Məhkəmə qərarları › İş №2-2(121)-1527/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1527/2025

05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1527/2025 05.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlakın və ya onun dəyərinin geri qaytarılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın və ya onun dəyərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üç ədəd maşının: 1989-cu il buraxılışdan olan, “Kamaz 53212” markalı, **-EU-*** dövlət nömrə nişanlı, 1990-cı il buraxılışdan olan, “Kamaz 53212” markalı **-CN-*** dövlət nömrə nişanlı və 1984-cü il buraxılışdan olan, “Kamaz 5511” markalı, **-BK-*** dövlət nömrə nişanlı maşınların onun qanunsuz sahibliyindən alınaraq iddaçılara verilməsinə, eyni zamanda 2023-cü ilin iyul-dekabr aylarında maşınların icarə haqqı ödənilmədiyinə görə vurulmuş zərər hesabına 18000 manat pulun və ödənilmiş 280 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh qismində göstərilmiş Cavabdeh ilə 2023-cü ilin təqribən mart ayının axırlarında, yəni Novruz bayramından sonra ümumi tanışları olan bir nəfər şəxsin vasitəsi ilə tanış olmuşlar. Həmin şəxs cavabdehi onlara iş adamı kimi təqdim etmişdir. Əvvəllər onu tanımamışlar. Tanışlıqdan sonra onlara məlum olmuşdur ki, Cavabdeh özünə aid yük maşınlarını və başqa şəxslərdən icarəyə götürdüyü yük maşınlarını işğaldan azad olunmuş Qarabağ, Laçın və Kəlbəcər bölgəsində gedən yenidənqurma işlərini həyata keçirən şirkətlərə icarəyə verməklə xeyli miqdarda qazanc əldə edir. Cavabdeh onların imkanları barədə məlumat aldıqdan sonra təklif etmişdir ki, bir necə maşın alıb ona icarəyə verəcəkləri halda o, hər maşına görə 1000 manat icarə pulu vermək imkanındadır. Eyni zamanda o, bildirmişdir ki, maşın alaçaqları tədqirdə onun özündə olan, satışa qoyulmuş maşınlardan onların adına keçirmək imkanı vardır. Onun təklifindən sonra qərara gəlmişlər ki, cavabdehə pul verməklə cavabdehin özündə olan maşınlardan alsınlar. Razılaşmalarına əsasən, bir neçə gündən sonra, 3 maşına görə onun tələb etdiyi 45.500 manat pulu ona vermişlər. Həmin pulu cavabdeh onlardan götürdükdən az bir vaxt sonra, yəni 20 aprel 2023-cü ildə 1 ədəd “Kamaz” markalı, 1990-cı il buraxılışdan olan, **-CN-*** qeydiyyat nişanlı maşını onların adına rəsmiləşdirilmiş, sənədini təqdim etmişdir. Bundan 1 həftə sonra isə 2 maşını, biri 1984-cü il buraxılışdan olan “Kamaz” markalı, **-BK-*** qeydiyyat nişanlı, digəri 1989-cu il buraxılışdan olan “Kamaz” markalı, **-EU-*** qeydiyyat nişanlı maşınların onların adına dair texniki pasportlarını təqdim etmişdr. Həmin maşınlardan birinin icarədə olduğu şirkət Qarabağda fəaliyyətini müvəqqəti dayandırdığına görə, həmin maşnın icarə pulu bir müddət ödənilmədiyinə görə o, həmin maşına görə aylıq 1000 manatı hələlik verə bilməyəcəyini bildimişdir. Şirkətin işi bərpa olduqdan sonra o, alacağı icarə haqqından onlara pul ödəyəcəkdir. Digər iki maşına görə isə onlara hər ay hər birinə görə 1000 manat olmaqla, 2000 manat verəcəkdir. Maşınları adlarına sənədləşdirdikdən sonra ona yüksək etibarları yarandığına görə, həmin şərtlərə razılaşmışlar. Cavabdeh sonrakı 2 ayda şifahi razılaşdıqları şərtlərə əməl edərək may və iyun aylarına görə hər ay onlara 2000 manat pul vermişdir. Cavabdeh iyul ayının icarə haqqını ödəməyi gecikdirdikdən sonra, buna səbəb kimi onlara dəfələrlə bildirmişdir ki, guya digər iki maşını icarəyə götürən şirkətlər də, işlərini müvəqqəti dayandırdığına görə ödəmələri gecikdirir. Lakin o, hər dəfə söz vermişdir ki, tezliklə hər şey qaydasına düşəcək və o, maşınlara görə aylıq ödəmələri alıb iddiaçılara verəcəkdir. Hər dəfə bildirmişdir ki, iki maşına görə ödənilən 2000 manat pul gecikmədən asılı olmayaraq ödəniləcəkdir. Bundan sonra cavabdeh onlara qarşı münasibətini kəskin dəyişdirmiş və verdiyi sözlərdən imtina etməyə başlamışdır. Son vaxtlar isə telefon zənglərinə cavab verməyib, görüşməkdən boyun qaçırdığına görə, ondan maşınların təhvil verilməsini, yaxud verdikləri 45.500 manatı geri qaytarmaqla mübahisələrini sülh yolu ilə həll etməyə dəfələrlə cəhd etsələr də, cavabdeh bundan imtina etmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində DİN-nin Baş X8 İdarəsinin rəhbərliyinə rəsmi müraciət edərək, cavabdehin qanunsuz sahibliyində olan yuxarıda qeyd etdilən 3 ədəd yük maşınının saxlanılmasını və onlara təhvil verilməsini xahiş etmişlər. Gəncə şəhər BPİ-nin X8 Şöbəsi xx.xx.2023-cü il tarixli məktubla onlara məlumat vermişdir ki, avtomobilləri xətdə müəyyən emək mümkün olmadığına görə, guya tədbirlər davam etdirilir və nəticə olarsa onlara məlumat veriləcəkdir. Baş Polis İdarəsindən eyni zamanda onlara qeyri rəsmi bildirmişlər ki, maşınları onlara vermək guya səlahiyyətləri yoxdur, ançaq maşınlar Gəncə şəhərində sürüləcəyi halda saxlanılıb dayanacağa qoymağa səlahiyyətləri vardır. Ona görə də, cavabdehin qanunsuz istifadə və sahibliyində olan, rəsmi sənədlərlə onların mülkiyyətlərinə məxsus, qeyd edilən 3 ədəd maşının cavabdehdən alınıb onlara verilməsinə dair iddianın təmin edilməsini qanunauyğun və mümkün hesab edirlər. Qeyd etdildiyi kimi həmin maşınlar onların cavabdehə verdiyi 45.500 manat pulun əvəzində onun özü tərəfindən onların adına rəsmiləşdirilmişdir. Cavabdeh onlara həmin maşınlara görə may və iyun ayları üçün bir maşına görə hər ay 1000 manat hesabı ilə 2 ayda cəmi 4000 manat icarə haqqı ödəmişdir. 2023-cü ilin iyuldekabr aylarında onların 3 ədəd “Kamaz” markalı yük maşınları faktiki olaraq 6 ay müddətində cavabdehin sərəncamında və icarəsində olmaqla onun 18.000 manat borcu yaranmışdır. Cavabdeh bu müddət ərzində onların maşınlarını özündə saxlayıb onlara pul vermədiyinə görə faktiki zərər vurmuşdur. Ona görə də, 18.000 manat pul vurulmuş zərər hesabına cavabdehdən alınıb onlara verilməlidir. Sonradan iddiaçılar iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan, lakin Cavabdeh istifadəsində olan 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərin alınaraq iddiaçılara verilməsi və həmin avtomobillərin olmadığı halda onların umumi dəyəri olan 88000 manat pulun və 280 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin Gəncə Regional qeydiyyat, imtahan və texniki baxış şöbəsində bağlanmış və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi”nin surətindən görünür ki, 1990-cı il buraxılışlı, “Kamaz 53212” markalı yük markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili satıcı X2 tərəfindən alıcı İddiaçı2 23000 manat məbləğə satılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin Gəncə Regional qeydiyyat, imtahan və texniki baxış şöbəsində bağlanmış və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi”nin surətindən görünür ki, 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili satıcı X3 tərəfindən alıcı İddiaçı2 22000 manat məbləğə satılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin Gəncə Regional qeydiyyat, imtahan və texniki baxış şöbəsində bağlanmış və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi”nin surətindən görünür ki, 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı yük markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili satıcı X1 tərəfindən alıcı İddiaçı2 43000 manat məbləğə satılmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri İddiaçı2 məxsusdur. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda İddiaçı2 müraciətlərinə cavab olaraq bildirilir ki, qanunsuz idarə olunan “Kamaz 53212” yük markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 53212” yük markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 53212” yük markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması barədə şöbənin şəxsu heyəti təlimatlandırılmış, avtomobillərin xətdə saxlanılmasını təmin etmək məqsədi ilə Gəncə şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidmətinə rəsmi məktub göndərilmidir, lakin həmin avtomobilləri xətdə müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin, iş materiallarında olan sənədlərə, iddiaçıların izahatlarına, məhkəmə iclasında tədqiq olunmuş digər dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçılar ilk olaraq cavabdehdən onda olan yük avtomobillərini satın aldıqlarını, sonradan həmin avtomobilləri cavabdehə icarəyə verdiklərini, cavabdehin icarə haqlarını ödəmədiyini, bununla yanaşı avtomobilləri geri qaytarmadığını iddia edirlər. Cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, Laçın rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-222/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətində iddiaçıların belə bir iddia irəli sürməsinin səbəbinin ona həmin şəxslərin külli miqdarda borcu olması və həmin borcdan yaxalarını qurtarması üçün atdıqları addımdan başqa bir şey olmadığını, həmin şəxslərin onda bir dənə də olsun nəqliyyat vasitəsinin olmadığını, iddianın tamamilə əsassız olduğunu bildirmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, iddia tələbində istinad olunan faktiki hallara Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə ilk növbədə mülki qanunvericiliyin icarə münasibətlərinə dair normaları və həmçinin öhdəlik hüququnun ümumi qayda və prinsipləri tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə müəyyən edir ki, mübahisə obyekti olan avtomobillərin mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olması, həmin avtomobillərin onun tərəfindən ayrı-ayrı şəxslərdən alqısatqı müqavilələrinə əsasən əldə edildiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçılar icarə obyektinin cavabdehin istifadəsinə verildiyini, buna görə də cavabdehin icarə haqqı ödəmək vəzifəsinin yarandığını, lakin heç bir ödəniş edilmədiyini, bununla yanaşı icarə obyekti olan avtomobillərin cavabdeh tərəfindən onlara geri qaytarılmadığını, cavabdeh isə həmin avtomobillərin onda olmadığını iddia etdiklərinə görə, işin mübahisəli halı icarə obyekti olan avtomobillərin icarəyə verən tərəfindən icarəçinin sahibliyinə, istifadəsinə verilib-verilməməsinin müəyyən edilməsi barədədir. Məhkəmə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi prinsipini əsas tutaraq hesab edir ki, işin mübahisəli halını təşkil edən icarə obyektinin cavabdehə təhvil verilib-verilməməsini sübut etmə vəzifəsi iddiaçıların üzərinə düşür. Belə ki, icarə obyekti olan əmlakın (əşyanın) digər şəxsin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, həmin əmlakın (əşyanın) mülkiyyətçisi və ya digər qanuni sahibi tərəfindən həyata keçirilə bilən hüquqi hərəkət, davranışdır. Məhkəmə hesab edir ki, icarə obyektinin icarəçinin sahibliyinə (istifadəsinə) verilməsi faktı müxtəlif üsul və sübut vasitələri ilə təsdiq edilə bilər. Bu təsdiq etmə ilk növbədə icarə müqaviləsinin bağlanması, eləcə də təhvil-təslim prosesini əks etdirən sənədin tərtib edilməsi ilə, icarəçinin icarə obyektindən istifadə etməsinə dair müvafiq sənədlərlə, avtomobillərin cavabdeh və ya digər şəxlər tərəfindən idarə edilməsi üçün zəruri olan etibarnamənin verilməsi ilə və yaxud icarəçinin icarə obyektinə faktiki sahibliyini əks etdirən foto, video görüntülər, telefon danışıqı, şahid ifadələri və bu kimi digər sübut vasitələri ilə həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, baxılan işdə iddiaçılar icarə obyektinin cavabdehə təhvil verilməsini, hazırda da cavabdehin istifadəsində olduğunu iddia etsələr də, bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Bununla yanaşı iddiaçılar icarə obyekti olan avtomobillərin digər şəxsin (şəxslərin) idarə edilməsinə verildiyi zaman zəruri olan etibarnamənin hansı səbəblə tərtib olunmamasına məhkəmə proseslərində açıqlıq gətirə bilməmişlər. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar tərəflər arasında icarə münasibətlərinin mövcud olduğunu iddia etsələr də, məhkəmə araşdırması zamanı icarə obyekti olan avtomobillərin iddiaçılar tərəfindən cavabdehin istifadəsinə verilməsi faktı öz təsdiqini tapmamışdır, bu faktı təsdiq edə biləcək sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, icarə obyektinin icarəçinin istifadəsinə verilməməsinə baxmayaraq icarə müqaviləsinin mövcud olmasına və icarəçi tərəfindən sonradan müqavilədən imtina edimədiyinə görə icarəçinin icarə haqqı ödəmək öhdəliyinin yaranıb-yaranmaması məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 676.0, 676.0.1, 676.0.2 və 676.0.3-cü maddələrinin birgə tələblərinə görə, kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması və üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün kirayəyə verən məsuliyyət daşıyır. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin 1-ci hissəsinin Xİİİ, Xİİİ-İ və Xİİİ-İİ hissələrinə əsasən, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla tələb olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu maddənin İV-İ, V, Vİ və Vİ-İİ hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Sadalanan maddi hüquq normalarının təfsiri nəticəsində bu nəticəyə gəlinir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir və həmin müqavilənin əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. Öz hüquqi təbiətinə görə icarə müqaviləsi konsensual, ikitərəfli və qarşılıqlı (sinallaqmatik) öhdəlik yaradan xarakterə malikdir. Belə ki, müqavilənin bağlanmış hesab edilməsi üçün müqavilənin bütün mühüm şərtlərinə dair razılığa gəlinməsi kifayət edir. İcarə müqaviləsi onun iştirakçıları tərəfindən imzalandığı andan onlar üçün hüquq və vəzifələr əmələ gəlir. Həmin hüquq və vəzifələrin həyata keçirilməsi isə müqavilənin icrası mərhələsini təşkil edir. İcarə müqaviləsinin qarşılıqlı xarakter daşımasının əsas nəticəsi odur ki, müqavilə üzrə tərəflərin bir-birlərinə qarşı həm hüquqları, həm də öhdəlikləri mövcud olur və bu öhdəliklərin icra edilməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilir. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi (öhdəliyi) icarə obyektini yararlı vəziyyətdə icarəçinin istifadəsinə verməkdən ibarətdir. İcarəyə verənin bu əsas vəzifəsini yerinə yetirməməsi Mülki Məcəllənin 677-ci maddəsində sadalanan nəticələrə səbəb olduğu kimi, icarəyə verəni icarəçidən icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsini tələb etmək hüququndan məhrum edir. Bunlarla yanaşı, baxılan iş üzrə icarə obyekti nəqliyyat vasitəsi olduğuna görə, həmin icarə obyektinə dair icarə hüquq münasibətlərinin sahəvi qanunla müəyyən edilmiş xüsusi tənzimləməsi də mövcuddur ki, həmin tələblərə əməl edilməsi zəruri şərtlər kimi qanunvericilikdə öz əksini tapmışdır. Məhkəmə, baxılan işin müəyyən edilmiş faktiki hallarını yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən qiymətləndirərərk bu nəticəyə gəlir ki, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlakın və ya onun dəyərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən iddiaçılar tərəfindən ödənilmiş xərclər onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar