Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-141/2021 17.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.080 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Lənkəran şəhərində kartof məhsulunun topdan satışını həyata keçirir. 2020-ci ilin yanvar ayında iş üzrə cavabdeh onun yanına gələrək, Masallıda torpaq sahəsinin olduğunu, həmin sahədə kartof əkib-becərmək istədiyini, həmin sahədə əkilən kartofa şərik olacaqlarını bildirmişdir. Cavabdeh onu inandırdığından, əvvəlcə ona 2.280 manat dəyərində 5,7 ton toxumluq, daha sonra isə 24,3 ton satılması üçün kartof vermişdir. Cavabdeh həmin toxumluq kartoflar 2020-ci ilin yanvar ayında əkmiş, may ayında kartofları çıxardıb sataraq, həmin pulun qazancını və maya dəyərini ona verməmişdir. Həmin əkin sahəsinə şərik olduqlarından, ondan gizlin şəkildə kartofları əkin sahəsindən yığmış, dəyəri 9.720 manat olan 24,3 ton kartofu isə sataraq, pulunu ona geri qaytarmamışdır. O, cavabdehin hərəkətlərindən Masallı RPŞ-yə şikayət etmiş, cavabdeh Masallı RPŞ-də izahat verərək, ona 10.080 manat borcu olduğunu etiraf etmişdir. Ona görə də, cavabdehdən 10.080 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı RPŞ-nin polis sahə rəisi Elturan Eminbəyli tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 156-24349-1120 saylı məktubundan görünür ki, Masallı şəhər sakini Cavabdeh qarşı 30 ton nisyə verilmiş kartofun qarşılığında iddiaçıya verməli olduğu 10.080 manat pulun qaytarılması tələbi mülki xarakterli olduğundan, məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. İş materiallarında olan Masallı RPŞ-nin xx.xx.2020-ci il tarixli, 155-29531-1220 saylı məktubuna əlavə edilmiş Cavabdeh Masallı RPŞ-yə verdiyi izahatında qeyd olunmuşdur ki, o, İddiaçı xx.xx.2020-ci il tarixdə şəriki Hünər Hüseynovla birlikdə 5.700 kq. toxumluq kartof və 16.562 kq satmaq üçün kartof almışlar. Ariflə şərikinə həmin 5.700 kq. toxumu əkib, məhsulu sataraq, əldə olunacaq gəliri böləcəkləri barədə razılaşmışlar. 16.562 kq. kartofu isə 5.300 manata nisyə almışlar. O, hazl-hazıradək borcundan 2020-ci ilin fevral ayında birinci dəfə özü aparıb 1.100 manat pulu İddiaçı evində vermiş, 2-ci dəfə isə tanış taksi vasitəsilə 1.000 manat pul göndərmişdir. O və Hünər 5.300 manat borcun 2.100 manatını vermişlər və hal-hazırda 3.200 manat borcları qalmışdır. 5.700 kq. toxumluq kartof isə məhsuldarlıq zəif olduğundan şəriki Hünər məhsulu, təxminən 26-27 ton kartofu Bakı şəhərində satmış və pulunu verməmişdir. Bu barədə o, mülki qaydada Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı RPŞ-nin xx.xx.2020-ci il tarixli, 155-29531-1220 saylı məktubuna əlavə edilmiş X2 Masallı RPŞ-yə verdiyi izahatında qeyd olunmuşdur ki, o, Cavabdehla şərik olsa da, İddiaçı kartof almamışdır. Cavabdeh İddiaçı olan borcunun ona aidiyyəti yoxdur. O, Arifdən alınan toxumluq kartofu Bakı şəhərində sataraq, pulunu Vasifə vermişdir. Vasifin özünün ona 28.000 manat borcu vardır. O, həmin pulu almaq üçün Masallı Rayon Məhkəməsinə mülki qaydada müraciət etmişdir. Masallı Rayon Məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Cavabdehla şərik olmuşdur. Vasif vasitəsilə İddiaçı ilə tanış olmuşdur. Vasif həqiqətən də, əkin üçün Arifdən 5.7 ton kartofu 0,40 manata aldığının şahidi olmuşdur. Həmçinin 0,40 manata Arifdən 24,3 ton kartofu da satış məqsədilə Arifdən aldığının şahidi olmuşdur. O, kartofun əkinində Vasiflə şərik olmuşdur. Lakin kartof əkildikdən bir həftə sonra Vasif Arifi aldadaraq, onu da şərik kimi işə qoşmuşdur. Bu zaman o, Vasifə öz iradını bildirmişdir. Vasif isə ona narahatlığa ehtiyac olmadığını, Arifin yalnız onun payına düşəcək hissəyə şərik olduğunu bildirmişdir. Vasifin Arifdən aldığı kartof məhsulları Qazel markalı maşınlar vasitəsilə Lənkərandan Masallı rayonuna göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh tanıyır. Cavabdeh 12.000 manat dəyərində 30 ton kartof verilmişdir. Cavabdeh tərəfindən 2.000 manat qaytarılmışdır. Verilən 30 ton kartof həm əkin, həm satış üçün yararlı idi. Hər iki növ üçün kartof 0,40 manatdan verilmişdir. Təhvil-təslim proseslərində o da iştirak etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2020-ci ilin yanvar ayında İddiaçı və Cavabdeh birgə (şərikli) sahibkarlıq fəaliyyəti – kartofun becərilməsi və satışı ilə məşğul olmaq barədə şifahi qaydada razılığa gəlmişlər. Bu məqsədlə, İddiaçı tərəfindən Cavabdeh toxumluq və satmaq üçün kartof verilmişdir. Toxumluq kartofun həcmi 5,7 ton təşkil etmişdir. Təqdim edilmiş satış üçün nəzərdə tutulan kartof satıldıqdan, toxumluq kartof isə becərilərək satıldıqdan sonra Cavabdeh tərəfindən İddiaçı pul məbləği tam şəkildə verilməmiş, cəmi 2.100 manat pul verilmişdir. Qeyd olunan hallar işin mübahisəsiz halları olmaqla, həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq və etriaf edilir. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı cavabdehə satış üçün təqdim etdiyi kartofun həcminin 24,3 ton olduğunu və həm satış üçün, həm də toxumluq kartofun 1 kiloqramının dəyərinin 0,40 manat olduğunu, təqdim edilmiş ümumilikdə 30 ton (5,7 + 24,3) məhsulunun cəmi dəyərinin 12.000 manat (30 ton = 30.000 kq X 0,40 = 12.000) bildirir (təqdim edilmiş toxumluq kartofun həcminin 5,7 ton olmasını hər iki tərəf qəbul edir). Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin, Masallı RPŞ-yə verdiyi izahatında İddiaçı xx.xx.2020-ci il tarixdə şəriki Hünər Hüseynovla birlikdə 5.700 kq. toxumluq kartof və 16.562 kq satmaq üçün kartof aldığını, həmin 5.700 kq. toxumu Ariflə şərikinə razılaşmaqla əkib məhsulu sataraq, əldə olunacaq gəliri böləcəklərini, 16.562 kq. kartofu isə 5.300 manata nisyə aldıqlarını bildirmişdir. Yəni mübahisə yalnız satış üçün təhvil alınmış kartofun həcmi (toxumluq kartofun həcmi ilə bağlı mübahisə yoxdur), həmçinin həm toxumluq həm də satış üçün təhvil verilmiş kartofun dəyəri ilə bağlıdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair şifahi qaydada müqavilə bağlamışlar. Həmin şifahi müqavilənin şərtlərinə əsasən, iddiaçı cavabdehə toxumluq və satış üçün kartof məhsulu vermişdir. Satış üçün nəzərdə tutulmuş kartof cavabdeh tərəfindən satıldıqdan, toxumluq kartof is becərilərək satıldıqdan sonra, əldə olunmuş gəlir tərəflər arasında bölünməli idi. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tərəflərin aralarında olan münasibətlərə dair Azərbaycan Respublikası Mülki Məcəlləsində xüsusi norma mövcud olmasa da, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, tərəflərə Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrin bağlanması hüququ verilmişdir ki, hazırki mübahisə üzrə tərəflərin isə birgə sahibkarılıq fəaliyyətinə dair bağladıqdarı şifahi müqavilə bu baxımdan qanunvericiliyin tələblərinə uyğundur. Hazırki mübahisə üzrə iddiaçı tərəfindən cavabdehə 5.700 kq toxumluq kartofun verildiyi, həmçinin cavabdeh tərəfindən iddiaçıya 2.100 manat pulun verildiyi işin mübahisəsiz halıdır. İddiaçı cavabdehə 1 kiloqramının dəyərinin 0,40 manat olmaqla ümumilikdə 30.000 kq (5.700 + 24.300) məhsul verdiyini bildirsə də, nə təhvil verilmiş kartofun həcmi, nə də ki dəyəri ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh isə Masallı RPŞ-yə verdiyi izahatında iddiaçının ona cəmi 22.262 kq (5.700 + 16.562) kartof verildiyini, 16.562 kq. kartofun dəyərinin 5.300 manat olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İddiaçı cavabdehə təhvil verilmiş malların həcmi və dəyəri ilə bağlı məhkəməyə hərhansı sübut təqdim etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan hallarla bağlı cavabdehin izahatı (etirafı) əsas götürülərək, təhvil verilmiş malların dəyəri cavabdehin Masallı RPŞ-yə verdiyi izahatına əsasən müəyyən olunmalıdır. Cavabdehin Masallı RPŞ-yə verdiyi izahatı ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 5.700 kq toxumluq və 16.562 kq. satış üçün olmaqla, cəmi 22.262 kq. kartof verilmişdir. Cavabdehin ona təhvil verilmiş 16.562 kq. kartofun dəyərinin 5.300 manat olduğunu, həmçinin iddiaçının həm satış, həm də toxumluq kartofun dəyərinin eyni olduğunu qeyd etdiyi üçün məhkəmə belə qənaətə gəlir ki, cavabdehə təhvil verilmiş cəmi 22.262 kq. kartofun dəyəri (1 kq-nın dəyəri = 5.300 manat : 16.562 kq = 0,32 qəpik X 22.262) 7.124 manat təşkil edir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya 2.100 manat pulun verildiyi nəzərə alınmaqla, borc məbləğinin 5.024 (7.124 – 2.100) manat olduğu müəyyən olunduğundan, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən 5.024 manat tutularaq, iddiaçıya verilməlidir. Məhkəmə şahid ifadələrinə münasibət bildirirək hesab edir ki, hazırki iş üzrə şahid qismində dindirilmiş X2 və X1 ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195.2-ci maddəsinə əsasən, sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Cavabdeh və X2 Masallı RPŞ-yə verdiyi izahatlarından görünür ki, qeyd olunan şəxslər əvvəllər şərik olsalar da, hazırda bir-birindən şikayətçidirlər. Hər ikisi izahatında birinin digərinə qarşı mülki qaydada Masallı Rayon Məhkəməsinə müraciət olunduğunu bildirirlər. Digər tərəfdən, iş üzrə ifadə vermiş X3 isə İddiaçı hazırda şərikidir (iddiaçının qeyd etdiyinə əsasən). Göründüyü kimi, hər iki şahid Cavabdeh əlehinə ifadə vermişdir. Məhkəmə hesab edir ki, X4 hazırda Cavabdeh ilə mübahisəsi olduğundan, həmçinin X3 isə hazırda İddiaçı ilə şərik olduğudan, iddiaçının lehinə ifadələr vermişlər. Ona görə də, məhkəmə həmin şahidlərin ifadələrini obyektiv və ağlabatan olmadığı qənaətinə gəlir və həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 15 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5.024 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat olmaqla, cəmi 5.039 (beş min otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5.024 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat olmaqla, cəmi 5.039 (beş min otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-141/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-141/2021
17.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver