Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-2945/2022 01.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – aralarında bağlanmış icarə müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçünün ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı - aralarında bağlanmış icarə müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində qeyd olunur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.10-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iş materiallarından iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziyanın elektron qaydada cavabdehə göndərilməsi müəyyən edilmir. Bununla yanaşı cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsini cavabdehə elektron qaydada göndərmədiyindən və iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübut təqdim etmədiyindən, həmçinin iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçının ünvanladığı iddia ərizəsində beş cavabdeh göstərilmiş və hər cavabdehə qarşı ayrı tələb irəli sürülmüşdür. Lakin, iddiaçı beş cavabdehə qarşı icarə müqaviləsinin, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, tələblərin bir-biri ilə əlaqəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl iş üzrə cavabdeh olan yalnız Cavabdeh2 ilə aralarında mediasiya prosesində iştirak tələbinə riayət edilməsinə dair müvafiq təsdiqedici sənədi iddia ərizəsinə əlavə etmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunua əsasən mediasiya prosesi iş üzrə bütün cavabdehlərlə keçirilməlidir. Məhkəmə, eyni zamanda iddiaçının diqqətinə çatdırır ki, çıxarışların ləğv edilməsinə dair tələblər torpaq sahəsinin ilkin qeydiyyatı ilə bağlı münasibətlərdən irəli gəlir. Belə ki, qeyd edilən tələblər torpaq sahəsi üzərində ilkin qeydiyyatla bağlı olduğundan inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrdir və həmin tələblərə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – aralarında bağlanmış icarə müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-2945/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-2945/2022
01.12.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver