Məhkəmə qərarları › İş №2-2(119)-1993/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1993/2021

24.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1993/2021 24.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 17.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol əsasında onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə edilməsinə dair 26.11.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə kağız daşıyıcıda 22.12.2021-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin dəftərxanasına daxil olmuş və 2-2(119)- 1993/2021 nömrəsi ilə kommersiya mübahisəsi üzrə iş kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizədə qeyd edilən mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki- Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 1-ci maddəsinin qeyd hissəsinə əsasən isə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Lakin, ərizənin məzmunundan göründüyü kimi, ərizədə qeyd edilən mübahisə kommersiya mübahisəsi deyil, inzibati xətaya dair qərarla bağlı mübahisədir. Belə ki, ərizədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilir. İnzibati xətaya dair işlər üzrə icraat qaydası, o cümlədən inzibati xəta haqqında iş üzrə qərardan şikayət hüququ ilə bağlı münasibətlər isə Mülki-Prosessual Məcəllə ilə deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (maddə 1 və maddə 128) ilə tənzimlənir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Beləliklə, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində deyil, inzibati xətaya dair iş üzrə icraat qaydasında baxılmalı olduğundan ərizənin qəbulundan imtina edilməlidir. Ərizə müəllifinə izah edilir ki, qeyd edilən mübahisə ilə bağlı İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2., 153.2.1 və 153.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsinin qəbul edilməsindən imtina edilsin. İzah edilsin ki, qeyd edilən mübahisə ilə bağlı İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edilə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar