Məhkəmə qərarları › İş №2-2(119)-704/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-704/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-704/2021 04.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehdən 512,35 manat məbləğində əsas borc, 1024,70 manat cərimə borcu və köçürülmüş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1567,05 manat məbləğində pulun tutularaq "xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 369/18 saylı, 12.11.2018-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 04.02.2019-cu il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 512,35 manat borc qalığını ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh Cavabdeh iddiaçı ilə uzun müddət alğı-satqı münasibətlərində olduğunu, müxtəlif mallar alaraq dəyərini vaxtlı-vaxtında ödədyini, lakin pandemiya səbəbindən işləyə bilmədiyindən hazırkı ödənişi gecikdirdiyini bildirmiş, eyni zamanda rəhbəri olduğu "xxxx" MMC ilə "xxxx" Şirkəti arasında bağlanılmış 12.11.2018-ci il tarixli 368/18 və "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış 12.11.2018-ci il tarixli 368/18 saylı alğı-satqı müqavilələrinin və "xxxx" MMC tərəfindən tərtib olunmuş elektron qaimələrin surətlərini təqdim edərək hazırkı iş üzrə ondan tələb olunan məbləğlərin həm də yuxarıda qeyd edilən müqavilələr üzrə ödənilməli olan məbləğlə eyni olduğunu, iddiaçıdan aldığı eyni mallar üzrə iki fərqli müqavilənin mövcud olduğunu, bu hallar araşdırılıb dəqiqləşdirildikdən sonra ödənişi edəcəyini bildirmiş, sonuncu məhkəmə iclasında isə iştirak etməmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı (VÖEN: **********) ilə “alıcı” Cavabdeh (VÖEN: **********) arasında 12.11.2018-ci il tarixli 369/18 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə “satıcı” bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “alıcı”ya satmağı, “alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqavilənin 1.3-cü maddəsinə əsasən “alıcı” və “satıcı” arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. Həmin müqavilənin 3.2-ci “alıcı” ödənişləri malın qəbul qəbul edilməsindən sonra 30 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilməlidir. Müqavilənin 5.1.3-cü bəndinə görə “satıcı” malları razılaşdırılmış müddətdə “alıcı”ya çatdırmalı, “alıcı” malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəməlidir. Tərəflər arasında imzalanmış 04.02.2019-cu il tarixli “Öhdəliklərin qarşılıqlı tanınması” aktına görə Cavabdeh həmin tarixə İddiaçınə olan borcu 512,35 manat təşkil etmişdir və tərəflər yaranmış borcun aktın imzalandığı tarixdən 2 aydan gec olmayaraq ödənilməsi barədə razılaşmışlar. Bundan əlavə, iddiaçı tərəfindən tərtib edilmiş 27.11.2020-ci il tarixli, MA-02/465 saylı maliyyə arayışından da görünür ki, cavabdehin 04.02.2019-cu il tarixinə 512,35 manat borcu vardır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı 512,35 manat məbləğində əsas borcun tutulması hissəsində iddiası əsaslı olduğundan təmin edilməlidir. Cavabdehin yuxarıda qeyd edilən dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdeh qismində "xxxx" MMC deyil, fiziki şəxs kimi Cavabdeh çıxış etdiyindən "xxxx" MMC ilə bağlanmış müqavilələr üzrə hər-hansı mübahisə hazırkı işin predmeti ola bilməz. Yəni, iddiaçı Cavabdeh yuxarıda qeyd edilən 12.11.2018-ci il tarixli 369/18 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış borcu tələb edir. Mülki Məcəllənin 467-ci madəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 512,35 manat əsas borc məbləğinə 1024,70 manat cərimə borcunun hesablanması zamanı əsas borcla dəbbə arasında tənasüb gözlənməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq 512,35 manat əsas borc məbləğinə 100 manat dəbbə pulunun hesablanmasını məqsədəmüvafiq hesab edir. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində tam təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 512,35 (beş yüz on iki manat 35 qəpik) manat əsas borc, 100 manat cərimə olmaqla cəmi 612,35 (altı yüz on iki manat 35 qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilsin. İş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar