Məhkəmə qərarları › İş №2-2(119)-185/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-185/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-185/2024 13.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “pulun tutulması” tələbi barədə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 08 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “pulun tutulması" tələbi barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək 20800 (iyirmi min səkkiz yüz) manat məbləğində borcun, 1456 (min dörd yüz əlli altı) manat məbləğində faiz borcunun və 157 (yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 51000 manat dəyərində müxtəlif çeşiddə olmaqla meyvə-tərəvəzlərin qablaşdırılaraq saxlanılması üçün istifadə edilən yeşiklər satmış, cavabdeh həmin puldan 30200 manatını qaytarsa da, 20800 manat məbləğində borcunu qaytarmamışdır. Bu barədə müraciəti əsasında Quba Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı cavabdeh 13700 manat borcunun olmasını etiraf etmiş, lakin hazırkı vaxtadək hər hansı borc məbləğini ona qaytarmamışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2(027)-1254/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 20800 manat məbləğində pulun, həmçinin 157 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 2(105)- 1823/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə münasibətləri Nazim adlı şəxsə məxsus yeşiklərin sürücü kimi onun tərəfindən “Kamaz Fura” və “Mercedes Atego” markalı yük avtomobilləri vasitəsilə cavabdehin Quba rayonunda yerləşən mağazasına aparması ilə başlamış, cavabdeh meyvə-tərəvəz sezonu olduğundan yeşik tapılmadığını, 30000 manat məbləğində alacağı olduğunu, yeni yeşiklər almaq istədiyini bildirdikdə, o, cavabdehə həmin yeşiklərdən satmasını təklif etmiş, cavabdeh onunla razılaşmış, əvvəl şərik olaraq işləmək istəsələr də, bu baş tutmamış, satılan hər yeşiyə görə ona 5 qəpik verilməsi şərti ilə razılaşmışlar. Bundan sonra, özü yeşiklər alıb cavabdehə göndərməyə başlamışdır. Yeşiklərin bəzilərini nağd qaydada, bəzilərini isə nisyə olaraq almış, yol xərci və malların boşaldılmasına görə fəhlə pulu malın qiymətinin üzərinə əlavə edilmişdir. Göndərdiyi yeşiklər 3-4 çeşiddə olmuş, hər çeşid yeşiyin qiyməti müxtəlif olmuşdur. Sözügedən yeşiklərin əksəriyyətini "xxxx" şirkətindən, bir qismini isə başqa bir sexdən almış, "xxxx" şirkətindən aldığı mallara görə hesab-faktura sənədi tərtib edilsə də, sexdən aldığı mallara görə hər hansı sənəd tərtib edilməmişdir. "xxxx" şirkətindən aldığı mallara görə hesab-faktura sənədlərinin əslini təqdim edə bilmir, həmin sənədlər hazırda onda olmasa da, cavabdehə malları göndərərkən həmin sənədləri də göndərmiş, digər nüsxəsi isə şirkətin özündə saxlanılmaqdadır. Həmin sənədlərin iş materiallarına əlavə edilmiş surətlərini isə "xxxx" MMC-dən əldə etmiş, həmin şirkətə yeşiklərə görə 15400 manat məbləğində borcu vardır. Cavabdehə göndərdiyi mallara görə "xxxx" MMC-yə etdiyi ödənişlərin qəbzlərini isə saxlamamışdır. İş materiallarına əlavə edilmiş hesab-fakturalarda qeyd olunan mallar yalnız cavabdehə göndərilmişdir. "xxxx" MMC-yə məxsus hesab-fakturalardakı rəqəmlərin cəmi cavabdehə verilən malların dəyərini təşkil etmir, çünki onlardan başqa 3 partiya da başqa sexdən mal alıb cavabdehə göndərmişdir. Ümumiyyətlə, cavabdehə göndərdiyi mallar 15-16 reysdən çox olmaqla ümumi dəyəri 51000 manat məbləğində olmuş, bu müddətdə cavabdeh cəmi bir dəfə ona məlumat vermişdir ki, 1 maşın yeşik tozludur, o da cavabdehə yeşikləri yuduzdurmasını və bunun xərcinin pulundan çıxmasını demiş, göndərdiyi mallarda başqa qüsur olmamış, cavabdeh də bu barədə ona məlumat verməmişdir. Cavabdeh malları hissə-hissə göndərdikcə, göndərilən malların bir qisminin pulunu ona məxsus bank kartına göndərmiş, o isə cavabdehə göndərdiyi malların sayını, çeşidini və hər partiya üzrə qalıq borcunun miqdarını özünün tərtib etdiyi dəftərə qeyd etmişdir. Aralarında hər hansı yazılı müqavilə bağlanmamış, eyni zamanda tərtib etdiyi həmin dəftərlə cavabdeh tanış olsa da, dəftərdə hər hansı imzası və ya digər qeydi olmamışdır. Cavabdeh “Whatsapp” proqramı vasitəsilə ödəniş qəbzlərini ona göndərdikcə, həmin qəbzlər əsasında dəftərdə qeydlər aparmış, hətta bəzi ödənişlərin qəbzini cavabdeh ona göndərməsə belə, o, həmin ödənişləri də nəzərə alıb dəftərə müvafiq qeydlər etmişdir. Cavabdehə hər dəfə zəng vurub malların çatıb-çatmadığını soruşmuş, lakin aralarında qarşılıqlı üzləşmə aktı tərtib edilməmiş, buna səbəb həm vaxt çatışmazlığı, həm də ki, işin məhkəmədə həll ediləcəyini qətiyyən düşünməməsi olmuşdur. Mallar göndərildikcə, cavabdehlə telefon vasitəsilə danışmış, borcu qaytarmadıqda, cavabdehin işlədiyi mağazaya getmiş və qeyd edilən dəftəri də özü ilə aparmış, haqq-hesab edərkən cavabdeh iddia tələbində qeyd olunan məbləğdə borcunun olduğunu bildirmişdir. Hesabatın yekunu olaraq cavabdeh 19090 manat pul və qalan pulun dəyərində yeşikləri geri qaytarmalı olmuş, həmin yeşikləri götürmək istəsə də, sonradan onları tapa bilməmişdir. Cavabdeh özü də hər dəfə qaimələrin evdə olduğunu, sonra hesabat etmələrini demişdir. Borcunu tələb etdikdə, cavabdeh ona hər dəfə müxtəlif şəxslərdən alacağının olduğunu, ona verdiyi malını geri istəyəndə isə müxtəlif bəhanələrlə malı geri qaytarmaqdan yayınmışdır. Həmin dövrdə cavabdehdən əlavə, digər şəxslərə də müəyyən miqdarda yeşik satmış, həmin şəxslər nağd formada malın pulunu ödəmişlər. "xxxx" MMC-dən hesab fakturalarla götürdüyü malları cavabdehdən başqa, digər şəxslərə satmamış, digər şəxslərə göndərdiyi malların qaimələri ilə cavabdehə göndərdiyi malların qaimələri fərqlidir. Bundan əlavə, iddiaçı cavabdehin malların keyfiyyətsiz olması barədə göstərdikləri ilə bağlı bildirdi ki, həmin mallar keyfiyyətsiz olmamışdır, cavabdeh cəmi bir dəfə ona zəng edib bildirmişdir ki, bir maşın malın bir hissəsi tozludur, o, cavabdehə həmin malları yuduzdurmasını, xərci nədirsə, ödəyəcəyini desə də, sonradan cavabdeh bununla əlaqədar ondan pul tələb etməmişdir. Cavabdehin malları ucuz qiymətə satmasına dair bildirdiyi fikirlə bağlı qeyd etdi ki, həmin dövrdə yeşiyə tələbat böyük olmuş, ikinci əl yeşiklərin qiyməti də yüksək olmuş, onun cavabdehə göndərdiyi yeşiklər isə təzə olmuşdur. Cavabdehin onun xahişi ilə polis şöbəsində borcu etiraf etməsi barədə göstərdikləri ilə bağlı bildirdi ki, bu tamamilə yalandır, cavabdehlə aralarında belə bir razılaşma olmamışdır. İddiaçı göstərdiklərinin nəzərə alınaraq məhkəmədən 20800 manat məbləğində pulun, həmçinin 157 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 06 mart 2024-cü il tarixində keçirilmiş hazırlıq iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Quba rayonunda meyvə-tərəvəzlərin saxlanılması üçün istifadə edilən yeşiklərin satışı ilə məşğul olmuş, iddiaçı yük avtomobili ilə ona yeşik gətirmiş, münasibətləri bununla əlaqədar yaranmış, daha sonra iddiaçı ona birlikdə işləməyi təklif etmiş, o da razılıq vermişdir. İddiaçıdan 2 maşın mal aldıqdan sonra göndərdiyi digər partiyalardakı mallar keyfiyyətsiz olmuş, həmin yeşikləri Rusiya Federasiyasının bazarı üçün satmalı olmuş, lakin qeyd etdiyi səbəbdən onlar satılmamış, bu barədə iddiaçının özünə dəfələrlə bildirmişdir. İddiaçı ona əvvəlcə yeşiklərin onda qalmasını və gəlib götürəcəyini demiş, daha sonra isə aşağı qiymətə satmasını bildirmiş, o da həmin yeşikləri başqa kəndə paylayaraq satmışdır. İddiaçı tərəfindən ona verilən yeşiklərin hamısını satmış, ümumilikdə 30200 manat məbləğ olmuş, o, həmin məbləğin hamısını iddiaçıya göndərmiş, həmçinin aylıq 500 manat mağazanın icarə haqqı, işçi pulları və s. kimi xərclər çəkmişdir. İddiaçıdan alıb digər şəxslərə satdığı yeşiklərə dair qəbzləri yoxdur, o cümlədən iddiaçıdan aldığı mallara görə qaimələri evdə axtarmalıdır. İddiaçının tərtib etdiyi və iş materiallarına əlavə edilmiş dəftərdəki rəqəmlərlə tanış olmasını xatırlamır. İddia tələbində qeyd edilən məbləğdə borcunun olması ilə heç vaxt razılaşmamışdır. Onun iddiaçıya 2000 ABŞ dolları, yəni 3400 manat məbləğində borcu vardır. Bu borcu qaytarmaq fikri var, lakin hazırda maddi vəziyyəti buna imkan vermir. O, iddiaçının şikayəti ilə polis şöbəsində izahat verərəkən iddiaçı ona borcunu 10000 manatdan yuxarı məbləğ kimi qeyd etməsini, həmin sənədi şirkətə göstərməli olduğunu demiş, o da bununla əlaqədar iddiaçıya 13700 manat məbləğində borcunun olması barədə izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı və cavabdeh arasında şərikli ticarət münasibəti olmuş, iddiaçının göndərdiyi malları cavabdeh satmışdır. Xarici ölkələrə göndərilən məhsullar həmin yeşiklərə yığılmış, yeşiklər dözümsüz olduğuna görə məhsullar zay olmuş, məhsul sahibləri dəymiş ziyanı cavabdehdən tələb etmişlər. Bununla da cavabdehin müştəri bazası azalmışdır. Cavabdeh iddiaçıdan yeşiklər keyfiyyətsiz olduğuna görə geri götürməsini xahiş etsə də, iddiaçı malları aşağı qiymətə daxili bazarda satmağı təklif etmiş, həmin qiymət qarşılıqlı şəkildə razılaşdırılmış və ilkin razılaşdırılmış məbləğdən daha aşağı olmuşdur. Bu satışdan əldə etdiyi pulu cavabdeh iddiaçıya vermiş və iddiaçıya borcu qalmamışdır. İddiaçı şirkətə borcu olduğu üçün cavabdehə polisə şikayət edəcəyini, izahatında iddiaçıya borcunun olduğunu yazmasını xahiş etmiş və bildirmişdir ki, həmin izahatı o, şirkətə göstərəcək və növbəti dəfə mal alıb-satanda bu barədə aralarında hesabat edərlər. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alaraq iddianın qismən təmin edilməsini, iddianın 3000-4000 manat aralığında olmaqla, yəni cavabdehin borcunu etiraf etdiyi məbləğdə təmin edilərək həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Polis Şöbəsindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti əsasında həmin polis şöbəsində araşdırma aparılmış və qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan müraciətinə baxılması dayandırılmış, eyni zamanda ona məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması izah edilmişdir. İş materiallarında olan cavabdehin Quba Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatının məzmunundan görünür ki, cavabdeh iddiaçı ilə plastmas yeşik ticarəti etdiyini, iddiaçının ona 51000 manat dəyərində yeşik verdiyini, o da yeşikləri sataraq pulunu ona verdiyini, hazırda ona 13700 manat dəyərində borcunun olduğunu, ona olan borcunu iyul və avqust aylarında qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında meyvə-tərəvəzlərin qablaşdırılması üçün istifadə edilən yeşiklərin nisyə satışına dair şifahi formada alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə münasibətləri üzrə satıcı qismində iştirak edən iddiaçı həmin malları yük avtomobili vasitəsilə bir neçə partiya olmaqla müxtəlif vaxtlarda satması üçün cavabdehə göndərmiş, cavabdeh isə həmin malları qəbul edərək Quba şəhərində yerləşən mağazada satmağa başlamış və satışdan əldə edilən vəsait hesabına iddiaçıya müxtəlif məbləğlərdə pul vəsaiti göndərmişdir. Tərəflər arasında hər hansı yazılı müqavilə bağlanılmamış, malın təhvil verildiyini təsdiq edən təhvil-təslim aktı və ya buna bənzər hər hansı sənədlər tərtib edilməmiş, aralarında rəsmi qaydada hesabatlılıq aparılmamış, onların hər ikisinin şifahi izahatlarına əsasən göndərilən malların dəyəri 51 min manatdan bir qədər çox olmuş, təhvil aldığı mallara görə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüş cavabdeh öhdəliyini lazımınca yerinə yetirməyərək həmin malların dəyərini tam ödəməmişdir. İşin mübahisəli halı olan cavabdehin iddiaçıya olan borcunun məbləği barədə məhkəmə müəyyənləşdirmişdir ki, iddiaçı tərəfindən iddia tələbində cavabdehin məhz 20800 manat məbləğində borcunun olması barədə göstərdikləri iş materialları ilə sübut olunmamaqdadır. Belə ki, iddiaçının istinad etdiyi və iş materiallarına əlavə edilmiş dəftər onun özü tərəfindən tərtib edilmiş, həmin dəftərdə cavabdehin hər hansı imzası və ya digər qeydi aşkar olunmamış, əlavə olaraq iddiaçı həmin dəftərlə cavabdehin tanış olduğunu bildirsə də, bu cavabdeh tərəfindən təsdiq edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında dinlənilərək tədqiq edilmiş bir ədəd diskdə olan səs yazıları iddiaçı və cavabdehin “Whatsapp” platforması vasitəsilə danışıqlarından ibarət olmuş və tədqiqat zamanı həmin səs yazılarında borcun yekun miqdarı barədə danışıqlar aşkar edilməmişdir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş çoxsaylı hesab-fakturaların surətləri ilə bağlı məhkəmə Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi baxımından qiymətləndirmə apararaq hesab edir ki, həmin sənədlər mötəbər hesab edilə bilməz. Belə ki, həmin Məcəllənin istinad edilən maddəsinə əsasən, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən, həmin sənədlərdə göstərilən mallar, iddiaçının özünün də göstərdiyi kimi cavabdehə göndərilən malların tam siyahısı deyil və cavabdehə həmin sənədlərdə göstərilənlərdən savayı, başqa mallar da göndərilmişdir. Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş çoxsaylı ödəniş qəbzlərinə gəldikdə, həmin qəbzlərdə əks edilənlər göndərilən mallara görə cavabdeh tərəfindən edilmiş ödənişləri göstərir və iddiaçının göstərdiyinə görə, cavabdeh həmin qəbzlərdə göstərilənlərdən savayı bir neçə əlavə ödənişlər etsə də, sonuncu tərəfindən qəbzlər ona göndərilməmişdir. Bu səbəbdən həmin qəbzlərdə göstərilən məbləğlərin cəmi cavabdeh tərəfindən göndərilən mallara görə edilən ödənişlərin yekun məbləği kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, cavabdehin məhkəmə iclasındakı izahatında iddiaçıya təxminən 3400 manat məbləğində borcunun olması barədə qeyd etdiklərini, həmçinin iddiaçının şikayəti əsasında Quba Şəhər Polis Şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında “İddiaçı ilə plastmas yeşik alveri etmişəm. İddiaçı mənə 51000 manat dəyərində yeşik vermiş, mən də yeşikləri sataraq pulunu ona vermişəm, hazırda mənim ona 13700 manat borcum var, ona olan borcumu iyul və avqust aylarında qaytaracağam” göstərməsinin səbəbi barədə onun özünün və nümayəndəsinin göstərdiklərini məhkəmə inandırıcı hesab etmir, bunları mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi güddüyü qənaətinə gəlir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya borcunun mövcud olması cavabdehin özü tərəfindən də inkar edilmədiyindən, o cümlədən iddiaçı tərəfindən iddia tələbində cavabdehin ona məhz 20800 manat məbləğində borcunun olması barədə göstərdikləri yuxarıda şərh edilənlərə əsasən öz təsdiqini tapmadığından iddia tələbinin cavabdehdən 20800 manat məbləğində pulun tutulması hissəsi qismən təmin edilməli, 13700 manat məbləğində borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 1456 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iddiaçı məhkəmə iclasında verdiyi izahatda iddia tələbini həmin hissədə müdafiə etmədiyini göstərmişdir. Bunlardan əlavə, iddia tələbinin 157 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasına aid hissəsinə gəldikdə, hazırkı iddia tələbinin təmin edilmiş hissəsinə (13700 manat) mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən 131,1 manat təşkil edir və bununla əlaqədar Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 157 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə mütənasib olaraq hesablanmış 131,1 manatlıq hissəsinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13700 manat məbləğində borc və ödənilmiş 131.1 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 13831,1 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddələrinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13700 (on üç min yeddi yüz) manat məbləğində borc və ödənilmiş 131,1 (yüz otuz bir manat, on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 13831,1 (on üç min səkkiz yüz otuz bir manat, on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar