Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-98/2024 19.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, cavabdeh “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 10 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "X1 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "X1 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərin əvəzi olaraq 99924 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə olan e-2(060)-6652/2023 nömrəli iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə cavabdeh “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil 19 yanvar 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə “işin baxılmamış saxlanması” barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırkı kommersiya işi üzrə iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəflə mübahisənin mediasiya vasitəsilə həll edilməsi və eləcə də, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə elektron və ya poçt vasitəsilə hər hansı bir pretenziya və ya bildiriş göndərməyərək, mübahisənin məhkəməyədək mediasiya və yaxud pretenziya qaydasında həll edilməsi tələblərinə riayət etməməsi əsası ilə İddiaçı cavabdeh “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh tərəfin “işin baxılmamış saxlanması” barədə ərizəsinin təmin olunmamasını və İddiaçı tərəfindən cavabdeh “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmasın xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən cavabdeh “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı hazırkı iş üzrə vermiş olduğu iddia ərizəsi ilə 10 oktyabr 2023-cü ildə məhkəməyə müraciət etməmişdən əvvəl mövcud kommersiya mübahisəsi üzrə hal-hazırda Qanunvericiliyin tələb etdiyi qaydada tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədlər, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməklə ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. 01 iyul 2021-ci ildən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı madəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Bundan əlavə, İddiaçı hazırkı iş üzrə vermiş olduğu iddia ərizəsi ilə 10 oktyabr 2023cü ildə məhkəməyə müraciət etməmişdən əvvəl mövcud mübahisəni cavabdeh ilə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına da riayət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunan hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Mülki-Prosessual Məcəllənin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki, kommersiya mübahisələri üzrə işə baxılarkən cavabdehin mövcud mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi hüquqları və imkanları gözlənilməli və iddia ərizəsi verilənədək iddiaçı tərəfin qanunla müəyyən edilmiş qaydada müraciəti əsasında cavabdeh tərəf mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin və eləcə də, mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı tərəfindən cavabdeh “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.1-ci və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə, iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək aidiyyəti üzrə mavafiq məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin və eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən cavabdeh “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-98/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-98/2024
19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver