Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-271/2022 24.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsinin sədri Qanuni nümayəndə oğlunun, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 və cavabdehin vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsi 27 iyul 2021-ci ildə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 15 may 2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və cavabdeh "xxxx" MMC-dən 11045 manat icarə haqqı borcunun alınaraq iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(031)-715/2021 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin edilmiş olsa da, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(105)- 3686/2021 nömrəli qərardadı ilə həmin qətnamə ləğv edilmiş və iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 fevral 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia ərizəsinin baxılmamış saxlanması” barədə vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun mediasiya sessiyası keçirilmədiyi və həmin Qanunun tələblərinə riayət edilmədiyi üçün cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 və cavabdehin vəkili Vəkil “iddia ərizəsinin baxılmamış saxlanması” barədə verilmiş vəsatəti müdafiə edib, həmin vəsatətin təmin olunmasını və tərəflər arasında kommersiya mübahisəsi olan hazırkı tələblə məhkəməyə müraciət edilməmişdən əvvəl iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmədiyinə görə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsinin sədri Qanuni nümayəndə cavabdeh tərəfin “iddia ərizəsinin baxılmamış saxlanması” barədə vəsatətinin təmin olunmamasını və iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsi “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi” tələbinə dair hazırkı iddia ərizəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməklə, ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. 01 iyul 2021-ci ildən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş digər tələblərlə yanaşı, həmin Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərini də yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-271/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-271/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver