Məhkəmə qərarları › İş №2-2(121)-121/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-121/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-121/2022 20.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 250.000 manat məbləğində borcun və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumuna görə pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 10 ilə yaxın olar ailəvi dostluq etmiş və aralarında heç bir problem olmamışdır. O, Salehlə tibbi ləvazimatların alqı-satqısı ilə məşğul olmuş və Salehə bint, tənzif alıb satmışdır. O, Saleh ilə 2017-ci il tarixdən Biləsuvar rayonunda yerləşən Salehə məxsus Star MMC-də spirt qablaşdırıb alğı-satqısı ilə məşğul olmağa razılaşmışdır. Bir yerdə işləmişlər və o 90.000 manat Cavabdeh Ələsgər oğluna vermişdir ki, işdə malları alıb satsınlar. Birgə alver zamanı 2020-ci il tarixinə kimi 192.000 manat gəlir əldə etmişlər. Ona olan borcu 28.000 manatla birgə onun payına düşən qazancdan cəmi 220.000 manat pul verməlidir. O, Salehdən pulunu istəyərkən müxtəlif bəhanələrlə aldadıb. Borcu rəsmiləşdirmək üçün Masallı rayon Boradigah qəsəbəsində yerləşən "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə 24 may 2020-ci il tarixində 5.000, 10.000, 15.000 pul hər ayda ona verməsi üçün müqavilə bağlamışlar və tərəflərin iştirakı ilə imzalamışlar. O, Salehdən təkrar müqaviləyə əsasən pulunu istəyərkən o yenədə aldadıb müqavilənin şərtini pozmuşdur. O, məcbur qalaraq yenidən Salehlə 15 dekabr 2020-ci il tarixində müəssisənin xərcini öz üzərinə götürüb Salehlə birgə işləyib ona olan borcunun qaytarılmasını şərait yaratmışdır. O, 40.000 manat məbləğində maya qoymuşdur. Həmin mayadan 10.000 manat pul götürmüşdür. Hazırda həmin borc məbləğinin məhkəmə qərarı əsasında məcburi qaydada alınmasına zərurət yaranmışdır. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-380/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 250.000 (iki yüz əlli min) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2920/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavbadeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Biləsuvar Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(022)-380/2021 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-2364/2021 saylı, 05.11.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü məhkəməyə bildirməmiş və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələrinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 may 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh İddiaçı olan 220.000 manat borc məbləğini 2023-cü ilin sonuna kimi qaytaracağını etiraf etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı İstintaq Təcridxanasının 17/38- 1247 saylı, 28.02.2022-ci il tarixli məktubu ilə məhkəməyə ünvanlanmış 25.02.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ona qarşı olan hazırkı iddianın şər və böhtan olduğunu, iddianın əsassız olduğunu qeyd etmişdir. İş materiallarında olan “dövlət rüsumunun ödənilməsinə dair” ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında uzun müddət dostluq münasibəti olmuş, sonradan birgə əməkdaşlıq nəticəsində cavabdehin iddiaçıya borcu yaranmışdır. Borcun qaytarılması ilə bağlı İddiaçı ilə Cavabdeh arasında “borcun etirafı haqqında” 24 may 2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh 220.000 manat borcun yarandığını etiraf etmiş, həmin pulu İddiaçı hər ay təxminən 5.000, 10.000, 15.000 manat olmaq şərtilə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, məhkəmə araşdırması zamanı Cavabdeh Bakı İstintaq Təcridxanasında saxlanıldığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, cavabdehin iddia ərizəsi ilə tanış olması, iddiaya dair əsaslandırılmış etirazının məhkəməyə təqdim olunmasına lazımi şərait yaratmaq üçün Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh iddia ərizəsinin surəti, hüquq və vəzifələrinin izahına dair bildiriş təqdim edilmişdir. Cavabdeh məhkəməyə ünvanlamış 25.02.2022-ci il tarixli ərizəsində ona qarşı olan hazırkı iddianın şər və böhtan olduğunu, iddianın əsassız olduğunu qeyd etmiş, lakin iddiaya dair etirazını əsaslandırmamış və etirazını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun təqdim etməmişdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.3-cü və 154.4-cü maddələrinə əsasən cavabdeh iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalı idi. Cavabdeh iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməli və iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməli idi. Məhkəmə tərəfindən işin obyektiv, hərtərəfli araşdırılması məqsədilə işin mahiyyətinə uyğun suallar tərtib olunaraq Cavabdeh tərəfindən cavablandırılması məqsədilə Bakı İstintaq Təcridxanasına məktub göndərilmiş, lakin həmin məktubda qeyd olunan suallar cavabdeh tərəfindən cavablandırılmamışdır. Bununla yanaşı, Biləsuvar Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli iclasının protokolundan (i/v 31-32) görünür ki, həmin iclasda iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X3 izahatında bildirmişdir ki: “Mübahisəli aktın Saleh tərəfindən imzalanması mübahisə edilmir.” Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya dair etirazını tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Eyni zamanda, iş materiallarında olan 24 may 2020-ci il tarixli aktın saxtalığı və ya həqiqəti əks etdirməməsi cavabdeh tərəfindən mötəbər sübutlarla təkzib olunmamışdır. Halbuki, bununla bağlı sübutetmə vəzifəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq məhz cavabdehin üzərinə düşürdü. Ümumiyyətlə, cavabdeh ondan tələb olunan borcun mövcudluğunu qəbul etmədiyi halda, hansı səbəblərdən borcu qəbul etmədiyini və 24 may 2020-ci il tarixli aktı imzalamaqla sözügedən borcu öz üzərinə götürməsi barədə ağlabatan izah verməsi iş materiallarından görünmür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin 220.000 manat hissəsinin əsaslı olması (192.000 + 28.000 manat = 220.000 manat) iş materiallarında olan mötəbər sənədlərlə öz təsdiqini tapdığından iddia tələbi 220.000 manat hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddsəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcbur deyildir. Məhkəmə qeyd edir ki, mövcud borcun etirafı haqqında müqaviləyə görə borclu kreditorun ondan borcun ödənilməsini tələb etmək hüququnu tanımağı öhdəsinə götürür. Müqavilənin əsas məqsədi borcun etirafını təmin etməkdən ibarətdir. Borcun etirafı isə hüquqi əhəmiyyətə malik olan hərəkətdir. Bununla yanaşı, borcun etirafı haqqında müqavilə birtərəfli müqavilədir. Ona görə ki, borclu yalnız kreditorun borcun ödənilməsini tələb etmək hüququnu tanımaq vəzifəsini daşıyır. Kreditor isə ancaq borcludan onun borcun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə, iddia tələbinin “30.000 manat pulun ona verilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 30.000 manat pulun verilməsi iş materialları və mötəbər sübutlarla təsdiq olunmadığından iddia tələbi həmin hissədə əsassızdır. Buna görə də iddia həmin hissədə rədd edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında olan akt əsasında iddiaçıya 220.000 manat pulun ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Cavabdeh “borcun etirafı haqqında” 24 may 2020-ci il tarixli akt ilə borcunu etiraf etmiş, lakin qeyd olunan razılaşma əsasında borcun ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia qismən təmin edilərək, 220.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan “dövlət rüsumunun ödənilməsi haqqında” qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumundan 26 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 220.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar