Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-19/2023 10.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – 456000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bacısı Hicranın əridir. Cavabdehlə əvvəllər normal münasibəti olmuşdur. 2006-cı ildə Cavabdeh Mingəçevir- Bəhrəmtəpə avtomobil yolunun Xocavənd kəndindən keçən hissəsindən, yolun kənarından 237.6 kv.m torpaq sahəsini icarəyə götürmüş və həmin vaxt o, tikintiyə başlamışdır. Lakin maddi vəziyyəti ilə əlaqədar tikintinin inşasını dayandırmışdır. Sonra Cavabdeh bir müddət Rusiya Federasiyasına gedib orada yaşamışdır. 2018-ci ildə Surxay yenidən yaşadığı Ağcabədi rayonu, Xocavənd kəndinə qayıtmış və tikintini davam etdirməyə başlamışdır. Həmin vaxt Surxayın maliyyə problemi yarandığı üçün yenidən tikinti yarımçıq qalmışdır. Surxay onun yeznəsi olduğu üçün o, Surxayın işinin yanmçıq qalmasını istəməmiş və o, Surxaya hissə-hissə 100000 manat məbləğində borc pul vermişdir ki, işini başa çatdırıb, ailəsini dolandırsın. Lakin Surxay onun verdiyi pula tikintinin inşasını tamamlaya bilməmiş, yenidən Surxayın yanına gələrək tikintini başa çatdırması üçün Surxaya maddi yardım etməsini, ticarət mərkəzinin hər ikisinin mülkü olmasını və şərikli işlətmələrini təklif etmiş, Surxayda onun təklifi ilə razılaşmışdır. Onlar həmin müddətə kimi Surxayın çəkdiyi xərci hesablamış və cəmi 120000 manat məbləğində müəyyən etmişlər. Həmin tikintinin inşası başa çatanadək o, ümumilikdə 236000 manat məbləğində nağd pul xərcləmişdir. Əlavə olaraq o, öz adına 220000 manat dəyərində tikinti mağazalarından tikinti materiallarını və mağaza üçün vitrin avadanlıqlarını nisyə götürmüş, Surxayla razılaşmışdır ki, əvvəlcə işləyib 220000 manat məbləğində nisyə aldığı əşyaların pulunu ödəsinlər, sonra isə Surxaydan əlavə xərclədiyi 116000 manat məbləğində pulu götürər. Bundan sonra əldə edilən gəlirləri yarı bölərlər. Surxay onunla razılaşmış və xx.xx.2019-cu il tarixdə ticarət mərkəzinin açılışı olmuş, onun qardaşı Elmir Quliyev həmin ticarət mərkəzinin fəaliyyətini davam etdirməsi üçün “Araz” marketlər şəbəkəsindən mal götürməsi məqsədilə Bakı şəhərində olan evini girov qoymuş və bundan sonra şirkət Surxayla müqavilə bağlayıb marketə mal vermişdir. “Araz marketlər şəbəkəsi” ilə müqavilə Surxayın adına olduğu üçün şəbəkədən köçürülən pulları Surxay müxtəlif yollarla mənimsəməyə başlamışdır. Bu müddət ərzində nisyə olaraq götürdüyü tikinti materiallarının və digər məhsulların sahibləri ondan borclarını istədikdə, o da Surxaya mağazada edilən alverin pulundan borcdan verməsini bildirmiş, Surxayda ona mağazada pul olmadığını demişdir. O da bu barədə Surxayın arvadı, yəni onun bacısı Hicrana, qardaşı Elmirə və Surxayın qızı Pərvinədə demişdir. Pərvin isə xx.xx.2020-ci il tarixdə atası Surxayla danışmış, öz evlərində onun iştirakı ilə müqavilə yazmışdır ki, onun mağaza üçün xərclədiyi borc pulları verib qurtaranadək Surxay mağazadan pul götürməyəcəkdir. O, özü pulları götürüb borcları qaytaracaqdır. Lakin sonradan 2020-ci ilin mart ayının axırlarında Surxayın yenidən ticarət mərkəzində əldə edilən puldan istədiyi kimi xərclədiyini bilib və gəlib ona iradını bildirdikdə, Surxay ona orada onun payının olmamasını və bir daha həmin obyektə gəlməməsini bildirmişdir. O da həmin gündən obyektə getməmişdir. Sonra rayon Polis Şöbəsində araşdırma aparılıb və qərar qəbul olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 200000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-562/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair Ağcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, X11 və qeyrisinin barəsində toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh mülki iddia qaydasında iddia qaldırması izah edilmişdir. Qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, X11 onun qaynı olmaqla aralarında ədavət və düşmənçilik yoxdur. xx.xx.2014-cü il tarixdə hazırda “ay işığı” kafesi yerləşən torpaq sahəsi ona məxsus olmuşdur. Həmin yerə etibarnamə vermişdir ki, qaynı Elmir Quliyev öz adma alqı-satqı etsin. Əvvəllər Elmirlə çox mehriban olmuşlar. Hazırda Ağcabədi rayon Xocavənd kəndi ərazisində yerləşən torpaq sahəsi xx.xx.2006-cı il tarıxlii 274 nömrəli Ağcabədi rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə ona verilmişdir. Lakin qaynı Elmirlə aralarında mübahisə yaranmışdır. xx.xx.2020-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 2014-cü ildə Elmir Quliyevə verdiyi etibarnamə ilə Elmir kənd ərazisində yerləşən ona məxsus 237,6 km torpaq sahəsini onun iştirakı olmadan arvadı X2 adma ilkin alqı-satqı etmişlər. O, da bununla bağlı Ədliyyə Nazirliyinin Əmlak Komitəsinə və aidiyyəti qrumlara müraciət etmiş, xx.xx.2014-cü il tarixdə verdiyi etibarnaməni xx.xx.2020-ci il tarixdə ləğv etdirmişdir. Hazırda tələbi odur ki, sözü gedən ticarət obyekti özündə qalsın. Həmin torpaq sahəsinin özünə məxsus olması barədə Ağcabədi rayon İHB-nın 274 saylı Sərəncamı və Xocavənd kənd bələdiyyəsinin iclas protokolundan çıxarışı vardır. Qərardan həmçinin görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, X7 və qeydlərini əvvəldən tanıyır, aralarında heç bir ədavət, düşmənçilik yoxdur. Elmir onun qaynıdır, münasibətləri həmişə yaxşı olmuşdur. Elmirlə Rusiya və Çin Xalq Respublikalarında şərik alverlə məşğul olmuşdur. 2006-cı ildə Azərbaycan Respublikasına qayıtmış, qərara gəlmişdir ki, obyekt yeri alıb burada ticarət mərkəzi tiksin. Bunun üçün Ağcabədi rayon İH-nin başçısına və Xocavənd bələdiyyəsinə müraciət etmiş, Xocavənd Bələdiyyəsi tərəfindən Bəhrəmtəpə-Mingəçevir yolunun Xocavənd kəndindən keçən hissəsindən, yolun kənarından ona 237,6 kv metr torpaq sahəsi 50 il müddətinə icarəyə verilmişdir. Həmçinin torpaq sahəsində ticarət mərkəzi tikməsi üçün İcra Hakimiyyətinin başçısı sərəncam vermişdir. Bundan sonra elə həmin ili orada ticarət mərkəzin tikdirməyə başlamış, ancaq pulu qutardığı üçün tikilini yarımçıq saxlayıb, alver üçün Çin Xalq Respublikasına qayıtmışdır. İkinci dəfə yəni 2018-ci ildə yenidən Azərbaycan Respublikasına qayıtdıqda qərar vermişdir ki, yarımçıq qalan tikintini tamamlasın və 2018-ci ilin sentyabr ayının əvvəllərində işə başlamışdır. Həmin ərəfələrdə qaynı Sabir ona təklif etmişdir ki, onu da obyektə şərik etsin, pul qoyub tikintini birlikdə başa çatdırsınlar və obyekti birlikdə işlətsinlər. O, Sabirlə razılaşmış və belə qərara gəlmişlər ki, indiyə qədər obyektə qoyduğu pulu hesablasınlar, həmin pul qədər Sabir də pul qoyub tam şərik olsunlar. Onun qoyduğu xərci hesablamış, 20000 manat dəyərində dəyərləndirmişlər. Bundan sonra razılaşmışlar ki, Sabir də iki yüz min manat pul obyektə xərcləyəcək, əgər artıq pul xərcləyərsə, gəlirlərindən pulun tam götürəcəkdir. Sabir də obyektə iki yüz otuz min manat pul xərcləmişdir. xx.xx.2019-cu il tarixdə obyektin açılışı olmuşdur. Onlar razılaşmışlar ki, obyektin sənədləri onun adına olduğu üçün idarəetməni özü həyata keçirsin. İş başladıqdan sonra ticarət mərkəzinin bütün alverinin hesab işlərin qızı Pərvin həyata keçirmiş, onun adına satışdan gələn pulu o, qızı Pərvinə vermişdir. Pərvin də dayısı Sabirə pulu vermişdir. Sabir də pulu obyektin lazımı işlərinə xərcləmişdir. O, isə hər ay tələbatını ödəmək üçün 1000 manat mağazadan pul götürmüşdür. Bir neçə aydan sonra Sabir onun həmin min manat pulu götürüb xərcləməsinə narazı olmuş və idarəetməyə müdaxilə elməyə başlamışdır. Bundan sonra aralarında narazılıq yaranmış, Sabir demişdir ki, o, bu obyekti onun adına keçirməlidir. O, isə buna razı olmamış və ona şifahi bildirmişdir ki, onunla razılaşdıqları kimi ondan artıq qoyduğu otuz min manat pulu götürəcək. Qalan pulu şərik olaraq iki yerə böləcəklər. Ancaq Sabir onunla razılaşmamış və ona hədə qorxu gəlməyə başlamışdır. Əvvəllər Sabir qaynı olduğu üçün onun hərəkətlərinə heç bir reaksiya verməmiş, lakin sonradan Sabir qızı Pərvin Yusibovaya əgər atan bu obyekti onun adına keçirməsə onu oğurlayacaqlar, atanı isə öldürəcəklər” sözlərini demiş, bundan sonra Sabirin hərəkətlərindən ehtiyyat etdiyi üçün ərizə ilə polis şöbəsinə müraciət etmişdir. İzahatında daha sonra göstərmişdir ki, o, tikinti işini aparanda əvvəlcə fikirləşmişdir ki, ticarət obyektin 2 mərtəbəli olacaqdır. Lakin sonradan İH-nin memarlıq şöbəsindən bildirmişlər ki, ticarət obyektinin 2 mərtəbəli olmasına icazə verilmir. Bundan sonra ticarət mərkəzini daha böyük ölçüdə tikmək qərarına gəlmiş və gələcəkdə sənəd alacağını düşünüb, əlavə olaraq 19 metr uzunluqda, 13 metr enində əlavə torpaq sahəsində tikinti aparmışdır. Həmin vaxtı bunu şifahi olaraq bələdiyyə sədrinə demiş və razılaşmışlar kı, tikinti başa çatdıqdan sonra əlavə sənəd alacaq, bələdiyyə sədri, nə də hər hansı orqandan narazılıq edən olmamışdır, özünə məxsus həmin obyektə tikdirib üstün vurulduqdan sonra İddiaçılə şilahi danışıb razılaşıb onu özünə şərik etmiş, bu mərhələyə kimi iki yüz min manat pul xərcləmişdir. Bu mərhələdən sonra isə Sabir də iki yüz otuz min manat pul xərcləmiş və obyektə tam işlək vəziyyətə gətirmişdir. O, nə də Sabir xərclədikləri puldan götürməmişlər. İddiaçılə ticarət mərkəzinin şərik olmaları ilə bağlı şifahi razılaşmışlar. İkisindən başqa yanlarında kənar şahid olmamışdır. Bunu Sabirin və onun yaxın ailə üzvləri bilmişlər. O, 2014-cü il tarixdə özü tez-tez xaricə gedib orada yaşadığı üçün qaynı X8 notariat qaydada 10 illik, yəni 2024-cü il tarixədək etibarnamə vermişdir ki, onun adından mülkiyyət hüquqlarından istifadə etsin. Elmir Quliyevə verdiyi etibarnaməni xx.xx.2020-ci il tarixdə ləğv etdirmişdir. Ancaq bu müddətdə, yəni xx.xx.2020-ci il tarixdə Elmir Quliyevə verdiyi etibarnamə ilə Elmir ona məxsus qeyd olunan torpaq sahəsini və ticarət obyektini 110000 manata həyat yoldaşı X1. Onun özünün bu alqı-satqıdan xəbəri olmamışdır. Elmir alqı-satqıdan əldə eldiyi pulu ona verməmişdir. Elmirin həmin pulu guya ona verməsini bildirməsi doğru deyildir. Qaynı Elmir 2020-ci ilin aprel ayında Xocavənd kəndində yerləşən ticarət obyektinə gəlmiş və qızı Pərvinə bildirmişdir ki, atasına 110000 manat pul vermiş və atası bu ticarət obyektin həyat yoldaşı Ayselə satmışdır. Əgər atası narazılıq etsə, atası öldürüləcək, onlar isə oğurlanacaqlar. Həmin vaxt qızı Pərvinə hər hansı bir xəsarət yetirilməmiş, söz ifadəsi ilə hədələnmişdir. Qızı da bu barədə ona məlumat verdiyi uçun o, Ağcabədi RPŞ-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Bu günə qədər Elmir tərəfindən ona və ailə üzvlərinə qarşı hər hansı bir real hədə olmamışdır. Ticarət mənkəzi onun adına olduğu üçün adına olan plastik karta şirkət tərəfindən hər ayda bir dəfə pul köçürülmüşdür. O, da köçürülmüş pulu ticarət mərkəzində mühasib işləyən qızı Pərvin Yusibovaya təhvil vermişdir. Pul Sabirin razılığı və iştirakı ilə lazımı yerlərə xərclənmişdir. O, həmin puldan 1000 manatını öz tələbatın ödəmək üçün xərcləmək məqsədilə götürmüşdür. Qalan pullan isə heç vaxtı mənimsəməmiş, Sabirin bu barədə bildirdikləri həqiqətə uyğun deyildir. 2006-cı il tarixdə Xocavənd kənd bələdiyyəsinə müraciət etmiş, həmin vaxtı Xocavənd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli protokolundan 2 saylı çıxarışla torpaq sahəsi ona verilmişdir. Bundan sonra İcra Hakimiyyətinə müraciət edib, tikinti üçün digər sənədləri əldə etmişdir. Həmin vaxt ona Xocavənd bələdiyyəsi tərəfindən zərurət olmadığı üçün müqavilə verilməmişdir. Hazırda tələbi və şikayəti ondan ibarətdir ki, İddiaçılə şərik işləmələri mümkün olmadığı üçün, yəni bir-birlərini başa düşməkdə çətinlik çəkdikləri üçün gələcəkdə aralarında hər hansı problem yaşanmasın deyə İddiaçı ticarət mərkəzinə xərclədiyi 230000 manat birdəfəlik tam şəkildə qaytarsın, Sabir isə ticarət mərkəzi ilə bağlı iddialarından əl çəksin. X14 həyat yoldaşı X9 ilə aralarında ona məxsus ticarət mərkəzinin alqı-satqısı ilə bağlı ilkin müqavilə ləğv edilsin. Başqa heç bir tələb və şikayəti yoxdur. İzahatında həmçinin göstərmişdir ki, ticarət obyektində tikinti başa satdıqdan sonra Sabirlə birlikdə 5644 manat borcları qalmış, həmin pulu birlikdə işləyib ödəyəcəkləri barədə razılaşmışlar. Ancaq Sabirin həmin puldan hansı miqdarda ödəməsini bilməmiş, borclu olduqları şəxslərlə bağlı tərtib etmiş oluğu cədvəli izahatına əlavə etmişdir. Qərardan eyni zamanda görünür ki, izahatı alınmış İddiaçı göstərmişdir ki, Cavabdeh bacısı Hicranın həyat yoldaşıdır. Onunla əvvəllər aralarında normal münasibət olmuşdur. 2006-cı il tarixdə kürəkəni Cavabdeh Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Xocavənd kəndindən keçən hissəsindən, yolun kənarından 237,6 kv metr torpaq sahəsini icarəyə götürmüş, həmin vaxtı o, tikintiyə başlamış, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq tikintinin inşasını dayandırmaq məcburiyyətində qalmışdır. Həmin vaxtdan sonra Surxay bir müddət Rusiya Federasiyasında yaşamış, 2018-ci il tarixdə Surxay yenidən Ağcabədi rayon Xqcavənd kəndinə qayıtmış və tikintini davam etdirməyə başlamışdır. Həmin vaxt Surxayın maliyyə problemləri yarandığı üçün yenidən tikinti yarımçıq qalmışdır. Surxay kurəkəni olduğu üçün onun işinin yarımçıq qalmasını istəməmiş və ona hissə-hissə 100000 manat borc pul vermişdir ki, işin başa çatdırıb, ailəsini dolandırsın. Lakin Surxay onun verdiyi pulla tikintinin inşasını tamamlaya bilməmişdir. Ona görə də yenidən Surxayın yanına gəlib ona təklif etmişdir ki, tikinti başa çatıb işə başlayanadək ona maddi yardım etsin, ticarət mərkəzi ikisinin mülkü olsun, şərikli işlətsinlər. Surxay da onunla razılaşmışdır. Onlar həmin müddətə kimi Surxayın qoyduğu pulu hesablamış və cəmi 120000 manat məbləğində müəyyən etmişdir. Tikintinin inşası başa çatanadək o, ümumilikdə 236000 manat məbləğində nağd pul xərcləmişdir. Əlavə olaraq o, öz adına 220000 manat dəyərində tikinti mağazalarından tikinti materiallarını və mağaza üçün vitrin avadanlıqlarını nisyə götürmüş, Surxayla razılaşmışdır ki, əvvəlcə işləyib 220000 manat məbləğində nisyə aldığı əşyaların pulunu ödəsinlər, sonra isə Surxaydan əlavə xərclədiyi 116000 manat məbləğində pulu götürər. Bundan sonra əldə edilən gəlirləri yarı bölərlər. xx.xx.2019-cu il tarixdə ticarət mərkəzinin açılışı olmuş, onun qardaşı Elmir Quliyev həmin ticarət mərkəzinin fəaliyyətini davam etdirməsi üçün “Araz ailə market” şəbəkəsindən mal götürməsi məqsədilə Bakı şəhərində olan evlərini girov qoymuş və bundan sonra şirkət Surxayla müqavilə bağlayıb marketə mal vermişdir. “Araz marketlər şəbəkəsi” ilə müqavilə Surxayın adına olduğu üçün şəbəkədən köçürülən pulları Surxay müxtəlif yollarla mənimsəmişdir. Bu müddət ərzində nisyə olaraq götürdüyü tikinti materiallarının və digər məhsulların sahibləri ondan borclarını istədikdə, o da Surxaya mağazada edilən alverin pulundan borclarını verməsini bildirmiş, Surxayda ona mağazada pul olmadığını demişdir. O da bu barədə Surxayın arvadı, yəni onun bacısı Hicrana, qardaşı Elmirə və Surxayın qızı Pərvinədə demişdir. Pərvin isə xx.xx.2020-ci il tarixdə atası ilə danışıb öz evlərində onun iştirakı ilə müqavilə yazmışdır ki, onun mağaza üçün xərclədiyi borc pullarını verib qurtaranadək Surxay mağazadan pul götürməyəcəkdir. O, özü pulları götürüb borcların qaytaracaqdır. Lakin sonradan 2020-ci ilin mart ayının axırlarında Surxayın yenidən ticarət mərkəzində əldə edilən puldan istədiyi kimi xərclədiyini bilmişdir. Yenidən gəlib ona iradını bildirdikdə o, bildirmişdir ki, burada onun payı yoxdur və bir daha bu obyektə gəlməsin. Bundan sonra həmin obyektə getməmiş və qərara gəlmişdir ki, məhkəməyə müraciət edib, özünə düşən payı və obyektə qoyduğu pulları Surxaydan geri alsın. Lakin Respublikada xüsusi karantin rejimi olduğu üçün məhkəmə bağlı olduğundan müraciət edə bilməmişdir. Hazırda məhkəmənin açılışını gözləyir, məhkəmə açıldıqdan sonra bu barədə müraciət edəcəkdir. Yuxarıda göstərdiyi kimi 2018-ci il tarixdə Surxay yarımçıq qalmış obyektinin tikintisinə başlamış, lakin tikintinin hörgü işi qurtardıqdan sonra Surxayın pulu yenə qurtardığı üçün tikintini davam etdirə bilməmiş, ona görə də həmin mərhələdən sonra onunla razılaşıb tikintiyə şərik olmuş və bir başa tikinti işlərinin davam etməsinə özü nəzarət etmişdir. Bu mərhələdən sonra Surxay 1 manat da olsun xərcləməmişdir. Cavabdeh kürəkəni, həm də aralarında etibar olduğu üçün heç bir yazılı və ya rəsmi müqavilə olmamışdır. Bu barədə şifahi razılaşmışlar. Bundan başqa, nisyə mal-material götürdüyü şəxslər və orada fəhlə və usta kimi işləyənlər də təsdiq edə bilər ki, həmin tikintinin pulunu o, vermişdir. Cavabdeh 2006cı il tarixdə Xocavənd Bələdiyyəsi tərəfindən 237,6 kv.metr torpaq sahəsi ayrılarkən o, tikinti üçün nəzərdə tutulan ərazidən daha böyük ölçüdə tikinti inşa etdirmişdir. Həmin vaxt Surxayın nəzərdə tutulandan böyük obyekt tikdirməsindən məlumatı olmamışdır. 2018-ci il tarixdə Surxay tikintinin ikinci mərhələsinə başladıqdan sonra şərik olmuşdur. Ona görə də onun əlavə torpaq zəbt etməsindən xəbəri olmamışdır. Surxay ona söz vermişdir ki, tikinti başa çatdıqdan sonra həmin obyekti onun adına keçirəcəkdir. Onun Surxayın verdiyi etibarnamə ilə qardaşı Elmirin həyat yoldaşı Aysellə ilkin alqı-satqı müqaviləsi bağlaması barədə heç bir məlumatı olmamışdır. Təxminən xx.xx.2020-ci il tarixdə qardaşı Elmir kənddə olduğu müddətdə ona 110000 manat pul verib yeri və mağazanı Ayselin aldığını Surxayın qızı Pərvinə bildirdikdə onun bundan məlumatı olmuşdur. Həmin pulu Elmirin Surxaya verməsinin şahidi olmamışdır. Cavabdeh ərizəsində yalan göstərmiş, o, nə də qardaşı Elmir, Surxay və onun qızı Pərvini, həmçinin ailə üzvlərini heç vaxtı hər hansı formada hədələməmişlər. Surxay onları şərləyir ki, onlar həmin pulu tələb elməsinlər. Ticarət mərkəzi Cavabdeh adına olduğu üçün onun adına olan plastik karta şirkət tərəfindən hər ayda bir dəfə köçürülən pulu o, istədiyi kimi xərcləmişdir. O, karta gələn puldan bu günə kimi pul götürməmişdir. xx.xx.2020-ci il tarixdə Şirkətin onlara verdiyi puldan 3035 manatın o, götürmüş, 3035 manat da Surxay özü götürmüşdür. Həmin puldan başqa pul götürməmiş, nə də borclarından qaytarmamışdır. Onların guya gəlirdən onun götürüb borcların ödəməsini bildirmələri doğru deyildir. Surxayın həmin obyektin tikintisi zamanı xərclədiyi pulların hesabına dair heç bir qeydiyyat aparılmamışdır. Lakin onun xərclədiyi pulları ilk öncə Surxay öz xətti ilə qeydiyyat etmiş, sonra isə özü qeydiyyat aparmışdır. Hazırda tələbi və şikayəti ondan ibarətdir ki, ticarət mərkəzi istifadəyə verilənədək xərclədiyi 456000 manat pulu özünə qaytarılsın. Başqa heç bir tələbi yoxdur. O, izahatına ticarət mərkəzinin tikintisi zamanı xərclədiyi pulların qeydiyyatın apardığı kitabın surətin çıxarıb əlavə olunması üçün təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 274 saylı sərəncamının surətindən görünür ki, Ağcabədi rayonunun Xocavənd kənd sakini Cavabdeh ərizə ilə müraciəti edərək Xocavənd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 saylı qərarı ilə əldə etdiyi 237,6 kv.m torpaq sahəsində ticarət mərkəzi tikintisinə icazə verilməsini xahiş etmiş və Xocavənd kənd sakini Cavabdeh icarəyə götürdüyü 237,6 kv.m torpaq sahəsində ticarət mərkəzi tikintisinə icazə verilmişdir. İşə əlavə edilən "xxxx" MMC tərəfindən verilmiş LP-030/21 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Ağcabədi rayonunun Xocavənd kəndində yerləşən qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti 420000 manat, likvid qiyməti 395000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “X3” MMC tərəfindən verilmiş 175 saylı, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, 2006-cı ildə Cavabdeh icarəyə götürdüyü Mingəçevir- Bəhrəmtəpə avtomobil yolnun Ağcabədi rayonunun Xocavənd kəndindən keçən hissəsindən, yolun kənarında yerləşən torpaq sahəsində inşa olunmuş ekspertiza tədqiqatı zamanı ümumi sahəsi 780,8 kv.m kimi müəyyən edilmiş (qərardadda 237,6 kv.m torpaq sahəsində tikilmiş obyekt kimi qeyd edilmişdir) ticarət obyektinin hazırda bazar qiyməti ilə ümumi təqribi dəyəri 410000 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5961/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından aydın olur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-800/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri 43 saylı Notariat Ofisində reyestrdə 3M-686 nömrə ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi qət olunmuşdur. Şirvan Apellyasiya məhkəməsinin 2(106)- 505/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5961/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə isə Şirvan Apellyasiya məhkəməsinin 2(106)-505/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan çəkilmiş xərclərlə bağlı dəftərdən görünür ki, dəftərdə qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının dəyəri, həmin obyekdə görülmüş işlər (sərf olunmuş tikinti materiallarının dəyəri, təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün çəkilmiş xərclər və s.) Cavabdeh öz xətti ilə aydın şəkildə qeyd edilmişdir. İş materiallarında olan məhkəmə qərardadı əsasında təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının 10/4765 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 2006-cı ildə X6 icarəyə götürdüyü Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində yolun kənarında ümumi sahəsi 780,8 kv.m olan qeyri-yaşayış sahəsi inşa olunmuşdur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin 2018-2019-cu illərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 308178,78 manat məbləğində müəyyən olunur. Tədqiq olunan qeyri-yaşayış sahəsinin ayrı-ayrılıqda otaqlarının ölçüləri, həmin qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada və rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Eyni zamanda vitrinləri, avadanlıqların dəyərini müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyətlərinə aid deyildir. Bu səbəbdən də, vitrinlərin (mebellərin) və avadanlıqların dəyərini müəyyən edilməsinə dair tədqiqat aparılmadı. İş materiallarına əlavə olunan dəftərdə qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri göstərilmədiyi üçün, qeyd olunan obyekdə görülmüş işlərlə (sərf olunmuş tikinti materiallarının dəyəri və təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün tələb edilən xərclər) materiallarına əlavə olunan dəftərdə (çəkilmiş xərclərlə bağlı dəftər) qeyd olunan xərclərin uyğun olub-olmaması müəyyən etmək mümkün olmadı. İş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, tərəflərlə heç bir qohumluq əlaqəsi yoxdur. Lakin Cavabdeh yaxından tanıyır. Belə ki, onun sahibi olduğu qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Araz” marketdə kassir kimi işləmişdir. Onunla 2020-ci ilin aprel və may aylarında birlikdə işləmişlər. Sonra Surxayı inzibati qaydada həbs etmişlər. Qarşı tərəf isə onu və digər işçiləri marketə buraxmamışlar. Lakin müxtəlif vaxtlarda marketin qarşısından keçən zaman qarşı tərəfin ətrafının marketdə olan malları boşaltdıqlarının şahidi olmuşdur. Qarşı tərəfi və onun ətrafını tanımasa da, orada olan danışıqlardan belə başa düşmüşdür ki, marketdə olan malları boşaldan Cavabdeh deyil, qarşı tərəfin ətrafıdır. Market boşaldılan vaxt qarşı tərəfi orada görməmiş, ancaq həmin vaxt orada olan şəxslərin dediklərindən qarşı tərəfin ətrafı kimi bildirilən Samir adlı bir şəxsin orada olduğunu eşitmişdir. Beləliklə, tərəflərin izahatları, işin materiallarına əlavə edilən sənədlər, ekspert rəyi və işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin icarəyə götürdüyü torpaq sahəsində inşa etdiyi tikintinin (ticarət mərkəzinin) başa çatdırması üçün maddi yardım etməsini və ticarət mərkəzini şərikli işlətmələrini təklif etmiş, cavabdeh də onun təklifi ilə razılaşmışdır. Onlar həmin müddətə kimi cavabdehin tikintiyə çəkdiyi xərci hesablamış və cəmi 120000 manat məbləğində müəyyən etmişlər. Sonradan həmin tikintinin inşası başa çatanadək isə iddiaçı nağd pul xərcləmişdir. Bundan əlavə, iddiaçı öz adına 220000 manat dəyərində tikinti mağazalarından tikinti materiallarını və mağaza üçün vitrin avadanlıqlarını nisyə götürmüş və razılaşmışlar ki, əvvəlcə işləyib iddiaçının nisyə aldığı əşyaların pulunu ödəsinlər, sonra isə iddiaçı xərclədiyi pulu götürər. Bundan sonra əldə edilən gəlirləri yarı bölərlər. Lakin, tikinti başa çatdıqdan və ticarət mərkəzi fəaliyyətə başladıqdan sonra tərəflərin münasibətləri pozulmuşdur. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, nisyə alınan əşyaların dəyəri iddiaçı tərəfindən sonradan ödənilsə də, 220000 manat dəyərində götürülmüş tikinti materiallarından və mağaza üçün vitrin avadanlıqlarından yalnız 63200 manat dəyərində olan vitrin cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən tikintiyə xərc çəkilməsi və mağaza üçün vitrin avadanlıqları alınması işin materialları ilə təsdiq olunur. Tərəflər şərik olaraq gəlir əldə etmədən münasibətləri pozulmuş və iddiaçıya zərər dəymişdir. Dəymiş zərər isə cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin icarəyə götürdüyü torpaq sahəsində inşa etdiyi tikintinin (ticarət mərkəzinin) başa çatdırması üçün 188178,78 manat məbləğində xərc çəkmişdir. Ona görə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyindən də aydın olur ki, tikilidə (ticarət mərkəzində) aparılmış tikinti-təmir işlərinin 2018-2019-cu illərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 308178,78 manat məbləğində müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə tikinti-texniki ekspertizanın verdiyi rəyini bu hissədə sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehin icarəyə götürdüyü torpaq sahəsində inşa etdiyi tikintinin (ticarət mərkəzinin) başa çatdırması üçün həmin tikilidə aparılmış işlərə çəkilmiş xərcin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Lakin, məhkəmə hesab edir ki, tikilidə aparılmış işlərə çəkilmiş xərcin, həmçinin tikinti mağazalarından tikinti materiallarının və mağaza üçün vitrin avadanlıqlarının alınmasına görə çəkilmiş xərcin əvəzinin ödənilməsinə dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tikilidə aparılmış işlərə görə iddiaçı tərəfindən 188178,78 manat məbləğində xərc çəkilmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, tərəflər həmin müddətə kimi cavabdehin tikintiyə çəkdiyi xərci hesablamış və cavabdeh tərəfindən tikiliyə cəmi 120000 manat məbləğində xərc çəkildiyini müəyyən etmişlər. Belə olan halda, ekspert rəyi ilə müəyyən edilmiş 308178,78 manat məbləğində pul vəsaitindən 120000 manat məbləğində cavabdehin çəkdiyi xərci çıxdıqda iddiaçının tikintiyə çəkdiyi xərcin 188178,78 manat (yəni, 308178,78- 120000=188178,78 manat) məbləğində olması müəyyən edilir. Tikinti mağazalarından tikinti materiallarının və mağaza üçün vitrin avadanlıqlarının alınmasına görə çəkilmiş xərcə gəldikdə isə, müəyyən edilmişdir ki, iddiaçı buna görə 156800 manat məbləğində xərc çəkmişdir. Ona görə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair Ağcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarında olan cavabdehin izahatından da aydın olur ki, cavabdeh həmin vaxt izahatında iddiaçının tikiliyə 230000 manat məbləğində xərc çəkməsini bildirmişdir: “... razılaşmışlar ki, Sabir də iki yüz min manat pul obyektə xərcləyəcək, əgər artıq pul xərcləyərsə, gəlirlərindən pulun tam götürəcəkdir. Sabir də obyektə iki yüz otuz min manat pul xərcləmişdir”. “... Hazırda tələbi və şikayəti ondan ibarətdir ki, İddiaçılə şərik işləmələri mümkün olmadığı üçün, yəni bir-birlərini başa düşməkdə çətinlik çəkdikləri üçün gələcəkdə aralarında hər hansı problem yaşanmasın deyə İddiaçı ticarət mərkəzinə xərclədiyi 230000 manat birdəfəlik tam şəkildə qaytarsın, Sabir isə ticarət mərkəzi ilə bağlı iddialarından əl çəksin.” Göründüyü kimi, cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə cavabdehin iddiaçının tikiliyə 230000 manat məbləğində pul xəricləməsini etiraf etməsi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bu hal cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hal məhkəmə üçün məcburidir və göstərilən hallar yenidən sübut edilməməlidir. Digər tərəfdən, cavabdeh məhkəmə iclasında həmin qərarda göstərilən izahatı ilə bağlı bildirmişdir ki, tikilinin başa çatdırılması üçün iddiaçı tərəfindən hər hansı bir xərc çəkilməmişdir. Qərarda qeyd etdiyi 230000 manat məbləğində xərci iddiaçı mağaza üçün vitrin avadanlıqlarının alınmasına görə çəkmişdir. Həmin avadanlıqları da iddiaçı onun inzibati qaydada həbs olunmasından istifadə edərək, hamısını aparmışdır. Belə olan halda, iddiaçı bu halları sübut etmək yükündən azad olmuş, həmin avadanlıqların iddiaçı tərəfindən aparılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın bu hissədə qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən qeyd edilən halları etiraf edilməsindən savayı avadanlıqların məhz iddiaçıya tərəfindən götürülməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə həmin avadanlıqların iddiaçıya tərəfindən götürülməsini sübuta yetirə bilməmişdir. Lakin, məhkəmə araşdırılması zamanı 220000 manat dəyərində götürülmüş tikinti materiallarından və mağaza üçün vitrin avadanlıqlarından yalnız 63200 manat dəyərində olan vitrin cavabdeh tərəfindən iddiaçıya qaytarılması müəyyən edilmişdir. Belə olan halda, iddiaçının tikinti mağazalardan götürülmüş tikinti materialları və mağaza üçün vitrin avadanlıqları ilə bağlı çəkilmiş 220000 manat məbləğində pul vəsaitindən 63200 manat çıxdıqda iddiaçının buna görə çəkdiyi xərcin 156800 manat (yəni, 220000-63200=156800 manat) məbləğində olması müəyyən edilir. Digər tərəfdən, iş materiallarına əlavə olunan və cavabdeh tərəfindən qalın xəttlə yazılmış yazıların ona məxsusluğu inkar edilməyən çəkilmiş xərclərlə bağlı dəftərlə müəyyən olunur ki, dəftərdə qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının dəyəri, həmin obyekdə görülmüş işlər (sərf olunmuş tikinti materiallarının dəyəri, təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün çəkilmiş xərclər və s.) Cavabdeh öz xətti ilə aydın şəkildə qeyd edilmişdir. Qeyd edilən məbləğlər də həmin dəftərdə öz əksini tapmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən 344978,78 manat (yəni, 188178,78+156800=344978,78 manat) məbləğində xərcin əvəzi alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 344978,78 manat məbləğində xərcin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməli, iddianın bu məbləğdən artıq hissəsi sübut olunmadığından, rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi şahidin ifadəsi sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmədə iclasında dindirilmiş şahid “qarşı tərəfin onu və digər işçiləri marketə buraxmamasını, müxtəlif vaxtlarda marketin qarşısından keçən zaman qarşı tərəfin ətrafının marketdə olan malları boşaltdıqlarının şahidi olduğunu” bildirsə də, məhkəmə iclasında “qarşı tərəf”in və onun “ətrafı”nın kim olmasını göstərə bilməmiş və onları tanımadığını bildirmişdir. Belə olan halda, avadanlıqların məhz iddiaçı tərəfindən götürülməsi şahid ifadəsi ilə təsdiq edilmədi. Digər tərəfdən, tərəflərin izahatlarından və şahid ifadəsindən də aydın olur ki, həmin tikilidə X4 fəaliyyət göstərmiş və orada ona məxsus mallar olmuşdur. Buna görə də, müxtəlif vaxtlarda marketin qarşısından keçməklə bu halları müəyyən etmək mümkün deyildir. Belə olan halda, “marketdə olan malların qarşı tərəfin ətrafı tərəfindən boşaldılması”na dair şahidin ifadəsi inandırıcı və ağılabatan mühakimə deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 104.3-cü maddəsinə əsasən, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 30 manat dövlət rüsumunun 25 manatı cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 344978,78 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu, cəmi 345003,78 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-19/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-19/2023
10.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver