Məhkəmə qərarları › İş №2-2(121)-1151/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1151/2021

19.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-1151/2021 19.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh dərman preparatlarının alınmasından ötrü ödədiyi 8.500 pulun və keçirdiyi psixoloji gərginliklərin əvəzi kimi mənəvi ziyana görə 10.000 (on min) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12.11.2018-ci il tarixdə Cavabdeh ilə münasib qiymətə, sənədləri qaydasında olan ağrıkəsici və iltiha ələyhinə dərman preparatları əldə etmək məqsədi ilə aralarında şifahi razılığa gəlmişlər və bankdan kreditlə götürdüyü 10100 manat pulu əvvəlcədən Cavabdeh vermişdir. Lakin sonradan Cavabdeh dərman preparatlarını gətirdiyi zaman o həmin dərmanların qablaşdırılmalarının nümunəyə uyğun formada və görünüşdə olmadığı üçün Cavabdeh qaytararaq verdiyi pulu qaytarmağı tələb etmişdir. Lakin Cavabdeh pulu xərclədiyini bildirmiş və son 3 ay ərzində ona 2 dəfə ödəniş etmişdir. 26.01.2019-cu il tarixdə isə yenidən Cavabdeh zəng etdikdə, onu söyüb təqir etmiş və hədələmişdir. Bu səbəbdən 14.02.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nə müraciət etmişdir. Bakı şəhəri Binəqədi RPİ-də araşdırma aparılmış və Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı polis mayoru Zamir Əliyev tərəfindən 24 fevral 2019-cu il cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-də araşdırılma aparılan zaman cavabdeh verdiyi izahatında yuxarıda qeyd etdiklərini etiraf edərək ona qalan borcunu mart ayınadək ödəyəcəyini bildirmişdir. Lkain buna baxmayaraq cavabdeh ona olan borcunu bu günə kimi ona qaytarmamışdır. Cavabdeh ona hazırda 8500 manat borcu qalmışdır. Lakin cavabdeh ona olan borcunu qaytarmadığından məcbur olun məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdehin bu müddət ərzində ona məxsus pulu ona qaytarmadığına və onu söyüb təhqir edərək ona hədələdiyinə görə keçirdiyini əsəb gərginliklərinin, psixoloji sarsıntıların və hər dəfə cavabdehdən ona məxsus pulu qaytarmasını tələb etdikdə ona nalayiq söyüşlər söyməsi onu təhqir etməsi, şərəf və ləyaqətini alçaltması və ona hədəqorxu gəlməsi ilə əlaqədar keçirdiyi bütün bu mənəvi sarsıntıların nəticəsi kimi cavabdehdən 10000 (on min) manat mənəvi ziyana görə pul məbləği alınıb ona verilməlidir. Masallı Rayon Məhkəməsinin 2(050)-1157/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsi və vəkilini dinləyib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı, poils mayoru Zamir Əliyev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 fevral 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh müqavilə əsasında İddiaçı dərman məhsullarını gətirmək üçün ondan əvvəlcədən 10.100 manat beh almış, lakin dərman məhsullarını gətirdikdə İddiaçı həmin dərmanlardan imtina etmişdir. Bundan sonra o, İddiaçı pulunu yaxın zamanlarda qaytaracağına söz vermiş və bu müddət ərzində ona 1000 manat və 1000 ABŞ dolları pul ödəmişdir. İddiaçı müraciəti əsasında toplanmış materiallarda cinayət hadisəsi olmadığından, tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə keçirilmiş 25 avqust 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı izahatında Cavabdeh tərəfindən ona 1.000 ABŞ dolları və 1.000 manat məbləğində pul ödənildiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 16.04.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh (VÖEN: **********) vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindəki rəsmi məzənnəni əks etdirən çıxarışdan görünür ki, 2018-ci ilin noyabr və dekabr ayları və 2019-cu ilin yanvar ayları ərzində ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.70 manat təşkil etmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh 10.100 manat dəyərində dərman preparatlarını müqavilə şərtinə uyğun olaraq cavabdehə təhvil verməyi, iddiaçı isə həmin dərman preparatların dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Dərman preparatları müqavilədə nəzərdə tutulan forma və görünüşdə olmadığından iddiaçı tərəfindən dərman preparatlarının qəbul edilməsindən imtina edilmişdir. Tərəflər arasında bağlanmış şifahi müqavilə ləğv edildiyindən iddiaçı tərəfindən dərman preparatlarından ötrü ödənilmiş pul vəsaitini cavabdehdən tələb etmişdir. İddiaçı tərəfindən şifahi müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 7.400 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan qabaqcadan pul vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malları müqavilədə nəzərdə tutulan qaydada təhvil verməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə qeyd olunan şifahi razılaşma əsasında nisyə mal satmasına dair hüququndan istifadə etmiş, lakin həmin malların müqavilədə nəzərdə tutulan qaydada təhvil verilməsinə dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə ödədiyi məbləğin geri qaytarılmasını tələb etməkdə haqlıdır. İddiaçı iddia ərizəsində cavabdehin 8.500 manat borcunun olmasını qeyd etsə də, 25 avqust 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında cavabdehin dərman preparatlarına görə ödədiyi 10.100 manat məbləğdən 1.000 ABŞ dolları (2018-ci ilin noyabr və dekabr ayları və 2019-cu ilin yanvar ayı üzrə ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi – 1.70 manat olmuşdur (1.000 ABŞ dolları *1.70 AZN=1.700 AZN) və 1.000 manat məbləğinin geri ödənildiyini bildirmişdir. Hazırki iddia tələbi üzrə cavabdehin borclu olması Binəqdi RPİ-nin 7-ci PB-də təhqiqat araşdırması zamanı cavabdehin verdiyi izahatı ilə də müəyyən olunur. Buna görə də, iddia qismən təmin edilərək, 7.400 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “keçirdiyi psixoloji gərginliklərin əvəzi kimi mənəvi ziyana görə 10.000 (on min) manat pulun alınmasına” dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Bununla yanaşı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi, dəymiş mənəvi zərərin 10.000 manat olması barəsində tələbi üzrə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İş materiallarında olan 24.02.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 18 manatı iddiaçıya aid edilməli, 12 manat isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7.400 (yeddi min dörd yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat olmaqla, ümumilikdə 7.412 (yeddi min dörd yüz on iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar