Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-1449/2020 01.12.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, kreditor Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı X1 Borclu (Dilavər) qızından 8.511,16 manat borcun tutulmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı X2 əmr icraatı qaydasında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Borclu (Dilavər) qızından 8.511,16 manat borcun tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olduğu halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. Ərizəçi isə ərizəni elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda təqdim etmişdir. Yuxarıda göstərilənlərə əsasən, ərizəçi tərəfindən ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun məhkəməyə təqdim edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə əlavə olaraq məlumat üçün qeyd etməyi zəruri hesab edir ki, ərizəyə verilmiş tələbi təsdiq edən sənədlər əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.1-ci maddəsinə əsasən, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 279.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Məhkəmə məlumat üçün onu da qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsin əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədləri sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Göründüyü kimi, şəxsin ödənilməmiş vergi borcları ilə bağlı vergi məsuliyyətinə cəlb edilməsi məsələsi vergi orqanları tərəfindən həll edilməli məsələdir. Bunun üçün vergi orqanları ödənilməmiş əsas vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının tutulmasına dair qərarlar qəbul edə bilərlər. Pul tələblərinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati aktdır, ünvanlandıqları şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, vergi orqanları ödənilməmiş əsas vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının tutulmasına dair özləri qərar (inzibati akt) qəbul etməlidirlər və həmin borcların məhkəmə qaydasında iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Belə olan halda, vergi orqanının hazırkı ərizəsinin mahiyyəti vergi borcunun vergi ödəyicisindən məhkəmə qaydasında tutulması ilə bağlıdır ki, həmin borcun tutulması ilə bağlı ən səmərəli vasitə vergi orqanı tərəfindən icra orqanına borcun tutulması ilə bağlı icra sənədinin verilməsidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanının vergi öhdəliyini yerinə yetirilmədikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə yalnız siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Bu mövqeyə uyğun olaraq hazırkı ərizəyə məhkəmədə baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 279.1-ci maddəsinə əsasən, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. HəminMəcəllənin 279.2.1-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə həmçinin kreditor Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı X1 nəzərinə çatdırmağı zəruri hesab edir ki, barəsində məhkəmə əmrinin çıxarılması xahiş edilən Borclu (Dilavər) qızı xx.xx.2020-ci il tarixdə ölmüşdür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı X1 Borclu (Dilavər) qızından 8.511,16 manat borcun tutulmasına dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-1449/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1449/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver