Məhkəmə qərarları › İş №2-2(121)-1588/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1588/2025

12.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1588/2025 12.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı X5, Cavabdeh və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri yaşayış sahəsindən çıxarılma və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı qeyri yaşayış sahəsindən çıxarılma və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,0036 ha torpaq sahəsində yerləşən, 3/4T nömrəli 1 giriş, 29.12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli, qeyri yaşayış binasından (mağazadan) Cavabdeh çıxarılması, həmin qeyri yaşayış binasının onun qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binasından sərbəst istifadəsinə hər hansısa bir maneçilik etməsinin ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X2 şəhəri, F.Cavadov küçəsi ev 32-də qeydiyyatda olmaqla yaşayır. Şirvan şəhəri, 28 May küçəsində icarədə olan 0,0036 ha torpaq sahəsi və onun üzərində yerləşən 3/4T nömrəli 1 girişli, 29,12 kv.m ümumi,29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur və bu hüquqa dair Azərbaycan Respublikasının DƏDRX HDQHDƏDR-dən ******* nömrəli, MH seryalı çıxarış almışdır. Həmin qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 0,008 ha olmaqla müvafiq qaydada qeydiyyatdan keçmişdir. Cavabdeh həmin qeyri yaşayış obyektini qanunsuz olaraq zəbt edib özbaşına istifadə edir. Hal-hazırda iş üzrə Cavabdeh İddiaçı qanuni istifadəsində olan həmin əmlakdan sərbəst istifadəsinə, onun üzərində sərəncam verməyinə və s. hərəkətlərinə maneçilik etməklə, müxtəlif çətinliklər yaradır və ona maddi və mənəvi ziyan vurur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda əmlakını qorumaq, mühafizə etmək imkanı artıq tükənib, onun qanunla istifadəsində olan həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasını qorumaq və mühafizə etmək dövlətin vəzifəsidir. Cavabdehin hərəkətlərini son dərəcə qanunsuzluq və özbaşınalıq hesab edir. Hesab edir ki, onun qanunla istifadəsində olan həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından istifasində yaranmış məneə və müdaxilələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29.3- cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hesab edir ki, cavabdeh X4 onun mülkiyyət hüququndan istifadə etməklə onun konstitusion hüququnu pozur. O, öz mülkiyyəti üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasından Cavabdeh çıxarılmalı, həmin qeyri yaşayış binası onun qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin qeyri-yaşayış binasından sərbəst istifadəsinə hər hansı bir meneəçilik etməsi ona və digər şəxslərə qadağan edilməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını, həmin qeyri-yaşayış sahəsinin onun qanuni istifadəsinə qaytarılmasını və gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneəçilik yaradılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili X6 izahatlarında iddia tələbini qəbul etmədiklərini, mübahisəli qeyri-yaşayış sahəsindən qanuni əsaslarla istifadə etdiklərini, həmin qeyri-yaşayış sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığını bildirdilər və iddianın rədd edilməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən proses iştirakçılarının verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2009-cu il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə sahibkarlıq subyektləri kimi qeydiyyata alınmışlar. İş materiallarında olan DƏDRX HDQHDƏDR-nin ******* nömrəli MH seriyalı çıxarışından görünür ki, Şirvan şəhəri, 28 may küçəsində icarəsində olan 0,0036 ha torpaq sahəsində yerləşən 3/4T nömrəli 1 girişli, 29.12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 ünvanında yerləşən təyinatı yaşayış məntəqlərinin torpaqları , məqsədli istifadə növü sahibkarlıq olan, mülkiyyət növü bələdiyyə olan, sənəd üzrə və faktiki sahəsi 0,008 ha olan torpaq sahəsinin hüquq subyekti Şirvan şəhəri Şirvan Bələdiyyəsidir. Torpaq sahəsinin planı və ölçüsü xx.xx.2011-ci ildə tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında olan 0,008 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Şirvan şəhəri Şirvan Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə 4 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ № ******* saylı xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin (qeyri-yaşayış binası (mağaza) alqı-satqısı) surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əli-Bayramlı şəhər Ərazi İdarəsi tərəfindən 14 iyun 2008-ci il tarixdə verilmiş 1284 saylı arayışa əsasən, hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsi 0,0036 ha, faktiki torpaq sahəsi 0,0036 ha, əsas sahəsi 29,12 kv.m, ümumi 29,12 kv.m sahəsini ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binası (mağaza) 4200 manata alıcı İddiaçı satmış, alıcı isə həmin qiymətə almışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri 28 May küçəsində icarəsində olan 0,0036 ha torpaq sahəsində yerləşən 3/4T nömrəli girişli, 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci ildə 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixli 959 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki,icrarəyəverən Şirvan şəhəri Bələdiyyəsi icraçı İddiaçı ünvan 4 küçəsində yerləşən ümumi sahəsi 36.0 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı mağaza (tikintialtı sahə) sahəsi 36.0 kv.m olan, müqavilə üzrə illik icarə haqqı 43 manat 20 qəpikdir. İcarə müqaviləsi xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər müddətə bağlanır. xx.xx.2011-ci il tarixli H-054 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, icrarəyəverən Şirvan şəhəri Bələdiyyəsi icraçı İddiaçı ilə ünvan 4 küçəsində yerləşən ümumi sahəsi 80.0 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı mağaza (tikintialtı sahə) sahəsi 80.0 kv.m olan, müqavilə üzrə illik icarə haqqı 145 manatdır. İcarə müqaviləsi xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər müddətə bağlanır. Həmin müqavilənin arxa vərəqində olan qeydə əsasən xx.xx.2011-ci il tarixli H-054 saylı icarə müqaviləsinin vaxtı 15 yanvar 2025-ci il tarixə qədər uzadılmışdır. xx.xx.1996-cı il tarixli 81 nömrəli Əli-Bayramlı şəhər İcra Hakimiyyəti başçısının sərəncamından çıxarışın surətindən görünür ki, şəhər sakini Cavabdeh mağaza tikintisinə icazə verilməsi, obyektin tikintisi üçün şəhərin 28 May küçəsində 67 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər sakini İddiaçı Şirvan şəhər prokurorluğuna müraciəti əsasında araşdırma aparılmış, araşdırma sənədlərdən görünür ki, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı ərazi idarəsinə müraciət edən zaman təqdim etdiyi Əli-Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 81 nömrəli sərəncamının sürəti heç bir hüquqi əsası olmayan sənəddir. Həmin sənədlə vətəndaşın sərəncamverici hüququ təsdiq edilsə də qeyri-müəyyən cümlələrdən istifadə edilmişdir. Sərəncamda qeyd edilən ünvanın faktiki olaraq ərizəçi İddiaçı sahibi olduğu qeyri-yaşayış sahəsi olub-olmaması müəmmalıdır. Başlıca sübut isə Cavabdeh təqdim etdiyi sənədin Dövlət Arxivində kötüyü olmamısıdır. Həmçinin eyni tarixli və eyni nömrəli bir sənədin mövcud olması bir daha Cavabdeh təqdim etdiyi sənədin heç bir hüquq müəyyənedici sənəd olmadığını sübut edir. Sənədə diqqətlə nəzər yetirdikdə adından sərəncam verilmiş Sədaqət Qəhrəmənovanın imzasının sənəddə olmadığı, şəxsiyyəti araşdırmaya məlum olmayan şəxs tərəfindən “əsli ilə düzdür” sözləri qeyd edilərək qarşısında imza icra edildiyi müəyyən olunur. Sənəd üzərindəki möhürün daxilindəki yazıların məzmununu, doğruluğunu və faktiki olaraq Şirvan şəhər İcra Hakimiyyətinə (keçmiş Əli-Bayramlı) aid olub-olmadığını dəqiqləşdirmək nümkün deyil. Bu hal üzrə həmin sənədin hansı vaxtda, haradan əldə edilməsi araşdırmaya məlum deyildir. Bu səbəbdən Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsi ilə cinayət işinin başlanması istisna edilməlidir. Araşdırma nəticəsində Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X7 xx.xx.2024-cü il tarixli, 3- 48-DA-14F/2-207/2024 saylı məktubundan görünür ki, X12 filialında mühafizə olaraq Əli- Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 1996-cı il tarixli sərəncamlar kitabında vətəndaş Cavabdeh adına sərəncam aşkarlanmamışdır. Qeyd olunan 1996-cı il tarixli sərəncamlar kitabında 81 nömrəli sərəncamın (həmin dövr müvafiq orqanın qəbul etdiyi aktlar sərəncam idi) tarixi kitabda xx.xx.1996-cı ildir və başqa mövzudadır. Milli Arxiv İdarəsi Dövlət X7 xx.xx.2024-cü il tarixli 3-48-DA14F/2-207/2024 saylı məktuba əlavə edilmiş xx.xx.1996-cı il tarixli Azərbaycan Respublikası Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin sərəncamının surətindən görünür ki, 1.Şəhər icra hakimiyyətinin mənzil-məişət komissiyası xx.xx.1996-cı il protokolunda qeyd edilən qərar təsdiq edilsin. 2.Təsdiq edilmiş qərara uyğun vətəndaşları lazım olan sənədlərlə təmin etmək mənzilməişət komissiyasına tapşırılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirlir ki, “ünvan 4 nömrəli qeyri-yaşayış bınasının (mağazanın) Cavabdeh tərəfindən özbaşına tutulması və Cavabdeh sizə məxsus torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən çıxarılması” barədə müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestr” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Müraciətlə bağlı bildirilir ki, daşınmaz əmlakın dövlət reyestrində ünvan 6 ünvanda yerləşən, bir mərtəbəli, 1 girişli, tikintalı sahəsi 36.0 kv.m, ümumi sahəsi 29.12 kv.m olan qeyri-yaşayış binasının (mağazanın) ərizəçiyə məxsus olması barədə məlumatlar mövcuddur. Həmin mağazaya dair Ərazi İdarəsi tərəfindən sizin adınıza xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 911-2/12111 inventar nömrəli texniki pasport sənədi verilmişdir. Həmçinin bildirilir ki, Şirvan Şəhər Polis Şöbəsinə eyni məzmunlu müraciətiniz əsasında xx.xx.2024-cü il tarixdə 13 saylı Şirvan Ərazi İdarəsinin və Polis Şöbəsinə əməkdaşlarının birgə iştirakı ilə sözügedən obyektə yerində baxış keçirilmiş, araşdırma aparılmışdır. Araşdırma zamanı xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövləl reyestrindən çıxarışa əsasən mülkiyyətinizdə olan qeyri-yaşayış binasının (mağazanın) hal-hazırda mövcud olmadığı, həmin tikilinin yerində və ona bitişik ərazidə isə tikintiniti sahəsi 158.0 kv m, ümumi sahəsi 137.7 kv m olan birmərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ərazi idarəsinin arxivi və elektron kadastr məlumatlarına əsasən müəyyən edilmişdir ki, yeni inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi 156.0 kv.m torpaq sahəsi bütövlükdə bələdiyyə mülkiyyətindədir. Həmin torpaq sahəsinin 36.0 kv.m hissəsi sizin icarənizdə, 80.0 kv.m hissəsi isə xx.xx.2011-ci il tarixli, ********** qeydiyyət nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şirvan bələdiyyəsinin adına qeydiyyata alınmışdır. Qalan 42.0 kv m torpaq sahəsi isə elektron kadastr baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bildiririk ki, Ərazi İdarəsi tərəfindən Şirvan şəhər sakini Cavabdeh adına yuxarıda göstərilən obyektə dair hər hansı sənəd verilməmiş və daşınmaz əmlakın dövlət reyestrində hüquq qeydiyyata alınmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 1. DƏDRX HDQHDƏDR-nin ******* nömrəli MH seriyalı çıxarışı əsasında Şirvan şəhəri 28 May küçəsində İddiaçı icarəsindən olan 0.0036 ha torpaq sahəsində yerləşən və tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus ümumi sahəsi 29.12 kv.m qeyri yaşayış-binası hal-hazırda mövcud olmadığından qeyri-yaşayış binasının (mağazanın) sərhədləri, kontur və koordinatları müəyyən edilməsi mümkün olmamışdır; 2. İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri 26 May Küçəsi 3/4T ünvanda yerləşən tikintialtı sahəsi 36 kv.m olan torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. 3. Hal-hazırda hüquqmüəyyənedici (**********94 reyestr nömrəli) sənəd üzrə ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 80.0 kv.m olan torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir; 4. Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 27 may 1996-cı il tarixli Sərəncamı əsasında Cavabdeh tikintinin aparılması məqsədilə ayrılmış torpaq sahəsinin eskiz lahiyəsində qeyd edilən 67 kv.m torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir; 5. Qeyd edilən sənədlər əsasında ayrılmış-torpaq sahələrinin sərhədləri, kontur və koordinatları üst-üstə düşür. Üst-üstə düşən hissələr rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir; 6. Cavabdeh tərəfindən boşaldılması tələb edilən 158 kv.m torpaq sahəsi baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Sözügedən 158 kv.m torpaq sahəsinin bir hissəsində İddiaçı məxsus tikintialtı sahəsi 36.0 kv.m, ümumi sahəsi isə 29.12 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasına (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 911- 2/12111 inventar nömrəli texniki pasport sənədi verilmişdir. Lakin həmin tikilinin hal-hazırda mövcud olmadığı, tikilinin yerində və ona bitişik ərazidə isə tikintialtı sahəsi 158.0 kv.m, ümumi sahəsi 137.7 kv.m olan birmərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 158 kv.m torpaq sahəsi qeyri-rəsmi (hüquqmüəyyənedici sənədləri olmadan) olaraq cavabdehin istifadəsindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5340 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 10.09.24-cü il tarixli 3-21-3-38/2-3062/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir : DƏDRX HDQHDƏDR-nin ******* nömrəli MH seriyalı çıxarışı əsasında Şirvan şəhəri, 28 May küçəsində İddiaçı icarəsində olan 0.0036 ha torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ üzrə İddiaçı özünə məxsus, ümumi sahəsi 29.12 kv.m qeyri-yaşayış binası hal hazırda mövcud olmadığından qeyri-yaşayış binasının (mağazanın) sərhədlərinin, kontur və koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı icarəsinə verilmiş ünvan 9 ünvanında yerləşən tikintialtı sahəsi 36.0 kv.m olan torpaq sahəsinin sərhədləri, kontur döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planını, göstərilmişdir. Hal-hazırda hüquqmüəyyənedici (**********94 reyestr nömrəli) sənəd üzrə ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 80.0 kv.metr olan torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 27 may 1996-cı il tarixi Sərəncamı əsasında tikilinin aparılması məqsədilə Cavabdeh QiZına ayrılmış torpaq sahəsinin eskiz layihəsində qeyd edilən 67.0 kv.metr torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qeyd edilən sənədlər əsasında ayrılmış torpaq sahələrinin sərhədləri, kontur və koordinatları üst-üstə düşür. Üst-üstə düşən hissələr mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında götərilmişdir. Cavabdeh tərəfindən boşaldılması tələb edilən 158.0 kv.metr torpaq sahəsi baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid topaq sahəsidir. Sözügedən 158.0 kv.metr torpaq sahəsinin bir hissəsində İddiaçı məxsus tikintialtı sahəsi 36.0 kv.metr, ümumi sahəsi 29.12 kv. metr olan birmərtəbəli qeyri-yaşayış binasına (mağaza) tam mülkiyyət hüquq üzrə İddiaçı adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 911-2/12111 inventar nömrəli texniki pasport sənədi verilmişdir. Lakin, həmin tikilinin hal-hazırda mövcud olmadığı, tikilinin yerində və ona bitişik ərazidə isə tikintialtı sahəsi 158.0 kv.metr, ümumi sahəsi 137.7 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 158.0 kv.metr torpaq sahəsi qeyri-rəsmi (hüquqmüəyyənedici sənədlər olmadan) olaraq cavabdehin istifadəsindədir. Şirvan şəhəri Şirvan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03/185 saylı arayışının surətindən görünür ki, ünvan 2 ünvanda ona məxsus ümumi sahəsi 158.08. kv.m olan qeyri-yaşayış obyektinin torpaq hərrac və müsabiqə komisiyasının xx.xx.2011-ci il tarix ********* nömrəli şəhadətnaməsinə və 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2008-ci tarixli 4-ə-131 reyestr nömrəli, AN-№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Şirvan Bələdiyyəsi sədrinin xx.xx.2008-ci il tarixli 67 saylı sərəncamına əsasən Bələdiyyə mülkiyyətindən icarəyə götürdüyü 80 kv.m və 36 kv.m torpaq sahələri üzrə icarə haqqı ödəyicisi və yuxarıda sözügedən ünvandakı qeyri-yaşayış obyektinin ümumilikdə 158.08 kv.m sahəsi üzrə isə əmlak vergisi ödəyicisi kimi X1 sistemində (BAMS) qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli 1080 saylı məktubunun surətindən görünür ki, sənədlərin təsdiq olunmuş surətinin verilməsi və əmlakın qeydiyyata alınıb-alınmaması barədə məktuba "Daşınmaz Əmlakın Dövlot Kadastrı və Reyestri " PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq bildirilir ki, Şirvan şəhəri F.Cavadov küçəsi ev 32-də qeydiyyatda olan İddiaçı ilə Şirvan Bələdiyyəsi arasında bağlanmış 01 sentyabr 2008-ci il tarixli 959 nömrəli Torpaq icarəsi müqaviləsi arxiv materiallarında aşkar edilmişdir. Belə ki, vətəndaş İddiaçı sözü gedən 959 nömrəli Torpaq İcarəsi müqaviləsi ilə yanaşı hüquqların dövlət qeydiyyatı üçün zəruri olan digər sənədləri (qeyri yaşayış binası (mağaza) alqı-satqısı mqaviləsi) təqdim etdiyi üçün xx.xx.2008-ci il tarixil ********** qeydiyyat nömrəli, **********88-06301 reyestr nömrəli Dövlət reyestrindən çıxarışla 28 May küçəsində icarəsində olan 0.0036 ha torpaq sahəsində yerləşən 3/47 nömrəli qeyri-yaşayış binasına hüquqları qeydiyyata alınmışdır. Əlavə olaraq bildirilir ki, sorğuda göstərilən 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli Torpaq İcarəsi müqaviləsi barədə 13 saylı Şirvan Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən işdə olan sənədlərə və tərəflərin izahatlarına əsasən işin müəyyən edilmiş faktiki halları belədir ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt edilərək qanunsuz istifadə olunduğunu, nəticədə iddiaçının hüquqlarının pozulduğunu iddia edir, cavabdeh isə mübahisəli qeyriyaşayış sahəsini iddiaçıya aidiyyətinin olmadığını, həmin sahədən qanuni əsaslarla onun istifadəsində olduğunu bildirir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını mübahisəli qeyri-yaşayış sahəsi üzərində tərəflərin qanunla müəyyən edilmiş hüquqlarının mövcud olub-olmaması təşkil edir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən mübahisəli halının müəyyən edilməsi ilə baxılan işdə iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilə, bununla da iddianın uğurluluq şərtlərinin mövcudluğu məsələsi həllini tapa bilər. Məhkəmə ilk olaraq müəyyən edir ki, iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, qeyd olunan normanın əsas dispozisiya şərtləri tələb edənin mülkiyyətçi (və ya digər əşya hüququ sahibi) olması, həmçinin özgənin sahibliyinin qanunsuz olması şərtləridir. Məhkəmə hesab edir ki, iddianın uğurlu həlli baxılan işin müəyyən edilmiş faktiki hallarının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, mübahisə obyektinin daşınmaz əmlak olduğunu nəzərə alaraq ilk növbədə daşınmaz əmlaklar üzərində hüquqların yaranması və həmin hüquqların qorunmasına dair məsələləri tənzimləyən qanunvericilik normalarının təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-cı maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1 və 67.4-cü maddələrinə əsasən, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinin birgə təhlilini apararaq qeyd edir ki, daşınmaz əmlak üzərində istənilən növ əşya hüququnun yaranması üçün onların dövlət qeydiyyatına alınması zəruridir. Həmin qeydiyyat müvafiq reyestrdəki qeydlə və həmin qeydə əsasən verilən çıxarışla rəsmiləşdirilir. Məhkəmə, baxılan işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası (mağaza) tamamilə sökülmüşdür, həmin tikilinin yerində və ona bitişik ərazidə isə tikinti altı sahəsi 158.0 kv.m, ümumi sahəsi 137.7 kv.m olan birmərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. Həmin tikili isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Yeni inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi 156.0 kv.m torpaq sahəsi isə bütövlükdə bələdiyyə mülkiyyətindədir. Həmin torpaq sahəsinin 36.0 kv.m hissəsi əvvəllər iddiaçının icarəsində olsa da, müddət bitdiyinə görə iddiaçı ilə bələdiyyə arasında icarə hüquq münasibətlərinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə, qeyd edilən maddi hüquq normalarını baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək bu qənaətə gəlir ki, əvvəla iddiaçının mülkiyyət hüququna istinad edərək tələb irəli sürdüyü daşınmaz əmlak tamamilə sökülərək məhv olduğuna görə, iddiaçı həmin əmlak üzərində mülkiyyət hüququnu itirmişdir. Bununla yanaşı, iddiaçı sonradan inşa edilmiş mübahisəli qeyri-yaşayış sahəsinin hər hansı bir hüquqla ona məxsus olmasını təsdiq edən sənədi və ya digər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, işdə olan aidiyyəti dövlət orqanlarının arayış və sənədlərinə, həmçinin ekspert rəyinə əsasən mübahisəli qeyri-yaşayış sahəsi barədə reyestrdə məlumatın aşkarlanmadığı, həmin qeyri-yaşayış sahəsi üzərində qeydiyyatdan keçmiş hüququn mövcud olmadığı, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin isə bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə, yuxarıda şərh olunanları yekunlaşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı hazırki tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Belə ki, daşınmaz əmlaka dair vindikasiya iddiasının qaldırılması üçün ilk və başlıca şərt həmin daşınmaz əmlakın mülkiyyət və ya digər əşya hüququna əsasən iddiaçıya məxsus olmasına dair təkzibedilməz sübutların mövcud olmasıdır. Lakin qeyd edildiyi kimi, iddiaçı tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, işin müəyyən edilmiş digər halları iddia tələbinin maddi hüquqi əsasının digər dispozisiya şərtini təşkil edən əmlaka özgəsinin qanunsuz sahibliyi şərtini ödəmir. Belə ki, iş materialları və işin müəyyən edilmiş halları ilə cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinə sahibliyinin qanunsuz hesab edilməsi təsdiq olunmur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı qeyri yaşayış sahəsindən çıxarılma və s. tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia rədd edildiyinə görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə: qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar