Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-1145/2023 18.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – 11800 manat məbləğində pul vəsaitinin və ya texnikanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Qeyd edilən Məcəllənin 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. İddiaçı isə iddia ərizəsini məhkəməyə kağız daşıyıcıda təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 152.1.10-cu maddəsinə əsasən, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından, bununla da iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməli olduğundan, mövcud iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Bundan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakına dair məlumatı iddia ərizəsində göstərməmişdir. Bundan başqa, iddia ərizəsi və pretenziya məktubu kağız daşıyıcıda cavabdehə göndərilmiş olsa da, iddia ərizəsi və pretenziya məktubunun cavabdeh tərəfindən alınmasına dair sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd edilən Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsini və pretenziya məktubunu cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərmədiyindən (cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyi halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmədiyindən) iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçı ərizəsində cavabdehin ünvanının Bərdə rayonu olmasını göstərmişdir. Portaldan çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı AZ0900, Bərdə rayonu, Qaradağlı kəndidir. Göründüyü kimi, cavabdeh Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda Bərdə rayonu – Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərində göstərilmişdir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud ərizənin Şirvan Kommersiya Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, cavabdehin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanının Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə olması müəyyən edilmədiyindən, iddiaçı mövcud ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlı deyildir. İddiaçı mövcud ərizəsini cavabdehin hüquqi ünvanının olduğu yerin yurisdiksiyasına aid olan kommersiya məhkəməsinə verməlidir. Buna görə də məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması müəyyən edilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – 11800 manat məbləğində pul vəsaitinin və ya texnikanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. X1 tərəfindən xx.xx.2023-cü il tarixdə (qəbzin nömrəsi 11473) dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına) ödənilmiş 130 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-1145/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1145/2023
18.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver