Məhkəmə qərarları › İş №2-2(121)-151/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-151/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-151/2021 29.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən 9.699,30 manat əsas borc, 1.189 manat faiz borcu, 48,55 manat cərimə borcu olmaqla cəmi 10.936,85 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış **********2570 saylı, 13.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23 % faiz dərəcəsi olmaqla, 24 ay müddətinə, 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 526 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən, yaranmış öhdəliklərin icrasına təminat olaraq, Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödənişləri və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 13.11.2014-cü il tarixli, **********2570 saylı kredit müqaviləsi 04.04.2016-cı il tarixli **********0328 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi 11.269,30 manat əsas borc müəyyən edilmişdir. Eyni tarixli, **********6871-607896 və **********6871- 604338 saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh2 və Cavabdeh3 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşlar. Beləliklə, 22 iyun 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən, 04.04.2016-cı il tarixli **********0328 saylı kredit müqaviləsi üzrə borcun məbləği 9.699,30 manat əsas, 1.189 manat faiz, 48,55 manat cərimə borcu olmaqla, cəmi 10.936,85 manat təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmiş və kreditor "xxxx" MMM QBKT məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh1 məhkəmə iclasında iddianın qismən təmin olunmasını, borcun yalnız ondan tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianın qismən təmin olunmasını, borcun yalnız Cavabdeh1 tutulmasını məhkəmədən xahiş etdi. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehlərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli, **********2570 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 23 faiz dərəcəsi ilə, 24 ay müddətinə, biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 10.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 13.11.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 10.000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 08.07.2015-ci il tarixli, **********2570 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 08.07.2015-ci il tarixli sazişdən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli, **********2570 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 8.344,08 ABŞ dolları, faiz dərəcəsi 10,10% və müddət 36 ay müəyyən edilmişdir. İş materiallarında olan 07.07.2015-ci il tarixli, **********0291 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 20.10.2015-ci il tarixli sazişdən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 07.07.2015-cü il tarixli, **********0291 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 7.690,08 ABŞ dolları, faiz dərəcəsi 6% və müddət 60 ay müəyyən edilmişdir. İş materiallarında olan 16.10.2015-ci il tarixli, **********0328-604338 saylı və **********0328-607896 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanılmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 16.10.2015-ci il tarixli, **********0328 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 04.04.2016-cı il tarixli sazişdən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 16.10.2015-ci il tarixli, **********0328 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 11.269,30 manat, faiz dərəcəsi 6% və müddət 60 ay müəyyən edilmişdir. İş materiallarında olan 04.04.2016-cı il tarixli, **********6871-607896 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. 04.04.2016-cı il tarixli, **********6871-604338 saylı zaminlik müqaviləsi Cavabdeh2 tərəfindən imzalanmamışdır. İş materiallarında olan 22.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 9.699 manat əsas, 1.189 manat faiz, 48,55 manat cərimə borcu olmaqla, cəmi 10.936,85 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyun 2021-ci il tarixli, 9/3546 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli, **********2570 saylı kredit müqaviləsi üzrə 22.06.2020-ci il tarixə əsas borcu 9.670,88 manat, faiz borcu 791,40 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli, **********2570 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 23 faiz dərəcəsi ilə, 24 ay müddətinə, biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra bir neçə dəfə qeyd olunan kredit müqaviləsinin restrukturizasiyasına dair tərəflər arasında saziş bağlanılmışdır. Həmçinin İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanılmışdır. 04.04.2016-cı il tarixli, **********6871-604338 saylı zaminlik müqaviləsi Cavabdeh2 tərəfindən imzalanmamışdır. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış 13.11.2014-cü il tarixli, **********2570 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinin restrukturizasiyasına dair sazişlərlə Cavabdeh1 iddiaçıya 9.670,88 manat əsas və 791,40 manat faiz borcunun qalması iş materialları ilə sübut olunduğundan, həmin borcun ödənilməsinə dair məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, iddia əsas və faiz borcuna dair hissədə qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilməli, Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddianın 48,55 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 5 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir. Belə ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında 16.10.2015-ci il tarixli, **********0328 saylı saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 04.04.2016-cı il tarixli saziş bağlanılsa da (12.269,30 manat, faiz dərəcəsi 6% və 60 ay müddətinə), həmin sazişin təminatı kimi tərtib olunmuş 04.04.2016-cı il tarixli, **********6871-604338 saylı zaminlik müqaviləsi Cavabdeh2 tərəfindən imzalanmamışdır. Bundan əvvəlki saziş isə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında 20.10.2015-ci il tarixdə (7.690,08 ABŞ dolları, faiz dərəcəsi 6% və 60 ay müddətinə) bağlanılmış, həmin sazişin təminatı kimi Cavabdeh2 ilə 16.10.2015-ci il tarixli, **********0328-604338 saylı saylı zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Qanunvericiliyin qeyd olunan normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında 04.04.2016-cı il tarixli sazişin bağlanılması ilə öhdəlik zamin Cavabdeh2 razılığı olmadan dəyişdirilmiş və bu dəyişdirilmə onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Həmin saziş kredit borcunun həcmi 7.690,08 ABŞ dollarından 12.269,30 manata dəyişdirilmiş, faiz dərəcəsi baxımdan Cavabdeh2 üçün əlverişsiz olmasa da, müddət baxımından bu saziş əlverişsizdir. Belə ki, 20.10.2015-ci il tarixli saziş 60 ay müddətinə bağlanılmaqla, öhdəliyin icrasının son müddəti 20.10.2020-ci il olsa da, 04.04.2016-cı il tarixli sazişin 60 ay müddətinə bağlanılması ilə, bu saziş üzrə öhdəliyin son icra müddəti 04.04.2021-ci il tarixidir ki, bu da öz növbəsində daha uzun müddəti əhatə etməklə Cavabdeh2 üçün əlverişsizdir. Belə olan halda isə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, Cavabdeh2 münasibətdə zaminliyə xitam verildiyindən, iddia ona münasibətdə təmin edilə bilməz. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 1,29 manatı iddiaçıya aid edilməli, 28,71 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 9.670,88 manat əsas borc, 791,40 manat faiz borcu, 5 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş 28,71 manat dövlət rüsumu olmaqla, cəmi 10.495,99 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 9.670,88 manat əsas borc, 791,40 manat faiz borcu, 5 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş 28,71 manat dövlət rüsumu olmaqla, cəmi 10.495,99 (on min dörd yüz doxsan beş manat, doxsan doqquz qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar