Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-2554/2022 06.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəbiyev Nicat Salavat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təxminən üç il əvvəl o, Neftçala rayonunun Şirvanlı kəndində yaşayan Abdul və onun oğlu Şahinə qayıq, motor və balıqçılıq ləvazimatı alıb verməyi, onlar isə tutduqları balığı satmaq üçün ona verəcəklərinə razılaşmışdırlar. O 9000 manat xərc çəkib qayıq, motor və balıqçı ləvazimatı alıb onlara vermişdir. Hər dəfə balığı satmaq üçün ona verdikcə 9000 manat puldan hissə-hissə çıxılacaqdır. Şahin bir iki dəfə ona balıq vermiş sonradan balığın olmadığını, balıq olanda borcunu ödəyəcəyini bildirmişdir. Bir müddət gözləmiş, Şahindən bir xəbər çıxmamışdır. Bundan sonra o Abdul və Şahindən 9000 manat pulu istəmişdir. Onlar müxtəlif bəhanələr gətirərək 9000 manat pulu vermək istəməmişlər. Ona görədə Neftçala RPŞ-yə şikayət ərizəsi vermişdir. Cavabdeh Neftçala rayon polis şöbəsində verdiyi izahatında aldığı borcu etiraf etmiş, 10 yanvar 2020ci il tarixə qədər 2000 manat, 20 dekabr 2021-ci il tarixə qədər qalın pulu tam olaraq ona ödəyəcəyinə söz vermiş, lakin verdiyi sözə əməl etməmişdir. Bu günə kimi Cavabdeh 9000 manat pulu ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-462/2021 saylı, 29 iyul 2021-ci il tarixli, qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Cavabdeh 9000 manat borc və 31 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(106)-1412/2022 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-462/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, onun Şirvan Kommersiya Məhkəməsinin icraatında olan 2- 2(121)-2554/2022 saylı iş üzrə pul tələbi ilə əlaqədar olaraq Cavabdeh tərəfindən ona 2.000 manat məbləğində pul vəsaiti ödənildiyindən Cavabdeh 7000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək Neftçala rayon İcra və probasiya şöbəsinə verdiyi izahatları təzyiq altında yazıldığını bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iddia tələbinin həcminin azaldılmasına dair ərizəni araşdıraraq, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Neftçala RPŞ-i TQ-nun təhqiqatçısı, poils mayoru Abdulla Bağırov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 dekabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh izahatında balıqçı ləvazimatları almaq üçün Qalibdən 9.000 manata yaxın pul almasını, hazırda Qalibə 9.000 manata yaxın pul borcu olduğunu etiraf etmişdir. İş materiallarında olan Cavabdeh Neftçala Rayon Məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, Cavabdeh İddiaçı ödənilməmiş 9.000 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh Neftçala rayon İcra və probasiya şöbəsinə verdiyi xx.xx.2021-ci il tarixli və 29 mart 2022-ci il tarixli izahatlarından görünür ki, Cavabdeh İddiaçı ödənilməli olan 9000 manat borcunu ödəməkdən imtina etməmiş və borcunu tam ödəyəcəyinə söz vermişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 9.000 manat dəyərində balıqçılıq ləvazimatlarını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ləvazimatların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşin məhkəmə icraatı zamanı cavabdeh tərəfindən iddiaçıya 2000 manat ödəniş edilmiş, iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılmasına dair ərizə verilmişdir. İddiaçı tərəfindən şifahi müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 7.000 manat borcu qalmışdır. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanılmış şifahi müqavilə üzrə borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə qeyd olunan şifahi razılaşma əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilərək, 7.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, Cavabdeh Neftçala rayon İcra və probasiya şöbəsinə verdiyi izahatları təzyiq altında yazılmasına dair etirazına münasibət bildirərək qeyd edir ki, Cavabdeh Neftçala rayon İcra və probasiya şöbəsinə verdiyi izahatları təzyiq altında yazıldığını bildirsə də qeyd etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, o cümlədən ona hədə-qorxu gəlinməsi faktı ilə bağlı hər hansı orqana şikayət ərizəsi ilə müraciət etməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən borcun olmamasına dair, o cümlədən borcun tam və ya qismən ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, hazırki iddia tələbi üzrə cavabdehin iddiaçıya borclu olması Neftçala Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında öz əksini tapmış, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Qeyd olunan Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-2554/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-2554/2022
06.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver