Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-555/2021 28.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 04 iyun 2020-ci ildə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 6045 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 04 fevral 2019-cu il tarixli Alqı-satqı Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 12000 manat olan avadanlıq almış və almış olduğu həmin malın dəyərinin 2360 manat miqdarında ilkin ödənişini müqavilə bağlanan zaman ödəmişdir. Müqavilə üzrə qalıq məbləği, yəni 9640 manat hissəsini isə 04 fevral 2019-cu il tarixli X2 qeyd olunan qrafikə uyğun olaraq 04 mart 2019-cu ildən başlayaraq hər ay 535 manat, sonuncu ayı isə 545 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin, iddia verilən günə cavabdehin qalıq borcu 6045 manat təşkil etmiş və bununla bağlı olaraq cavabdehə pretenziya məktubu göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(060)-3610/2020 nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(060)- 3610/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(105)-439/2021 nömrəli qərardadı ilə məhkəmə aidiyyəti pozulduğu üçün Sumqayıt Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(060)-3610/2020 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə İddiaçı 04 fevral 2019-cu il tarixdə alqı-satqı müqaviləsi imzalanmış və həmin Müqavilə əsasında ümumi dəyəri 12000 manat məbləğində olan avadanlıq cavabdehə satılmışdır. Həmin alqı-satqı zamanı cavabdeh almış olduğu avadanlığın dəyərinin 2360 manat hissəsini ilkin ödəniş kimi ödəmiş, qalan 9640 manatı hissəsini isə 04 fevral 2019-cu il tarixli X2 qeyd olunan qrafikə uyğun olaraq 04 mart 2019-cu ildən başlayaraq 04 avqust 2020-ci ilədək hər ay 535 manat, sonuncu ayı isə 545 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ümumilikdə 5955 manat ödənildikdən sonra cavabdeh ödənişləri dayandırmış və 6045 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Buna görə də, 6045 manat məbləğində borcun tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən 250 manat məbləğində ödəniş edilmiş olduğundan, hal-hazırda cavabdehin iddiaçıya cəmi 5795 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə də, Cavabdeh iddiaçı "X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 5795 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, fərdi sahibkar olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar onunla İddiaçı arasında bağlanmış 04 fevral 2019-cu il tarixli Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən hal-hazırda iddiaçıya 5795 manat məbləğində borcunun qaldığını təsdiq etdi və eyni zamanda, iddia tələbi üzrə 5795 manat məbləğində borcun ondan iddiaçının xeyrinə tutulmasına etiraz etməsə də, həmin borcu hissə-hissə ödəyəcəyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 04 fevral 2019-cu il tarixli Alqı-Satqı müqaviləsinə və həmin Müqavilə üzrə bağlanmış 04 fevral 2019-cu il tarixli X1 barədə 1 saylı Əlavəyə əsasən satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh cəmi 12000 (on iki min) manat dəyərində avadanlıq satılmışdır və həmin avadanlıq 04 fevral 2019-cu il tarixli Təhvil-Təslim Aktına əsasən Alıcıya təhvil verilmişdir. Həmin alqı-satqı zamanı Alıcı almış olduğu avadanlığın dəyərinin 2360 manat hissəsini ilkin ödəniş kimi ödəmiş, qalan 9640 manatı hissəsini isə 04 fevral 2019-cu il tarixli X2 qeyd olunan qrafikə uyğun olaraq 04 mart 2019-cu ildən başlayaraq 04 avqust 2020-ci ilədək hər ay 535 manat, sonuncu ayı isə 545 manat olmaqla Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 may 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, alıcı Cavabdeh 04 fevral 2019-cu il tarixli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə 5955 (beş min doqquz yüz əlli beş) manat ödəmiş və onun 05 may 2020-ci il tarixinə qalıq borcu 6045 (altı min qırx beş) manat təşkil edir. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli 023 nömrəli Maliyyə arayışından görünür ki, alıcı Cavabdeh 04 fevral 2019-cu il tarixli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə 6205 (altı min iki yüz beş) manat məbləğində ödəniş etmiş və onun 27 aprel 2021-ci il tarixinə qalıq borcu 5795 (beş min yeddi yüz doxsan beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04 fevral 2019-cu il tarixli Alqı-Satqı Müqaviləsi üzrə iddiaçı (satıcı) İddiaçı cavabdeh (alıcı) Cavabdeh 05 may 2020-ci il tarixinə ödənilməmiş 6045 manat məbləğində borcuna görə 04 iyun 2020-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən 6045 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Lakin, 28 aprel 2021-ci ildə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra tələb olunan 6045 manat məbləğində borcdan 250 manat məbləğində ödəniş etdiyi üçün Cavabdeh hal-hazırda 5795 (beş min yeddi yüz doxsan beş) manat məbləğində ödənilməmiş borcu qaldığını bildirmiş və bunu təsdiq edən 27 aprel 2021-ci il tarixli 023 nömrəli Maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Cavabdeh da 04 fevral 2019-cu il tarixli Alqı-Satqı Müqaviləsi üzrə hal-hazırda 5795 manat məbləğində ödənilməmiş borcunun qalmasını mübahisələndirməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 04 fevral 2019-cu il tarixli Alqı-Satqı Müqaviləsi üzrə 27 aprel 2021-ci il tarixinə cavabdeh Cavabdeh İddiaçı MMCyə 5795 (beş min yeddi yüz doxsan beş) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 5795 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 5795 (beş min yeddi yüz doxsan beş) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5825 (beş min səkkiz yüz iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-555/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-555/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver