Məhkəmə qərarları › İş №2-2(119)-968/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-968/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-968/2025 10.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə 07 mart 2025-ci il tarixində Quba Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və 2106 (iki min yüz altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(027)-1287/2025 nömrəli qərardadı əsasında İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbinə dair kommersiya işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman dövlət rüsumunun ödənilməsi, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə iddia ərizəsi və pretenziya məktubunun göndərilməsi barədə məlumatlı olmadığını, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci və 259.0.12-ci maddələrinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcələllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində sənəd, həmçinin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən iddiaçının cavabdehə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar