Məhkəmə qərarları › İş №2-2(119)-47/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-47/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-47/2021 05.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, Cavabdeh “xxxx” ASC-nin vəkili və nümayəndəsi X5 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. Abşeron Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 11.10.2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonra iddiaçılar tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(102)-1647/2020 №-li qərarı ilə şikayət təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08.09.2020-ci il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin olunaraq Abşeron Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2016-ci ilin may-iyul aylarından başlayaraq oktyabr ayına qədər iddiaçıların “xxxx” ASC-nin nümayəndəsi və rəhbər şəxsi kimi tanıdığı Akif Rəhimov bu aylar ərzində müxtəlif vaxtlarda onların hər biri ilə əlaqə saxlayaraq, həmin ASC-nin tikilən istehsalat binalarının, ətraf tikinti işlərinin, müəssisənin yer döşəmə işlərinin, qapı-pəncərə işlərinin, dam örtüklərinin vurulması və müəssisənin hazırlanması üçün digər zəruri işlərin görülməsi barədə şifahi şəkildə podrat müqaviləsi bağlamışdır. Bütün bu işləri iddiaçılar tək deyil, özləri ilə gətirdikləri briqadalar vasitəsilə yerinə yetirmişlər. Akif Rəhimovla iddiaçılar arasında razılaşma şərtləri sadə olmuşdur. Belə ki, əvvəlcə iddiaçılar görəcəkləri işlərin həcmini müəyyən edərək, onu A.Rəhimova bildirmiş, qiymət barədə razılaşdıqdan sonra A.Rəhimov ya onların hər birinə aid işləri görmək üçün material, ya da materialın pulunu vermişdir. İddiaçı1 A.Rəhimovla razılaşmaya əsasən binaların fasad hissəsində ağlay daşlarının vurulması, ayaqaltıların qurulması və sökülməsi, həyətə tamet daşlarının döşənməsi, besetkalara beton döşənməsi, fasadın suvaqlarının vurulması, hörgü işlərinin görülməsini tam həyata keçirib A.Rəhimovun köməkçisi Abbas adlı şəxsə təhvil vermişdir. Hal-hazırda “xxxx” ASC-nin ona gördüyü işlərə görə 120.352 (yüz iyirmi min üç yüz əlli iki) manat borcu var. İddiaçı4 “xxxx” ASC-nin inzibati binasının qapı-pəncərəsini dəyişdirib yenilənməsinə görə bu günə zavodun 54.000 (əlli dörd min ) manat pul borcu var. İddiaçı3 “xxxx” ASC-nin bütün dam örtüyünün vurulmasına görə zavodun bu günə 21.500 (iyirmi bir min beş yüz) manat pul borcu var. X1 mal sexində, yeməkxanada, hamam və ayaqyolu sisteminin quraşdırılmasında gördüyü müxtəlif işlərə görə zavodun bu günə 14.000 (on dörd min) manat pul borcu var. İddiaçı5 pilləkən, döşəmə, qapı-pəncərələrin kənarlarının sütun və qıraqlarının mərmərlə üzlənməsinə, pilləkənlərə məhəccərlərin vurulmasına, sexlərdə sütun və stelaj qıraqlarına alüminium künclük vurulmasına görə “xxxx” ASC-nin 67.000 (altmış yeddi min) manat borcu var. Bütün bu işləri iddiaçılar tək həyata keçirməmişlər. İddiaçılarla birgə gələn onlarla sayda tanış usta-fəhlə yoldaşları bu görülən işlərə görə özlərinə çatası pulları məhz iddiaçılardan gözləyirlər. Çünki zavodun sahibləri həmin vaxt yuxarıda qeyd edilən işlərin görülməsini birbaşa iddiaçılarla danışıb razılaşmışlar. Lakin “xxxx” ASC-də gördükləri işlər üçün razılaşdırılmış zəhmət haqqı iddiaçılara tam həcmdə ödənilməyib və bununla da həm iddiaçıların, həm də onlarla birgə işləyən usta və fəhlələrin ailə üzvləri də nəzərə alınmaqla təxminən 150-dən çox insanın haqqı tapdanmış və hüquqları pozulmuşdur. Bundan başqa, iddiaçıların təkidlərinə baxmayaraq cavabdeh tərəf onlarla rəsmi müqavilə bağlamaqdan müxtəlif bəhanələrlə vaxtı uzatmaqla imtina etmişdir. Hətta bir dəfə iddiaçılar yazılı formada podrat müqaviləsi hazırladıb “xxxx” ASC-yə gətirmiş, lakin imzalanacağı deyilsə də, həmin yazılı müqavilənin imzalanması cavabdeh tərəfdən həyata keçirilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçılar məhkəmədən “xxxx” ASC-də gördükləri təmir-tikinti işlərinə görə ödənilməmiş 276.352 (iki yüz yetmiş altı min üç yüz əlli iki) manat pulun, həmin pulu qanunsuz və əsassız özündə saxlayıb faydalandığına görə qətnamənin çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, bildirdi ki, onlar “xxxx” ASC-nin rəhbərləri olan X6 və qardaşı X2 tapşırıqları əsasında 2016-cı ilin may ayından 2017-ci ilin may ayına qədər bir il ərzində “xxxx” ASC-də tikilən istehsalat binalarının və inzibati binaların ətraf tikinti işlərinin həyata keçirilməsi məqsədilə ayaqaltıların icarəyə götürülməsi, ayaqaltıların qurulması və sökülməsi, hörgü işlərinin görülməsi, yük maşınlarının boşaldılması, müəssisənin yer döşəmə işlərinin, ağlay işlərinin, beton işlərinin görülməsi, plastik qapı-pəncərələrin quraşdırılması, dam örtüklərinin vurulması, santexnik işlərinin görülməsi, su-kanalizasiya xətlərinin çəkilməsi, mərmər, məhəccər, kafel qırağı alüminium kantların vurulması, qırmızı profnastillə ümumi dam örtüyünün vurulması və müəssisənin fəaliyyətə başlaması üçün bütün lazımi işləri özləri və gətirdikləri digər usta və fəhlələrlə birlikdə həyata keçirib. Onları həmin işləri görmək üçün çağıran, gördükləri işlərin müqabilində müəyyən miqdarda pulu ödəyən Akif Rəhimov olub və onu “xxxx” ASCnin rəhbəri kimi tanıyıblar. Aralarında isə heç bir müqavilə bağlanmayıb. İşlədikləri işin müqabilində ödənilməli olan pul məbləği əvvəlcə Akif Rəhimovun göstərişi əsasında Rəna adlı mühasib qadın tərəfindən qəbzə imza etdirilməklə onlara ödənilib. İlkin olaraq ödənişləri “xxxx” ASC-nin 4-cü mikrorayonda yerləşən ofislərində, az bir qismini isə “xxxx” ASC-nin inzibati binasında qəbzə imza etməklə alıblar. Həmin pulun bir qismi ilə material alıb, bir qismi ilə də yüklərin daşınması haqqını və usta və fəhlələrin əmək haqqını ödəyiblər. İddiaçı1 qeyd etdi ki, o Akif Rəhimovla aralarında olan şifahi razılaşma əsasında 2016-cı ilin yayından 2017-ci ilin may ayına qədər özü və gətirdiyi 163 nəfər fəhlə birlikdə “xxxx” ASC-nin inzibati və digər binalarının fasad hissəsində aqlay daşlarının vurulması, ayaqaltıların qurulması və sökülməsi, həyətə tamet daşlarının döşənməsi, besedkalara beton döşənməsi, fasadın suvaqlarının vurulması, hörgü işlərinin görülməsini tam həyata keçirib. İşləri ondan zavodun faktiki rəhbərliyini həyata keçirən Akif Rəhimovun göstərişi əsasında köməkçisi Abbas adlı şəxs təhvil alıb. Gördüyü işlərə görə “xxxx” ASC-nin ona 120.352 manat borcu qalmışdır. Bundan başqa, o, bildirdi ki, qarşı tərəf məhkəməyə saxta tikinti aktı təqdim edib ki, guya həmin tikinti işləri hansısa şirkət tərəfindən görülüb. Aktda hörgü və sair işlərin görüldüyü göstərilib, lakin santexnika işlərinin və bəzi işlərin görülməsi barədə heç nə qeyd olunmayıb. Sonda İddiaçı1 əlavə etdi ki, onlar “xxxx” ASC-də həqiqətən işləyib və hansı işləri gördüklərini də göstərə bilərlər. Bütün bunları nəzərə alıb o, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı4 iddianı müdafiə edərək bildirdi ki, onu “xxxx” ASC-də işləmək üçün Akif Rəhimov çağırıb. O, ilk dəfə zavoda pəncərə işlərini görmək üçün çağırılıb. Lakin sonradan qapıları da düzəltmək barədə şifahi razılığa gəliblər. İddiaçı4 qeyd etdi ki, o, işləri təkbaşına deyil, gətirdiyi briqada ilə birlikdə görüb. Gördükləri işlərin müqabilində onlara zəhmət haqqı hissə-hissə ödənilib. Ödənişi A.Rəhimovun tapşırığı ilə Rəna adlı mühasib xanımdan alıb. Müqavilə bağlanılması vəd verilsə də, aralarında heç bir müqavilə olmayıb. Gördüyü işlərin müqabilində zavodun ona hələ ödənilməmiş 54.000 manat borcu qalıb. Buna görə də, İddiaçı4 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı5 izahat verərək bildirdi ki, zavodda işləmək üçün onu Akif Rəhimov dəvət edib. “xxxx” ASC-də 2016-cı ilin dekabr ayından çalışmağa başlayıb. O, işləri təkbaşına deyil, gətirdiyi briqada ilə birlikdə görüb. İşlədikləri işin müqabilində ödənilməli olan pul məbləği əvvəlcə Akif Rəhimovun göstərişi əsasında Rəna adlı mühasib qadın tərəfindən qəbzə imza etdirilməklə onlara ödənilib, lakin həmin qəbzlər onlara verilməyib. Onlara az pul müqabilinə çox iş gördürüblər. Hətta o, zavodda işlədiyi dövrdə pulu vaxtında vermədiklərinə görə şəxsi maşınını sataraq gətirdiyi ustaların pulunu ödəyib. İddiaçı5 həmçinin qeyd etdi ki, qarşı tərəfin həmin tikinti işlərinin hansısa şirkət tərəfindən görüldüyü barədə təqdim etdiyi akt saxta deyilsə, niyə həmin akt Abşeron Rayon Məhkəməsində işə baxılarkən yox, sonradan apellyasiya instansiyasında təqdim edilib? Guya “xxxx” ASC-də həyata keçirilən işlər “xxxx” MMC deyilən bir şirkət tərəfindən görülüb. İddiaçı5 bildirdi ki, A.Rəhimov əvvəllər ödənişi vaxtında edib, sonradan isə alacağı borclar olduğundan ödənişi hələ ki həyata keçirə bilmədiyini deyib. Ödənişin həyata keçirilməsi çox gecikəndə İddiaçı5 artıq ona zənglər etməyə başlayıb, axırıncı danışığında isə A.Rəhimov ona heç bir borcunun olmadığını deyib. Bütün bunları nəzərə alıb İddiaçı5 məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, “xxxx” ASC-də santexnik işlərinin görülməsi üçün onu Akif Rəhimov çağırıb, aralarında heç bir müqavilə olmayıb və işlədiyi müddətdə “xxxx” ASC-də havalandırma və santexnika işləri görüb. X.X14 zavodun rəhbəri kimi tanıdığını və materialların onlara A.Rəhimov tərəfindən verildiyini dedi. O, həmçinin qeyd etdi ki, “xxxx” ASC-nin ona 14.000 manat borcu qalıb. Buna görə də, o, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, gördüyü işlər müqabilində Akif Rəhimov ona sadəcə 6 aylıq işlədiyi müddətin pulunu verib. Digərləri isə ödənilməyib. Buna görə də, o, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X9 izahat verərək bildirdi ki, iddiaçılar heç bir qanuni əsas olmadan, əllərində bir müqavilə olmadan “xxxx” ASC-də işlədiklərini iddia edirlər. Belə bir iddia qaldırıblarsa, ilk növbədə onlar sübut etməli idilər ki, həqiqətən “xxxx” ASC-də qanuni şəkildə işləyiblər. “xxxx” ASC-nin rəhbərliyi onları tanımır. Akif Rəhimov onları çağırıb iş gördürübsə, iddianı ona qarşı qaldırmalı idilər. E.Məmmədov həmçinin qeyd etdi ki, göndərilmiş sorğuya Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi cavab məktubunda qeyd olunmuşdu ki, X4 “xxxx” ASC-də işləməsi barədə məlumat aşkar edilməmişdir. A.Rəhimovun “xxxx” ASC ilə heç bir bağlılığı yoxdur. İddiaçılar cavabdeh kimi “xxxx” ASCni qoyub, lakin Akif Rəhimovdan danışırlar. Deyirlər ki, işi Akif Rəhimov gördürüb, pulu da ondan almışıq. Amma bununla bağlı heç bir sübut göstərmirlər. Sonda E.Məmmədov iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 08.10.2019-cu il tarixli, **********840700 №-li məktubundan görünür ki, X4 “xxxx” ASC-də işləməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 izahatında bildirdi ki, onu Xırdalanda dəri fabrikində işləmək üçün İddiaçı1 çağırıb. O, təxmini 8000 manatlıq iş görüb, bu pulun 4000 manatını İddiaçı1 ona ödəyib, qalan hissəsini isə 300, 100, 50 manat olmaqla az-az ödəsə də, 1360 manatı qalıb. O, həmçinin qeyd etdi ki, İddiaçı1 pulu dəri fabrikinin müdiri kimi tanıdıqları Akif adlı şəxsdən alıb ödəyib. Lakin o, işin bütün şərtlərini İddiaçı1la danışıb və “xxxx” ASC ilə aralarında heç bir müqavilə olmayıb. Pulunu vaxtlı-vaxtında aldığına görə müqavilə tələb etməyə ehtiyac olmayıb. Məhkəmə iclasında şahid qismində çıxış edən X7 izahatında bildirdi ki, onu “xxxx” ASC-də günəmuzd işləmək üçün İddiaçı3 dəvət edib, işin bütün şərtlərini də İddiaçı3la danışıb və “xxxx” ASC ilə aralarında heç bir müqavilə olmayıb. Ancaq “xxxx” ASC-də vəzifəsinin nə olduğunu bilməsə də, işi gördürən rəhbər şəxs kimi A.Rəhimovu tanıyıb. “xxxx” ASC-də onlar qəlib işi, dam örtükləri ilə bağlı və.s işləri görüblər. O, qeyd etdi ki, əvvəllər pullarını vaxtlı-vaxtında alıblar, lakin sonradan pul ödənilməyib. Hazırda isə təxmini 1150-1170 manat arası pulu hələ də ödənilməmiş qalıb. Məhkəmə iclasında şahid qismində çıxış edən şahid X11 izahatında bildirdi ki, İddiaçı4lə birlikdə dəri zavodunda qapı-pəncərə işlərini görüb. İşlədiyi yeri dəri zavodu kimi bilib və işin şərtlərini İddiaçı4lə danışıb, pulu da ondan alıb. İddiaçı4 onun 4000 manat məbləğdə pulunu ödəməyib. Məhkəmə tərəflərin iştirakı ilə “xxxx” ASC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ərazisinə yerli baxış keçirib. Baxış zamanı müəyyən olundu ki, həmin ərazidə “xxxx” ASC-yə məxsus istehsalat binaları və inzibati bina yerləşir. “xxxx” ASC-nin inzibati binası 3 mərtəbədən ibarətdir. İstehsalat binaları və inzibati bina bir-birinə keçidlərlə birləşir. Cavabdehin vəkili və nümayəndəsi X9 “xxxx” ASC-nin halhazırda fəaliyyət göstərmədiyini, bu səbəbdən binada gözətçidən başqa heç bir işçinin olmadığını qeyd etdi. İddiaçı5 bildirdi ki, binanın 3-cü mərtəbəsində hər pəncərənin qarşısında ağ mərmərdən pəncərə önlükləri vurub. Bir pilləkəni ağ mərmərdən, digər iki mərtəbədəki pilləkənləri isə qırmızı qranitdən işləyib, pilləkənlərin qıraq hissələri də ağ mərmərdən yığılıb. Pilləkən, döşəmə, qapı-pəncərələrin kənarlarının sütun və qıraqlarının mərmərlə üzlənməsi, pilləkənlərə məhəccərlərin vurulması, sexlərdə sütun və stelaj qıraqlarına alüminium künclüklərinin, sütunlara kantların vurulması işlərini o görüb. Ümumi sexin içində 15 santimetrlik sütun daxil olmaqla divarına hamısına aşağı hissəsinə süpürgəlik vurub. Burda görünən bütün pəncərələrin qarşısına pəncərə önlükləri qoyulub, əlavə olaraq sütun kənarlarına da kitab kimi 5 santimetr enində mərmər yığılıb. Qeyd etdiyi işlərin hamısını o, yəni gətirdiyi ustalar və fəhlələr görüb. İddiaçı4 bildirdi ki, inzibati binanın 3-cü mərtəbəsindəki, sexdəki bütün pəncərələri o düzəldib. Bundan əlavə keçidlərin hər iki tərəfdən olan pəncərələrini, həyətdəki və sexin üstündəki hissəyə şəbəkələri o işləyib. Reklam lövh ələrini düzəldib quraşdırıb, alüminumdan kafel qıraqlarına kantlar vurub. Bütün bu işləri gətirdiyi fəhlə və ustalarla birlikdə görüblər. İddiaçı2 bildirdi ki, o, dəri emalı sexində, yeməkxanada, hamam və ayaqyoluda santexnik işlərini görüb. İçəridə 3 hamam, 3 ayaqyolu var. Ümumilikdə isə binada altmışa yaxın hamam və ayaqyolu var. İddiaçı1 bildirdi ki, binanın fasad hissəsinə ağlay daşlarının vurulması, həyətə tamet döşənməsi, ayaqaltıların qurulması və sökülməsi, besedkalara beton döşənməsi, fasadın suvaqlarının vurulması və hörgü işlərini o görüb. İddiaçı3 bildirdi ki, inzibati binadakı və istehsalat binasındakı dam örtüklərini o vurub. İşləri tək yox, özü ilə gətirdiyi usta və fəhlələrlə birlikdə görüb. Cavabdehin vəkili və nümayəndəsi qeyd olunan işlərin iddiaçılar tərəfindən görüldüyünü təsdiq etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar “xxxx” ASC-də tikilən istehsalat binalarının və inzibati binaların ətraf tikinti işlərinin həyata keçirilməsi ilə bağı ASC-nin onlara borclu olduğunu iddia etsələr də, aralarında heç bir müqavilə bağlanmamış, tərəflər arasında bir-birinin qarşısında hər hansı öhdəlik yaranmamışdır. Bundan əlavə, məhkəmə iclaslarında gördükləri işlərin onlara Akif Rəhimov adlı şəxs tərəfindən onlara tapşırıdığını bildirmiş, həmin şəxsin isə cavabdehlə hər hansı hüquqi bağlılığı müəyyən olunmamışdır. Məhkəmədə iddiaçılara əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, onlar bu təkliflə razılaşmamışlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında və digər tikililərdə müəyyən təmir işləri gördüklərini bildirsələr də, cavabdeh kimi qoyduqları “xxxx” Açıq Səhmdar Cəmiyyəti, onun rəsmi rəhbər və ya digər işçiləri ilə yazılı və ya şifahi şəkildə hər-hansı müqavilə bağladıqlarına, cavabdehin nümayəndəsinə gördükləri işi təhvil verdiklərinə, cavabdehdən və ya onun hər-hansı rəhbər və ya digər işçisindən gördükləri işin müqabilində pul aldıqlarına dair heç bir subut təqdim etməmişlər. Şahidlər isə öz izahatlarında gördükləri işləri onlara iddiaçıların tapşırdığını və pul tələblərinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı yox, iddiaçılara qarşı olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2 ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşı irəli sürülmüş hazırkı iddia əsassız olduğuna görə, təmin edilməməlidir. İddiaçılar “xxxx” ASC-də təmir işlərinin görülməsi üçün onları Akif Rəhimovun çağırdığını, sifarişin və görülən işlərin müqabilində pulların onun tərəfindən verildiyini bildirdikləri üçün məhkəmə iddiaçılara izah edir ki, qanunvericiliyə uyğun şəkildə Akif Rəhimova qarşı müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar