Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-1365/2021 22.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X4, Cavabdeh “Cavabdeh1”nin nümayəndəsi Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı-nin cavabdehlər “Cavabdeh1”nə və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı-nin cavabdehlər “Cavabdeh1”nə və Cavabdeh2 qarşı 232.119,57 manat məbləğində əsas borc, 138.515,31 manat məbləğində cərimə borcu, 30.660,24 manat məbləğində kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 401.259,12 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən İddiaçı-nin xeyrinə tutulmasına dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı “iddia tələbinin artırılmasına dair” ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraiciət edərək, cavabdehlər “Cavabdeh1”ndən və Cavabdeh2 232.119,57 manat məbləğində əsas borc, 138.515,31 manat məbləğində cərimə borcu, 30.660,24 manat məbləğində kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 401.259,12 manat məbləğində pulun və 30 manat məhkəmə üçün və 60 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 90 manat məbləğində dövlət rüsumunun hesablanmaqla tutulmasına; ipoteka predmetinin ilkin satış qiyməti 212.100 manat məbləğində müəyyən edilməklə cavabdeh “Cavabdeh1” tutulmalı olan məbləği Cavabdeh2 mülkiyyətində olan Bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, Bakı-Astara maqistralında qeyri-yaşayış binasının (su doldurma sexi) açıq hərracdan satılmasına; ipoteka predmetinin ilkin satış qiyməti 178.800 manat məbləğində müəyyən edilməklə cavabdeh “Cavabdeh1” tutulmalı olan məbləği Cavabdeh2 mülkiyyətində olan Bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi, 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılmasına; qeyri-yaşayış binasına və fərdi yaşayış evin tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyri-yaşayış binasını və fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və qeyri-yaşayış binasından və fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına, həmin qeyriyaşayış binasını və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və “iddia tələbinin artırılmasına dair” ərizə onunla əsaslandırılmışdır ki, “Cavabdeh1” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına (bundan sonra mətndə - Bank) (“Lənkəran” filialı vasitəsi ilə) cavabdeh arasında 03 may 2013-cü il tarixində 170/06/2758/13 saylı müqavilə (bundan sonra kredit müqaviləsi) bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətində 250.000 (iki yüz əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Bakı-Astara maqistralında qeyri-yaşayış binası (su doldurma sexi) 03 may 2013-cü il tarixli **********-1 saylı sonrakı ipoteka müqaviləsi əsasında və Lənkəran şəhəri, Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi, 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evi 03 may 2013-cü il tarixli 170/06/2758/13 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh şəxs hazırkı iş üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 232.119,57 manat məbləğində əsas borc, 138.515,31 manat məbləğində cərimə üzrə borcu, 30.660,24 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 401.259,12 manat məbləğində borcu qalmışdır. Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(049)-120/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə cavabdeh “Cavabdeh1” arasında bağlanmış 03.05.2013-cü il tarixli, 170/06/2758/13 saylı kredit müqaviləsinə əsasən cavabdehlər “Cavabdeh1”ndən və Cavabdeh2 232.119,57 manat məbləğində əsas borc, 13.856,31 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 245.975,88 manat və 30 manat dövlət rüsumun ləğv prosessində olan QSC İddiaçı xeyrinə tutulması, tutmanın Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05573 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 8 girişli 454.4 kv/m ümumi sahəsi 34.838 kv/m əsas və 110.7 kv/m yardımçı sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılmaları, ipoteka predmetləri olan Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində, Cavabdeh2 mülkiyyətində olan 0.0539 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 365,5 kv/m ümumi 109.1 kv.m yaşayış, 256.4 kv/m yardımçı sahədən ibarət 175 nömrəli fərdi yaşayış evinin qiyməti 180.000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Lənkəran şəhəri Bakı-Astara magistralında Cavabdeh2 mülkiyyətində olan 0.05573 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 8 girişli 454.4 kv/m ümumi sahəsi 34838 kv/m əsas və 110.7 kv/m yardımçı sahədən ibarət qeyri-yaşayış binasının qiyməti 220.000 manat müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına cavabdehlərin QSC İddiaçı-na olan borcun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan məbləğin müştərək qaydada cavabdehlər “Cavabdeh1”nə və Cavabdeh2 qaytarılması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(106)1346/2021 saylı qərardadı ilə Cavabdeh2 və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(049)-120/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Cavabdeh1”nin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə heç bir ödəniş etmədiyini bildirərərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X5 məhkəmə iclasında izahat verərək 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddəti ötdüyündən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və bütün sübutları tədqiq edərək hesab edir ki, iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı QSC İddiaçı ilə cavabdeh “Cavabdeh1” arasında 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 18 faiz ödəmək şərti ilə 36 ay müddətinə 250.000 (iki yüz əlli min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin kredit müqaviləsi əsasında pul vəsaitinin dövriyyəsi üçün iddiaçının müxbir hesabı AZ66NABZ********************, cavabdehin hesablaşma hesabı isə ******************** olaraq müəyyən edilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, QSC İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 170/06/2758/13 saylı, 03.05.2013-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında mülkiyyətdə olan 0.0539 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqdan ibarət, 365,5 kv.m ümumi, 109.1 kv.m yaşayış, 256.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və mülkiyyətində olan 0.0539 ha torpaq sahəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evi QSC İddiaçı-nin Lənkəran filialının xeyrinə hüquq yüklü edilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, QSC İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış **********-1 saylı, 03.05.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Lənkəran şəhəri, Bakı-Astara magistralında mülkiyyətində olan 0.5573 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 girişli, 454.5 kv.m. ümumi sahədən, 343.8 kv.m əsas sahədən və 110.7 kv.m köməkçi sahədən ibarət Qeyri-yaşayış binası (su doldurma sexi) və mülkiyyətində olan 0.5573 ha torpaq sahəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Bakı-Astara magistralında qeyri yaşayış binası, su doldurma sexi QSC İddiaçı-nin Lənkəran filialının xeyrinə hüquq yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə “ipoteka predmetlərinə tutmanın yönəldilməsi” barədə 04.04.2019-cu il tarixli bildirişlər göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 17.04.2019-cu il tarixli ərizələr ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, ümumilikdə 60 manat məbləğində rüsum ödəmiş və həmin bildirişlər qeydiyyata alınmışdır. İşin materiallarında olan 13.12.2018-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 232.119,57 manat məbləğində əsas borc, 138.515,31 manat məbləğində cərimə borcu, 30.660,24 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 401.295,12 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı QSC İddiaçı ilə cavabdeh “Cavabdeh1” arasında 171/06/29/14 saylı, 11.06.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6.12 faiz ödəmək şərti ilə 72 ay müddətinə 600.000 (altı yüz min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin kredit müqaviləsi əsasında pul vəsaitinin dövriyyəsi üçün iddiaçının müxbir hesabı AZ66NABZ********************, cavabdehin hesablaşma hesabı isə AZ85MOSZ******************** olaraq müəyyən edilmişdir. İş materiallarında olan 07.08.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, “Cavabdeh1” tərəfindən 07.08.2017-ci il tarixdə İddiaçı-yə 171/06/29/14 saylı, 11.06.2014cü il tarixli kredit müqaviləsinin bağlı olduğu AZ85MOSZ******************** saylı hesaba 19.667 (16.786,39+2.880,61=19.667) manat məbləğində pul vəsaiti kreditin ödənilməsi üçün mədaxil edilmişdir. İş materiallarına əlavə edilən İddiaçı-nin Müştəri Xidməti Departamentinin 14.12.2018-ci tarixli ştampı ilə təsdiq edilmiş “Cavabdeh1”nin ******************** hesab nömrəsi üzrə hesabdan çıxarışdan görünür ki, 07.08.2017-ci il tarixdə 16.786,39 manat ödəniş ******************** nömrəli hesabdan “gecikdirilmiş əsas məbləğin silinməsi əməliyyatı”nda mədaxil (debet) üçün istifadə edilmişdir. Həmin debetin (mədaxilin) artması nəticəsində ******************** nömrəli hesabdan “kreditin ödənilməsi üçün mədaxil” əməliyyatı ilə 19.667 manat hesabdan məxaric (kredit) üçün istifadə edilmişdir. Sonradan məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilən QSC İddiaçınin “Cavabdeh1”nin ******************** hesab nömrəsi üzrə hesabdan çıxarışdan görünür ki, 07.08.2017-ci il tarixdə 16.786,39 manat ödəniş ******************** nömrəli hesabdan “gecikdirilmiş əsas məbləğin silinməsi əməliyyatı”nda məxaric (kredit) üçün istifadə edilmişdir. Həmin hesabdan çıxarış İddiaçı tərəfindən rəsmiləşdirilməmişdir. İşə əlavə edilən Cavabdeh2 nümayəndəsi və vəkili X3 məhkəməyə ünvanladığı 10.08.2021-ci il tarixli ərizədən görünür ki, iddia müddəti ötürüldüyündən iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, QSC İddiaçı ilə “Cavabdeh1” arasında 03.05.2013-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona 03.05.2016-cı il tarixədək qaytarılması şərti ilə, illik 18 faiz hesablanmaqla 250.000 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı QSC İddiaçı ilə Cavabdeh1 arasında 11.06.2014-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona 11.06.2020-ci il tarixədək qaytarılması şərtilə, illik 6.12 faiz hesablanmaqla 600.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən hazırki iş üzrə mübahisə predmeti olmayan 171/06/29/14 saylı, 11.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 07.08.2017-ci il tarixdə 19.667 manat ödənişin edildiyi, lakin həmin ödənişin 16.786,39 manat hissəsinin 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsinin müddəti bitdikdən sonra, yəni 07.08.2017-ci il tarixində hazırki iş üzrə mübahisə predmeti olan 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsinə silindiyini, cavabdehin götürdüyü 600.000 manat məbləğində kredit müqaviləsi üzrə ödənişlərin ödəniş cədvəlinə uyğun vaxtı-vaxtında realizə olunduğu, həmin kredit müqaviləsi üzrə heç bir gecikməsi olmadığı 22.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsinin etirafı ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, əgər cavabdeh tərəfindən 07.08.2017-ci il tarixdə ödənilmiş 19.667 manat ödənişin 16.786,39 manat hissəsi 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsinə silinsəydi o zaman 171/06/29/14 saylı, 11.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikmələrin yaranması qaçınılmaz olacaqdır. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında 171/06/29/14 saylı, 11.06.2014cü il tarixli kredit müqaviləsi üzrə ödənişlərin ödəniş cədvəlinə uyğun olaraq aparıldığı və heç bir gecikmənin olmadığını bildirmişdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh “Cavabdeh1” tərəfindən 171/06/29/14 saylı, 11.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən 11.07.2014cü il tarixindən etibarən ödənişlər edilmişdir. 171/06/29/14 saylı, 11.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş 07.08.2017-ci il tarixli ödənişin 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddət ərzində deyil, məhz həmin kredit müqaviləsinin müddəti bitdikdən sonra silinməsi, yaxud sonrakı tarixlərdə 171/06/29/14 saylı, 11.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlərin 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsinə silinməməsi anlaşılan deyildir. Bu isə iddiaçının izahatının formal xarakterli dəlil olması qənaətinə gəlməyə əsas verərək iddianın təmin olunması üçün kifayət qədər əsaslı deyil. Bununla yanaşı, iş materiallarında olan “Cavabdeh1”nin hesabdan çıxarışından müəyyən edilir ki, “Cavabdeh1”nin ******************** nömrəli hesabında “gecikdirilmiş əsas borc məbləğin silinməsi” əməliyyatı üçün 07.08.2017-ci il tarixində 16.786,19 manat ödəniş ******************** nömrəli hesab ilə mədaxil (debet) edilərək ******************** nömrəli hesab ilə “kreditin ödənilməsi üçün mədaxil” əməliyyatı aparılaraq hesabdan məxaric (kredit) edilmişdir. Bununla yanaşı, “Cavabdeh1”nin 07.08.2021-ci il tarixində yalnız bir ödəniş etməsi iddiaçının nümayəndəsinin 22.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında etiraf etməsi ilə öz təsdiqini tapmışdır. Sonradan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışda isə “Cavabdeh1”nin ******************** nömrəli hesabında “gecikdirilmiş əsas məbləğin silinməsi” əməliyyatı üçün 07.08.2017-ci tarixində 16.786,39 manat “Cavabdeh1”nin ******************** nömrəli digər hesabı ilə məxaric (kredit üçün xərc) edilməsi qeyd edilmiş, lakin sözügedən hesabdan çıxarış bank tərəfindən rəsmiləşdirilməmişdir. Belə ki, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın 2.7-ci bəndinə əsasən kredit hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılan hesabdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmiş kreditlər müştərilərin yalnız vergi ödəyicisi qismində açılmış bank hesablarına köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa kredit verilərkən müştəriyə cari və eyni zamanda kredit hesabı açılır. Müştəri ilə müvafiq bank hesabı müqaviləsi bağlanılır, həmin müqavilənin şərtləri həm kredit, həm də cari hesaba şamil edilir. Məhkəmə araşdırması zamanı “Cavabdeh1” tərəfindən 07.08.2017-ci tarixində 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə deyil, 171/06/29/14 saylı, 11.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 19.667 manat ödənişin olunduğu müəyyən edilmişdir. Bank hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən 170/06/2758/13 saylı, 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə 23.06.2014-cü il tarixdə 2,079,99 manat məbləğində kredit ödənişi etmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı 03.05.2016-cı ildən başlamışdır. İşin materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 31.05.2019-cu il tarixində məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə sadalanmış normaların məzmununa əsasən qeyd edir ki, mülki qanunvericilik müəyyən edilmiş müddət ərzində başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnu müdafiə edir ki, müqavilə münasibətlərində bu müddət 3 (üç) il təşkil edir. Müddətin axımı icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə həmin müddət bitdikdə başlanır və həmin andan şəxs öz hüququnun pozulduğunu bilməlidir. İddia müddətinin tətbiqinin mümkünlüyü mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında aparılmalıdır. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Cavabdeh1” ilə QSC İddiaçı arasında bağlanmış 170/06/2758/13 saylı, 03.05.2013-ci il tarixli kredit müqaviləsi üzrə icra müddəti 03.05.2016-cı il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti 03.05.2019-cu il tarixdə bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə, yəni 31.05.2019-cu il tarixində verildiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdehin işin materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddia müddətinin tətbiq olunmasını xahiş edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia tələbi digər hissələrdə rədd edilməli olduğundan, iddianın qeyd edilən hissəsi də əsassızdır. Buna görə də, iddia bu hissədə də rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın 90 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan məhkəmə xərci olan 30 manat və ipoteka predmetlərinin qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Digər tərəfdən, əsas tələb üzrə iddia müddətinin keçməsi əsasına görə iddia rədd edilməli olduğundan, Mülki Məcəllənin 376-cı maddəsinin tələbi baxımından, iddia tələbi “ipoteka qoyulmuş əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan X1 qeyri-yaşayış binasını və fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və qeyri-yaşayış binasından və fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına, həmin qeyri-yaşayış binasını və fərdi yaşayış evinin boşaldılması”na dair hissədə də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürülmüş və mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verdiyi iddia təmin edilə bilməz. Odur ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı-nin cavabdehlər “Cavabdeh1”nə və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-1365/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1365/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver