Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-1793/2022 29.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və başqa tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı ASC “Xalq” Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və başqa tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Laçın Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(047)-325/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 əsas borc üzrə 98241,82 manat, cərimə üzrə 12000 manat, kredit müqaviləsinin bitdiyi tarixindən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış əldə çıxmış fayda üzrə 4.611,91 manat borc olmaqla, cəmi 1148453,73 (bir yüz on dörd min səkkiz yüz əlli üç manat yetmiş üç qəpik) manat borc, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum, həmçinin sənədlərin notarial qaydada təsdiq edilməsinə görə 10(on) manat məbləğində ödənilmiş notariat xərci tutularaq ASC “Xalq” Bankının xeyrinə ödənilməsi, tutma kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 167,9 kv.m yaşayış, 84,54 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 280000 (iki yüz səksən min) manat müəyyən edilməklə həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına hazırkı qətnamə ilə tutulan borc ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka prdmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi ipoteka qoyana – Cavabdeh1 qaytarılması və göstərilən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 01 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, iddia tələbi qalan hissədə isə rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(106)-1084/2022 saylı qərardadı ilə, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək Laçın Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(047)-325/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və başqa tələblərinə dair mülki iş mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində qeyd olunur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.10-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı hazırki tələblə xx.xx.2021-ci il tarixdə Laçın Rayon Məhkəməsinə müraciət etmiş, Laçın Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(047)-325/2021 saylı qərardadı ilə iddiaçı ASC “Xalq” Bankının iddia ərizəsi qəbul edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(106)-1084/2022 saylı qərarı ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və qərardad onunla əsaslandırmışdır ki, tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirirlər və hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Göründüyü kimi, iddiaçı hazırki mübahisə üzrə məhkəmə aidiyyətini düzgün müəyyən etməmiş və hazırki mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Qanunvericiliyin kommersiya məhkəmələrinə müraciət edilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərinə isə iddiaçı tərəfindən riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd edilən Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl pretenziya məktubunu cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərmədiyindən (cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyi halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmədiyindən) iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və başqa tələblərinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-1793/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1793/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver