Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-1234/2022 06.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X4, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı mühafizə zolağının müəssisənin qanunsuz istifadəsindən geri götürülərək mülkiyyətçinin istifadəsinə qaytarılması, qanunsuz tikilmiş obyektin tikinti hesabına sökülərək mühafizə zolağından çıxarılması, torpaq sahəsindən qanunsuz istifadənin qadağan edilməsi tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X3 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı mühafizə zolağının müəssisənin qanunsuz istifadəsindən geri götürülərək mülkiyyətçinin istifadəsinə qaytarılması, qanunsuz tikilmiş obyektin tikinti sahibinin hesabına sökülərək mühafizə zolağından çıxarılması, torpaq sahəsindən qanunsuz istifadənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(050)-339/2021 saylı qərardadı ilə, İddiaçı nümayəndəsi Vəkil1 Şıxsafa oğlunun ərizəsi təmin olunaraq cavabdeh X1 adına 03 yanvar 2019-cu ildə, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə qeydiyyatda olan Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 250,3 kv.m əmlak kompleksinin üzərinə həbs qoyulması və ona əmlak kompleksinin üzərində hər hansı sərəncam vermək hüququ qadağan edilməsi, qərardadın dərhal icra olunması və icrası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(050)-34/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər X3 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı mühafizə zolağının müəssisənin qanunsuz istifadəsindən geri götürülərək mülkiyyətçinin istifadəsinə qaytarılması, qanunsuz tikilmiş obyektin tikinti sahibinin hesabına sökülərək mühafizə zolağından çıxarılması, torpaq sahəsindən qanunsuz istifadənin qadağan edilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddiadan imtina etməsi qanuna ziddi olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Qeyd olunan Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(050)-339/2021 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunan ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə, hesab edir ki, iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi səbəbindən xitam verildiyindən, 50 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesablarına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X4, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı mühafizə zolağının müəssisənin qanunsuz istifadəsindən geri götürülərək mülkiyyətçinin istifadəsinə qaytarılması, qanunsuz tikilmiş obyektin tikinti hesabına sökülərək mühafizə zolağından çıxarılması, torpaq sahəsindən qanunsuz istifadənin qadağan edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-1234/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1234/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver