Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-131/2023 04.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, və Cavabdeh3 qarşı – kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun qaytarılması və s. tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-731/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 04 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 17191 (on yeddi min bir yüz doxsan bir) manat, 07 (yeddi) qəpik əsas borc, 5995 (beş min doqquz yüz doxsan beş) manat, 41 (qırx bir) qəpik faiz borcu və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 23236 (iyirmi üç min iki yüz otuz altı) manat, 48 (qırx səkkiz) qəpik borca görə, həmçinin ödənilmiş 160 (bir yüz altmış) manat, 48 (qırx səkkiz) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddianın cərimə ilə bağlı 256 (iki yüz əlli altı) manat, 26 (iyirmi altı) qəpik hissəsində təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2034/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Astara Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(018)-731/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X6 Məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 18 aprel 2023-cü il tarixinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin Xeyrinə 04 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 17191,07 manat əsas borc, 9.825,52 manat faiz, 5.103,77 manat cərimə borcu olmaqla, ümumilikdə 32.120,36 manat və 160,48 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04 mart 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair iş üzrə icraata “Cavabdeh1 ilə “Yelo Bank" ASC arasında bağlanmış 04 mart 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi” hissəsində xitam verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında İddiaçı ASC-dən sahibkarlıq məqsədilə 15.000 manat məbləğində kredit götürdüyünü qeyd etdi. Əlavə olaraq kredit müqaviləsi üzrə hesablanmış əsas borc məbləği ilə razılaşmadığını bildirdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 23 faiz dərəcəsi olmaqla, 30 ay müddətinə 15.000 manat məbləğində biznes məqsədi ilə kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər xx.xx.2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixində xx.xx.2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı kredit müqaviləsinə 1 saylı Əlavə Saziş bağlanmışdır. Həmin Sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 17.191,07 manat təşkil etmiş, müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmış, müqavilə üzrə əsas borc və faiz məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay müəyyən olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı zaminlik müqavilələrinə edilmiş xx.xx.2020-ci il tarixli, 1 saylı Əlavə Sazişlərdən görünür ki, müqavilənin bağlı olduğu 22-MZ2-2-0-126-20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 17.191,07 manat təşkil etmiş, müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmış, müqavilə üzrə əsas borc və faiz məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay müəyyən olunmuşdur. İşdə olan 1 saylı Əlavə Sazişə əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödəniş cədvəli ilə tanış olmuş və həmin cədvəli imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlumatlandırılmışlar. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 17.191,07 manat əsas, 9.825,52 manat faiz və 5.103,77 manat cərimə borcu olmaqla, ümumilikdə 32.120,36 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli, 9/1546 saylı ekspert rəyində qeyd edilmişdir ki, 04 mart 2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə olan əsas kredit borcu 15.000 manat, faiz borcu isə 9.963,23 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 9/4452 saylı ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli, 01 saylı Əlavə Sazişin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə olan əsas kredit borcu 17.191,07 manat, faiz borcu isə 9.829,95 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmışdır. Belə ki, 04 mart 2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 biznes məqsədilə 15.000 manat məbləğində kredit götürmüşdür. Sonradan həmin kredit müqaviləsinə xx.xx.2020-ci il tarixində 01 saylı əlavə saziş bağlanmaqla müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 17.191,07 manat təşkil etmiş, müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmış, müqavilə üzrə əsas borc və faiz məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay müəyyən olunmuşdur. Beləliklə, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh1 15.000 manat məbləğində kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Aparılmış araşdırma zamanı iş üzrə təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının 08 avqust 2023-cü il tarixli, 9/4452 saylı rəyindən görünür ki, xx.xx.2020ci il tarixli, 01 saylı Əlavə Sazişin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə olan əsas kredit borcu 17.191,07 manat, faiz borcu isə 9.829,95 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 9/4452 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 04 mart 2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı kredit müqaviləsi və ona edilmiş xx.xx.2020-ci il tarixində 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu halda, məhkəmə 08 avqust 2023-cü il tarixli, 9/4452 saylı ekspert rəyini sübut növü kimi qəbul edir. Bununla yanaşı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli, 9/1546 saylı rəylə bağlı ekspertiza tədqiqatı yalnız 04 mart 2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla aparıldığından, habelə iş materiallarına əlavə olunmuş sübutlara uyğun aparılmadığından məhkəmə həmin rəylə razılaşmır və sübut növü kimi qəbul etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 9/4452 saylı ekspert rəyi ilə faiz borcunun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olduğu təqdirdə tərəflər arasında bağlanmış 04 mart 2020-ci il tarixli, 22-MZ2-2- 0-126-20 saylı kredit müqaviləsi üzrə 17.191,07 manat əsas, 9.825,52 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia tam, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququndan istifadə etsə də kredit məbləğinin iddiaçıya qaytarılmalı olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, iddia tələbinin 5.103,77 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə qeyd edir ki, müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5.103,77 manat deyil, 400 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar, xx.xx.2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Belə ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 04 mart 2020-ci il tarixli, 22-MZ2-2-0-126-20 saylı kredit müqaviləsi və ona edilmiş xx.xx.2020-ci il tarixli, 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla alınmış pula görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında Cavabdeh1 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda, qeyd olunmalıdır ki, hazırki işdə zaminliyin xitamı üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 160,48 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 345 manat məbləğində pul vəsaitinin 172,50 manat hissəsi müştərək qaydada cavabdehlərdən, qalan 172,50 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17.191,07 manat məbləğində əsas borc, 9.825,52 manat məbləğində faiz borcu, 400 manat məbləğində cərimə borcu və 160,48 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 27.577,07 (iyirmi yeddi min beş yüz yetmiş yeddi manat, yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaitinin 172,50 manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3, 172,50 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-131/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-131/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver