Məhkəmə qərarları › İş №2-2(121)-1187/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1187/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-1187/2022 18.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu İddiaçı Cavabdeh qarşı cavabdehdən 254.770 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, cavabdehin Salyan rayonu ərazisində Babazənə asudə fond torpaqlarından ayrılmış iddiaçıya etibar edilmiş 100 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılması barədə, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı Salyan rayonu, Babazənə dövlət fondu torpağında heyvandarlığın inkişafı məqsədi ilə 60 hektar torpaq və təbii sututar ərazidə balıqçılığın inkişafı məqsədi ilə 40 hektar, cəmi 100 hektar torpaq sahəsindən Cavabdeh və aidiyyəti olmayan digər şəxslərin çıxarılması və həmin ərazinin boşaldılmasına dair iddia ərizələrini və onlara əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi : İddiaçı Cavabdeh qarşı cavabdehdən 254.770 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, cavabdehin Salyan rayonu ərazisində Babazənə asudə fond torpaqlarından ayrılmış iddiaçıya etibar edilmiş 100 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Cavabdeh qarşı Salyan rayonu, Babazənə dövlət fondu torpağında heyvandarlığın inkişafı məqsədi ilə 60 hektar torpaq və təbii sututar ərazidə balıqçılığın inkişafı məqsədi ilə 40 hektar, cəmi 100 hektar torpaq sahəsindən Cavabdeh və aidiyyəti olmayan digər şəxslərin çıxarılması və həmin ərazinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Salyan Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı olan iddia ərizəsinin aidiyyəti üzrə Salyan Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsinin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(057)-319/2022 saylı qərardadına əsasən, Cavabdeh mülki işə məhkəmə aidiyyatı qaydasında Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə dair ərizəsi təmin olunmamışdır. Cavabdeh Salyan Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(057)-319/2022 saylı qərardadından şikayətlə Salyan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı iddiası üzrə mülki iş aidiyyət üzrə düzgün olaraq verilmədiyindən, hər iki tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün Şirvan Kommersiya Məhkəməsində iddia qaldırılmalı olduğundan Salyan Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(057)-319/2022 saylı qərardadının ləğv edilməsini və işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(057)-319/2022 saylı qərardadına əsasən, iş üzrə Cavabdeh Salyan Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(057)-319/2022 saylı qərardadının ləğv edilməsi və onun icrasını dayandırılması tələbinə dair şikayəti təmin edilməmiş, şikayətin 7 gün müddətində 2(057)-319/2022 saylı mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə Göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2(102)-2128/2022 saylı qərardadına əsasən, Salyan Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli, 2(057)-319/2022 nömrəli qərardadından Cavabdeh verilmiş şikayət icraata qəbul edilməmiş, şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Salyan Rayon Məhkəməsinə qaytarılmışdır. Salyan Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(057)-319/2022 saylı qərardadına əsasən, Cavabdeh Salyan Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli, 2(057)-319/2022 saylı qərardadın ləğv edilməsi və onun icrasının dayandırılması tələbinə dair şikayəti geri qaytarılmışdır. Cavabdeh və onun nümayəndəsi və vəkili X4 şikayətdə olan çatızmazlığı aradan qaldıraraq yenidən şikayətlə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(057)-319/2022 saylı qərardadının ləğv edilməsini və işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Salyan Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(057)-319/2022 saylı qərardadına əsasən, iş üzrə Cavabdeh və onun nümayəndəsi, vəkil X2 Salyan Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(057)-319/2022 saylı qərardadının ləğv edilməsi və aidiyyət qaydasında Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi tələbinə dair şikayətləri təmin edilməmiş, şikayətin 7 gün müddətində 2(057)-319/2022 saylı mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə Göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2(102)-2586/2022 saylı qərarına əsasən, Cavabdeh şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-319/2022 nömrəli iş üzrə 03 fevral 2022-ci il tarixli qərardadı ləğv edilmiş, işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(102)-2586/2022 saylı məktubu ilə İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair Salyan Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli, 2(057)-319/2022 saylı işi baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia ərizəsini araşdırıb hesab edir ki, iddia ərizələri və onlara əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 28.12.2018-ci il tarixli Qanunla əlavə edilmiş və 01.01.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı hazırki tələblə 30.12.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinə müraciət etmiş, həmçinin X3 müstəqil tələb irəli sürən şəxs qismində iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhməsinin 03 fevral 2022-ci il tarixli iclas qərarına əsasən, X3 müstəqil tələb irəli sürən şəxs qismində məhkəmənin icraatına cəlb olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2(102)-2586/2022 saylı qərarına əsasən, Cavabdeh şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-319/2022 nömrəli iş üzrə 03 fevral 2022ci il tarixli qərardadı ləğv edilmiş, işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olması barədə məhkəmənin gəldiyi nəticə prosessual normaların tələblərinə uyğun deyil, bu mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması barədə şikayətin dəlilləri əsaslıdır. Göründüyü kimi, İddiaçı hazırki mübahisə üzrə məhkəmə aidiyyətini düzgün müəyyən etməmiş və hazırki mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Kommersiya Məhkəmələrinə müraciət edilməsi ilə bağlı qanunvericiliyin yuxarıda göstərilən tələblərinə isə iddiaçı tərəfindən riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd edilən Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsini və pretenziya məktubunu cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərmədiyindən (cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyi halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmədiyindən) iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakına dair məlumatı da yuxarıda qeyd olunan tələblərə əsasən iddia ərizəsində göstərməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Göstərilən Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd edilən Qanunun 28.4-cü maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nəzərinə çatdırır ki, yuxarıda qeyd olunanlar onun iddia ərizəsinə də aiddir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 108.1.2-ci maddəsinə əsasən iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizələri Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizələrinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizələri geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı : İddiaçı Cavabdeh qarşı cavabdehdən 254.770 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, cavabdehin Salyan rayonu ərazisində Babazənə asudə fond torpaqlarından ayrılmış iddiaçıya etibar edilmiş 100 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılmasına dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı Salyan rayonu, Babazənə dövlət fondu torpağında heyvandarlığın inkişafı məqsədi ilə 60 hektar torpaq və təbii sututar ərazidə balıqçılığın inkişafı məqsədi ilə 40 hektar, cəmi 100 hektar torpaq sahəsindən Cavabdeh və aidiyyəti olmayan digər şəxslərin çıxarılması və həmin ərazinin boşaldılması barədə iddia ərizələri geri qaytarılsın. İddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar