Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-81/2025 26.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə 29 mart 2024-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 107235 (yüz yeddi min iki yüz otuz beş) manat məbləğində borc və 401 (dörd yüz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 107636 (yüz yeddi min altı yüz otuz altı) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 10 il bundan əvvəl iddiaçı Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən bağ dərmanları alarkən şirkətin müdiri Əkbər adlı şəxslə tanış olmuşdur. O, həmin şəxsdən ona müəyyən bağ dərmanlarını nisyə satmağı xahiş etmişdir. 2014-cü ildən başlayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi şirkətə məxsus “Ford” markalı yük maşını ilə Xaçmaz rayonu, Ağyazı kəndində yerləşən evə bağ dərmanları gətirərək iddiaçıya təhvil vermiş, sonuncu onları sataraq pulları müəyyən vaxtdan sonra nümayəndə növbəti dəfə dərmanları gətirdikdə təhvil vermişdir. Cavabdeh qonşu kənd sakinidir. İddiaçı ona əvvəllər 1-2 dəfə öz bağında istifadə etmək üçün bağ dərmanlarını nisyə satmışdır. Razılaşdırılan müddətdən sonra o, dərmanların pulunu ödəmişdir. 2023-cü ilin mart ayının əvvəllərində cavabdeh onunla görüşərək Xaçmaz rayonunda bağ sahibləri olan firmalarla işlədiyini, onlardan meyvə mövsümü vaxtı meyvə aldığını və bağ sahibləri ilə yaxşı münasibətdə olduğunu bildirmiş, ona nisyə dərman satmağını xahiş etmiş və həmin malların dəyərini 2023-cü ilin iyul ayının axırlarına kimi ödəyəcəyini demişdir. Cavabdeh ona əvvəllər nisyə satılan mallarında dəyərini danışdığı vaxta qaytardığı üçün etibarı yaranmışdır. Buna görə 2023-cü ilin mart-iyul ayları ərzində cavabdehə ümumi dəyəri 122895 manat olan bağ dərmanları nisyə satmışdır. O, həmin dərmanları alarkən soz vermişdir ki, 2023-cü ilin iyul ayının sonunadək 122895 manat məbləğində pulu tam ödəyəcəkdir. Lakin o, vədinə əməl etməmiş, göstərilən məbləğdən cəmi olaraq 12660 manat pul ödəmişdir. Cavabdehdən borc məbləğinin ödənilməsini tələb etdikdə o, hər dəfə söz verirdi ki, yaxın günlərdə pulu ödəyəcəkdir. İddiaçı 26 iyul 2023-cü il tarixdə rəsmi ərizə ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət edərək Cavabdeh nisyə aldığı bağ dərmanlarının dəyəri olan 110235 manat məbləğində pulu qaytarmaqdan yayındığını və həmin pulun cavabdehdən alınaraq qaytarılmasını xahiş etmişdir. Polis şöbəsində verdiyi izahatında o, həqiqətən də iddiaçıdan ümumi dəyəri 122895 manat olan bağ dərmanları nisyə aldığını, həmin məbləğdən iddiaçıya 12660 manat pul ödədiyini və iddiaçıya 110235 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Xaçmaz rayon Polis Şöbəsinin 01 sentyabr 2023-cü il tarixli qərarı ilə şikayətim əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar qəbul olunduqdan sonra cavabdeh 3000 manat pul ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 107235 manat borcu qalmışdır. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 15 iyun 2024-cü il tarixdə etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi polis şöbəsində izahat verməyəcəyi halda həbs elətdirəcəyi ilə hədələmişdir. Əgər iddiaçının istədiyi kimi izahat versə ona kömək edəcəyini və ondan şikayətçi olmayacağını vəd verərək Xaçmaz rayon Polis Şöbəsində müstəntiqlə əlbir olub istədikləri formada cavabdehdən izahat almışlar. Cavabdeh izahatı oxumamış, orda yazılanlardan iş məhkəməyə veriləndən sonra məlumatı olmuşdur. İddiaçı cavabdehə yalnız 20000 (iyirmi min) manatlıq dərman vermiş, həmin dərmanlar da yararsız olduğu üçün satdığı şəxslərdən dərmanların pulunu ala bilməmişdir. Əgər iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi olsa idi, bütün bu deyilənlər həmin müqavilədə öz əksini tapardı. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında heç bir nisyə alqı-satqı müqaviləsi olmamışdır. İddiaçının iddia tələbində göstərdikləri həqiqətə uyğun deyildir. Xaçmaz Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(067)-1451/2024 nömrəli nömrəli qərardadı ilə həmin iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinin müdafiə edib məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı 2731 litr həcmində dərman vasitəsi almışdır. Lakin həmin dərmanların bir litri 45 manatdan alınmamışdır. Eyni zamanda həmin dərmanların bir hissəsinin istifadə müddəti bitmişdir. Bundan başqa məhkəməyə təqdim etdiyi İddiaçı tərəfindən Fuadın və Talehin borcu yazılan qeydlər onun İddiaçı 2731 litr dərman aldığını yazdığı qeyddən əvvəl yazılmışdır. Lakin sonuncu əlyazmada dərmanların miqdarı göstərilsə, onun qiyməti qeyd olunmamışdır. Nəinki həmin əlyazmada, ümumiyyətlə heç bir sənəddə dərmanların bir litrinin neçə manatdan satıldığı göstərilməmişdir. O, aldığı dərman vasitələrinə görə İddiaçı ümumilikdə 15660 manat məbləğində ödəniş etdiyini, təxminən 20000-25000 manat borcu qaldığını, 107235 manat məbləğində borcunun olmadığını vurğulamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 26 iyul 2023-cü il tarixdə Cavabdeh 2023-cü ilin mart ayının ortalarından başlayaraq həmin iyul ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 110295 manat dəyərində olan “Ultracidin” adlı bitki dərmanını ondan nisyə alması, lakin bu günədək həmin malların pulunu verməməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 01 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, onların Xaçmaz rayonu, Padar kəndində şaftalı və fındıq ağacları əkdikləri 01 ha 20 sot ölçüdə bağ sahəsi vardır. Həmin bağ sahəsində olan ağaclara vurmaq məqsədi ilə 5-6 ildir ki, Sərkərdən dərman vasitələrini alıb istifadə etmiş, həmin dərmanların pulunu da nağd şəkildə vermişdir. Bundan başqa o, öz bağında olan ağaclar üçün Xaçmaz rayonu, Nərəcan kənd sakini Tariyel adı şəxsdən də dərman vasitələri və gübrə almışdır. Əvvəllər bağında olan ağaclarda xəstəlik olmuş və həmin xəstəlik üçün müxtəlif dərmanlardan istifadə etsə də bir xeyri olmamışdır. Daha sonra maraqlandıqda ona bildirmişlər ki, həmin xəstəlik üçün Sərkərin satdığı “Ultracidin” dərmanı daha yaxşı təsir edir. O, həmin dərmandan alıb istifadə etdikdən sonra ağaclarda olan xəstəlik getmişdir. 2023-cü ilin mart ayında dərman almaq üçün Nərəcan kənd sakini Tariyel adlı şəxsin yanına gedikdə onda “Ultacidin” adlı dərman vasitəsinin olub-olmamasını soruşmuş, sonuncu onda həmin dərmandan olmadığını bildirmişdir. O, Sərkərin şirkətdən “Ultacidin” adlı dərman vasitəsi alıb Xaçmaz rayonunda satdığını bilmişdir. Tariyelin də həmin dərmandan istədiyini görüb həmin dərmandan alıb gətirib ona satmağı təklif etmiş və sonuncu bununla razılaşmışdır. Tariyellə qiymət barəsində danışanda sonuncu ona demişdir ki, bir litrini 42 manatdan alacaqdır. Tariyelin yanından getdikdən bir-iki gün sonra Sərkərin yanına getmiş, ondan “Ultracidin” adlı dərman vasitəsinin satışı ilə məşğul olubolmamasını soruşmuş, Sərkər də həmin dərmandan satdığını və hər bir litrini 45 manatdan satdığını bildirmişdir. Onun Sərkərdən dərmanın bir litrini 45 manata alaraq Tariyelə 42 manata satmağında məqsədi o olmuşdur ki, o, gələcəkdə Tariyeldən öz bağı üçün dərman alanda ona hörmət etsin, yəni həm nisyə versin, həm də qiymətini bir qədər aşağı versin, həmçinin dərmanı Tariyelə nisyə verdiyi üçün ona da bir az qazandığı puldan verər. Düşünmüşdür ki, şirkət həmin dərman vasitəsini Sərkərə onsuz da 42 manatdan verir. O da Sərkərdən həmin dərmanı 45 manatdan alıb Tariyelə 42 manatdan satmışdır ki, Tariyeldan hər litrinə görə 42 manatdan aldığı pulu aparıb Sərkərə verər, Sərkər də şirkətin pulunu ödəyər, o da qalan 3 manat ziyanı gilas mövsümü vaxtı işləyib qaytarar. Bundan başqa düşünmüşdür ki, əgər gilas mövsümündə də işləyə bilməsə bağını satıb Sərkərin pulunu qaytarar. Beləliklə, ilk dəfə 23 mart 2023-cü il tarixdə Sərkərdən aldığı 100 litr dərmanı aparıb Nərəcan kəndində Tariyelin işlədiyi mağazada ona vermiş, sonuncu həmin malların dəyəri olan 4200 manatı tam yox, bir hissəsini vermiş, ancaq konkret olaraq ona nə qədər pul verməsi yadında qalmamışdır. Ancaq o, Tariyelin verdiyi pulu həmin gün aparıb Sərkərə verməmişdir. Bundan sonra Sərkərdən təxminən 14 dəfəyə olmaqla ümumilikdə 2731 litr “Ultracidin” adlı dərman vasitəsi almış və həmin dərmanların 2370 litrini Tariyelə satmışdır. Sonuncu dəfə Tariyelə dərmanı 2023-cü ilin iyul ayında vermiş və həmin vaxtadək Tariyel ona hissə-hissə olmaqla ümumilikdə 40000 manat pul vermişdir. O isə həmin 40000 manat puldan Sərkərə ümumilikdə 12660 manat pul vermişdir. Sərkərdən hər dəfə dərman alanda 25 iyul 2023-cü il tarixədək haqq-hesab edib pulunu tam ödəyəciyini bildirmişdir. Çünki Tariyel dərmanları ondan nisyə alan zaman ona dərmanların pulunu 25 iyul 2023-cü il tarixdə tam verəcəyini demişdir. İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli 4/1890 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən ekspertizaya təqdim edilmiş qeyd kitabçasının “26 avqust” tarixli vərəqə üzərindəki “Sərtər əmidən alıb hamın Tarielə vermişəm 2731 dərmanları” əlyazmaları və “2731 dərmanları” əlyazmaları qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları, tərəflərin izahatları və işin konkret halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı-satqıdan irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, həmin münasibətlər üzrə İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 2731 litr bağ dərmanı vasitəsi satılmış, həmin malların dəyərindən Cavabdeh tərəfindən 15660 manat ödəniş edilsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Cavabdeh İddiaçı 107235 manat məbləğində borcunun olmadığını, dərman vasitəsinin bir litrinin ona 45 manatdan satılmadığını bildirsə də, Xaçmaz rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin polis şöbəsində aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatında İddiaçı 2731 litr “Ultracidin” adlı dərman vasitəsi aldığını və həmin dərman vasitəsinin bir litrini iddiaçının ona 45 manatdan satdığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh 107235 (yüz yeddi min iki yüz otuz beş) manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır (2731 litr dərman vasitəsi x 45 manat = 122895 manat; 122895 manat – ödənilmiş 15660 manat = 107235 manat). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “401 (dörd yüz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 397,24 (üç yüz doxsan yeddi manat iyirmi dörd qəpik) manat təşkil edir. Buna görə Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 397,24 (üç yüz doxsan yeddi manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 107235 (yüz yeddi min iki yüz otuz beş) manat məbləğində borc və 397,24 (üç yüz doxsan yeddi manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 107632,24 (yüz yeddi min altı yüz otuz iki manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 107235 (yüz yeddi min iki yüz otuz beş) manat məbləğində borc və 397,24 (üç yüz doxsan yeddi manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 107632,24 (yüz yeddi min altı yüz otuz iki manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №2-2(119)-81/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-81/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver