Məhkəmə qərarları › İş №2-2(121)-1470/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1470/2023

21.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1470/2023 21.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, üçüncü şəxs “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusunun 25 oktyabr 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia İonunla əsaslandırılmışdır ki, “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək iddiaçıdan 81602 manat 63 qəpik borcunun və 25 manat məbləğində dövlət rüsumunun tutulması barədə icra qeydinin verilməsini xahiş etmiş, notariat ofisi xx.xx.2022-ci il tarixli icra qeydini Masallı rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. İddiaçı “X9 LTD” MMC-nin mallarını Salyan rayonu ərazisində satmaqla məşğul olaraq nümayəndəlik funksiyasını yerinə yetirmişdir. Mal dövriyyələri çox olmuş və iddiaçının iş üzrə üçüncü şəxsə borcu qalmamışdır. Hal-hazıradək üçüncü Salyan rayonunda yerləşən ona məxsus olan anbarda 3-cü şəxsə məxsus olan 45000 manat dəyərində olan vaxtı keçmiş malları qalmışdır və həmin mallar ondan təhvil alınmamışdır. İddiaçı hesab edir ki, bu iş məhkəmə qaydasında araşdırılmalıdır, müvafiq ekspertiza keçirilərək tərəflər arasında borcun mövcud-olmaması müəyyən edilməlidir. Borc mübahisəli olduğuna görə notariusun icra qeydi aparması qanunsuz olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xhiş etdi və əlavə olaraq bildirdi ki, onun “X9 LTD” MMC-nə borcu yoxdur, ondan əsassız olaraq pul tələb edilir, bundan başqa icra qeydinin aparılacağı barədə ona məlumat verilməmişdir, icra qeydinin aparılması haqqında icra və probasiya şöbəsindən bildiriş daxil olduqdan sonra məlumatı olmuşdur. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında icra qeydinin tərəflər arasında bağlanmış distribütorluq müqaviləsinə əsasən verildiyini, iddiaçıya borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edildiyini, borc ödənilmədiyinə görə tərəflərindən notariusa müraciət edilərək icra qeydinin aparılmasının xahiş olunduğunu, notariusa müraciət etməmişdən əvvəl iddiaçıya icra qeydinin aparılacağı barədə xəbərdarlıq məktubu göndərildiyini, icra qeydinin qanuna uyğun qaydada aparıldığını bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, işdə iştirak edən şəxslərin izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 25 oktyabr 2022-ci il tarixdə aparılmış icra qeydindən görünür ki, həmin icra qeydi ilə “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İddiaçı 3M-123 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 81602 manat 63 qəpik tutulması təklif olunmuşdur. İş materiallarında olan “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti (Şirkət) ilə İddiaçı (Distribüter) arasında bağlanan Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək reyestrdə 3M-122 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli, 10\DİS-SY\21 nömrəli “Distribüter müqaviləsi”nin surətindən görünür ki, həmin müqavilə ilə Distribüter Şirkət tərəfindən müəyyən olunmuş fəaliyyət regionunda Şirkətə məxsus məhsulların, Şirkətin müəyyənləşdirdiyi qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürür. İş materiallarında olan “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti (İpoteka saxlayan) ilə İddiaçı və X3 (İpoteka qoyanlar) arasında bağlanan Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək reyestrdə 3M-123 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli, 3M-123 nömrəli “İpoteka müqaviləsi”nin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 3M\122 saylı distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir; 3.1-ci bəndinə əsasən, öhdəliyin yaranma əsası distribüter müqaviləsidir; 3.2-ci bəndinə əsasən, öhdəliyin ölçüsü (məbləği) 65550 manat 00 qəpik məbləğində sərinləşdirici alkaqolsuz və təbii şirə içkiləridir; 7.8-ci bəndinə əsasən, “İpoteka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək İpoteka saxlayanın hüququdur; 9.6-cı bəndinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Masallı rayonu, Xıl kəndində 0,14 ha torpaq sahəsində yerləşən sahəsi 229,1 kv.metr təşkil edən fərdi yaşayış evi ipoteka hüququ ilə “X9 LTD” MMC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatı barədə Bildiriş”in surətindən görünür ki, X3 və İddiaçı məxsus Masallı rayonu, Xıl kəndində 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin aparıcı mütəxəssisi X4 ilə İddiaçı arasında imzalanmış “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında Akt”a əsasən tərəflər razılaşmışlar ki, İddiaçı xx.xx.2022ci il tarixə “X9 LTD” MMC-nə 112563,49 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Tələb icra edilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi və icea qeydinin aparılacağı barədə Bildiriş”in surətindən görünür ki, həmin bildirişlə ipoteka saxlayan “X9 LTD” MMC tərəfindən ipoteka qoyanlar İddiaçı və X1 xx.xx.2021-ci il tarixli, 3M-123 nömrəli ipoteka müqaviləsinin 7.8 və 9.6-cı bəndlərinə əsasən notariusun icra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə “X9 LTD” MMC tərəfindən İddiaçı və X1 göndərilmiş poçtun qəbulundan sonuncular tərəfindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixində tərtib olunmuş aktların surətlərindən görünür ki, Masallı rayonu, Xil kəndində yaşayan İddiaçı və X1 çatması üçün “X9 LTD” MMC tərəfindən "xxxx" MMC-nə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş sənədlərin qəbulundan imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında Qərar”ın surətindən görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 8İ-18728 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra işinin icraatında başlanılmışdır. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə iddiaçı və üçüncü şəxs arasında (bundan sonra “müqavilə tərəfləri”) alqı-satqı və kommersiya konsessiyası müqavilələrinin ünsürlərini əhatə edən, müqavilə tərəflərinin adlandırdıqları kimi “Distribüterlik müqaviləsi”ndən və həmin müqavilə üzrə distribütorun (işdə iddiaçının) öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə yenə həmin tərəflər və digər paylı mülkiyyətçi arasında bağlanmış ipoteka müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin öhdəliklərin müvafiq olaraq məzmunları belədir ki, İddiaçı üçüncü şəxs “X9 LTD” MMC-nə məxsus məhsulları nağd və ya nisyə qaydada alaraq, “X9 LTD” MMC tərəfindən müəyyən olunmuş fəaliyyət regionunda şirkətin müəyyənləşdirdiyi qiymətlər, qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliyin icrasının təmini məqsədi ilə ipoteka qoyanlar İddiaçı və X3 paylı mülkiyyət hüququ ilə onlara məxsus olan əmlaklarını ipoteka saxlayan “X9 LTD” MMC qarşısında ipoteka ilə yüklü etmişlər. İpoteka müqaviləsində təminat verilən əsas öhdəliyin ölçüsü 65550 manat məbləğində müəyyən edilmişdir. İş üzrə üçüncü şəxs “X9 LTD” MMC icra qeydinin aparılmasına dair elektron ərizə ilə Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək, onunla İddiaçı və X3 arasında bağlanmış ipoteka müqaviləsinin 7.8-ci və 9.6-cı bəndlərinə müvafiq olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılmasını xahiş etmişdir. Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 25 oktyabr 2022-ci il tarixdə aparılmış icra qeydi ilə “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İddiaçı 3M-123 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 81602 manat 63 qəpik tutulması təklif olunmuşdur. Notariusun 8İ- 18728 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən icra işi başlanılmışdır. İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin əsası kimi iddiaçı icra qeydinin aparılacağı barədə ona məlumat verilməməsinə və icra qeydinin aparılmasına əsas olan öhdəlik üzrə tərəflər arasında mübahisənin olmasına istinad edir. Məhkəmə, ilk olaraq icra qeydinin aparılması əsaslarını və qaydalarını nəzərdə tutan qanunvericilik normalarının tələblərinin xatırladılmasını zəruri hesab edir. “Notariat haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulduğu kimi, icra qeydi üç tələb üzrə aparılır. Bunlar, borcludan pul məbləğlərini tutmaq, əmlakı tələb edib almaq və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında tələblərdir. Bu tələblər üzrə icra qeydinin aparılmasının bir çox ortaq xüsusiyyətləri olduğu kimi, fərqli cəhətləri də vardır. Lakin hər üç tələb üzrə icra qeydinin aparılmasının əsas şərtləri onların notarius tərəfindən aparılması, icra qeydi aparılacaq sənədlərin müvafiq qaydada təsdiq edilməsi, həmin sənədlərə əsasən tələbin (borcun) mübahisəsiz olduğunun təsbit edilməsi və icra qeydinin aparılması xahiş edilən tələblər üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətlərin keçməməsidir. Yalnız bu qeyd olunan əsas tələblərə uyğun aparılmış icra qeydi qanuni və əsaslı hesab edilə bilər. İcra qeydinin aparılmasının hüquqi əsasları aşağıdakı kimidir: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının 162-ci bəndinə əsasən, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1.7-ci maddəsinə əsasən ipoteka saxlayanın bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır. Həmin Qanunun 38.1-ci və 38.2-ci maddələrinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 25 oktyabr 2022-ci il tarixdə aparılmış icra qeydi aşağıda qeyd olunan pozuntulara yol verilməklə aparıldığına görə qanunsuz hesab edilərək ləğv edilməlidir:

1. İcra qeydinin məzmunundan görünür ki, həmin icra qeydi “X9 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İddiaçı 3M-123 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 81602 manat 63 qəpik tutulması barədədir. İşdən görünür ki, 3M- 123 nömrəli müqavilə “X9 LTD” MMC (İpoteka saxlayan) ilə İddiaçı və X3 (İpoteka qoyanlar) arasında bağlanan Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək reyestrdə 3M-123 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli, 3M-123 nömrəli “İpoteka müqaviləsi”dir. Lakin notarius ipoteka müqaviləsi üzrə apardığı icra qeydi ilə tutmanın ipoteka predmetinə yönəldilməsini deyil, pul məbləğinin tutulmasını təklif etmişdir. Bununla da, notarius ciddi pozuntuya yol verərək icra qeydində göstərilən müqavilə üzrə tənzimlənməyən münasibətlərə və həmin müqavilədən irəli gəlməyən tələbə dair icra qeydi aparmışdır. Onu da nəzərə almaq zəruridir ki, iş üzrə üçüncü şəxs “X9 LTD” MMC-nin icra qeydinin aparılmasına dair notariat ofisinə ünvanlandığı elektron ərizəsində, “X9 LTD” MMC ilə İddiaçı və X3 arasında bağlanmış ipoteka müqaviləsinin 7.8-ci və 9.6-cı bəndlərinə müvafiq olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılmasını xahiş edilmişdir.

2. İpoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği) 65550 manat məbləğində müəyyən olunmasına baxmayaraq, həmin müqaviləyə əsasən aparılmış icra qeydində İddiaçı tutulası məbləğ 81602,63 manat olaraq göstərilmişdir. İcra qeydində göstərilən məbləğin hansı əsaslarla və hansı təkzib edilməz sənədlərə əsasən hesablandığı isə müəyyən edilmir.

3. Qanunvericiliyin tələblərinə görə icra qeydinin aparılması üçün təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etməlidir. Lakin “X9 LTD” MMC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə təqdim edilən sənədlərə əsasən iş üzrə iddiaçının mübahisəsiz şəkildə 81602,63 manat məbləğində borcunun olması müəyyən edilmir.

4. Yuxarıda sadalanan qanunvericilik aktları normalarının tələblərinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. İcra qeydini aparmış notarius nəzərə almamışdır ki, icra qeydinin aparılmasına dair ərizəyə əlavə edilmiş “Tələb icra edilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi və icra qeydinin aparılacağı barədə Bildiriş” tələbkar tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Həmin bildirişin göndərilməsinə dair poçt qəbzlərinin surətlərinə və poçt xidməti göstərən şirkət tərəfindən tərtib olunmuş aktlara əsasən müəyyən olunur ki, həmin poçt qəbzləri xx.xx.2022-ci il tarixdə, yənu bildirişin tərtib olunmasından 3 gün əvvəl “X9 LTD” MMC tərəfindən İddiaçı və X1 göndərilmişdir. Bu xüsusat borclu tərəfindən icra qeydinin aparılacağı barədə lazımi qaydada məlumatlandırılmasını ciddi şübhə altına qoyur. Halbuki, icra qeydinin aparılacağı barədə borclunun əvvəlcədən məlumatlandırılması, onun öz etiraz və mülahizələrini icra qeydini aparacaq notariusa bildirməsinə şərait yaradılması məqsədi daşıyır və bu qaydaya riayət edilməməsi borclunun hüquqlarının ciddi pozuntusu kimi qəbul edilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin Qanunun 41-ci maddəsinə əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına və həmin hallara tətbiq edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə bu qənaətə gəlir ki, mübahisələndirilən icra qeydi ciddi qanun pozuntularına yol verilməklə aparılmışdır və həmin icra qeydinin ləğv edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).

Nəticə hissəsi:

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia ərizəsi təmin edilsin. Masallı Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin notariusunun 25 oktyabr 2022-ci il tarixli, 8İ-18728 reyestr nömrəli icra qeydi ləğv edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar