Məhkəmə qərarları › İş №2-2(121)-122/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-122/2022

22.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-122/2022 22.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən əşyaların çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq verilməsi barədə iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – cavabdehin ona məxsus əmlakları ilə birlikdə 13.09.2002-ci il tarixdə inventar nömrəsi 324 olan texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi ilə onun mülkiyyətində olan “Köhnə Bazar” adlanan yerdə, ünvan 1ndə 0,38 kv.m. qeyri-yaşayış binasından çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona verilməsi barədə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə “Köhnə Bazar” adlı yerdə, hazırki ünvan 1ndə 0.38 kv.m qeyri-yaşayış yeri, yəni mağaza yerini almış və mağaza tikdirmişdir. Həmin qeyri-yaşayış sahəsinə 13.09.2002-ci il tarixdə 324 invertar nömrə ilə texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi hazırlanmışdır. Mağazanı istifadə etməsi üçün qardaşı Cavabdeh vermişdir. Uzun müddətdir ki, qardaşı İqbal mağazanı işlətməklə gəlir əldə edir. Bir müddət öncə qardaşı İqbala həmin mağazanı boşaldaraq ona təhvil verməsini bildirsə də, İqbal ona məxsus olan mülkiyyətini ona qaytarmamışdır. Bu barədə aralarında dəfələrlə mübahisə yaranmış və bir neçə dövlət qurumlarına müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-105/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ona məxsus əşyaları ilə birlikdə ünvan 1ndə yerləşən 0.38 kv.m qeyri-yaşayış binasından çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)-2161/2021 saylı, 06.10.2021-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Masallı Rayon Məhkəməsinin 2(050)-105/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin, cavabdehin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Belə ki, işdə olan Masallı rayon İcra Hakimiyyəti Başçısının 13.09.2002-ci il tarixli, 153 nömrəli sərəncamından görünür ki, Masallı rayonu X5 Rəyasət Heyətinin 31.07.1992-ci il tarixli, 7 nömrəli qərari ilə təsisçisi olduğu “Savalan” Gənclik Mərkəzinə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsində Cavabdeh 36 kv.m sahəsi olan mağaza tikməyə icazə verilmişdir. İş materiallarına əlavə edilən ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 12.08.2020-ci il tarixli, 23/2320 nömrəli arayışdan görünür ki, İddiaçı adına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair Masallı rayon İHB-nın 13.09.2002-ci il tarixli sərəncamına əsasən invertar nömrəsi 324 olan texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi işlənmişdir. İşə əlavə olunan İnvertar nömrəsi 324 olan Texniki pasportun surətindən görünür ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının 13.09.2002-ci il tarixli, 153 nömrəli sərəncamına əsasən İddiaçı Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən 1 mərtəbəli tikinti altı sahəsi 44.2 kv.m olan qeyri-yaşayış sahəsinə texniki pasport verilmişdir. İş materiallarında olan Masallı rayon Polis Şöbəsinin 24.02.2020-ci il tarixli, 156-6392- 1220 saylı arayışından görünür ki, Masallı şəhərində yerləşən ticarət obyektinin 1996-cı ildə ticarət mağazasına verilmiş “Qeydiyyat vəsiqəsi №106, İnv. №324” sənədini Masallı rayon ərazisində naməlum şəraitdə itirilməsi ilə əlaqədar Masallı RPŞ-yə ərizə ilə müraciət olunmuşdur. Axtarış zamanı müsbət nəticə əldə olunmamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 08.12.2020-ci il tarixli **********26 saylı məktubundan görünür ki, Masallı rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı adına verilmiş 106 nömrəli qeydiyyat vəsiqəsinə və 324 inventar nömrəli texniki pasportuna əsasən ünvan 1ndə olmuş qeyri-yaşayış binası hal-hazırda sökülmüş və yerində yeni qeyri-yaşayış binası inşa edilmişdir. Yeni inşa edilmiş qeyri-yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Masallı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı, eksiz layihə və istismara icazə sənədi təqdim edilməmişdir. Bu barədə vətəndaş İddiaçı İdarə tərəfindən rəsmi məlumat verilmişdir. Mütəxəssis rəyinin verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə edilən Masallı rayon İcra Hakimiyyətinin başçısının aparatının 11.02.2021-ci il tarixli, M-06-247 saylı məktubundan görünür ki, Masallı rayon İcra Hakimiyyətinin başçısının 13.09.2002-ci il tarixli, 153 nömrəli sərəncamının qüvvədə olubolmaması barədə sorğuya cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsinə əsasən “Tikintiyə icazənin qüvvədə olma müddəti” icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanmadığı və ya tikinti 3 il ərzində dayandırılıdığı hallarda tikintiyə icazə qüvvəsini itirir. Masallı rayon İcra Hakimiyyətinin başçısının sərəncamları rayon İcra Hakimiyyətində 5 il saxlandıqdan sonra dövlət mühafizəsi üçün Masallı rayon Dövlət Arxivinə təhvil verilmişdir. İş materiallarına əlavə olunan Masallı rayon İcra Hakimiyyətinin başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23.04.2021-ci il tarixli, 1182 saylı arayışından görünür ki, 2007-ci ildə ünvan 1ndə aparılan abadlıq-quruculuq işləri zamanı sahibkarlara məxsus primitiv ticarət obyektləri dövlət tərəfindən sökülmüş və sahibkarlar tərəfindən həmin küçədə yeni üslubda ticarət obyektləri tikilmişdir. İş materiallarına əlavə edilmiş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 05.04.2021-ci il tarixli, **********854000 saylı arayışından görünür ki, Cavabdeh (VÖEN: **********) 06.11.2004-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən həmin tarixdən 05.04.2021-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə ümumilikdə 2281 manat vergi ödənişləri etmiş, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə ödənişləri olmamışdır. İşə əlavə olunan "xxxx" ASC-nin “X8 Şəbəkəsi” MMC tərəfindən verilmiş 06224 nömrəli texniki şərtin surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh məxsus şəhərin 20 Yanvar küçəsində yerləşən və gücü 5.0 kvt İİİ kateqoriyalı istehlakçı olan mağazanın 110/35/10 kv Masallı y/st-dan çıxan 10 kv 4 saylı h/x-dən el.enerjisi ilə təchiz olunması üçün texniki şərtlərin yerinə yetirilməsinə etiraz olunmamışdır. İşə əlavə olunan “enerjitəchizatı müəssisəsi ilə abonent aşağıdakı elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsliyyəti haqqında (elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinə əlavə)” 04.10.2012-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh məxsus mağazanın elektrik enerjisi ilə təchizatı 110/35/10 kv-luq “Masallı” y-st-dan çıxan 10 kv-luq 4 saylı 10/0,4 kv-luq 400 kva T/Y-dan çıxan SİP kabel xəttinin 18 saylı dayağında mağazaya çəkilmiş kabelin uclarına dövrəyə birləşdirildikdən sonra elektrik təsərrüfatı sahibkar Cavabdeh öz balansındadır, istismarı və xidmət sərhəddi birləşmə nöqtəsindən təyin edilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehə yeni tikilmiş qeyri-yaşayış sahəsinə dair “Mümarlıq-planlaşdırma bölməsi” sənədi verilmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, tərəflərin hər ikisini tanıyır, lakin qohumluq münasibətləri yoxdur. 2019-cu ildə dostu İlqarla birlikdə obyekt icarəyə götürmək istəmişlər və Cavabdeh obyekt icarəyə verdiyini öyrənmişlər. Onunla aralarında olan razılaşmaya əsasən hər ay ona 700 manat icarə haqqı vermişlər. Həyat yoldaşı X2 adına VÖEN açıdırmış və təxminən 30 ay müddətində obyektdən icarə əsasında istifadə etmişlər. İcarə haqqını isə Cavabdeh vermişlər. İddiaçı isə obyektdən istifadə edən zaman tanımış və o, obyektə sənədləri ilə birlikdə gələrək obyektin ona məxsus olduğunu bildirmişdir. Firuzun sənədlərinə baxmış və həqiqətən də obyektin ona məxsus olduğunu görmüşdür. İqbal isə obyekti icarəyə verən zaman, obyektin qardaşına məxsus olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, tərəflər onun əmisi oğlanları olmaqla, qohumlarıdır. Mübahisəli obyekt əvvəl 38 kv.metr olmaqla İddiaçı məxsusdur və Cavabdeh işlətmişdir. Lakin, Masallı rayon İcra Hakimiyyətinin göstərişi əsasında rayonda aparılan abadlaşdırma işləri ilə əlaqədar obyektin bir hissəsi sökülmüşdür. Yenidən tikinti işləri aparılmış və həmin tikintiyə köməklik etmişdir. Aparılan tikti və yenidən qurma işlərindən sonra obyektin ölçüsü artaraq 70 kv.metrə yaxın olmuşdur. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının 13.09.2002-ci il tarixli, 153 nömrəli sərəncamı ilə Cavabdeh ünvan 1ndə 36 kv.m sahəsi olan mağaza tikməyə icazə verilmişdir. Həmin torpaq sahəsi Masallı rayonu X5 Rəyasət Heyətinin 31.07.1992-ci il tarixli, 7 nömrəli qərari ilə “Savalan” Gənlik Mərkəzinə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmışdır. Ayrılmış ərazidə iddiaçı mağaza inşa etdirmişdir. Qeyd edilən sərəncama əsasən iddiaçıya invertar nömrəsi 324 olan texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı göstərilən qeydiyyat vəsiqəsini itirmiş, buna görə də, qeydiyyat vəsiqəsinin Masallı rayon ərazisində naməlum şəraitdə itirilməsi ilə əlaqədar Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Lakin, axtarış zamanı müsbət nəticə əldə olunmamışdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı adına verilmiş 106 nömrəli qeydiyyat vəsiqəsinə və 324 inventar nömrəli texniki pasportuna əsasən ünvan 1ndə olmuş 36 kv.m sahəsi olan qeyri-yaşayış binası 2007-ci ildə dövlət tərəfindən tamamilə sökülmüşdur. Bir müddət sonra həmin yerdə Cavabdeh tərəfindən yeni, lakin 78 kv.m sahəsi olan qeyri-yaşayış binası inşa edilmişdir. Lakin, cavabdehə yeni inşa edilmiş qeyri-yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə sənədlər (rayon İcra Hakimiyyəti Başçısının sərəncamı, eksiz layihə, istismara icazə sənədi və s.) verilməmişdir. Göründüyü kimi, İddiaçı adına verilmiş 106 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1ndə olmuş 36 kv.m sahəsi olan qeyri-yaşayış binası 2007-ci ildə dövlət tərəfindən tamamilə sökülmüşdur. Belə olan halda iddiaçının cavabdehin və ona məxsus olan əmlakların qeyriyaşayış sahəsindən çıxarılmasını və qeyri-yaşayış sahəsinin boşaldılaraq verilməsini tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, 36 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi 2007-ci ildə tamamilə söküldüyündən, yəni həmin əmlak tamamilə məhv olduğundan, iddiaçı sözügedən əmlaka mülkiyyət hüququnu itirmişdir. Odur ki, iddiaçının qeyd edilən sənədə əsaslanaraq mövcud iddianı qaldırmaq hüququ olmamışdır. Digər tərəfdən, Masallı rayon İcra Hakimiyyəti Başçısının 13.09.2002-ci il tarixli, 153 nömrəli sərəncamı ilə iddiaçıya 36 kv.m sahəsi olan mağazanın tikilməsinə verilmiş icazə qüvvəsini itirmişdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmuş müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, qeyd edilən sərəncamla iddiaçıya 36 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə verilmiş icazə qüvvəsini itirdiyindən, o cümlədən, həmin qeyri-yaşayış sahəsi 2007ci ildə sökülərək, tamamilə məhv olduğundan, bununla da iddiaçı göstərilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu itirdiyindən, onun mövcud iddia tələbi ilə çıxış etmək hüquqları da olmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Mübahisəli 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi yeni tikili olmaqla iddiaçının mülkiyyətində deyildir. Belə ki, həmin 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi özbaşına tikilidir. Azərbaycan Respublikasının qanunvericiliyi isə iddiaçının mülkiyyətində olmayan əmlaka dair cavabdeh(lər)ə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus əmlakları ilə birlikdə 13.09.2002-ci il tarixdə inventar nömrəsi 324 olan texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi ilə onun mülkiyyətində olan “Köhnə Bazar” adlanan yerdə, ünvan 1ndə 0,38 kv.m. qeyri-yaşayış binasından çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar