Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-237/2024 17.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pulun tutulması” tələbi barədə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 29 mart 2023-cü ildə Cavabdeh qarşı “pulun tutulması" tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 35675 (otuz beş min altı yüz yetmiş beş) manat məbləğində pulun və 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya iş ortaqlığı təklif etmiş, lakin həmin ortaqlığın şəxsi işlərini qaydaya qoyduqdan sonra baş tuta biləcəyini bildirərək bu işləri ilə bağlı ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 63175 manat məbləğində borc pul almış və həmin məbləğdə borc almasını özü tərəfindən yazılmış əlyazma ilə təsdiq etmiş, həmin borc məbləğindən 27500 manatlıq hissəni ödəsə də, qalan 35675 manat məbləğdə borcu ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(012)-2388/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək 35675 manat məbləğində pulun və 198 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2023-cü il tarixli 2(105)- 1711/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sözügedən qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 15 noyabr 2023-cü il tarixli 2(102)-4458/2023 nömrəli qərarı ilə həmin qərardad dəyişiklik edilmədən saxlanılmış və kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron rayonu ərazisində yerləşən və icarə müqaviləsi əsasında icarəyə götürdüyü sexdə mebellərin hazırlanması üçün istifadə edilən laminat materiallarının kəsilməsi işi ilə məşğul olmuş, cavabdehlə tanışlığı onunla birlikdə işləyən Şahid1 vasitəsilə yaranmışdır. Şahid1 uzun müddətdir ki, tanımış, o, mebel kəsimində ona kömək edən şəxs olmuş, ona maaş deyil, görülən işə görə pul vermiş, cavabdehi isə borc verdiyi vaxt təxminən 2 il olar ki, tanımışdır. Cavabdeh ona işlərini başa çatdıra bilməsi üçün müəyyən məbləğdə pul lazım olduğunu, həmin işləri başa çatdırdıqdan sonra onu da işə cəlb edərək şərikli formada işləyəcəklərini bildirmiş, o da bununla razılaşaraq cavabdehin istəyi ilə həmin işləri başa çatdırması üçün ona hər dəfə müxtəlif məbləğlərdə olmaqla, cəmi 63175 manat məbləğində borca pul vermişdir. Həmin pulu müxtəlif məbləğlər olmaqla 6 hissədə vermiş, Şahid1 yanında 4 hissə, 9000 manat və 5000 ABŞ dolları məbləğində pulu isə Şahid1 iştirakı olmadan başqa yerdə vermiş, cavabdeh isə 27500 manat pulu ona 4 hissədə - 5000 ABŞ dollarını Şahid1 vasitəsilə ona çatdırmış, qalan pulları isə Şahid1 yanında ona qaytarmışdır. Həmin pul məbləğləri verilərkən hər hansı yazılı müqavilə bağlanılmamış, pulu köçürmə və ya başqa formada, yəni nağdsız qaydada deyil, nağd formasında, əlbəəl cavabdehə vermişdir. Borc verdiyi dövrdə də cavabdehə mebel hissələrinin kəsimi xidmətini göstərməkdə davam etmiş və buna görə xidmət haqqını almış və cavabdehin bu işlərlə bağlı ona hər hansı borcu olmamışdır. Hazırkı borc isə cavabdehə göstərdiyi laminatların kəsimi xidmətlərindən kənar yaranmışdır. Aralarındakı razılaşmaya əsasən, cavabdeh işlərini tamamladıqdan sonra birlikdə işləyəcəkdilər, cavabdehlə qeyd etdiyi şərikli münasibətlərin aralarındakı mövcud münasibətlərindən fərqi ondan ibarət olacaqdı ki, cavabdehin sifarişini gətirəcəyi iş razılaşdırılıb layihə ona bildiriləcək, həmin iş bütünlükdə onlar tərəfindən icra ediləcək və nəticə olaraq xərclər çıxıldıqdan sonra xeyir aralarında bölünəcəkdi. Şahid1 də cavabdehin gəlirli layihələri olduğunu demiş, borc pulu cavabdehə bununla əlaqədar vermiş və gözləmiş, lakin cavabdeh işlərini qurtara bilməmiş, ona söz verilən işlər və yaxud sifarişlər verilməmiş, layihələr baş tutmamış, buna görə də cavabdehə borc pul verməyi dayandırmış və ondan verdiyi pulları qaytarmasını tələb etmişdir. Cavabdeh isə bu borc məbləğindən ona ümumilikdə 27500 manat ödəniş etsə də, qalan məbləği hazırkı vaxtadək qaytarmamışdır. İddiaçı cavabdehin təqdim etdiyi bank çıxarışında xx.xx.2021-ci il tarixdə cavabdehə məxsus olduğu qeyd edilən bank hesabından onun özünün razılığı olmadan Şahid1 adlı şəxsin dayısına məxsus olduğu bildirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 33988 manat məbləğində pul köçürülməsi barədə cavabdehin dəlilinə münasibətdə bildirdi ki, həmin şirkət barədə hər hansı məlumata malik deyil, həmin köçürmənin onun borc verdiyi pula hər hansı aidiyyəti yoxdur. Cavabdehin tərəfindən yazılan 63175 manat məbləğində pul borc alması barədə əlyazmada Şahid1 onunla birlikdə, borc verən qismində imza çəkməsinin səbəbi bu olmuşdur ki, 9000 manat və 5000 ABŞ dolları məbləğlərində puldan savayı, digər məbləğlərin cavabdehə verilməsində Vüsal da iştirak etmiş, əlyazmada adları qeyd edilən Əlyar Rüstəmov, Rüstəm İmanov və Elnur adlı şəxslər isə həmin sənəd tərtib edilərkən şahid qismində iştirak etmişlər. İddiaçı göstərilənlərin nəzərə alınaraq 35675 manat məbləğində pulun və 198 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürülərkən əsaslandıqları əsas sübut sonuncunun öz xətti ilə yazdığı əlyazmadır. Həmin əlyazmada cavabdeh iş birliyi müddətində şəxsi işləri üçün iddiaçıdan 63175 manat məbləğində borc pul aldığını qeyd etmişdir. Abşeron Rayon Məhkəməsində aparılan məhkəmə araşdırması zamanı cavabdeh əvvəlcə məhkəmə iclasında izahat verərək həmin əlyazmanı özünün yazmadığını bildirsə də, məhkəmə xətt nümunələrini uyğunlaşdırdıqdan sonra cavabdeh əlyazmanın özü tərəfindən yazıldığını etiraf etmişdir. Bundan başqa, cavabdehin hədəqorxuya görə əlyazmanı yazmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, o cümlədən bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edildi ki, iddiaçının işlətdiyi laminat kəsim sexi iddiaçı ilə digər şəxs arasında bağlanmış icarə müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Əlyazmada qeyd edilən 63175 manat məbləğində borcun 27500 manatının qaytarılmasına dair cavabdehdə sənəd yoxdur, iddiaçı vicdansız davranış nümayiş etdirsəydi, əlyazmaya əsaslanıb 63175 manat məbləğində pulun hamısını tələb edərdi, digər tərəfdən iddiaçı özünə aid olmayanı tələb etsəydi, hər məhkəmə iclasında vaxtını ayırıb məhkəmə iclaslarında iştirak etməzdi. Cavabdeh tərəfin şahid qismində məhkəmə iclasına dəvət etdiyi Şahid2 təqdim edilən sənədlərə əsasən yalan izahatı müəyyən edildiyindən onun izahatının sübutlar siyahısından çıxarılması məsələsi məhkəmənin diqqətinə çatdırılır. Həmçinin başqa şirkətin hesabına edilmiş köçürmənin və qanunda nəzərdə tutulmuş ƏDVnin həmin məbləğdən tutulmasının iddiaçıya aidiyyəti sübuta yetirilmədi. Həmin şirkət iddiaçının adına deyil, iddiaçı onun təsisçisi deyil, təqdim edilmiş həmin sənədin bu işə aidiyyəti yoxdur. Cavabdeh tərəfindən təqdim edilən dəftər əlyazmalarının surətləri sübut əhəmiyyəti daşımır, üstəlik həmin əlyazmalarda iddia məbləğinə yaxın rəqəmlər barədə şahid qismində dindirilmiş Şahid1 izahat verərək yazıların onun tərəfindən yazılmadığını bildirdi. Adi müşahidə zamanı da müəyyən edilir ki, həmin yazılar eyni şəxs tərəfindən icra edilməmişdir. Əlyazmada borc pulu verən qismində, iddiaçı ilə yanaşı Şahid1 adının qeyd edilməsinə də iddiaçı izahat verərək bildirdi ki, cavabdehə borc pullar Şahid1 yanında verildiyi üçün adı bu formada qeyd edilmişdir. Şahid1 də məhkəmədə şahid qismində ifadə verərək pulun ona aid olduğunu bildirməmişdir. Bu hal onu göstərir ki, Şahid1 həmin əlyazmadan istifadə edərək Mehmana qarşı həmin pulun tutulması ilə bağlı iddia qaldıra bilməz, yəni əgər pul Şahid1 məxsus olsaydı, o, iddia qaldırmaq hüququnu məhdudlaşdıran izahat verməzdi. İddiaçının nümayəndəsi təqdim edilən sübutların mötəbərliyinin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçını Şahid1 tanışı kimi tanımış, o mebel üçün istifadə edilən materialların kəsilməsi üçün iddiaçıya deyil, Şahid1 müraciət etmiş, Vüsal da materialların kəsim işlərini görüb ona təhvil vermişdir. İddiaçı ilə hər hansı işbirliyi olmamış, ondan hər hansı məbləğdə borca pul almamışdır, Şahid1 ilə şərik işləmişdir. Təqdim edilmiş dəftərdə mebellərin bütün xərci qeyd edilərək əlavə 1000 manat da borc yazılaraq rəqəmlər şişirdilmiş və ödənilməsi onun üzərinə qoyulmuş, o, “Whatsapp” tətbiqində mesaj yazaraq buna etiraz etmiş, Şahid1 ona dəftəri verib, borcunun qaldığını bildirmiş, o, sonradan həmin dəftərin şəkillərini çəkmişdir. Düzgün hesablanma aparıldığı təqdirdə, əslində onun Şahid1 deyil, Şahid1 ona borcunun olduğu aşkara çıxardı. O, əsasən müştərilərdən sifarişləri və beh məbləğlərini götürüb Şahid1 vermiş, müştərilər şikayət etdikdən sonra borcun yarandığından məlumatlı olmuşdur. Qazanc yarıbayarı bölünməli olsa da, ona qazancdan nəsə çatmamışdır. Bütün işlərdən ziyanla çıxdıqlarına görə həmin borcu onun üstünə yıxılır. Həmin pulun bir hissəsini iddiaçıya qaytarmasına səbəb, ilkin olaraq hər şeyin düz olmasına inanması olmuş, sənədlərə baxandan sonra isə qiymətlərin şişirdildiyini müəyyən etmişdir. Həmin sənədlərlə tanış olmağa, hesabat aparmağa vaxtı olmamış, həmçinin hər dəfə hesabat aparmaq istəyəndə, problem çıxmış və iddiaçı ilə Şahid1 gələn dəfə hesabat aparmalarını bildirirmişlər. Ümumilikdə, 39000 manat məbləğində nağd formada ödəniş etmiş, iki müştəridən 3000 və 4000 manat olmaqla beh alınsa da , həmin pullar onun etdiyi ödənişin üzərinə hesablanmamış, bundan əlavə, o ölkə xaricində olanda onun hesabından 6000 manat məbləğində pul silinmişdir. Bununla bağlı qeyd edir ki, o, özünə məxsus olan “ASAN imza”nı mühasibinə vermiş, Şahid1 etdiyi ödənişlərin çıxarılması üçün “ASAN imza”nın onlarda qalmasını xahiş etmiş, bundan sonra, Şahid1 "xxxx" adlı Məhdud Məsuliyyətli Cəmiyyətin bank hesabına pul məbləği köçürmüş, buna görə də 19 faiz məbləğində ƏDV tutulmuşdur. Həmçinin başqa bir şəxsə də hədiyyə olaraq “bisetka” yığılmış və həmin xərclər də onun adına borc kimi yazılmışdır. Yazdığı əlyazmada 63175 manat məbləğində borca pul götürməsini qeyd etməsi barədə bildirdi ki, o, buna məcbur edilmiş və hədə-qorxu gəlinmişdir. Belə ki, Şahid1 ona bu qədər ziyana düşdüklərini və ona əlyazmada qeyd etdiyi kimi yazmasını demişdir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, hazırkı işlə bağlı Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(012)-2388/2023 nömrəli qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və həmin qətnamədə olan dəlillərin hazırkı işdə sübut kimi tədqiq edilməsinə zərurət yoxdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar preyudisial əhəmiyyət daşıyır və həmin qərarın məzmununa əsasən iddiaçı izahatında aralarındakı şifahi formada işbirliyi müqaviləsi olduğunu bildirmişdir. Buna əsasən qoyulan vəsait iş üçün xərclənmiş və ziyan da şərikli olmalıdır. Cavabdehin bu işdə zərərləri olmuşdur və bunu iddiaçı və şahidlər də təsdiq edirlər. Tərəflər arasındakı münasibətlər işbirliyi zəminində baş tutmuşdur. Cavabdehin 27500 manat məbləğində pulu iddiaçıya qaytarmasına dair sübutun olmamasına səbəb onun iddiaçıya borcunun olmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlərlə bağlı mövqeyi bundan ibarətdir ki, məhkəmə müqavilələri araşdırarkən onların adlarının hərfi mənalarına da münasibət bildirməlidir. İddiaçı da izahatında müqavilənin adının işbirliyi müqaviləsi olduğunu bildirdi. Burada qoyulmuş pul və yaranmış ziyan şərikli olmalıdır. Tərəflər arasındakı münasibətlər borc münasibətləri deyil, işgüzar münasibətlərdir. Bu hal şahidlərin də izahatından müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında cavabdeh tərəfindən yazılmış və onun tərəfindən, həmçinin iddiaçı tərəfindən və əlavə 3 nəfər şəxs tərəfindən imzalanmış dəftər vərəqinə yazılmış əlyazma vardır. Həmin əlyazma mətninin məzmununda qeyd edilir: “Mən Əlihəsənov X4 Elşad Cavad oğlu və Şahid1 xx.xx.2021-dən xx.xx.2021-dək mebel işləri üçün iş birliyi etdik və bu iş birliyi müddətində İddiaçı və Şahid1 şəxsi işlərim üçün istifadə etdiyim 63175 AZN məbləğində borc yığıldı. Bu borcu qaytarmaq öhdəliyini öz üzərimə götürürəm”. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 09 oktyabr 2022-ci il tarixli qərarla hazırkı iddiaçının şikayəti ilə əlaqədar toplanmış materialda cinayət tərkibli əməl olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarında olan 19 noyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 10 ünvanında yerləşən ümumi sahəsi 4396 kvadrat metr olan qeyri-yaşayış sahəsinin 40 kvadrat metrlik hissəsini İddiaçı icarəyə vermişdir. İş materiallarında olan “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında məlumat sənədindən aydın olur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 10 ünvanında yerləşən, fəaliyyət sahəsi mebellərin və ev üçün oxşar məmulatların təmiri olan laminat kəsim sexinin rəhbəri vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olan İddiaçıdur. İş materiallarında olan fiziki şəxsin fəaliyyətinin bərpası haqqında arayışdan və fəaliyyətin bərpası bildirişindən görünür ki, iddiaçı 25 sentyabr 2020-ci il tarixindən vergi ödəyicisi kimi fəaliyyətini bərpa etmişdir. Məhkəmənin 03 aprel 2024-cü il tarixində keçirilmiş iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərdi ki, iddiaçı və cavabdehi bir-biri ilə o tanış etmiş, mebellərin hazırlanmasında istifadə edilən materialların kəsilməsini cavabdeh iddiaçıya məxsus sexdə həyata keçirmişdir. Cavabdeh bəzi problemli işlərini tamamlayıb daha böyük işlər görəcəyini, həmin işlərini tamamlamaq üçün pul lazım olduğunu bildirmiş, o da bununla əlaqədar iddiaçıdan pul alıb cavabdehə vermişdir. Cavabdehin əvvəldən işlədiyi Tural və Kamran adlı şəxslərin evindəki mebeli təhvil vermək mümkün olmamış və yenidən rəngsazlıq və əlavə işlər görülməli olmuş, o, cavabdehə işlərini tamamlamaq üçün Tural adlı həmin şəxsin evində təmənnasız kömək etmiş, cavabdehin tamamlamadığı digər iş olan Kamran adlı şəxsin evində isə olmamışdır. Cavabdehin iddiaçıdan borca aldığı pulların hesabına həmin işlərlə bağlı bəzi mebellər, materiallar və s. alınmışdır. İddiaçının cavabdehə borc verdiyi pul, əvvəlcə 67000 manatdan yuxarı olmuş, 4000 manat geri qaytarıldıqdan sonra təxminən 63000 manat məbləğində borc qalmışdır. İddiaçı pulu onun yanında cavabdehə borc vermiş, borcun verilməsində məqsəd cavabdehin işlərini tamamlaması, sonra isə birlikdə işlər görülməsi olmuşdur. Borc hissə-hissə - 30000 manat, 15000 manat, 5000 ABŞ dolları, 12000 manat və 5000 manat olmaqla pul verilmişdir. Cavabdeh iddiaçıdan axırıncı dəfə pul istəyəndə, iddiaçı pul vermədiyindən aralarında mübahisə yaranmışdır. Cavabdeh borca götürdüyü puldan əvvəlcə 4000 manat, sonra 9000 manat və 10000 manat qaytarmış, daha sonra isə onun vasitəsilə 5000 ABŞ dollar məbləğində pulu iddiaçıya qaytarmışdır. Sex iddiaçıya məxsus olmuş, o, iddiaçıya müştəri gətirmiş və bunun müqabilində pul almışdır. Onun özünün cavabdehə borc pul verməməsinin səbəbi pulunun olmaması olmuşdur. Bildiyinə görə, Elnur adlı şəxs cavabdehin sexə öz yarımçıq işlərini tamamlamaq üçün gəldiyini demiş, iddiaçı bu sözü eşidib əsəbləşmiş, Elnur adlı şəxsin bu sözündən sonra cavabdeh özü gələrək iddiaçıya 63175 manat məbləğində borcunun olması barədə ərizəni könüllü qaydada yazmış, bununla əlaqədar ona hər hansı təsir olmamışdır. Cavabdeh ölkə xaricində olarkən bank hesabından onun dayısına məxsus "xxxx" MMC-yə pul köçürülməsi barədə bildirir ki, onun dayısının hər hansı şirkəti yoxdur, həmin şirkətə mebel alınması məqsədilə cavabdeh özü pul köçürmüş, sonuncu ölkə xaricində olarkən həmin pulun köçürülməsi onun mühasibi vasitəsilə də mümkün ola bilərdi. Həmin puldan iddiaçıya hər hansı məbləğdə pul çatmamışdır. Şahid məhkəmə iclasında təqdim edilən iş materiallarında olan əlyazmalar olan dəftərin surətinə baxış keçirib həmin dəftərdəki yazıların ona məxsus olduğunu, lakin 63175 manat yazılan vərəqdəki xəttin ona məxsus olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, iddiaçı və cavabdehlə qohumluq münasibətləri yoxdur və hər ikisi ilə münasibətləri normaldır. O, təxminən 7 ildir ki, cavabdehlə bir yerdə çalışır, sürücüdür. Mebel materiallarının kəsimi işinin görüldüyü sex Şahid1 məxsus olmuş, iddiaçı həmin yerdə aksesuar mağazası işlətmiş, mebel kəsiminə kömək etməmiş, iddiaçı həmin sexdə olsa da, o, sexin rəhbəri kimi Şahid1 bilmiş, cavabdehə Şahid1 tərəfindən miqdarını bilmədiyi borc pul verilməsindən sonradan məlumatlı olmuş, bu barədə cavabdeh özü ona demişdir. İş materiallarında borcun qeyd edildiyi əlyazma ilə bağlı bildirir ki, Şahid1 cavabdehə zəng edib borcu olduğunu bildirmiş, cavabdehin bu əlyazmanı yazması barədə razılaşmışlar. Həmin əlyazma yazılanda cavabdehin yanında olmuş, ona hər hansı təsir olmamış, borcun miqdarı barədə yüngül formada etirazları olmuşdur. Borcun Şahid1 tərəfindən verildiyi halda, iddiaçının adının da qeyd edilməsinə səbəb onun şahid kimi nəzərə alınaraq yazılması olmuşdur. Əlyazmada onun imzasının olmamasına səbəb isə həmin vaxt çöldə olması olmuşdur. O, heç zaman cavabdehin iddiaçının işlədiyi sexə öz işlərini həll etmək üçün gəlməsi barədə ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, iddiaçını Şahid1 sexindən mebel götürəndə orada görmüş, cavabdeh isə həm qohumu, həm müdiridir və təxminən 5 ildir ki, onunla işləyir. İddiaçını sexdə mebel kəsimi ilə məşğul olan görməmiş, anbarın açarı onda olmuş, eyni zamanda aksesuar və digər xırda ləvazimatlar lazım olanda ona müraciət etmişlər. İddiaçı tərəfindən cavabdehə borcun verilməsinə şahid olmamışdır. Eyni zamanda, borc ilə əlaqədar yazılmış əlyazmadan məlumatı yoxdur. Cavabdeh ona kiməsə borcunun olması barədə nəsə deməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Mülki Məcəllənin 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 10 ünvanında yerləşən və icarə müqaviləsi əsasında istifadə etdiyi 40 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsində laminat kəsim sexi işlətmiş, həmin müddətdə tanışı və birlikdə işlədiyi Şahid1 vasitəsilə cavabdehi tanımış və sonuncunun sifarişləri əsasında ona da fəaliyyətinin təyinatına uyğun olaraq laminatların kəsimi ilə əlaqədar xidmətlər göstərmiş, cavabdeh özünün müştəri bazası və gəlirli layihələri olduğunu, bu işlərə iddiaçını da daxil edəcəyini və birlikdə işləyəcəklərini, lakin özünə aid olan bəzi işləri yoluna qoymaq üçün müəyyən məbləğdə pul vəsaitinə ehtiyacı olduğunu bildirərək həmin işlərini həll etmək üçün 2021-ci ilin iyun ayından həmin ilin noyabr ayınadək olan müddətdə iddiaçıdan hissə-hissə olmaqla cəmi 63175 manat məbləğində borc pul almış və bu məbləğdə borc almasını özü tərəfindən yazılmış əlyazmada da qeyd etmiş, həmin borc məbləğindən hissə-hissə olmaqla, cəmi 27500 manat pul məbləğini qaytarsa da, qalan 35675 manatlıq hissəni hazırkı vaxtadək qaytarmamışdır. Bu qeyd edilənlər yuxarıda istinad edilən sübutlarla (izahatlar, cavabdehin özü tərəfindən yazılmış və işbirliyi müddətində şəxsi işləri ilə əlaqədar iddiaçıdan 63175 manat məbləğində borca pul götürdüyünü qeyd etdiyi əlyazma, Şahid1 ifadəsi və digər sübutlar) tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 35675 manat borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehin izahatında iddiaçıdan borca hər hansı məbləğdə pul almaması, sözügedən əlyazmanı təzyiq altında yazması, Şahid1 ilə işbirlikləri müddətində ziyana düşmələri, xərclərinin əslində olduğundan artıq göstərilməsi barədə qeyd etdiklərini məhkəmə inandırıcı hesab etmir və bunları mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi güddüyü qənaətinə gəlir. Bununla əlaqədar o da qeyd edilməlidir ki, cavabdeh bu göstərdikləri barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, sözügedən əlyazmanın tərtibində iştirak edən və məhkəmə iclasında ifadə vermiş Şahid2 da ifadəsində əlyazma tərtib edilərkən cavabdehə qarşı hər hansı təsirə və ya təzyiqə yol verilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin cavabdeh üzərində müxtəlif tarix, şəxs və material adlarının, o cümlədən rəqəmlərin yazıldığı sənədlərin (dəftərlərin) surətlərini məhkəməyə təqdim etmişdir. Cavabdehin izahatında bildirdiyinə görə, bu aralarındakı hesabat sənədləri olmaqla hazırkı iş üzrə şahid olan Şahid1 tərəfindən tərtib edilmişdir. Məhkəmə iclasında həmin sənədlərə baxış keçirən Şahid1 ifadəsində həmin hesabatdakı xəttin özünün olsa da, 63175 manat yazılan vərəqdəki yazıların ona məxsus olmadığını və onun tərəfindən yazılmadığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə hesabat adlandırılmış həmin dəftərlərin surətləri ilə bağlı qeyd edir ki, həmin yazıların bir qisminin Şahid1 tərəfindən yazılmasını onun özü qeyd etsə də, digər qisminin, yəni 63175 manat yazılan vərəqdəki yazıların kim tərəfindən icra edilməsi barədə məhkəməyə hər hansı sübutlar təqdim edilmədi, digər tərəfdən hesabat adlandırılan həmin sənədlə hazırkı iş üzrə iddiaçının, o cümlədən cavabdehin və ya digər üçüncü şəxsin tanış olması, imzalaması, qeyd edilənlərlə razılaşmaları və ya razılaşmamaları barədə hər hansı qeyd yoxdur. Bu isə özü-özlüyündə həmin sənədin hesabat adlanmasına baxmayaraq təktərəfli tərtib edilmiş sənəd olduğunu göstərməkdədir. Üçüncü bir tərəfdən, sözügedən sənədlərin təqdim edilmiş surətləri ilə bağlı məhkəmə Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi baxımından qiymətləndirmə apararaq hesab edir ki, həmin sənədlər mötəbər hesab edilə bilməz və hazırkı mübahisənin həllində mülki-prosessual qanunvericiliyin istinad olunan tələbləri baxımından və işin konkret hallarına görə həmin sənədlərin mötəbər sübut kimi qəbul olunması mümkün deyildir. Bundan əlavə, məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid2 və Şahid3 mebel materiallarının kəsimi işinin görüldüyü sexin Şahid1 məxsus olması, iddiaçının həmin sexdə olsa da, sexin rəhbəri kimi Şahid1 bilmələri barədə göstərdiklərinə məhkəmə tədqiq edilmiş birbaşa sübutlara əsasən tənqidi yanaşır. Belə ki, yuxarıda istinad edilən 19 noyabr 2019-cu il tarixli icarə müqaviləsindən, “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında məlumat sənədindən, fiziki şəxsin fəaliyyətinin bərpası haqqında arayışdan və fəaliyyətin bərpası bildirişindən görünür ki, fəaliyyət sahəsi mebellərin və ev üçün oxşar məmulatların təmiri olan laminat kəsim sexi məhz iddiaçının icarəsində olmuşdur. Digər tərəfdən, məhkəmə iclasında ifadə vermiş Şahid1 özü də sözügedən sexin iddiaçını rəhbərliyi altında fəaliyyət göstərdiyini bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş pul köçürməsinə dair sənəd, o cümlədən cavabdehin izahatında o, ölkə xaricində olarkən hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid1 qohumuna məxsus olduğunu qeyd etdiyi hüquqi şəxsin bank hesabına müəyyən məbləğdə pul köçürməsi edilməsi barədə məhkəmə qeyd edir ki, bu göstərilənlər hazırkı iddia tələbi ilə əlaqədar deyil və cavabdehin müvafiq əsaslar olduğu təqdirdə, həmin pul məbləğinin geri qaytarılmasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bunlardan başqa, iddia tələbinin 198 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 28 mart 2023-cü il tarixli, 12420 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 198 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 198 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, 35675 manat məbləğində borc və ödənilmiş 198 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 35873 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddələrinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 35675 (otuz beş min altı yüz yetmiş beş) manat məbləğində borc və ödənilmiş 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 35873 (otuz beş min səkkiz yüz yetmiş üç) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-237/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-237/2024
17.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver