Məhkəmə qərarları › İş №2-2(121)-1366/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1366/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-1366/2021 06.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, iddiaçı Masallı rayon Qızılağac Bələdiyyəsinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinə və 33 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Masallı rayon Qızılağac Bələdiyyəsi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Qızılağac bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış 2017-ci il tarixli icarə müqaviləsinə və 33 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədin mövcud olduğu müəyyən edilmir. İddia ərizəsinə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 15.04.2021-ci il tarixli, 25 saylı və 04.05.2021-ci il tarixli, 39 saylı məktublar əlavə edilsə də, həmin məktubların cavabdehə göndərilməsi və cavabdeh tərəfindən həmin məktubların qəbul edilməsi iş materialları ilə müəyyən olunmur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 3-cü bəndinə əsasən, MPMin 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddia ərizəsinə əlavə olunmuş sənədlərdən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə məlumat üçün qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırki işin həm iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından aşkar şəkildə kommersiya mübahisəsi olduğu halda, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə deyil, Masallı Rayon Məhkəməsinə müraciət edilməsini, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə riayət etməkdən yayınmaq cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olduğu halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 151.1ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Masallı rayon Qızılağac Bələdiyyəsinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinə və 33 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar