Məhkəmə qərarları › İş №2-2(121)-1958/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1958/2023

01.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-1958/2023 01.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdehnə qarşı 749/2020-62-1 nömrəli işin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyinin qeyri-qanuni hesab olunması və icra məmuru X1 barəsində xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 749/2020- 62-1 nömrəli işin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyinin qeyri-qanuni hesab olunması və icra məmuru X1 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçrirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin formasından görünür ki, ərizə iddia icraatı qaydasında tərtib olunmuşdur və ərizədə mübahisə tərəfləri iddiaçı və cavabdeh kimi qeyd olunmuşdur. Lakin ərizənin məzmunundan aydın olur ki, tələb məhkəmə tərəfindən verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətsizliyi ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, hazırkı ərizədə göstərilən tələbə iddia icraatında baxıla bilməz. Belə ki, iddia icraatı qaydasında məhkəməyə verilən iddia ərizəsində iddiaçının cavabdehə qarşı yönələn tələbi göstərilməlidir. Bu tələb əmlak və ya qeyri-əmlak xarakterli olmasından asılı olmayaraq tələbin yönəldiyi şəxs tərəfindən həyata keçirilməli olan fəaliyyətlə əlaqədar olmalıdır. Lakin, baxılan iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı məhkəmə qərarının icrasının lazımi şəkildə təmin edilməməsi ilə bağlı icra məmurunun hərəkətsizliyindən şikayətçidir və bununla əlaqədar olaraq icra məmuru haqqında müvafiq tədbirlərin görülməsini xahiş edir. Bununla da müəyyən olunur ki, ərizə məzmun etibarilə konkret bir cavabdehə qarşı iddia icraatında qaldırılmış iddia olmayıb, məhkəmə qərarının icrasına dair icraatda icra məmurunun hərəkətsizliyi ilə bağlı həmin qərarı qəbul etmiş məhkəməyə edilən şikayətdir. Belə şikayətlər isə iddia icraatı qaydasında deyil, məhkəmə qərarlarının icrası çərçivəsində irəli sürülə bilən tələblərə aiddir. Bu halda məhkəmə, verilən şikayətlərə ayrıca iddia icraatı qaydasında yox, qəbul edilmiş məhkəmə qərarının icra icraatı qaydasında icra olunması ilə bağlı yaranmış mübahisələrlə əlaqədar tərəflərin ərizələrinə əsasən şikayət qaydasında baxmalı və baxılmanın nəticəsinə dair müvafiq qərardad qəbul etməlidir. Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Beləliklə məhkəmə müəyyən edir ki, ərizə, iddia ərizəsinin forma və məzmununa dair mülki prosessual qanunvericilikdə nəzərdə tutulan normalara uyğun tərtib edilmədiyinə görə məhkəmənin icraatına götürülməməli və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinin tələbinə görə ərizədə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3) göstərilməlidir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə ərizənin məhkəmə icraatı mümkün deyildir. Buna görə də ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı 749/2020-62-1 nömrəli işin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyinin qeyri-qanuni hesab olunması və icra məmuru X1 barəsində xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar