Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-2034/2025 03.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1811,2 (min səkkiz yüz on bir manat iyirmi qəpik) manat məbləğində pulun və 50,4 (əlli manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 noyabr 2024-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında video görüntü vasitəsi ilə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən “X1” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil gündəlik 30 manat ödəmək şərti ilə Cavabdeh icarəyə verilmişdir. Video görüntü vasitəsi ilə bağlanmış icarə müqaviləsində Cavabdeh sözügedən nəqliyyat vasitəsinin saz vəziyyətdə olduğunu qəbul edərək istifadəsində olduğu müddət ərzində avtomobilə dəyə biləcək hər hansı zərərin ödənilməsini öz üzərinə götürmüşdür. Cavabdeh icarəyə götürdüyü “X1” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil yarasız hala düşmüşdür. "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilmiş və bu məqsədlə qüsur aktı tərtib edilərək yol nəqliyyat hadisəsi zamanı avtomobilə vurulan maddi zərərin məbləğinin 600 (altı yüz) manat olduğu müəyyən edilmişdir. Bundan başqa, avtomobil 38 gün Cavabdeh istifadəsində olmuş və buna görə də iddiaçıya 1140 (min yüz qırx) manat məbləğində maddi zərər dəymişdir. Həmçinin “X1” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu müddət ərzində, yəni 04 dekabr 2024-cü il tarixdə İXM-nin 346-1.1-ci maddəsinə əsasən 50,8 manat məbləğində, 09 dekabr 2024-cü il tarixdə isə İXM-nin 327.1-ci maddəsinə əsasən 20,4 manat məbləğində cərimə edilmişdir. Cavabdeh yuxarıda qeyd olunan maddi zərərin əvəzini və cərimələri ödəməkdən yayındığına görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2(012)-4000/2025 nömrəli qərardadına əsasən işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. İddiaçı nümayəndəsi Nümayəndə 19 noyabr 2025-ci il tarixdə məhkəməyə “iddia tələbənin dəqiqləşdirilməsi barədə” ərizə verərək Cavabdeh “X1” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan 600 (altı yüz) manat məbləğində maddi zərərin, 360 (üç yüz altmış) manat məbləğində icarə haqqının, cavabdeh tərəfindən ehtiyyat hissəsinin təqdim edilməməsi səbəbindən avtomobilin təmirdə qaldığı müddət ərzində 780 (yeddi yüz səksən) manat məbləğində pul vəsaitinin, İXM-nin 346-1.1-ci maddəsinə əsasən 20,4 (iyirmi manat qırx qəpik) manat məbləğində cərimə, İXM-nin 327.1-ci maddəsinə əsasən 50,8 (əlli manat səksən qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1811,2 (min səkkiz yüz on bir manat iyirmi qəpik) manat məbləğində pulun və 50,4 (əlli manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini, iddia tələbənin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbənin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
İş materialları:
9. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 14 noyabr 2024-cü il tarixdə videoçəkiliş vasitəsi ilə bağlanmış müqaviləni əks etdirən görüntülərdə Cavabdeh “X1” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili tam işlək vəziyyətdə təhvil-təslim edərək qəbul etdiyini, eyni zamanda avtomobil icarədə olduğu müddət ərzində onu qorumağı və başqa şəxslərə verməməyi öz öhdəsinə götürdüyünü bildirmişdir. Videoçəkilişdə həmçinin cavabdeh onun istifadəsində olduğu müddət ərzində avtomobilə dəyən zərəri ödəyəcəyini bildirmişdir.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 15 yanvar 2025-ci il tarixli aktdan görünür ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 300 manat məbləğində, təmir-usta işlərinin qiyməti 300 manat məbləğində (150 manat rəngsaz və 150 manat dəmirçi) olmaqla, “X1” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərci 600 manat məbləğində müəyyən edilmişdir.
11. İş materiallarında olan 01 sentyabr 2025-ci il tarixli maliyyə arayışlarında qeyd olunmuşdur ki, 13 dekabr 2024-cü il tarixdən 24 dekabr 2024-cü il tarixədək “X1” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsinə görə Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Həmin avtomobilin icarəsinə görə Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində icarə haqqı borcu yaranmışdır.
12. İş materiallarından görünür ki, Cavabdeh **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmiş, həmçinin həmin cəriməyə 10,8 manat məbləğində dəbbə pulu hesablanmışdır.
13. İş materiallarından görünür ki, Cavabdeh **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə edilmiş, həmçinin həmin cəriməyə 0,4 manat məbləğində dəbbə pulu hesablanmışdır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
21. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
24. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi:
25. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 14 noyabr 2024-cü il tarixdə videokonfrans vasitəsi ilə icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında “X1” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Lakin cavabdeh müəyyən olunmuş icarə haqqını tam ödəməmiş, həmçinin avtomobil iddiaçıya təhvil verilərkən sözügedən avtomobilə keçirilmiş baxış nəticəsində nəqliyyat vasitəsində qüsurlar aşkarlanmışdır. Bununla əlaqədar 15 yanvar 2025-ci il tarixli akt tərtib edilərək avtomobilə dəymiş zərərin 600 manat məbləğində olması müəyyən edilmişdir.
26. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən “X1” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 noyabr 2024-cü il tarixdə texniki cəhətdən saz vəziyyətdə Cavabdeh təhvil verilmiş, lakin sonuncu həmin nəqliyyat vasitəsini qəzalı vəziyyətdə iddiaçıya geri qaytarmışdır.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 600 (altı yüz) manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi hissəsində iddia təmin edilməli, avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərəkən "xxxx" MMC tərəfindən tərtib edilmiş 15 yanvar 2025-ci il tarixli akt əsas götürülməli və avtomobilin ehtiyat hissələrinin qiyməti 300 manat məbləğində, təmir-usta işlərinin qiyməti 300 (150 manat rəngsaz və 150 manat dəmirçi) manat məbləğində olmaqla, 600 (altı yüz) manat məbləğində müəyyən edilməlidir.
28. İddia tələbinin 360 (üç yüz altmış) manat məbləğində icarə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında avtomobilin gündəlik icarə haqqı 30 manat məbləğində müəyyən edilmişdir. 01 sentyabr 2025-ci il tarixli maliyyə arayışda isə 13 dekabr 2024-cü il tarixdən 24 dekabr 2024-cü il tarixədək “X1” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadəyə görə Cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyi qeyd olunmuşdur. Odur ki, iddia tələbi bu hissədə də təmin edilərək cavabdehdən 360 (üç yüz altmış) manat məbləğində icarə haqqı alınaraq iddiaçıya ödənilməlidir.
29. İddia tələbinin 71,2 (yetmiş bir manat iyirmi qəpik) manat məbləğində ödənilmiş cərimənin əvəzinin alınaraq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə iddia bu hissədə də təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh adına İXP seriyalı ******* nömrəli protokol (həmin protokol üzrə 50,8 manat məbləğində cərimə) və AYN seriyalı ******* nömrəli protokol (həmin protokol üzrə 20,4 manat məbləğində cərimə) tərtib edilmiş və həmin protokollar əsasında hesbalanmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda, hər iki protokol üzrə ödənilmiş ümumilikdə 71,2 (yetmiş bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
30. İddia tələbinin cavabdeh tərəfindən ehtiyyat hissəsinin təqdim edilməməsi səbəbindən avtomobilin təmirdə qaldığı müddət ərzində 780 (yeddi yüz səksən) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir.
31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. İstinad edilənlərə əsasən hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30,31 (otuz manat otuz bir qəpik) manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 600 (altı yüz) manat məbləğində maddi ziyan, 360 (üç yüz altmış) manat məbləğində icarə haqqı, 71,2 (yetmiş bir manat iyirmi qəpik) manat məbləğində ödənilmiş cərimənin əvəzi və 30,31 (otuz manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1061,51 (min altmış bir manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində maddi ziyan, 360 (üç yüz altmış) manat məbləğində icarə haqqı, 71,2 (yetmiş bir manat iyirmi qəpik) manat məbləğində ödənilmiş cərimənin əvəzi və 30,31 (otuz manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1061,51 (min altmış bir manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev