Məhkəmə qərarları › İş №2-2(119)-2361/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-2361/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-2361/2025 18.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 6650,11 (altı min altı yüz əlli manat, on bir qəpik) manat məbləğində əsas bоrc, 298,26 (iki yüz doxsan səkkiz manat, iyirmi altı qəpik) manat məbləğində faiz bоrcu, 106,49 (yüz altı manat, qırx doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7054,86 (yeddi min əlli dörd manat, səksən altı qəpik) manat məbləğində bоrcun və 90,95 (doxsan manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 avqust 2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 7500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 avqust 2025-ci il tarixinə iddiaçıya 6650,11 manat məbləğində əsas, 298,26 manat məbləğində faiz borcu, 106,49 manat məbləğində cərimə olmaqla, cəmi 7054,86 manat məbləğində borcu yaranmışdır. Bununla əlaqədar cavabdehlərlə mübahisənin pretenziya qaydasında nizama salınması həllinə dair cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh1 nümayəndəsi 08 oktyabr 2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC Cavabdeh1 kredit müqaviləsi üzrə 6650,11 manat əsas borc və 298,26 manat faiz borcunun ödənilməsini tələb edir. Halbuki, cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya təqribən 3000 manat məbləğində ödəniş etdiyini və qalıq əsas borcunun az olmalı olduğunu bildirir. Həmçinin iddia ərizəsində 30 avqust 2024-cü il tarixli kredit müqaviləsindən bəhs edilsə də, iddianın əlavələrindən 12 iyun 2023-cü il tarixli kredit müqaviləsinin olduğu və həmin müqavilə üzrə borc məbləğinin 5000 manat olduğu görünür. İş materiallarında 30 avqust 2024-cü il tarixinə aid kredit müqaviləsi mövcud deyildir. Eyni zamanda, ödənilmiş və qalıq borc məbləğinə dair də ətraflı məlumat (arayış) müqaviləyə istinad edilməklə məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçının istinad etdiyi sənədlərin iddiaçıdan tələb olunmasını, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini və ekspert qarşısında “ Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə olan əsas borcunun və faiz borcunun məbləği nə qədərdir?”sualının qoyulmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2(077)-385/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş və iddiaçı “X1" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə əlaqədar icraatın dayandırılması qərara alınmışdır. Şuşa Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli 2(077)-385/2025 nömrəli qərardadı ilə iddiaçı “X1" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Şuşa Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli 2(077)-385/2025 nömrəli qərardadı ilə iddiaçı “X1" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işin məhkəmə aiddiyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı “X1" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 1852micBKX/23-EM nömrəli əsas kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcverən (iddiaçı) borcalana (cavabdehə) 300000 manat məbləğində, illik maksimum 32 faiz (maksimum faktiki illik faiz dərəcəsi 32 faiz olmaqla), minimum 1 ay, maksimum 120 ay müddətinə, 12 iyun 2033-cü il tarixinədək müddət ərzində, Azərbaycan manatı ilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə və bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri ilə kreditlər sahibkarlıq fəaliyyəti ilə bağlı verilir və hər bir kreditin məbləği, müddəti, illik faizi, faktiki illik faiz dərəcəsi, aylıq ödənişin müddəti və aylıq ödənişin məbləği, kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, kreditin qaytarılma şərtləri və digər şərtlər bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri ilə müəyyən olunur. Bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə kredit müqavilələrində bu əsas kredit müqaviləsinin tarixi və nömrəsi qeyd olunur. Əlavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz dərəcəsi daha az müəyyən oluna bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, əlavə kredit müqavilələri üzrə komissiya kredit məbləğinin maksimum 3 faizi həcmində müəyyən olunur. Borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə borcverən borcun (əsas və/və ya faiz borcu) gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən borc (əsas və/və ya faiz borcu) məbləğinin illik 40 faizi həcmində cərimə tətbiq edə bilər. Bu müqavilənin və/və ya əlavə kredit müqavilələrinin şərtləri borcalan tərəfindən pozulduğu halda borcalandan tutulan cərimənin maksimal həcmi bu müqavilə ilə müəyyən olunur. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən, borcverən əlavə kredit müqavilələri üzrə verilən kredit məbləğini borcalanın bankda olan cari bank hesabına köçürür. Hər bir əlavə kredit müqaviləsi üzrə verilən kredit məbləğinin 15000 manatadək (15000 manat daxil olmaqla) hissəsini borcalanın bankda olan cari bank hesabı vasitəsilə Borcalanın Bankda olan kart hesabına (bu hesabdan və kartdan yalnız kredit məbləğinin məxarici üçün istifadə edilir) köçürür, lakin bu zaman hər bir ay üzrə bütün əlavə kredit müqavilələri üzrə ayrılan kreditin ümumi məbləğinin 15000 manatından çox olmayan hissəsi borcalanın bankda olan kart hesabına köçürülür. Borcalanın borcverən tərəfindən verilən kredit vəsaitinin köçürüldüyü kart hesabına aid olan ödəniş kartının nömrəsi bu müqavilə çərçivəsində verilən əlavə kredit müqavilələri üzrə borcalanı eyniləşdirmək üçün də istifadə olunur. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən, bu müqavilə çərçivəsində bağlanan birinci əlavə kredit müqaviləsindən sonra növbəti əlavə kredit müqavilələri SMS vasitəsilə bağlanılır və tərəflərin qarşılıqlı razılığı ilə SMS imzanın analoqu hesab olunur. Borcalan tərəfindən təqdim edilən mobil nömrədən edilən yazışmalar, göndərilən SMS-lər borcalan tərəfindən göndərilmiş hesab olunur və bununla bağlı məsuliyyət borcalanın üzərində qalır. Borcalanın mobil telefon nömrəsi dəyişdikdə borcalan bu barədə borcverənə 2 iş günü ərzində, həmin müddətdən əvvəl kredit götürmək istədikdə dərhal yazılı məlumat verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən, əlavə kredit müqavilələrinin SMS vasitəsilə (analoq imza) imzalanması və kreditin verilməsi qeyd edilən formada həyata keçirilir: borcalan bankda qeydiyyatda olan “702224480” mobil telefon nömrəsindən ona təqdim edilmiş və yalnız kredit məbləğinin məxarici üçün nəzərdə tutulmuş ödəniş kartının son 6 rəqəmini SMS vasitəsilə borcverənin “8117” qısa telefon nömrəsinə yazıb göndərir. Bundan sonra borcverən, borcalanın mobil telefon nömrəsinə əlavə kredit müqaviləsinin mühüm şərtləri olan təklif edilən kreditin dəqiq məbləği, illik faizi, eləcə də faktiki illik faiz dərəcəsi, müddəti və aylıq kredit ödənişinin məbləği və ödəniş müddəti (ödəniş cədvəli), kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin borcalanın əlavə kredit müqaviləsinin bağlanmasına razılığının (təsdiqinin) verilməsi üçün hansı sözdən istifadə edilməsi və bu müqavilənin tarixi və nömrəsi barədə məlumat göstərilməklə SMS göndərir. Borcalanın həmin SMS-ə cavab olaraq, onun bankda qeydiyyatda olan mobil telefon nömrəsindən borcverənin qısa telefon nömrəsinə razılığını bildirən məzmunda SMS yazıb göndərməsi (borcalan razılığını ifadə etmək üçün məhz təklif SMS-ində bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) əlavə kredit müqaviləsinin bağlanması və kredit məbləğinin bu müqavilənin 1.5-ci bəndinə uyğun olaraq borcalanın müvafiq bank hesablarına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və borcverən həmin SMS-i qəbul etdiyi andan 1 iş günü ərzində kredit məbləğini bu müqavilənin 1.5-ci bəndinə uyğun olaraq borcalanın müvafiq bank hesablarına köçürür. Kredit məbləği borcalanın həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq onun kart hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. Həmin müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən, borcalan krediti və ondan istifadəyə görə faizləri bu müqaviləyə əlavə kredit müqavilələri ilə müəyyən olunmuş müddətlərdə borcverənə qaytarır. İş materiallarında olan iddiaçı “X1" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 1852micBKX/23 nömrəli əlavə kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə görə borcverən borcalana 18 ay müddətinə, 12 dekabr 2024-cü il tarixinədək illik 25 faiz (faktiki illik faiz dərəcəsi 25) ödəmək şərtilə, 0 ay güzəşt müddəti ilə 5000 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit ödənişinin aylıq məbləği və aylıq müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunur. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, borcalan bu müqavilə üzrə müəyyən olunmuş borcun (əsas və/və ya faiz borcunun) ödənilməsini gecikdirdikdə borcverən borcun (əsas və/və ya faiz borcu) gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən borc (əsas və/və ya faiz borcu) məbləğinin illik 40 faizi həcmində cərimə tətbiq edə bilər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə 12 iyun 2023-cü il tarixində bağlanılan 1852micBKX/23-EM nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissədir və onun şərtləri çərçivəsində bağlanılır. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli 1852micBKX/23 nömrəli əlavə kredit müqaviləsi üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 12 dekabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı “X1" ASC ilə zamin qismində cavabdehlər Cavabdeh3 və Cavabdeh2, borclu qismində Cavabdeh1 arasında bağlanmış müvafiq olaraq 12 iyun 2023-cü il tarixli 1852micBKX/23 və 12 iyun 2023-cü il tarixli 1852micBKX/23/3 nömrəli zaminlik müqavilələrinin 2.2-ci bəndlərinə əsasən, zaminlər borclunun kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əsas borc məbləğinin, hesablanmış faizlərin və cərimənin (dəbbə pulu), borcun tutulması üzrə məhkəmə xərclərinin və digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Həmin müqavilələrin 2.3-cü bəndlərinə əsasən, kreditor borclu tərəfindən kredit müqavilələrinin icra edilmədiyi və ya lazımınca icra etmədiyi halda həm borclu, həm də zaminlərə qarşı kredit müqavilələri üzrə öz tələblərini irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı SMS göndəriş xidməti vasitəsilə 30 avqust 2024-cü il tarixdə Cavabdeh1 (mobil nömrə: 7********) 30 iyun 2026-cı il tarixədək illik 22 faizlə, aylıq 390 manat məbləğində ödəniş həyata keçirmək şərtilə 7500 manat məbləğində kredit təklif etmişdir. Həmin tarixdə qeyd edilən nömrəyə göndərilmiş digər SMS-in məzmununda “Hörmətli müştəri, 1852micBKX23/3 müqavilə üzrə 7500 məbləğli kredit rəsmilləşdirilmişdir. Aylıq ödəniləcək məbləğ 390 manat təşkil edəcək. Ödəniş hər ayın 30-u tarixində, 24 ay müddətində ödənilməlidir” qeyd edilmişdir. İş materiallarında olan 18 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30 avqust 2024-cü il tarixli 1852micBKX23/3 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 6650,11 manat məbləğində əsas bоrcu, 803,54 manat məbləğində faiz borcu və 493,55 manat məbləğində cərimə оlmaqla, cəmi 7947,2 manat məbləğində borcu vardır. İş materiallarında olan Cavabdeh1 iddiaçı təşkilatda mövcud olan AZ30UBAZ**********1040AZN001 nömrəli hesabından çıxarış sənədindən görünür ki, 30 avqust 2024-cü il tarixli 1852micBKX23/3 nömrəli kredit müqaviləsi üzrə cavabdehin hesabına 7500 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.4-cü maddəsinə əsasən, elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı “X1" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 1852micBKX/23-EM nömrəli əsas kredit müqaviləsi, 12 iyun 2023-cü il tarixli 1852micBKX/23 nömrəli əlavə kredit müqaviləsi və 30 avqust 2024-cü il tarixli 1852micBKX23/3 nömrəli kredit müqaviləsi (onlayn kredit verilməsinə dair məktub) üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh3 və Cavabdeh2 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 6650,11 manat məbləğində əsas borcun və 298,26 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 106,49 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (12 iyun 2023-cü il tarixli 1852micBKX/23-EM nömrəli əsas kredit müqaviləsinin və 12 iyun 2023-cü il tarixli 1852micBKX/23 nömrəli əlavə kredit müqaviləsinin 1.3-cü bəndləri) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 90,95 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 08 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 90,55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 90,54 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 6650,11 manat məbləğində əsas borc, 298,26 manat məbləğində faiz borcu, 106,49 manat məbləğində cərimə və 90,54 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7145,4 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6650,11 (altı min altı yüz əlli manat, on bir qəpik) manat məbləğində əsas borc, 298,26 (iki yüz doxsan səkkiz manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 106,49 (yüz altı manat, qırx doqquz qəpik) manat məbləğində cərimə və 90,54 (doxsan manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7145,4 (yeddi min yüz qırx beş manat, qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar