Məhkəmə qərarları › İş №2-2(121)-153/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-153/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-153/2021 07.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada 4.415,53 manat əsas borc, 201 manat faiz, 59,67 manat cərimə borcu olmaqla cəmi 4.676,2 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış **********1560 saylı, 05.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 24 % faiz dərəcəsi olmaqla, 24 ay müddətinə, 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 796 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən, yaranmış öhdəliklərin icrasına təminat olaraq, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödənişləri və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 05.09.2014-cü il tarixli, **********1560 saylı kredit müqaviləsi 29.03.2016-cı il tarixli **********0924 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi 10.973,44 manat əsas borc müəyyən edilmişdir. Eyni tarixli, **********5776-845240, **********5***- ******* və **********5776-599893 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşlar. Beləliklə, 22 iyun 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən, 29.03.2016-cı il tarixli **********0924 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4.415,53 manat əsas, 201 manat faiz, 59,67 manat cərimə borcu olmaqla, cəmi 4.676,2 manat təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmiş və kreditor “xxxx” MMM QBKT məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində qeyd olunan tələbi müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 05.09.2014-cü il tarixli, **********1560 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 24 faiz dərəcəsi ilə, 24 ay müddətinə, biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 15.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 05.09.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 15.000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 05.09.2014-cü il tarixli, **********1560 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 13.04.2015-ci il tarixli sazişdən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 05.09.2014-cü il tarixli, **********1560 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 12.133,44 manat, faiz dərəcəsi 28% və müddət 30 ay müəyyən edilmişdir. İş materiallarında olan 05.09.2014-cü il tarixli, **********0440 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 13.10.2015-ci il tarixli sazişdən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 05.09.2014-cü il tarixli, **********0440 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 11.641,44 manat, faiz dərəcəsi 5% və müddət 60 ay müəyyən edilmişdir. İş materiallarında olan 12.10.2015-ci il tarixli, **********0***-******* saylı, **********0924-599893 saylı və **********0924-845240 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanılmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 12.10.2015-ci il tarixli, **********0924 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 29.03.2016-cı il tarixli sazişdən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 12.10.2015-ci il tarixli, **********0924 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 10.973,44 manat, faiz dərəcəsi 5% və müddət 56 ay müəyyən edilmişdir. İş materiallarında olan 29.03.2016-cı il tarixli, **********5776-845240 saylı, **********5***-******* saylı və **********5776-599893 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanılmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. 29.03.2016-cı il tarixli, **********5776-599893 saylı zaminlik müqaviləsi Cavabdeh4 tərəfindən imzalanmamışdır. İş materiallarında olan problemli müştəri məlumatından görünür ki, Cavabdeh1 4.415,53 manat əsas, 201 manat faiz və 59,67 manat cərimə borcu vardır. İş materiallarında olan 22.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 4.415,53 manat əsas, 201 manat faiz, 59,67 manat cərimə borcu olmaqla, cəmi 4.676,2 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan 10.03.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə 4.415,53 manat əsas borcunu qəbul etdiyini, lakin 201 manat faiz borcunu və 59,67 manat cərimə borcunu qəbul etmədiyini bildirmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 05.09.2014-cü il tarixli, **********1560 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 24 faiz dərəcəsi ilə, 24 ay müddətinə, biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra bir neçə dəfə qeyd olunan kredit müqaviləsinin restrukturizasiyasına dair tərəflər arasında saziş bağlanılmışdır. Həmçinin İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanılmışdır. 29.03.2016-cı il tarixli, **********5776-599893 saylı zaminlik müqaviləsi Cavabdeh4 tərəfindən imzalanmamışdır. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış 05.09.2014-cü il tarixli, **********1560 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinin restrukturizasiyasına dair sazişlərlə Cavabdeh1 iddiaçıya 4.415,53 manat əsas və 201 manat faiz borcunun qalması iş materialları ilə sübut olunduğundan, həmin borcun ödənilməsinə dair məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, həmçinin Cavabdeh1 əsas borcunu qəbul etdiyindən, iddia əsas və faiz borcuna dair hissədə qismən, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməli, Cavabdeh4 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddianın 59,67 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh4 münasibətdə iddia təmin edilməməlidir. Belə ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında 12.10.2015-ci il tarixli, **********0924 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 29.03.2016-cı il tarixli saziş bağlanılsa da (10.973,44 manat, faiz dərəcəsi 5% və 56 ay müddətinə), həmin sazişin təminatı kimi tərtib olunmuş 29.03.2016-cı il tarixli, **********5776-599893 saylı zaminlik müqaviləsi Cavabdeh4 tərəfindən imzalanmamışdır. Bundan əvvəlki analoji saziş isə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında 13.10.2015-ci il tarixdə (11.641,44 manat, faiz dərəcəsi 5% və 60 ay müddətinə) bağlanılmış, həmin sazişin təminatı kimi Cavabdeh4 ilə **********0924-599893 saylı, 12.10.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Qanunvericiliyin qeyd olunan normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında 29.03.2016-cı il tarixli sazişin bağlanılması ilə öhdəlik zamin Cavabdeh4 razılığı olmadan dəyişdirilmiş və bu dəyişdirilmə onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Həmin saziş kredit borcunun həcmi və faiz dərəcəsi baxımdan Cavabdeh4 üçün əlverişsiz olmasa da, müddət baxımından bu saziş əlverişsizdir. Belə ki, 13.10.2015-ci il tarixli saziş 60 ay müddətinə bağlanılmaqla, öhdəliyin icrasının son müddəti 13.10.2020-ci il olsa da, 29.03.2016-cı il tarixli sazişin 56 ay müddətinə bağlanılmasına baxmayaraq, bu saziş üzrə öhdəliyin son icra müddəti 29.11.2020-ci il tarixidir ki, bu da öz növbəsində daha uzun müddəti əhatə etməklə Cavabdeh4 üçün əlverişsizdir. Belə olan halda isə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, Cavabdeh4 münasibətdə zaminliyə xitam verildiyindən, iddia ona münasibətdə təmin edilə bilməz. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 29,64 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 30 manatın pulun 0,36 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4.415,53 manat əsas borc, 201 manat faiz borcu, 5 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29,64 manat olmaqla, cəmi 4.651,17 manat məbləğində pul tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4.415,53 manat əsas borc, 201 manat faiz borcu, 5 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29,64 manat olmaqla, cəmi 4.651,17 (dörd min altı yüz əlli bir manat, on yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar