Məhkəmə qərarları › İş №2-2(121)-1152/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1152/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1152/2021 31.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2.783,34 manat əsas borcun, 2.000 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC, "MKT-Beyləqan" filialı və Cavabdeh arasında bağlanmış 13.06.2016-cı il tarixli 16 *** **** saylı müqaviləyə əsəsən Cavabdeh 10 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 20 ton xam-pambıq məhsulu istehsal edib İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh İddiaçıdan 2.783,34 manat məbləğində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə cavabdeh xam-pambıq təhvil verməmişdir ki, bununla da müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 2.783,34 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən "MKT-Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın l-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2.000 manat qəpik təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 20 ton; Verilib: 0 Verilməmişdir: (20 t - 0 t) x 500manat = 10000.0 manat x 20% 2000.0 manat. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci və 385.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, "öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar alətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət elməlidir." eyni zamanda Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, "öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Beləliklə, cavabdeh 2.783,34 manat əsas borcdan əlavə 2.000 manat cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 4.783,34 manat təşkil edir. Füzuli Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(064)-733/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianı qismən qəbul etdiyini, tərəflər arasında müqavilə bağlanıldığını, müqavilə əsasında ona pambıq əkini üçün xidmətlərin göstərildiyini, lakin dolu düşməsi nəticəsində ödənişlərdə problemin yarandığını bildirmişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 iyun 2016-cı il tarixli, 16 *** **** saylı müqavilədən görünür ki, İddiaçı MMC, “MKT Beyləqan” filialı və Cavabdeh arasında 2016-cı il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında olan qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün 2.783,40 manat məbləğində avans ayrılmışdır (şum və mala işləri görülmüş, səpin aparılmış və s.). İş materiallarında olan 09 iyun 2016-cı il tarixli aktda qeyd edilmişdir ki, “MKT- Beyləqan” filialında fermerlərlə 2016-cı ilin əkin üçün müqavilə bağlanmış, pambıq əkilmiş çıxış alınmış sahələrinə 08 iyul 2016-cı il tarixində güclü küləklərlə müşahidə olunan dolu düşmüşdür. “MKT-Beyləqan” filialında fermerlərin pambıq əkin sahələrinə güclü külək olmaqla dolu yağması pambıq yığımı dövründə məhsulun gec yığılmasına və məhsulun azalmasına çox ciddi təsir göstərəcəkdir. Komissiya üzvləri hesab edir ki, ayrı ayrı fermerlərin 60.5 ha pambıq əkin sahələrində hər bir hektardan “aprobasiya” aparılmasında məhsuldarlıq müəyyən edildikdə məhsulun azlığı dolu düşməsindən olduğu təsdiqlənərsə, fermerlərlə bağlanmış müqavilə şərtində göstərilmiş “təbii fəlakət” olmaqla ziyanın nəzərə alınmasını məqsədə müvafiq hesab edilir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC, “MKT Beyləqan” filialı və Cavabdeh arasında bağlanmış 13 iyun 2016-ci il tarixli, 16 *** **** saylı 2016-cı il mövsümü üzrə xam-pambığın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh verilmiş 2.783,34 manat avans məbləğin 10 gün müddətində ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə əsas və cərimə borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin 03 avqust 2021-ci il tarixli iclasında Cavabdeh İddiaçı MMC ilə öz iradə ifadəsi əsasında şəxsən 13 iyun 2016-cı il tarixli, 16 *** **** saylı müqaviləni imzaladığını və iddiaçı tərəfindən 2.783,34 manat məbləğində işlərin görüldüyünü bildirmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC, “MKT Beyləqan” filialı və Cavabdeh arasında 13 iyun 2016-cı il tarixli, 16 *** **** saylı 2016-cı il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini 2016-cı il mövsümü üzrə xam-pambığın istehsalı və alqı satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə vəzifələrin tənzimlənməsindən ibarətdir. Müqaviləyə əsasən Cavabdeh əkin sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiqləyən sənədi təqdim edir. 10 hektar sahədə pambıq əkir və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara “Xam-pambığın yığılması və tədarükü Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi, təsərrüfat tədarükçü vasitəsi ilə alıcıdan alınan avansı tədarük mövsümü vaxtı alıcıya xam-pambıq verməklə ödəməyi, təsərrüfat torpağın şumlanmasından başlayaraq pambığın yığılmasına qədər bütün aqrotexniki tədbirlərin tam və vaxtında olunması öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh işlərin görülməsi üçün 2.783,34 manat məbləğində avans ayrılmışdır. Cavabdeh tərəfindən isə iddiaçıya pambıq verilməmiş, həmçinin müəyyən məbləğdə pul vəsaiti də nağd qaydada geri qaytarılmamışdır. Beləliklə də, iddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin, cavabdeh 03 avqust 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək, iddiaçı tərəfindən 2.783,34 manat məbləğində işlərin görüldüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 13 iyun 2016-cı il tarixli, 16 *** **** saylı 2016-cı il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 2.783,34 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, iddianın cərimə borcu hissəsinə münasibətdə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, 2.000 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 12 manatı iddiaçıya aid edilməli, 18 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.783,34 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə) və ödənilmiş dövlət rüsumuna görə 18 manat olmaqla, ümumilikdə 2.901,34 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.783,34 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə) və ödənilmiş dövlət rüsumuna görə 18 manat olmaqla, ümumilikdə 2.901,34 (iki min doqquz yüz bir manat, otuz dörd qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar