıcı qismində iştirak etdiyi alqı-satqı münasibətləri yaranmamışdır. Onlar, sadəcə olaraq birgə razılıq əsasında müxtəlif şəxslərdən mal əldə etmiş, hər biri 18 ton miqdarında olmaqla iki yük avtomobili malı Rusiya Federasiyasına göndərmişlər. İşin mübahisələndirilməyən halı bundan ibarətdir ki, cavabdeh 47000 manat məbləğində, iddiaçı isə təxminən 110000 manat məbləğində maya qoymuş, cəmi təxminən 160000 manat məbləğində malı satılması üçün Rusiya Federasiya göndərmişlər. Bu hal məhkəmə iclasında izahat vermiş cavabdeh və iddiaçının nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı cavabdehin ona 35000 manat məbləğində borcunun olması barədə hər hansı sübut təqdim etməmişdir. Onun əsaslandığı yeganə sənəd Xaçmaz rayon Polis Şöbəsində aparılmış tədqiqat zamanı cavabdehin verdiyi izahatdır. Belə ki, qətnamənin “İş materialları:” hissəsində istinad edilən 04 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmişdir ki, Cavabdeh izahatında 2020-ci il tarixdə Xaçmaz rayonu, Şıxlar kənd sakini Fazil adlı şəxsdən 34000 manat dəyərində 8 ton meyvə aldığını, həmin meyvələri aldıqdan sonra isə Rusiya Federasiyasına Ragif Həkimova göndərdiyini, yük aparan maşın yolda qəzaya uğradığı üçün göndərdiyi 18 ton meyvədən 9 tonun tələf olduğunu, qalan 9 ton meyvəni isə satdıqdan sonra sürücünün xərclərini və qalan xırda xərcləri qarşıladıqları üçün iddiaçı ilə birlikdə ziyana düşdüklərini bildirmişdir. Eyni zamanda qətnamənin “İş materialları:” hissəsində istinad edilən Cavabdeh özünün əl yazısı ilə yazdığı 29 iyul 2024-cü il tarixli izahatının məzmununda isə cavabdeh 2021-ci il yay ayında İddiaçıla şərik olduğunu, şərik olaraq birlikdə 34000 manat dəyərində gilas meyvəsi aldıqlarını, məhsulları Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayan Ragif Həkimova göndərdiklərini, mal xarab çıxdığı üçün ziyan etdiklərini, özünün şərik kimi qoyduğu 47000 manat məbləğində pulunun da ziyana düşdüyünü, İddiaçı şərik olduqlarını bildirsə də, iddiaçının onunla razılaşmadığını bildirmişdir. Göründüyü kimi, əgər hazırkı iddianın əsasında cavabdehin polis şöbəsində verdiyi izahat durursa, cavabdeh 29 iyul 2024-cü il tarixdə iki dəfə izahat vermiş, bilavasitə öz xətti ilə yazmış olduğu izahatında iddiaçı ilə birlikdə şərik olaraq mal aldıqlarını bildirmiş, iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını, özünün də ziyana uğradığını qeyd etmişdir. Komputer vasitəsilə yazılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara köçürülmüş izahatında isə 2020-ci il tarixdə Xaçmaz rayonu, Şıxlar kənd sakini Fazil adlı şəxsdən 34000 manat dəyərində 8 ton meyvə aldığı qeyd edilmişdir. Cavabdeh məhkəmə iclasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş izahatının “2020-ci il tarixdə Xaçmaz rayonu, Şıxlar kənd sakini Fazil adlı şəxsdən 34000 manat dəyərində 8 ton meyvə aldığı ilə bağlı” hissəsinə münasibətdə qeyd etmişdir ki, izahat verən zaman qeyd edilən məzmunda ifadə işlətməmişdir. Təhqiqatçı ondan ziyanın məbləğini soruşduqda o tərəflərin hər birinə 34000 manat məbləğində ziyan dəydiyini, daha sonra isə 34000 manat məbləğin təxminən 8 ton məhsulun dəyərində olduğunu bildirmişdir. Yuxarıda göstərildiyi kimi, işin mübahisələndirilməyən halı cavabdeh 47000 manat məbləğində, iddiaçı isə təxminən 110000 manat məbləğində maya qoymaqla, malları satılması üçün Rusiya Federasiya göndərməsindən ibarətdir. Belə olduğu halda, cavabdehin hansı əsasla iddiaçıya 35000 manat məbləğində borcunun olması qeyrimüəyyəndir, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir, ifadə vermiş şahidlər bu halı təsdiq etməmişlər, iddiaçının istinad etdiyi cavabdehin Xaçmaz rayon Polis Şöbəsində verdiyi izahatlar isə bu halı təsdiq etmir. Əgər həmin izahatlara istinad edilməlidirsə, cavabdehin öz əlyazması ilə bilavasitə özünün yazdığı izahatı daha mötəbər hesab edilməlidir və həmin izahatda iddiaçının istinad edilən dəlili təsdiqlənmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, 35000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə tələb təmin edilməməlidir. Bundan başqa, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pulun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-1818/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1818/2025
21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver