Məhkəmə qərarları › İş №2-2(121)-1797/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1797/2022

29.07.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-1797/2022 29.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – aralarında bağlanmış icarə müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçünün ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – aralarında bağlanmış icarə müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(020)-20/2022 saylı qərardadı ilə iddiaçı Beyləqan rayonun İmamverdili Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 Tarıverdi oğluna 2.70 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 06 iyul 2017-ci il tarixli, 12 saylı icarə müqaviləsinin, həmin icarə müqaviləsi əsasında verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın, Cavabdeh2 1.909 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı İcarə müqaviləsinin, həmin icarə müqaviləsi əsasında verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın, Cavabdeh3 7.15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı icarə müqaviləsinin, həmin icarə müqaviləsi əsasında verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli X1 6 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair, 28 iyun 2018-ci il tarixli, 11 saylı İcarə müqaviləsinin, həmin icarə müqaviləsi əsasında verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın Cavabdeh4 10.309 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı icarə müqaviləsinin, həmin icarə müqaviləsi əsasında verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi və cavabdehlərin mübahisəli torpaqdan çıxarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində qeyd olunur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.10-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı hazırki tələblə xx.xx.2021-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(020)-20/2022 saylı qərarı ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və qərardad onunla əsaslandırmışdır ki, tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirirlər və hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Göründüyü kimi, iddiaçı hazırki mübahisə üzrə məhkəmə aidiyyətini düzgün müəyyən etməmiş və hazırki mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Qanunvericiliyin kommersiya məhkəmələrinə müraciət edilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərinə isə iddiaçı tərəfindən riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd edilən Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl pretenziya məktubunu cavabdehlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərmədiyindən (cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyi halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmədiyindən) iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçının Beyləqan Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində beş cavabdeh göstərilmiş və hər cavabdehə qarşı ayrı tələb irəli sürülmüşdür. Lakin, iddiaçı beş cavabdehə qarşı icarə müqaviləsinin, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, tələblərin bir-biri ilə əlaqəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, eyni zamanda iddiaçının diqqətinə çatdırır ki, çıxarışların ləğv edilməsinə dair tələblər torpaq sahəsinin ilkin qeydiyyatı ilə bağlı münasibətlərdən irəli gəlir. Belə ki, qeyd edilən tələblər torpaq sahəsi üzərində ilkin qeydiyyatla bağlı olduğundan inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrdir və həmin tələblərə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – aralarında bağlanmış icarə müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar