Məhkəmə qərarları › İş №2-2(121)-3080/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-3080/2022

16.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-3080/2022 16.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu İddiaçı Cavabdehnə qarşı ödənilməmiş son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – iddiaçıya cavabdeh tərəfindən ödənilməli olan 3.000 manat məbləğində hesablanmış son haqq-hesabının bütövlükdə karta köçürülməsində və həmin məbləğin tərkib hissəsini təşkil edən, gələcəkdə pensiya köçürülməsində və həmin məbləğin tərkib hissəsini təşkil edən, gələcəkdı pensiya kapitalına təsir edəcək sosial ödənişlərin vahid bəyannamədə bəyan edilməsi və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli əmək müqaviləsinə əsasən hər iki tərəf (İş verən və işçi) həmin müqavilənin və əlavələrinin şərtləri ilə müəyyən edilən vəzifələrin icrasını öhdəsinə götürmüşdür. Bu müqavilə 30 aprel 2022-ci il tarixində iddiaçının istəyi ilə sonlandırılmışdır. İddiaçı öz ərizəsi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu madəsinin 1-ci bəndini rəhbər tutaraq işdən azad olunmasını tələb etmiş və ərizəni 28 mart 2022-ci il tarixində 1 (bir) ay öncədən poçt vasitəsi ilə iddia olunana göndərmişdir. Ərizə göndərildiyi vaxtdan etibarən, iddiaçı tərəfindən təhvil-təslim prossesləri üçün iddia olunandan işləri və sənədləri təhvil ala biləcək bir əməkdaş tələb edilibdir və bu tələb 16 aprel 2022-ci il tarixindən icra olunubdur. 18 aprel 2022-ci il tarixindən həftədə iki-üç dəfə olmaqla (Vəzifənin gündəlik icrası və sənədlərin, qovluqların təhvil-təslimə hazırlanması səbəbi ilə günaşırı) sənədlər Xırdalan şəhərində yerləşmiş ofisdən iddia olunana məxsus nəqliyyat vasitəsi ilə Hacıqabul rayonu Atbulaq kəndində yeni qurulmuş ofisə daşınmış və hissə-hissə təhvil verilmişdir. Bu prosses 17-30 aprel aralığında tam olaraq yekunlaşmış və təhvil-təslim prosesində iştirak etmiş təhvil verən də daxil dörd nəfər əməkdaşın iştirakı ilə AKT tərtib edilərək X1 təqdim edilmişdir. Lakin, iddia olunan tərəfin məsul şəxsi - Direktoru qarşısında duran vəzifələrin məsuliyyətini və qanunun tələbini dərk etməyərək, iddiaçını hər hansı bir bəhanə ilə işdə saxlamaq üçün AKTı imzalamqdan imtina etmişdir. İşdən azad olunmaq üçün yazılmış ərizənin bir aylıq müddəti bitdiyi üçün iddiaçı tərəf olan İddiaçı, həmin gün 30 aprel 2022-ci il tarixində son haqqhesabı və əmək kitabçasını tələb etmişdir. İddiaçının tələbi yerinə yetirilməmiş, əmək kitabçası 05 may 2022-ci il tarixində, həmin günün çıxış qeydiyyatı ilə Cavabdeh MMC-nin sürücü əməkdaşı ilə göndərilmiş və təhvil verilmiş, son haqqhesabı isə bu günədək verilməmişdir. Bundan əlavə olaraq iddia olunan tərəf iddiaçının son haqq-hesabının məbləğini, ondan tutulub Dövlət büdcəsinə ödənilməli olan sosial ödənişlərə dair məbləğləri Dövlət Vergi Xidmətinə təqdim etdiyi ikinci rübün Vahid bəyannaməsindən də gizlətmişdirlər. Bunun haqqında iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi idarəsinə də müraciət ünvanlanmışdır. X6 xidməti tərəfindən iddia yerinə yetirilməmişdir. Bu günədək 2022-ci ilin 2-ci rübü üzrə vahid bəyannamədə İddiaçı adında heç bir hesablanma yoxdur. İddiaçı, iddia olunana son haqqhesabın ödənilməsinə dair dəfələrlə şifahi və yazlı (e-mail) olaraq müraciətlər etsə də, cavabda - “Pul olduğu vaxt ödəniləcək” deyə cavab alıbdır. Hal-hazırki günədək iddia olunan tərəf altı ay müddətində əmək haqqılarını ödəmiş (May-Oktyabr 2022-ci il aralığı), lakin iddiaçının son haqq-hesabı ödənilmədiyi üçün Azərbaycan Respublikası Konstitusiyasının 2-ci bölmə, 3-cü fəsil, 25 və 26-cı maddələri üzrə ilk öncə hüquq bərabərliyi pozulmuşdur. İddiaçı bütün bunları səbrlə və uzun illər işlədiyi müəssisəyə olan hörmətinə əsasən gözləmiş və səbrinin sonunda 11 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. X2 araşdırılmasına əsasən təqdim edilmiş 10 noyabr 2022-ci il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbi pozulmuş, iddiaçının poçt vasitəsilə təqdim etdiyi ərizə gizlədilmiş və təqdim edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 18-ci bəndində məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailənikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə əmək münasibətlərindən irəli gəlir. Belə olduğu təqdirdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, hazırki iş üzrə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdehnə qarşı ödənilməmiş son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar