Məhkəmə qərarları › İş №2-2(119)-702/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-702/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-702/2024 06.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Siyəzən Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın etibarsız hesab edilməklə ləğv edilməsi, borcun silinməsi, məcburi ödədiyi pulun qaytarılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması" tələbi barədə iddia ərizəsinə dair 2(059)-171/2024 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı 01 fevral 2024-cü ildə cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" ASC-nin X2 Təchizatı-Satışı İdarəsi və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) "aktın etibarsız hesab edilməklə ləğv edilməsi, borcun silinməsi, məcburi ödədiyi pulun qaytarılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması" tələbi barədə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, “cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 08 iyul 2020-ci il tarixli NDQ seriyalı 007601 nömrəli aktın etibarsız hesab edilməklə, ləğv edilməsi və bu akta əsasən hesablanmış 1123,61 manat zərər məbləğindən məcburi ödədiyi 559,94 manatının alınaraq ona qaytarılması, qalıq 563,67 manatın isə abonent hesabından silinməsi, eləcə də cavabdehin istehlakçıya elektrik enerjisinin verilişinin dayandırılması kimi qanunsuz hərəkətlərinə son qoyulması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə olan 2(059)-171/2024 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin qərardad onunla əsaslandırılmışdır ki, “mübahisə İddiaçı Siyəzən şəhəri Xətai küçəsindəki istifadəsində olan iaşə obyekti kimi fəaliyyət göstərən qeyri-yaşayış binasında elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktın və onun əsasında yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır. Həmçinin, abunə haqqında təfərrüatlı məlumatlardan, eləcə də tərəflər arasında bağlanmış “enerji təchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı” barədə birtipli müqavilədən göründüyü kimi elektrik enerjisinə görə hesablaşma qeyri-əhali (ticarət və xidmət) istehlakçı qrupuna daxil olan şəxslər üçün nəzərdə tutulmuş elektrik enerjisinin ölkədaxili tarifinə (11 qəpik/kVts) müvafiq aparılmışdır. Bütün bunlar isə mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir”. Məhkəmə, 2(059)-171/2024 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın etibarsız hesab edilməklə ləğv edilməsi, borcun silinməsi, məcburi ödədiyi pulun qaytarılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması" tələbi barədə iddia ərizəsinə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın etibarsız hesab edilməklə ləğv edilməsi, borcun silinməsi, məcburi ödədiyi pulun qaytarılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması" tələbi barədə iddia ərizəsinə dair 2(059)-171/2024 nömrəli mülki işə Siyəzən Rayon Məhkəməsində baxılarkən 06 mart 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh tərəfin “iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması və bu səbəbdən mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməli olması” barədə vəsatəti təmin olunaraq, mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və bununla bağlı Siyəzən Rayon Məhkəməsi tərəfindən “2(059)-171/2024 nömrəli mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” barədə 06 mart 2024-cü il tarixli qərardad qəbul edilmişdir (iş vərəqi: 35-37). Lakin, mülki iş materialları ilə İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən edilmir. Hətta, məlum məhkəmə qərardadında da iddiaçının hər hansı bir hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olması və bununla bağlı VÖEN-i olması (VÖEN-in nömrəsi və s.) barədə heç bir məlumat qeyd olunmamışdır. Eyni zamanda, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla da İddiaçı qanuni əsaslarla fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq - vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Siyəzən Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli 2(059)-171/2024 nömrəli qərardadında mülki iş üzrə mübahisə predmeti “iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyriyaşayış sahəsinə görə yazılmış borcu mübahisələndirməsi” ilə əlaqələndirilərək, “işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” qənaətinə gəlinmişdir. Halbuki, “sahibkarlıq fəaliyyəti” - qanunla nizamlanan, müvafiq qaydada rəsmi qeydə alınan fəaliyyət sahəsi olduğu üçün, hər hansı bir subyektin sahibkarlıq fəaliyəti ilə məşğul olması, ilk növbədə onun sahibkar kimi qanuni əsaslarla qeydə alınmasından və sahibkarlıq fəaliyyətinin bunun əsasında yaranmasından asılıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 27-ci bəndində məhkəmələrə izah edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Həmin Qərarın 26-cı bəndində isə qeyd olunmuşdur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Göründüyü kimi, “sahibkarlıq fəaliyyəti” qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. Lakin, Siyəzən Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli 2(059)-171/2024 nömrəli qərardadı və mülki iş materialları ilə İddiaçı qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması və eyni zamanda, məlum mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması müəyyən olunmur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış hər hansı bir müqavilə isə müvafiq qaydada (qanuni əsaslarla) fərdi sahibkar kimi qeydə alınmamış şəxsin fəaliyyətinin qanunla müəyyən edilmiş sahibkarlıq fəaliyyəti kimi qəbul edilməsi üçün əsas ola bilməz (qanunsuz sahibkarlıq fəaliyyəti, yəni səlahiyyətli orqan tərəfindən müvafiq qaydada qeydə alınmamış sahibkarlıq isə - inzibati xəta tərkibi yaradan və yaxud, cinayət məsuliyyətinə səbəb olan əməldir). Buna görə də, hazırkı mülki iş üzrə mübahisələndirilən borc məbləği ilə əlaqədar iddiaçının fəaliyyətinin - sahibkarlıq fəaliyyəti, həmin fəaliyyət əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın etibarsız hesab edilməklə ləğv edilməsi, borcun silinməsi, məcburi ödədiyi pulun qaytarılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı vardır. Məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğu hallarda isə kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilməli olduğuna görə, hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Siyəzən Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın etibarsız hesab edilməklə ləğv edilməsi, borcun silinməsi, məcburi ödədiyi pulun qaytarılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması" tələbi barədə iddia ərizəsinə dair 2(059)-171/2024 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar